Bakı şəhəri təhsil
işçilərinin konfransı keçirildi
Sentyabrın 6-da
Bakıdakı "Hyatt Regency" otelinin Quba zalında
Bakı şəhəri təhsil işçilərinin
konfransı keçirildi.
Konfrans
başlanmazdan əvvəl nümayəndələr Fəxri
xiyabana gələrək ümummilli lider Heydər Əliyevin əziz
xatirəsini ehtiramla yad etdilər, məzarı önünə
gül dəstəsi qoydular. Görkəmli oftalmoloq alim,
akademik Zərifə xanım Əliyevanın da məzarı
ziyarət olundu.
Konfransda təhsil naziri Misir Mərdanov,
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar
İttifaqı Respublika Komitəsi sədrinin müavini
Şaiq Əsgərov, Binəqədi Rayon İcra Hakimiyyətinin
başçısı Alı Qocayev, millət vəkilləri,
müxtəlif dövlət və qeyri-hökumət təşkilatlarının
təmsilçiləri, respublikanın tanınmış alim
və pedaqoqları, paytaxtın ümumtəhsil məktəblərinin,
məktəbəqədər və məktəbdənkənar
müəssisələrinin rəhbərləri, müəllimlər,
KİV nümayəndələri iştirak edirdilər.
Azərbaycan Respublikasının Dövlət
himni səsləndirildikdən sonra konfrans öz işinə
başladı.
"2010-2011-ci dərs ilinin yekunları
və yeni dərs ilində qarşıda duran vəzifələr"
mövzusunda məruzə-təqdimatla çıxış
üçün söz Bakı Şəhəri üzrə Təhsil
İdarəsinin müdiri Nailə Rzaquliyevaya verildi.
Konfrans iştirakçılarını
qarşıdan gələn yeni dərs ili münasibətilə
təbrik edən Nailə xanım hazırda dövlətin təhsil
siyasətinin prioritet sahələrindən birinin hər bir vətəndaşın
keyfiyyətli və fasiləsiz təhsil alması
imkanının təmin edilməsi və bunun
üçün şəraitin yaradılması olduğunu
söylədi. Qeyd etdi ki, son illər ölkə
başçısı cənab İlham Əliyevin diqqət və
qayğısı, həmçinin Heydər Əliyev Fondunun dəstəyi
ilə təhsil sahəsində köklü islahatlar
aparılır. Artıq bu islahatların ən mühüm mərhələsinə
qədəm qoyulub. Təhsilin məzmunu və təlimin təşkilinə
verilən tələblərdə ciddi yeniləşmə və
müasirləşmə prosesləri gedir.
Məruzəçi ötən tədris
ilində Bakı Şəhəri üzrə Təhsil
İdarəsinin Strateji planının hazırlanaraq təsdiq
edilməsini gələcək fəaliyyətin istiqamətlərini
müəyyən etməklə yanaşı, həm də
yaxın gələcəkdə perspektivləri də müəyyən
etmək baxımından
faydalı olduğunu bildirdi. Belə ki, Strateji planda nəzərdə
tutulmuş tədbirlər həyata keçirilmiş, təhsil
müəssisələrində təlimin keyfiyyət göstəricilərinin
yaxşılaşdırılması əsas hədəf
olaraq saxlanılmışdır.
Bakı şəhərində pedaqoji
kadrların işə qəbulunun vahid mexanizminin tətbiq
edilməsi və onun daim təkmilləşdirilməsi, vakant
yerlərə müsabiqə yolu ilə müəllim qəbulu
məktəblərin keyfiyyətli kadr təminatında
mühüm rol oynamışdır.
Təhsil sistemində İKT
infrastrukturunun inkişaf etdirilməsi və təhsildə
İKT-nin tətbiqinin dünya standartları səviyyəsinə
çatdırılması ölkəmizdə aparılan
islahatların prioritet istiqamətlərindən biri olduğunu
konfrans iştirakçılarının diqqətinə
çatdıran Nailə Rzaquliyeva hazırda Bakının 139
ümumtəhsil məktəbinin genişzolaqlı İnternet
şəbəkəsinə qoşulduğunu, bütün məktəblərdə
lokal şəbəkələrin
yaradıldığını söylədi. Qeyd olundu ki, son
illərdə tətbiq edilən "Elektron məktəb"
layihəsinin əhatə dairəsi genişlənib, məktəblərdə
elektron dərs vəsaitlərindən səmərəli
istifadə olunur.
Məruzəçi onu da bildirdi ki, bu
gün idarəetmə və nəzarət mexanizminin səmərəsini
artırmaq üçün informasiya texnologiyalarından
istifadə qaçılmazdır. Başqa sözlə,
mövcud vəziyyəti operativ təhlil etmək, qiymətləndirmək və nəticədə əsaslandırılmış
optimal qərarlar qəbul etmək üçün təhsilin
idarə olunmasının məlumat sistemi önəmli işlər
görür. Hazırda Bakı Şəhəri üzrə Təhsil
İdarəsinin TİMS bazasında "Məktəblər",
"Hesabatlar", "Kadrlar", "Şagirdlər"
bloku var. Bazada 42598 kadr və 315008 şagird haqqında məlumat
yerləşdirilib. TİMS-in "Məktəbəqədər
təhsil" modulunun hazırlanması və tətbiqi ilə
bağlı proqram təminatı yaradılıb. Məktəbəqədər
təhsil müəssisələri haqqında məlumatların
həmin bazaya daxil edilməsi işi artıq başa
çatmaq üzrədir.
Təhsilin keyfiyyətli idarə edilməsinə
nail olmaq üçün əsas şərtlərdən
birinin mükəmməl maddi-texniki baza və təhsil
infrastrukturu olduğunu söyləyən N.Rzaquliyeva respublika
Prezidenti cənab İlham Əliyev tərəfindən təhsil
müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinə,
təhsil infrastrukturunun inkişafına xüsusi diqqət
yetirildiyini dedi.
Qeyd etdi ki, yay tətili dövründə
dövlət vəsaiti hesabına 57 uşaq
bağçasında, 54 məktəbdə və 2 məktəbdənkənar
təhsil müəssisəsində təmir, tikinti işləri
başlanmışdır. Artıq bu günlərdə əksər
təhsil müəssisələrinin yenidən qurulması və
təmiri başa çatdırılıb. İl ərzində
7 məktəbdə, 8 körpələr evi-uşaq
bağçasında əsaslı, 15 məktəbdə, 23
uşaq bağçasında, 1 məktəbdənkənar təhsil
müəssisəsində isə cari təmir işləri
aparılıb. Bununla yanaşı, 13 məktəb və 10
uşaq bağçasının istilik sistemi təmir
edilmiş, təhsil müəssisələri zəruri inventar
və avadanlıqlarla təmin olunub. Nailə xanım Heydər
Əliyev Fondunun təhsil müəssisələrinin təmiri
və tikintisi sahəsində dəstəyini də xüsusi
vurğuladı.
Məruzə-təqdimatında
N.Rzaquliyeva təhsilin ilk pilləsi və bünövrəsi
sayılan məktəbəqədər təhsillə
bağlı həyata keçirilən tədbirlərdən
geniş bəhs etdi. Verilən məlumatdan aydın oldu ki,
hazırda Bakı Şəhəri üzrə Təhsil
İdarəsinin tabeliyində 307 məktəbəqədər
təhsil müəssisəsi vardır. Fəaliyyətdə
olan 302 məktəbəqədər təhsil müəssisəsində
uşaqların sayı 34369 olmaqla 1539 qrup var. Həmin
uşaqların təlim-tərbiyəsi ilə 3765 pedaqoji
işçi məşğul olur. Bu il Bakı şəhəri
üzrə məktəbəqədər təhsil müəssisələrindən
9176 uşaq məktəbə yola salınacaqdır. Son illər
5 yaşlı uşaqların məktəbəqədər təhsilə
cəlb olunması vəziyyətinin də xeyli
yaxşılaşdığını, məktəbəqədər
təhsil müəssisələrində məktəbəhazırlıq
qruplarının şəbəkəsinin xeyli genişləndiyini
deyən Nailə xanım bununla bağlı statistik rəqəmləri diqqətə
çatdırdı.
Daha sonra qeyd olundu ki, Bakı Şəhəri
üzrə Təhsil İdarəsinin tabeliyində 308 tam orta,
3 ümumi orta, 5 yardımçı, 1 evdə təhsil, 5 cəzaçəkmə
müəssisəsində axşam məktəbi var. Həmin
məktəblərdə 31843 müəllim 316594 şagirdin təlim-tərbiyəsi
ilə məşğul olur.
Təhsil sahəsində yeni qiymətləndirmə
mexanizmlərinin tətbiqi, orta məktəblərdə
buraxılış imtahanlarının mərkəzləşdirilmiş
qaydada keçirilməsinin təhsilin keyfiyyətinə
müsbət təsir etdiyini söyləyən məruzəçi
ötən dərs ilinin bununla bağlı nəticələrini
açıqladı. Onu da bildirdi ki, ümumtəhsil məktəblərimizin
XI siniflərində dərs ilinin sonunda 23019 şagird
olmuş, onlardan 20304-ü (88,2
faiz) attestat alaraq tam orta təhsili başa vurub. Dövlət müstəqilliyimizin
elan olunmasından keçən dövr ərzində ilk dəfə
olaraq bu il tam orta təhsili yüksək səviyyədə
başa vuran 14 məzuna qızıl, 4 məzuna isə
gümüş medal verilib. Qızıl və
gümüş medal alan məzunların
qəbul imtahanlarında orta balı 628 olub. 2011-2012-ci dərs
ili üzrə ali məktəblərə tələbə qəbulunda
Bakı məktəbləri məzunlarının
xüsusi çəkisi artıb. Belə ki, 2011-ci ildə məzunların
47,43 faizi tələbə adını qazanıb. Bakı
Şəhəri üzrə Təhsil İdarəsi
yarandığı 5 ildə bu parametr üzrə artım təqribən
12,64 faizdir. Sevindirici haldır ki, son 5 ildə respublika üzrə
ən yüksək göstəricilər Bakı şəhərinə
məxsusdur. Bakı şəhəri məzunlarının
orta balı da respublika üzrə orta göstəricidən 24
bal yuxarıdır. 2011-2012-ci dərs ili üzrə tələbə
qəbulunun nəticələrinə görə hər 16
abituriyentdən biri 600-dən, hər 9 abituriyentdən ikisi
500-dən yuxarı bal toplayaraq tələbə adını
qazanıb. Məzunların yüksək bal
toplamalarının ürəkaçan bir hal olduğunu
söyləyən Nailə Rzaquliyeva daha sonra Bakı Şəhəri
üzrə Təhsil İdarəsinin 2006-2011-ci illəri əhatə
edən fəaliyyəti dövründə paytaxt məktəbləri
məzunlarının ali məktəblərə qəbulu
zamanı topladıqları balların illər üzrə təhlilini
apardı, onları ətraflı şərh etdi. Onu da bildirdi
ki, respublika üzrə 700 bal toplayan 4 gəncin hamısı
Bakı məktəblərinin məzunlarıdır.
Məktəbli formasının tətbiqinə
2007-ci ildən başlanıldığını deyən məruzəçi
bu ildən etibarən
paytaxtın ümumtəhsil məktəblərinin
bütün siniflərində vahid formaya keçidin başa
çatdırılmasının nəzərdə
tutulduğunu qeyq etdi.
Təhsil sistemində yeni təlim
texnologiyalarından səmərəli şəkildə istifadə
edən müəllimlərin sayının getdikcə
artmasının ürəkaçan olduğunu söyləyən
N.Rzaquliyeva Bakı şəhərindəki məktəblərdə
sözün yaxşı mənasında güclü bir rəqabətin
formalaşdığını dedi. Bildirdi ki, hər bir müəllim
indi fəal təlim metodları üzrə kurslarda iştirak
etməyə böyük maraq göstərir, öyrənir, tətbiq
edir və öyrədir.
Ölkə başçısı cənab
İlham Əliyevin müvafiq sərəncamına uyğun
olaraq keçirilən "Ən yaxşı ümumtəhsil
məktəbi" və "Ən yaxşı müəllim"
müsabiqələrində Bakı şəhəri məktəblərinin
və müəllimlərinin uğurlu nəticələri də
bu sahədə ciddi inkişafın olduğunu göstərir.
Məlumat üçün bildirildi ki, bu il Bakı şəhərinin
22 məktəbi "Ən yaxşı ümumtəhsil məktəbi",
49 müəllim isə "Ən yaxşı müəllim"
adına layiq görülüb.
Xüsusi istedada malik uşaq və
yeniyetmələrin aşkara çıxarılması və
inkişaf etdirilməsi ilə bağlı müxtəlif
mövzularda təhsil müəssisələrində
keçirilən silsilə tədbirlərə də toxunan
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
müdiri, həmçinin şagirdlərin fənn
olimpiadalarının respublika turunda əldə etdikləri
nailiyyətlərdən, beynəlxalq səviyyəli idman
yarışlarında qazandıqları uğurlardan
danışdı.
N.Rzaquliyeva 2010-2011-ci dərs ilində ən
əlamətdar hadisələrdən birinin də paytaxtın
möhtəşəm saraylarından biri sayılan
"Buta"da "Məzun-2011" adlı tədbirin
keçirilməsi olduğunu bildirdi. Qeyd etdi ki, Bakı şəhərinin
orta məktəblərini əla təhsillə və nümunəvi
davranışla bitirən, ictimai fəallığı ilə
seçilən, yüksək təhsil göstəricilərinə
görə qızıl və gümüş medallarla təltif
olunan 2010-2011-ci dərs ilinin məzunları ilə
keçirilən bu tədbir ictimai marağa səbəb
olmaqla yanaşı, gənclərin milli vətənpərvərlik
tərbiyəsində də mühüm əhəmiyyət kəsb
etdi.
Məruzə-təqdimatında ötən
dərs ilində görulən işlərdən, qazanılan
uğurlardan geniş söz açan, müəyyən
nöqsan və çatışmazlıqları ətraflı
təhlil edən Nailə xanım onların aradan
qaldırılması istiqamətində bir sıra tədbirlərin
həyata keçiriləcəyini dedi. Qeyd etdi ki, təhsilin
keyfiyyət baxımından inkişafını vəzifə
kimi qarşıya qoyan Bakı Şəhəri üzrə Təhsil İdarəsi
bundan sonra da həmin vəzifəni yerinə yetirmək
üçün bütün imkanlarını və qüvvəsini
səfərbər edərək gənc nəslin təlim-tərbiyəsi
sahəsində daha yaxşı nəticələr
qazanmağa çalışacaqdır.
Çıxışının sonunda Nailə Rzaquliyeva təhsil
işçilərinin Bakı təhsilinin inkişafında
daha böyük uğurlara imza atacaqlarına əmin
olduğunu söylədi.
Sonra konfransda məruzə ətrafında
çıxışlar edildi. "Ən yaxşı ümumtəhsil
məktəbi" müsabiqəsinin qalibi, Bakı şəhərindəki
279 nömrəli məktəbin direktoru Oqtay Səmədov, 83
nömrəli məktəb-liseyin direktor müavini Yaşar Həmidov,
12 nömrəli İxtisaslaşdırılmış Olimpiya
Ehtiyatları Uşaq -Gənclər İdman Məktəbinin
direktoru Elçin Mehdizadə, 169 nömrəli körpələr
evi- uşaq bağçasının tərbiyəçisi Təbiət
Vəliyeva, Bağça-məktəb-lisey kompleksinin Valideyn
Komitəsinin sədri, VMA-nın üzvü Səidə
İsmayılova, "Ən yaxşı müəllim"
müsabiqəsinin qalibi, 87 nömrəli məktəbin ingilis
dili müəllimi Natəvan Daştiyeva çıxış
edərək ötən müddət ərzində Bakı
Şəhəri üzrə Təhsil İdarəsinin təhsilin
keyfiyyətinin yüksəldilməsi, inkişafı istiqamətində
gördüyü işləri müsbət qiymətləndirdilər,
qazanılan uğurlardan söz açdılar. Qəbul
imtahanlarında 700 bal toplamış Ləman Məmmədova
belə bir yüksək nəticənin əldə
olunmasında onun üzərində zəhməti olan müəllimlərinə,
valideynlərinə təşəkkür etdi.
Konfransda təhsil naziri Misir Mərdanov
çıxış edərək bütün təhsil
işçilərini qarşıdan gələn "Bilik
günü" münasibətilə təbrik etdi, onlara
işlərində yeni-yeni nailiyyətlər arzuladı.
Bakı təhsilinin uğurlarının
ildən-ilə artdığını deyən nazir Bakı Şəhəri üzrə
Təhsil İdarəsinin fəaliyyətindən razı
qaldığını bildirdi və qurumun gördüyü
işləri yüksək dəyərləndirdi.
Təhsil naziri ulu öndər Heydər Əliyevin
müəllimlərə xüsusi hörmət və ehtiramla
yanaşdığını, hər zaman təhsilə önəm
verdiyini söylədi. Nazir hazırda ümummilli liderin layiqli
davamçısı, ölkə başçısı cənab
İlham Əliyev tərəfindən Azərbaycan elminin, təhsilinin
inkişafına, eyni zamanda təhsil işçilərinə
göstərilən qayğı və diqqətdən, Heydər
Əliyev Fondunun bu istiqamətdə həyata keçirdiyi tədbirlərdən
ətraflı danışdı.
Bu gün bizim nümunəvi məktəblərimizin,
yüksək savada və bacarığa malik, öz işinə
yaradıcı yanaşan müəllimlərimizin olduğunu
deyən təhsil naziri onların təhsilimizə
başucalığı gətirdiyini bildirdi.
Çıxışında bir sıra
həlli vacib məsələlərə də ətraflı
toxunan nazir Misir Mərdanov bununla bağlı fikir və
mülahizələrini söylədi, konfrans iştirakçılarına dəyərli
tövsiyələr verdi.
Konfransın sonunda ölkəmizdə təhsil
sahəsində görülən işlərdən, əldə
edilən uğurlardan, həmçinin Bakı Şəhəri
üzrə Təhsil İdarəsinin fəaliyyətindən bəhs
edən filmin nümayişi hamı tərəfindən maraqla
qarşılandı.
Samirə KƏRİMOVA
Azərbaycan
müəllimi.- 2011.- 9 sentyabr.- S.9.