Yeni dərs ilində qarşıda duran vəzifələr müzakirə olundu

 

NEFTÇALA. Sentyabrın 7-də Neftçala rayonunda təhsil işçilərinin konfransı keçirilib. Konfransın işində Təhsil Nazirliyinin nümayəndəsi Elxan Cəfərov, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev və məktəbəqədər, ümumtəhsil, məktəbdənkənar tərbiyə müəssisələrinin rəhbərləri, 600-dən yuxarı bal toplamış məzunlar, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət himni səslənib.

Yeni dərs ili münasibəti ilə konfrans iştirakçılarını şəhər körpələr evi-uşaq bagçalarının fidanları təbrik edib.

Plenar iclasda "2010-2011-ci dərs ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr" mövzusunda Neftçala Rayon Təhsil Şöbəsinin müdiri Əjdər Kərimov məruzə ilə çıxış edib. Respublikada gedən yüksək iqtisadi inkişafdan söz açan natiq təhsilə, təhsil işçilərinə, təhsil müəssisələrinin şəbəkəsinin, maddi-texniki bazasının gücləndirilməsi istiqamətində göstərilən dövlət qayğısından danışıb.

Məruzəçi qeyd edib ki, son illər təhsilin inkişafı, bu sahədə aparılan məqsədyönlü islahatlar, həyata keçirilən proqramlar, xüsusi ilə ölkə Prezidentinin təhsilə diqqət və qayğısı bir daha əmin olmağa əsas verir ki, müasir Azərbaycan təhsili özünün zəngin ənənələrinə əsaslanaraq ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi prinsiplərə uyğun inkişaf edir.

O bildirib ki, bu il Neftçala ümumtəhsil müəssisələrinin 668 məzununun 594 nəfəri, yəni 64 faizi ali məktəblərə sənəd vermiş, onlardan 241 nəfəri - 51 faizi tələbə adına layiq görülüb. Tələbə adına layiq görülənlərdən 8 nəfəri 600-dən, 34 nəfəri isə 500-dən çox bal toplayıb.

Sonra məruzəçi rayon məktəblilərinin respublika idman yarışlarında qızıl, gümüş və bürünc medallar qazanmış idmançıların adlarını sadalayıb.

Natiq konfrans iştirakçılarının diqqətinə onu da çatdırıb ki, bu ilin 16 iyununda Təhsil Nazirliyi tərəfindən keçirilmiş test-buraxılış imtahanlarında 786 nəfər XI sinif şagirdi və 1157 nəfər IX sinif şagirdi iştirak edib. 28 tam orta məktəbdən 19-nun müvəffəqiyyət faizi 80-100 faiz arasında olmuş, o cümlədən 3 məktəb - şəhər Muğan liseyinin, Ərəbqardaşbəyli və Şirvanlı məktəblərinin müvəffəqiyyəti 100 faiz olub.

Təhsil şöbəsinin müdiri çıxışının sonunda qeyd edib ki, Neftçala təhsil işçiləri təhsilimizin böyük hamisi möhtərəm Prezidentimiz İlham Əliyevin göstərdiyi qayğını yüksək qiymətləndirirlər.

Eyni zamanda konfransda 600-dən yuxarı balla ali məktəblərə qəbul olunmuş məzunlar və qabaqcıl təhsil işçiləri mükafatlandırılıb.

KƏLBƏCƏR. Hələ elmin, texnikanın zəif vaxtlarında ucqar dağ rayonu olan Kəlbəcərdə təhsilin şöhrəti respublikanın hüdudlarından kənara adlamışdı. Məcburi köçkün həyatı yaşasalar da, kəlbəcərlilər bu ənənəni bu gün də  uğurla davam etdirirlər. Hər il neçə-neçə həmyerlimiz yüksək bilik nümayiş etdirərək ali məktəbə daxil olur. Təkcə ötənilki nəticələrə görə rayonumuz respublikamızda ilk sıralardan birində idi.

Bu il isə bu nailiyyətlər daha ürəkaçan oldu. Belə ki, 2010-2011-ci tədris ilində rayonumuzun orta məktəblərini bitirən məzunlardan 384 nəfər ali məktəblərə qəbul üçün sənəd vermiş, onların 237 nəfərindən çoxu ali məktəblərə, 15 nəfəri orta ixtisas məktəblərinə qəbul olmuşlar. Onların arasında 29 nəfər məzun 500-dən çox, 9 nəfəri isə 600-dən çox bal toplayıb. Xatırladaq ki, 2009-2010-cu tədris ilində orta məktəbləri bitirən məzunlardan 25 nəfəri bu il tələbə adını qazanmağa müvəffəq olub.

115 nömrəli  məktəbin X sinif şagirdi Muxtarova Tahirə Tahir qızı Azərbaycan dilindən və 55 nömrəli məktəbin XI sinif şagirdi Zamanlı Səbuhi Zakir oğlu ədəbiyyat fənnindən keçirilmiş ümumrespublika fənn olimpiadalarında IV yerə layiq görülmüşdür. Rayon icra hakimiyyəti  və YAP rayon təşkilatı tərəfindən ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə keçirilən silsilə tədbirlərdə, xüsusilə marafon yarışında rayonun məktəbləri xüsusi fəallıq göstərmişlər.

Bu fikirlər Kəlbəcər Rayon Təhsil Şöbəsinin müdiri Məhəmməd Bağırovun Kəlbəcər müəllimlərinin ənənəvi sentyabr konfransında səsləndirilib.

Konfransda bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" fərmanına müvafiq olaraq ölkənin hər yerində olduğu kimi, rayon təhsil müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, yeni məktəb binasının tikilməsi, əsaslı təmiri və tədris avadanlıqları ilə təchizatı sahəsində səmərəli və ardıcıl işlər görülmüşdür.

Son 7 ildə rayon üzrə Heydər Əliyev Fondunun, beynəlxalq humanitar təşkilatların, "Azəryol" açıq tipli səhmdar cəmiyyətinin daxili imkanları hesabına 71 məktəbdə tikinti və əsaslı təmir işləri görülmüş, 26 yeni məktəb binası tikilmişdir.

Vahid məktəbli formasına keçidlə əlaqədar məktəblərimizə respublika "Qaçqınkom"  tərəfindən I-V siniflər üçün 1434 ədəd məktəbli forması və Heydər Əliyev Fondu tərəfindən 1050 ədəd məktəbli çantası və məktəbli ləvazimatı hədiyyə edilmişdir.

Bundan əlavə, 400 ədəd parta, 120 ədəd stol, 270 ədəd stul, 14 ədəd   şkaf, 170 ədəd yazı taxtası alınmışdır ki, bu da məktəblərin ehtiyaclarının xeyli dərəcədə ödənilməsi deməkdir.

Əminəm ki, dövlət və hökumətimizin göstərdiyi yüksək qayğılardan, əldə olunan uğurlardan ruhlanaraq məktəblərimiz yeni dərs ilində dərslərə yüksək bayram əhvali-ruhiyyəsi ilə başlayacaqlar. Kəlbəcər təhsilinin şanlı ənənələrini rayon müəllimləri daha ləyaqətlə davam etdirəcəklər...

Sentyabrın 6-da keçirilən konfransın işində iştirak edən Təhsil Nazirliyinin nümayəndəsi Piralı Əliyev, rayon prokuroru Ariz Əliyev, YAP Kəlbəcər rayon təşkilatının sədri kəlbəcərli məzunların uğurlarından, məktəblərdə tədrisin keyfiyyətinin yüksəldilməsi sahəsində aparılan işlərdən razı qaldıqlarını bildirdilər, yeni dərs ilində pedaqoji kollektivlərə müvəffəqiyyətlər arzulayıblar.

Konfransda iştirak edən Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Vidadi Məhərrəmov qarşıdan gələn "Bilik Günü" münasibətilə rayonun müəllimlərini təbrik edib və qazanılan nailiyyətlərlə yanaşı, bəzi məktəblərin işində nöqsanların olduğunu vurğulayıb.

 

 

Ədalət DAŞDƏMİRLİ

 

Azərbaycan müəllimi.- 2011.- 9 sentyabr.- S.11.