Emori Universiteti
Yerləşir:
ABŞ,
Corciya ştatı, Atlanta şəhəri
Yaranma tarixi:
1836-cı il
Tipi: Özəl
İşçi heyətinin ümumi
sayı: 23653 nəfər
Tələbələrin ümumi
sayı: 13381 nəfər
İllik gəlirləri:
3142791000 ABŞ dolları
İllik xərcləri: 3133354000
ABŞ dolları
Rəsmi saytı:
www.emory.edu
Emori Universiteti (Emory University) ABŞ-ın Corciya
ştatının Atlanta şəhərində yerləşən
özəl elmi-tədqiqat müəssisəsidir.
Böyük
Britaniyanın "Times Higher Education Supplement - QS World
Universities Rankings" jurnalının 2009-cu ildə
apardığı dünya universitetlərinin reytinqinə əsasən,
Emori Universiteti 100 ən yaxşı ali məktəb
arasında 90-cı yerdə olub. 2010-cu il üzrə
dünyanın ən nüfuzlu universitetləri arasında Emori Universiteti
"Times Higher Education World University Rankings"in
apardığı araşdırmaya əsasən 61-ci, "QS
World University Rankings"in açıqlamasına görə
isə 107-ci yerdə qərarlaşıb.
Tarixi
1836-cı
ildə Nyuton qraflığından bir qrup metodist yeni şəhər
və kolleclər yaratmaq fikrinə düşür. Metodizmin
yaradıcıları Con və Çarlz Ueslinin bitirdikləri
Oksford Universitetinin şərəfinə şəhər
Oksford adlandırılır. Yeni yaranan
kollecə isə məşhur amerikalı metodist yepiskop Con
Emorinin şərəfinə Emori Kolleci adı verilir.
1783-cü
ildə Corciya ştatının qanunvericilik hakimiyyətinin
"Təhsil kolleci və seminariyası" qanununa əsasən
Emori Kolleci fəaliyyətə başlayır. 1835-ci ildə Corciya
ştatının rəhbərliyi Kovinqton şəhərində
əmək məktəbi yaradır. 1836-cı il dekabrın 10-da Corciya ştatının
Baş Assambleyası Emori Kollecinə xartiya verir. İki il
sonra, sentyabrın 17-də ali məktəbin prezidenti İqnati
Alfonso Fyu, 3 müəllim və 15 nəfər tələbə
ilə kollecdə dərslər başlanılır.
Emori
Kollecində hökm sürən ciddi mühit XIX əsrin
sonlarınadək davam edir. Kollecin nizamnaməsində tədris
dövründə tələbəyə təhsil
ocağını və şəhəri tərk etmək
qadağan olunur. 1890-cı ildə Uorren Kandlerin kollecə
rəhbərlik etdiyi dövrədək burada ali
məktəblərarası idman yarışlarının
keçirilməsi qadağan olunur. Kollecdə
hesab edirdilər ki, idman tələbəni təhsildən
yayındırır.
Vətəndaş
müharibəsi dövründə Emori Kolleci qısa müddətə
bağlanır. 1866-cı ildə Emori Kolleci yenidən fəaliyyətə
başlasa da, universitetin kitabxanası
dağıdılmış, avadanlıqlar isə yox dərəcəsində
idi. Yalnız dövlət qrantı hesabına ali məktəb bərpa oluna və fəaliyyətini
davam etdirə bilərdi.
Bütün
cənub ştatları kimi Corciya ştatı da Vətəndaş
müharibəsindən sonra maliyyə böhranından
çıxmağa can atırdı. Həmin dövrdə bu
ştatdakı ali məktəblərin
maddi durumu heç də ürəkaçan deyildi. Emori Kolleci də ilk inkişaf mərhələsinə
1880-ci ildə qədəm qoyur. Həmin il
ABŞ-da bayram günü kimi qeyd edilən Minnətdarlıq
günündə Emori Kollecinin prezidenti Attikus Heyqud
quldarlığın ləğv olunması barədə minnətdarlıq
nitqi söyləyir. Bu çıxış
Nyu-Yorkun Bruklin rayonundan olan bankir və metodist Corc Seneyin diqqətini
cəlb edir və universitetə maliyyə yardımı
ayrılmasına şərait yaradır. C.Seney
universitetə borclarını qaytarmaq üçün 5000,
tikinti işləri üçün 50000, yeni fond yaratmaq
üçün isə 75000 ABŞ dolları
bağışlayır. Heyqudun prezidentliyi
dövründə universitetdə bir çox texniki və
peşə fənn fakültələri açılır,
müxtəlif proqramlar qəbul edilir.
Heyquddan
sonra kollecə rəhbərlik edən İsaak Stayls Hopkins tərəfindən
bu təhsil müəssisəsində Texnologiya departamenti
yaradılır. 1919-cu ilin sentyabrında Atlantada fəaliyyət
göstərən İlahiyyat, Hüquq, Tibb, Biznes məktəbləri
Emori Kollecinə birləşdirilir və kollec universitet statusu
alır.
Emori
Universitetinin inkişaf tempi 1979-cu ildə Robert və Corc
Vudraffların universitetə 105 milyon ABŞ dolları
bağışlamasından sonra köklü surətdə dəyişir. Həmin dövrdə bu məbləğ
ABŞ ali məktəblərinə
bağışlanmış ən böyük vəsait idi. Bundan sonra universitet sürətlə irəliləyir.
Büdcəsi və təhsil haqqı
2010-cu
ildə Emori Universitetinin illik gəlirləri 3142791000 ABŞ
dolları olub. Bu vəsaitin
344975000 ABŞ dollarını federal qrant və sazişlər,
448689000 ABŞ dollarını təhsil haqqı və təhsil
sazişləri, 137460000 ABŞ dollarını tibbi xidmət,
60648000 ABŞ dollarını köməkçi müəssisələr,
qalanlarını isə digər vasitələr hesabına əldə
olunan gəlirlər təşkil edib.
Həmin tədris
ilində ali məktəbin ümumi xərcləri
3133354000 ABŞ dolları olub. Bu məbləğin
1867293000 ABŞ dolları əməkdaşların əməkhaqqı,
159236000 ABŞ dolları amortizasiya, 11625000 ABŞ dolları tələbələrin
təqaüdü və yardımlar, qalanları isə digər
əməliyyat xərcləri olub. 2010-cu
ildə Emori Universitetinin İanə fondunun gəlirləri təxminən
4700000000 ABŞ dolları təşkil edib.
2011-2012-ci
tədris ilində Emori Universitetində oxumaq üçün
tələbəyə təhsil haqqı daxil olmaqla
ümumilikdə 55992 ABŞ dolları lazım gəlir. Belə ki, tələbələrə təhsil
haqqı üçün 41164-45098, yataqxanada qalmaq
üçün ildə 6988, qidalanmaq üçün 4640,
kitab və dərs ləvazimatları üçün 1100, nəqliyyat
xərcləri üçün 2100 ABŞ dolları gərəkdir.
Bu ali məktəbdə təhsil haqqı
tələbənin qəbul olunduğu kollec və məktəbdən
asılı olaraq dəyişir.
Universitet bu gün
Emori
Universitetinin əsas kampusu Atlanta şəhərinin kənarında
Druid Hills adlanan 600 akr ərazidə yerləşir. Bu ərazidə
dünya üzrə məşhur "Coca-Cola", "Home
Depot", "AT&T Mobil", "UPS", "Delta Air
Line", "Turner Broadcasting" kimi şirkətlərin qərargahları
mövcuddur. Atlanta şəhərinin əsrarəngiz
yerləri kimi dünyada ən böyük örtülü
akvariumu, Bədii muzeyi, CNN mərkəzini qeyd etmək olar.
Universitetin kampusunda tikilən yeni binalar ekoloji təmizliyə
və energetika tələblərinə cavab verir. Kampusun yaşıllaşdırılması üzrə
universietdə xüsusi işlər aparılır. Yeni tikili üçün kəsilən hər bir
ağacın yerində mütləq başqası əkilir.
Universitetin bağlarında müxtəlif meyvə
və tərəvəzlər becərilir, tələbə və
müəllimlərin qidalanmasında həmin məhsullardan
istifadə olunur. Eyni zamanda kampusda
palıd, maqnoliya, şaftalı, zoğal və şam
ağacları çoxluq təşkil edir, kiçik
çaylar axır. Druid Hills kampusunun landşaftı
memar Frederik Lo Olmsted, Con Portman, Maykl Qreyvs və Henri Hornbostel tərəfindən
hazırlanıb. Kampusun mərkəzi
universitetin "Quad" (Dördbucaq) adlanan hissəsi hesab
olunur. Hər yaz "Quad" ərazisində
tələbələrə diplomların verilməsi mərasimi
keçirilir. Buradakı çəhrayı
və boz mərmərdən inşa edilmiş qədim binalar
Milli Tarixi Yerlər Reyestrinə daxil edilib. Universitetin prezidentinin rezidensiyası Lulvoter Hausda
meşəlik və qazonların arasında yerləşir.
DUC adlanan yerdə kafelər, poçt bölmələri,
yataqxanalar mövcuddur.
Druid
Hills kampusunda tələbə,
müəllim və digər əməkdaşlara nəqliyyat
xidmətini "Kliff transfer" göstərir. Alternativ nəqliyyat növü kimi velosipedlərə
üstünlük verilir. Kampus ərazisində
akademik binalar və yataqxanalarla yanaşı Karlos muzeyi,
kitabxanalar, Luluoter qoruğu, Karter Mərkəzi, Uinşip Xərçəng
İnstitutu binaları yerləşir.
Emori
Universitetində aşağıdakı kollec və məktəblər
fəaliyyət göstərir:
Emori Humanitar və Dəqiq Elmlər Kolleci universitetin ilkin olaraq yaradılan bölmələrindən
biridir. Kollecdə
Afrika, Amerika, Qədim Aralıq Dənizi, Şərqi Asiya, Təhsil,
Katolik, İngilis, Fransız, İtalyan, Alman tədqiqatları,
İncəsənətin tarixi, Klassika, Rəqs, Antropologiya,
Müqayisəli ədəbiyyatşünaslıq, Kreativ
yazı, Film və media, Tarix, Humanitar elmlər, İqtisadiyyat,
Ekologiya, Biologiya, Kimya, Səhiyyə və fiziki təhsil, Qlobal
səhiyyə, mədəniyyət və cəmiyyət
departamentləri mövcuddur.
Universitetin
Oksford Kolleci Atlanta şəhərindən
şərqdə yerləşir və tələbələr
burada bakalavr səviyyəsinin iki kursunda təhsil alırlar. İkinci kursdan sonra tələbələr
Emori Humanitar və Dəqiq Elmlər Kollecinə və ya
Goisueta Biznes, Nell Hocson Vudraff Tibb bacısı məktəblərinə
qəbul ola bilərlər. Kollecdə
Afrika-Amerika, Asiya və Asiya-Amerika, Şərqi Asiya, Ərəb,
Katolik tədqiqatları, Klassik mədəniyyət, Musiqi, Rəqs
və hərəkət, Tarix, Çin dili və ədəbiyyatı,
İngilis dili, Yəhudi dili, Sanskrit, Tarix, Müqayisəli ədəbiyyatşünaslıq,
Astronomiya, Beynəlxalq münasibətlər, İqtisadiyyat və
tarix, İqtisadiyyat, riyaziyyat və kompüter elmləri, Tətbiqi
səhiyyə, Geologiya, Antropologiya və din, Antropologiya və
insan biologiyası, Psixologiya, Fəlsəfə, Memarlıq,
İncəsənətin tarixi, Biologiya, Kimya, Əczaçılıq,
Qadın tədqiqatları departamentlərindən ibarətdir.
Goisueta Biznes Məktəbinin proqramları biznes üzrə liderlər
yetişdirməyə yönəlib. Məktəb biznes sahəsi
üzrə BBA, BMA, PhD proqramları təklif edir.
Laney Diplomdan Sonrakı Təhsil Məktəbi universitetin digər kollec və məktəbləri
ilə əməkdaşlıq edərək 40-dan çox
doktorluq, magistr proqramı təklif edir. Tələbələr
humanitar, ictimai, dəqiq elmlər, biznes, tibb, biotibbi mühəndislik,
ilahiyyat sahələri üzrə tədqiqatlarını davam
etdirirlər.
Hüquq Məktəbi din, beynəlxalq münasibətlər
hüququ, feminist hüquqşünaslıq, hüquq nəzəriyyəsi,
qanunvericilik və təcrübə sahələri üzrə
tədqiqatlar aparır. Məktəb təhsilin
üç səviyyəsi üzrə proqramlar təklif edir.
Tibb Məktəbi 19 kliniki bölmə (Anesteziologiya,
Dermatologiya, Təcili tibbi yardım, Ailə və profilaktik
tibb, Ginekologiya və mamalıq, Gematologiya və tibbi onkologiya,
Tibb, Neyrocərrahiyyə, Nevrologiya, Oftalmologiya, Ortopediya,
Otolarinqologiya, Patalogiya və laborator tibb, Pediatriya, Psixiatriya,
Radiasiya onkologiyası, Radiologiya, Bərpa tibbi, Cərrahiyyə)
və 8 əsas fakültədən (Biokimya, Biotibbi mühəndislik,
Biotibbi informatika, Sitologiya, İnsan genetikası, Mikrobiologiya və
immunologiya, Farmokologiya, Fiziologiya), eləcə də
Biostatistika Məsləhət, Nevrologiya, Yaşlıların
sağlamlığı, Zədələrin idarə
olunması, Neyrodegenerativ xəstəliklər, Cərrahiyyə
anatomiyası və texnika, Emori Vaksinasiya mərkəzlərindən
ibarətdir. Məktəbdə elmi nəzəriyyə
və tədqiqat, xəstələrin müalicəsi və
digər təcrübə işləri aparılır.
Nell Hocson Vudraff Tibb Bacısı Məktəbi tibbi-sanitar yardım, tibbi xidmət sahələri
üzrə mütəxəssislər hazırlayan ali təhsil müəssisəsidir. Məktəb tələbələrinin təcrübəsi
və tədqiqatların həyata keçirilməsi məqsədi
ilə 300-dən çox müxtəlif kliniki müəssisə
ilə əməkdaşlıq edir. Məktəbə
Qlobal Sağlamlıq, Uinşip Xərçəng, Nevrologiya Təşəbbüsü,
Kliniki Atlanta və Translyasiya institutları, Alsheymer Xəstəliklər
Mərkəzi daxildir.
Rollins İctimai Səhiyyə Məktəbi biostatistika, davranış elmləri və
sanitar təhsil, ətraf mühitin gigiyenası, epidemiologiya,
qlobal səhiyyə və səhiyyənin idarə olunması
siyasəti üzrə tədqiqatlar aparır. Məktəb Davranış
elmləri və sanitar maariflənmə, Biostatistika və
bioinformatika, Ətraf mühitin gigiyenası, Epidemiologiya, Səhiyyə
siyasəti və idarə olunması, Hyubert qlobal səhiyyə
departamentlərindən ibarətdir.
Kandler İlahiyyat Məktəbi Birləşmiş metodist kilsəsinin 13
seminariyasından biridir. Məktəbin tələbələri magistratura və
doktorantura səviyyələrini Emori Biznes, Hüquq və
İctimai Səhiyyə Məktəblərində davam etdirə
bilərlər.
Emori
Universitetinin kitabxana sistemi Robert Vudraff, Əsas və səkkiz
sahə kitabxanasından ibarətdir. Kitabxana sisteminə ümumilikdə 3,7 milyon cild kitab, 56000-dən çox elektron
jurnal daxildir. Robert Vudraff kitabxanasında
humanitar, sosial və dəqiq elmləri əhatə edən
kitablar saxlanılır. Əsas kitabxanada Şatten
qalereyası, Kompüter Öyrənilməsi Mərkəzi,
Metison oxu zalı və Asa Qriqqs Kandler tarixi kitabxanası
mövcuddur. Universitetdə Biznes, Kimya, Tibb elmləri, Hüquq, MARBL (Əlyazma,
arxiv və nadir kitablar), Merian Heylbran Musiqi və multimedia,
Oksford Kolleci, Pitts İlahiyyat sahə kitabxanaları fəaliyyət
göstərir.
Emori
Universitetinin prezidenti professor Ceyms Vaqner, prorektoru isə Erl
Lüisdir. Universitetdə
ümumilikdə 23653 nəfər işçi
çalışır. İşçilərin 12563 nəfərini
universitetin professor-müəllim heyəti, 11090 nəfərini
isə ali məktəbin tibb müəssisələrindəki
işçi personalı təşkil edir. Ali məktəbin
əməkdaşları arasında onlarla Nobel, Pulitser
mükafatı laureatları, Quqqenheym, Fulbrayt təqaüdçüləri,
ABŞ Milli Elmlər Akademiyasının üzvləri
mövcuddur.
2010-2011-ci
tədris ilində universitetdə 13381 nəfər tələbə
təhsil alıb. Tələbələrin 7231 nəfəri bakalavr,
6150 nəfəri isə magistr və doktorant olub.
Emori
Universitetində 20-dən çox yataqxana və onlarla yeməkxana-restoran
fəaliyyət göstərir. Universitet tələbələrinin
70%-dən çoxu yataqxanalarda məskunlaşır. Universitetdə əsasən I-II kurs tələbələrindən
yataqxanada qalmaq tələb olunur. Universitet
şəhərciyində ən adi yataqxanalardan başqa
lüks mənzillər də vardır. Hazırda
birinci kurslar üçün 4 yataqxana kompleksi mövcuddur
(Nyu-Turman, Fyu, Evans, Lonqstrit-Mils).
Emori
Universiteti Corciya ştatında elmi tədqiqatlar
üçün ən çox maliyyə yardımı
ayıran ali məktəb kimi
tanınır. Universitetin akademik proqramları
humanitar və dəqiq elmlər, biznes, hüquq, ilahiyyat, səhiyyə
və digər sahələrin inkişafına yönəlib.
Nizamnaməsində "Təhsil ictimaiyyətin
və ayrıca hər bir şəxsin həyatında mənəvi
gücdür" yazılan Emori Universiteti daim yeniliklər
axtarışındadır və bütün dünyada ən
müasir tədqiqatlar aparan elmi-tədqiqat müəssisəsi
kimi böyük nüfuza malikdir.
Universitetin məşhur məzunları
Alben
Berkli ABŞ-ın 35-ci vitse-prezidenti
Ferris
Brayant Florida ştatının 34-cü
qubernatoru
Lado
Qurgenidze Gürcüstanın sabiq baş naziri
Li
Honq-ku Koreyanın 26-cı baş naziri
Melvin
Tompson Corciya ştatının sabiq qubernatoru
Robert
Elliot sabiq ABŞ siyasətçisi və federal
hakimi
Luis
Harlan ABŞ tarixçisi, Pulitser mükafatı
laureatı
Klod
Sitton "Nyu-York Tayms" qəzetinin redaktoru,
Pulitser mükafatı laureatı
Hazırladı: Lamiyə ƏLİYEVA
Azərbaycan müəllimi.- 2011.- 9
sentyabr.- S.12-13.