Müseyib Ağababa oğlu Müseyibov

 

 Azərbaycanın təhsil ictimaiyyətinə ağır itki üz vermişdir. Bakı Dövlət Universitetinin Fiziki coğrafiya kafedrasının müdiri, əməkdar elm xadimi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, professor Müseyib Ağababa oğlu Müseyibov ömrünün 84-cü ilində vəfat etmişdir.

Müseyib Ağababa oğlu Müseyibov 1927-ci ildə Tovuz rayonunda anadan olmuşdur. 1944-cü ildə A.S.Puşkin adına Tovuz şəhər orta məktəbini, 1949-cu ildə Bakı Dövlət Universitetinin Geologiya-coğrafiya fakültəsini bitirmişdir.

1954-cü ildə  namizədlik ("Ceyrançölün geomorfologiyası"), 1963-cü ildə doktorluq ("Orta Kür çökəkliyinin geomorfologiyası və yeni tektonik hərəkətləri") dissertasiyası müdafiə edib. 1960-cı ildən BDU-nun Fiziki coğrafiya kafedrasının müdiri, 2000-ci ildən Coğrafiya fakültəsinin dekanı vəzifələrində işləmişdir.

1967-ci ildən 1991-ci ilə qədər SSRİ Ali Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının Coğrafiya bölməsinin, Respublika Ali Attestasiya Komissiyasının üzvü olmuşdur. 1971-ci ildən Azərbaycan Ali Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının, 1992-ci ildən Azərbaycan  Respublikası Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının Coğrafiya bölməsinin sədri, 1994-cü ildən Azərbaycan Respublikası Prezidenti yanında TQDK-nın Coğrafiya seminarının rəhbəri, 1991-ci ildən Tovuz rayonunun erməni daşnaklarından müdafiəsinə yardım məqsədilə  yaradılmış "Tovuz xeyriyyə cəmiyyəti"nin əsas yaradıcılarından biriağsaqqallar şurasının sədri olmuşdur.

Professor M.A.Müseyibov Azərbaycan Respublikasının ali və ümumtəhsil məktəbləri üçün tədris planlarının, dərslik və dərs vəsaitlərinin, tədris və elmi xəritələrin tərtibində müəllif, yaxud redaktor kimi əvəzsiz xidmət göstərmişdir. Onun təklifi ilə Azərbaycan Respublikası orta məktəblərinin X-XI siniflərində "Yerşünaslıq" və "Türk Dünyasının coğrafiyası" fənlərinin tədrisinə başlanıb və onların proqram və dərslikləri yaradılıb. Ali məktəblərin coğrafiya fakültələri üçün M.A.Müseyibovun yazdığı "Azərbaycanın fiziki coğrafiyası" dərsliyi ("Maarif" nəşriyyatı, 1998) öz orijinallığı ilə nəinki əvvəlki dərsliklərdən fərqlənir, hətta bu dərslikdə coğrafiyanın bir sıra problem məsələləri, o cümlədən Azərbaycan relyefinin əmələ gəlməsi, neotektonik  hərəkətlərin səbəbinin yeni qlobal tektonika nəzəriyyəsi ilə əsaslandırılması, Azərbaycan torpaqlarının, xüsusilə  iqliminin təsnifatına dair elmi  ədəbiyyatda hökm sürən yanlış fikirideyalara aydınlıq gətirməsi elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir.

M.A.Müseyibovun coğrafiya elminə gətirdiyi mühüm yeniliklərdən biri Azərbaycan ərazisi landşaftlarının evolyusiyasına dair son 10 milyon ildə baş vermiş transformasiyaları araşdırmaq və onun səbəblərini izah etməklə yanaşı, paleolandşaft xəritələri ilə müşayiət olan  monoqrafiyanı (2003) yaratmaq olmuşdur.

Hazırda Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində tədris edilən "Ümumi geomorfologiya", "Qitələrin fiziki coğrafiyası", "Azərbaycanın fiziki coğrafiyası", orta məktəblərdə  tədris edilən "Yerşünaslıq" (X sinif), "Türk Dünyasının coğrafiyası" (XI sinif) dərslikləri M.A.Müseyibovun əsas müəllifliyi ilə yaradılmışdır. M.A.Müseyibov Azərbaycanın, Cənubi  Qafqazın landşaftı, SSRİ-nin geomorfoloji, Azərbaycanın  neotektonik  hərəkətləri   xəritələrinin və orta məktəblərin VI və VII sinifləri üçün atlasların əsas müəlliflərindən, "Qafqazın regional geomorfologiyası" (Moskva, 1979); "Orta Kür çökəkliyinin geomorfologiyası" (Azərnəşr, 1975); "Təbiətin təzadları" (Azərnəşr, 1991);    "Landşaftı Azerbaydjana" (BDU, 2003); "Azərbaycanın geomorfologiyası" (BDU, 1975)    bir  sıra  başqa dərslik, dərs  vəsaiti və  monoqrafiyaların  müəllifi və həmmüəlliflərindəndir.

M.A.Müseyibov 1960-cı ildən SSRİ Coğrafiya Cəmiyyətinin Lvov, Tbilisi, Moskva, Kazan, Sankt-Peterburq, Bişkekb. qurultaylarının, Beynəlxalq Coğrafiya İttifaqının Kanada, Moskva konfranslarının iştirakçısı, paleoiqlimşünaslığa dair Sovet-Amerika simpoziumunun təşkilatçılarından olmuş və maraqlı məruzələrlə  çıxış etmişdir.

Azərbaycan Geologiya İdarəsinin sifarişi ilə professor M.A.Müseyibovun  rəhbərliyi altında 1967-ci ildən 1985-ci ilə qədər  böyük həcmli təsərrüfat müqaviləsi işləri yerinə yetirilmiş, meliorasiya məqsədləri üçün Azərbaycanın düzənlik ərazilərinin irimiqyaslı geomorfoloji və landşaft  xəritələri tərtib edilmişdir.

Professor M.A.Müseyibovun  rəhbərliyi altında 20 nəfərdən çox elmlər namizədi və doktoru  hazırlanmışdır. Bundan başqa o, 10-dan çox magistr dissertasiyasının rəhbəri olmuşdur.

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası yaradılan zaman professor M.A.Müseyibov Yer elmləri üzrə Ekspert  Şurasının üzvü (1991-2003) olmuşdur.

M.A.Müseyibovun xidmətləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən yüksək qiymətləndirilmiş və o, "Əməkdar elm xadimi" fəxri adına və Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.

Zəngin həyat və elmi-pedaqoji təcrübəyə, geniş bilik və yüksək mədəniyyətə malik olan professor M.A.Müseyibovun əziz xatirəsi onu tanıyanların və universitet kollektivinin qəlbində əbədi yaşayacaqdır.

Allah rəhmət eləsin!

 

 

Azərbaycan müəllimi.- 2011.- 9 sentyabr.- S.10.