Təhsil
işçilərinin respublika konfransı
Sentyabrın
3-də Bakıdakı "Gülüstan" sarayında təhsil
işçilərinin ənənəvi respublika konfransı
keçirildi.
Konfrans
iştirakçıları əvvəlcə Fəxri xiyabana
gələrək, xalqımızın ümummilli lideri Heydər
Əliyevin xatirəsini ehtiramla anıb məzarı
önünə tər güllər qoydular.
Görkəmli
oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı
üstünə gül dəstəsi düzüldü.
Sonra
təhsil işçiləri Şəhidlər xiyabanında
ölkəmizin müstəqilliyi və ərazi
bütövlüyü uğrunda mübarizədə canlarından
keçmiş qəhrəman Vətən
övladlarının xatirəsini yad etdilər.
Baş nazirin
müavini Elçin Əfəndiyevin, Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının humanitar siyasət
məsələləri şöbəsinin müdiri Fatma
Abdullazadənin, Tələbə Qəbulu üzrə Dövlət
Komissiyasının sədri Məleykə Abbaszadənin, Milli
Məclis deputatlarının, müvafiq nazirliklərin
nümayəndələrinin, ali, orta
ixtisas və ümumi təhsil müəssisələrinin rəhbərlərinin,
rayon, şəhər təhsil şöbə müdirlərinin,
təhsil ictimaiyyətinin və beynəlxalq təşkilatların
təmsilçilərinin iştirak etdikləri konfrans Azərbaycan
Respublikasının Dövlət himninin səsləndirilməsi
ilə başladı.
Konfransı Azərbaycan
Respublikasının təhsil naziri Misir Mərdanov açaraq təhsil işçilərinin
bu ənənəvi ümumrespublika tədbirində 600-dən
çox iştirakçının olduğunu qeyd edib, dəvəti
qəbul edib konfransa təşrif gətirmiş qonaqlara, millət
vəkillərinə minnətdarlığını bildirdi.
Builki konfransın Azərbaycanın
müstəqilliyinin 20 illiyi ərəfəsində
keçirilməsini onun əsas özəlliklərindən biri
kimi qiymətləndirən nazir bildirdi ki, 20 il dövlətin
tarixində o qədər də böyük zaman olmasa da, bu
illər ərzində Azərbaycan çox böyük tarixi yol keçib. Əsası müstəqil Azərbaycan
dövlətinin banisi, ulu öndər Heydər Əliyev tərəfindən
qoyulmuş quruculuq siyasəti nəticəsində Azərbaycan
dövlətinin hüquqi-sosial bazası yaranıb, müstəqilliyi
möhkəmlənib, dünya birliyinə inteqrasiya istiqamətində
çox ciddi addımlar atılıb.
Ulu öndərin birbaşa rəhbərliyi
ilə müstəqilliyin ilk illərində Azərbaycanda
siyasi sabitliyin yarandığını, iqtisadi inkişafın
təməlinin qoyulduğunu, ölkə həyatının
bütün sahələrində geniş islahat işlərinin
aparılmağa başlandığını qeyd edən Misir
Mərdanov həmin islahatların son
8 ilə yaxın bir müddətdə dövlətimizin
başçısı, möhtərəm cənab Prezident
İlham Əliyev tərəfindən uğurla davam
etdirildiyini diqqətə çatdırdı. Bildirdi ki, məhz
aparılan düzgün daxili və xarici siyasət nəticəsində
hazırda Azərbaycan dünyada siyasi stabilliyinə
görə ilk yerlərdən birini tutur, iqtisadi inkişaf
tempinə görə lider ölkələrinin sırasına
çıxıb. Həyata keçirilən
elmi əsaslara söykənmiş çoxsaylı dövlət
proqramları sayəsində Azərbaycan ilbəil inkişaf
edir. Ölkəmizdə yoxsulluğun səviyyəsi son illərdə
minimuma endirilib. 1 milyona yaxın Azərbaycan vətəndaşı
yeni iş yerləri ilə təmin olunub.
Digər sahələrdə
olduğu kimi, təhsildə də əsası ulu öndər
tərəfindən qoyulmuş uğurlu islahatların davam
etdiyini qeyd edən nazir təhsilin infrastrukturunun yaranmasında
və möhkəmlənməsində, maddi-texniki
bazasının formalaşmasında, bütövlükdə
milli təhsil sisteminin qurulmasında son illərdə
çox əhəmiyyətli addımlar
atıldığını diqqətə
çatdırdı. Bildirdi ki, həmin addımlar, habelə təhsildə
mövcud olan problemlər və onların həlli yolları
barədə bugünkü konfransda məlumat veriləcəkdir.
Təhsil naziri bütün bu məsələlər
haqqında məlumatların onun tərəfindən deyil, məhz
bu proseslərin içində olan şəxslər tərəfindən
təqdim olunacağını da xüsusi qeyd edib bunu
konfransın digər bir özəlliyi kimi dəyərləndirdi
və Azərbaycan təhsil işçilərinin
növbəti sentyabr konfransını açıq elan etdi.
YUNİSEF-in Azərbaycandakı
nümayəndəliyinin rəhbəri Mark Hervord konfransda təbrik sözü söylədi.
Çıxışını konfrans
iştirakçılarını salamlamaqdan böyük məmnunluq
duyduğunu bildirməklə başlayan M.Hervord öncə təmsil etdiyi beynəlxalq
təşkilatın fəaliyyəti barədə məlumat
verərək bildirdi ki, YUNİSEF
Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə
1993-cü ildən - yəni ölkəmizdə fəaliyyətə
başladığı vaxtdan sıx əməkdaşlıq
münasibətləri qurmuş və bu əməkdaşlıq
bir çox irimiqyaslı islahatların həyata keçirilməsinə
öz töhfəsini vermişdir.
YUNİSEF-in iştirakı ilə
ölkəmizin təhsil müəssisələrində
reallaşdırılan layihələrin əsas istiqamətləri
haqqında danışan beynəlxalq təşkilatın təmsilçisi
hazırda Azərbaycanın 50 rayonunda "Məktəb
uşağın dostudur" layihəsinin tətbiq
olunduğunu diqqətə çatdırdı.
Bildirdi ki, həmin layihədə əsas məqsəd
məktəblərdə tədrisin və idarəetmənin, əlil
uşaqlara tətbiq olunan inklüziv təhsil xidmətinin, eləcə
də təhlükəsizliyin və valideynlərin
iştirakının keyfiyyətinin monitorinqindən ibarətdir.
"Məktəb uşağın dostudur" təşəbbüsü
çərçivəsində Təhsil Nazirliyi tərəfindən
məktəb direktorları üçün müvafiq idarəetmə
ilə bağlı, ibtidai sinif müəllimləri
üçün yeni kurikulumun mənimsənilməsi istiqamətində
və V-IX siniflərdə dərs
deyən müəllimlər üçün idarəetmə
üzrə təlimlərin keçirilməsi məqsədi
ilə müvafiq tərəfdaşlarla sıx əməkdaşlıq
münasibətləri qurulub.
YUNİSEF
Dünya Bankı ilə əməkdaşlıq edir ki, bu əməkdaşlıq
çərçivəsində də Azərbaycanın 6
rayonunda qısamüddətli məktəbəhazırlıq
məktəbəqədər təhsil xidmətləri təmin
edilir. Hazırda Təhsil Nazirliyi bu təşəbbüsün
digər regionlarda da miqyasını artırmağı
planlaşdırır.
M.Hervord Heydər Əliyev Fondu
və Təhsil Nazirliyi ilə birgə əlilliyi olan
uşaqlar üçün inklüziv xidmətlərin təmin
edilməsi istiqamətində də iş gördüklərini
vurğulayaraq, bu layihələrin müvafiq qanunvericilik
bazasının uyğunlaşdırılmasını,
mövcud kurikulum sisteminin yenidən nəzərdən
keçirilməsi və təkmilləşdirilməsini,
müəllim hazırlığı sisteminin təkmilləşdirilməsini,
rayon və şəhərlərdə mövcud olan
infrastrukturun uyğunlaşdırılmasını
özündə ehtiva edən fəaliyyətləri əhatə
etdiyini bildirdi. Qeyd etdi ki, YUNİSEF Təhsil
Nazirliyi ilə uşaqların məktəbəhazırlığı
istiqamətində də müəyyən işlər
görür ki, bu işlərə də məktəbəqədər
təhsil üzrə yeni
kurikulumun tamamlanması, ucqar rayonlarda yaşayan uşaqlar
üçün məktəbəqədər təhsillə
bağlı alternativ modellərin təqdim edilməsi daxildir.
Burada əsas məqsəd ondan ibarətdir ki,
yaşadığı məkandan asılı olmayaraq heç
bir uşaq məktəbəqədər təhsil xidmətindən
kənarda qalmasın.
M.Hervord Təhsil Nazirliyi ilə əməkdaşlıqlarının
bir istiqamətinin də valideyn-müəllim
assosiasiyalarının yaradılması ilə bağlı
olduğunu bildirdi və son illərdə təsis olunan bu
qurumların təhsil ocaqlarının monitorinqinin həyata
keçirilməsində, valideynlər, icmalar tərəfindən
ayrılan ianələrin daha
şəffaf qaydada idarə olunmasına cəlb edilməsində,
eləcə də keyfiyyətin monitorinqinin təşkilində,
aztəminatlı ailələrdən olan və digər
növ məhrumiyyətlərə məruz qalmış
uşaqların keyfiyyətli təhsil xidmətləri ilə
təmin edilməsində mühüm rol oynadığını
diqqətə çatdırdı.
Çıxışının
sonunda indiyədək həyata keçirdikləri işlərin
bundan sonrakı fəaliyyətləri üçün
müsbət stimul olduğunu vurğulayan YUNİSEF təmsilçisi
Azərbaycanda uşaq hüquqlarının daha
dayanıqlı və dolğun şəkildə təmin
olunması sahəsində bundan sonra da Təhsil
Nazirliyi və digər qurumlarla
sıx əməkdaşlığı davam etdirəcəklərini
söylədi.
Bakıdakı 85 nömrəli
uşaq bağçasının müdiri Kəmalə Abbasova konfransda çıxış edərək
məktəbəqədər təhsil sahəsində
görülən işləri, problemləri və perspektiv vəzifələri
diqqətə çatdırdı.
Çıxışında
öncə məktəbəqədər təhsilin əhəmiyyətindən
danışan K.Abbasova bildirdi ki, uşaqların hələ
erkən yaş dövründən əqli, fiziki və
psixoloji inkişafında məktəbəqədər təhsil
müəssisələrinin mühüm rol oynaması bu
gün
əksər dünya dövlətlərində birmənalı
qəbul olunur. Maddi sərvətlərin insan kapitalına
çevrilməsinin təməli məhz bu müəssisələrdə
qoyulur. Tədqiqatlar göstərir
ki, məktəbəqədər yaş dövründə
uşağın inkişafına xərclənən vəsait
sonralar 7 dəfə artıq gəlir gətirir. Təsadüfi
deyil ki, Almaniya, Fransa, Danimarka və digər bu kimi ölkələrdə
təhsil büdcəsinin 10-15 faizi məktəbəqədər
təhsilə ayrılır.
Sonra natiq ölkəmizdə məktəbəqədər
təhsilin inkişafına göstərilən diqqət və
qayğıdan söz açdı. Bildirdi ki, təhsilin
prioritet strateji sahə hesab olunduğu ölkəmizdə məktəbəqədər
təhsilin inkişafı diqqət mərkəzindədir.
Dövlətimizin başçısı cənab İlham Əliyevin
2007-ci ildə təsdiq etdiyi "Azərbaycan Respublikasında
məktəbəqədər təhsilin yeniləşdirilməsi
Proqramı" çərçivəsində son illər davamlı surətdə
məqsədyönlü tədbirlər həyata keçirilir.
Hazırda respublikamızda 112892
nəfər uşağın cəlb olunduğu 1638 məktəbəqədər
təhsil müəssisəsinin fəaliyyət göstərdiyini
deyən K.Abbasova 2009-cu ildən
bəri 23 yeni tikilən müəssisənin fəaliyyətə
başladığını, 3 uşaq bağçasında əsaslı bərpa
işlərinin aparıldığını, uşaqların
sayının 9265 nəfər artdığını bildirdi. Qeyd
etdi ki, ölkə üzrə uşaqların məktəbəqədər
təhsillə əhatə səviyyəsi 2009-cu ildə 15,8
faiz idisə, hazırda 17,6 faiz təşkil edir. Bakı şəhərində
bu inkişaf daha çox müşahidə olunmaqdadır. Belə
ki, şəhər üzrə məktəbəqədər təhsil
müəssisələrinə cəlb olunmuş
uşaqların sayı 2009-cu ildəki 31102 nəfərdən
2011-ci ildə 34369 nəfərə çatmış, əhatə
səviyyəsi 26 faizi ötmüşdür.
Hesabat
ilində məktəbəqədər təhsil müəssisələrinin
normativ-hüquqi bazasının təkmilləşdirilməsinə
yönəlmiş bir sıra sənədlər
hazırlanıb təsdiq olunmuşdur.
Bunlarla
yanaşı, mütəxəssislərdən ibarət
işçi qrupu tərəfindən "Azərbaycan
Respublikasında məktəbəqədər təhsil
haqqında" Qanun layihəsinin hazırlanması istiqamətində
intensiv iş aparılır. Digər bir işçi qrupu isə
məktəbəqədər təhsil üzrə monitorinq və
qiymətləndirmə sisteminin yaradılması ilə məşğuldur.
Diqqətə
çatdırıldı ki, "Təhsil haqqında"
Qanunda 5 yaşlı uşaqların məktəbə
hazırlığının zəruri hesab olunması cəmiyyətdə
məktəbəqədər müəssisələrin ictimai
statusunun yüksəldilməsinə əhəmiyyətli təsir
göstərib. Valideynlərin bu müəssisələrə
marağı əvvəlki illərə nisbətən xeyli
artıb. Məsələn,
Bakı şəhərindəki uşaq
bağçalarında 2010-cu ildə 7400 uşağı əhatə
edən 335 məktəbəhazırlıq qrupu var idisə,
2011-ci ildə bu qrupların sayı 370, uşaqların
sayı isə 9646 nəfər olmuşdur.
Təhsil Nazirliyi məsələnin
vacibliyini nəzərə alaraq, Dünya Bankı tərəfindən
maliyyələşdirilən Təhsil Sektorunun
İnkişafı üzrə İkinci Layihədə nəzərdə
tutulmuş "Məktəbə hazırlığın
inkişaf etdirilməsi" komponenti çərçivəsində
məktəbə hazırlıq və valideynlərin maarifləndirilməsi
proqramlarının tətbiqinə başlamışdır. Bu məqsədlə pilot rayonları kimi
seçilmiş Bakı şəhərinin Xətai, eləcə
də Lənkəran, Quba, Şamaxı, Göygöl, Fizuli
rayonlarının uşaq bağçalarında müəllim
və tərbiyəçilər üçün öyrədici
kurs və treninqlər indi də davam etdirilir. 687
uşağın cəlb olunduğu qruplarda
"Beşyaşlıların qısamüddətli təlim
qruplarında məktəbə hazırlanması
üçün Proqram" sınaqdan
çıxarılır.
5 yaşlıların məktəbə
hazırlığı işinin tənzimlənməsi üzrə
BP şirkətinin maliyyə dəstəyi ilə Şəmkir
rayonunun seçilmiş uşaq bağçalarında
"İcma nəzdində məktəbə hazırlıq
qruplarının təşkili" layihəsinin
reallaşdırıldığını vurğulayan natiq
layihənin əsas məqsədinin
icma tipli məktəbəqədər təhsil xidməti
modelinin qurulması və 5 yaşlı uşaqların məktəbə
hazırlıq səviyyəsini müəyyən etmək
üçün diaqnostik qiymətləndirmə mexanizminin
hazırlanmasından ibarət olduğunu söylədi.
K.Abbasova 2011-ci ildə məktəbəqədər
təhsil müəssisələrinin maddi-texniki və tədris
bazasının möhkəmləndirilməsi sahəsində
yerinə yetirilən tədbirlərə toxunaraq qeyd etdi ki, bu
il ərzində Laçın və Kəlbəcər
rayonlarından olan məcburi köçkünlərin məskunlaşdığı
ərazilərdə 3, Samux şəhərində 1 yeni
uşaq bağçası tikilərək istifadəyə
verilmişdir. Heydər Əliyev Fondu tərəfindən Nərimanov
rayonundakı 259 nömrəli uşaq bağçası əsaslı
təmir olunmuşdur.
Hazırda
Təhsil Nazirliyi tərəfindən Sumqayıt şəhəri
11, Mingəçevir şəhəri 16, Lənkəran şəhəri
17 nömrəli körpələr evi-uşaq
bağçalarında əsaslı təmir işləri
davam etdirilir.
Ölkə Prezidenti cənab
İlham Əliyevin 2011-ci ilin
mayında təsdiq etdiyi "2011-2013-cü illərdə
Bakı şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramı"na əsasən, 2011-ci
il üçün nəzərdə tutulmuş 53 uşaq
bağçasının təmiri ilin sonunadək başa
çatdırılacaqdır.
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamına
görə, 2011-ci ildə
respublikanın 5 şəhər və 36 rayonunda 42 məktəbəqədər
təhsil müəssisəsinin əsaslı təmiri nəzərdə
tutulmuşdur.
2011-ci
ildə respublikamızın 3 şəhər və 15 rayonu
üzrə 96 uşaq bağçası müasir tələblərə
cavab verən bərk və yumşaq inventarlarla təchiz
edilmişdir.
Təhsil Nazirliyinin sifarişi
ilə Bakı, Sumqayıt şəhərlərinin və
Abşeron rayonunun 307 məktəbəqədər təhsil
müəssisəsi üçün 1235 ədəd multimedia
sistemli oyun tipli təlim vasitələri və 39 adda tədris
vəsaitləri hazırlanmışdır.
K.Abbasova
çıxışında rəhbərlik etdiyi Bakı
şəhərinin 85 nömrəli uşaq
bağçası barədə də məlumat verərək
bildirdi ki, 1936-cı ildə inşa edilmiş bağça 2008-ci ildə əsaslı
təmir olunaraq, müasir tələblərə cavab verən
inventar və avadanlıqlarla təchiz edilmişdir.
Təmirdən sonra uşaq
bağçasına gələn uşaqların
sayının xeyli artdığını, 95 yerlik
bağçada hazırda 120 uşaq olduğunu deyən natiq
bunu nəzərə alıb bağçaları
üçün əlavə korpusun tikilməsini məqsədəuyğun
saydı.
K.Abbasova
məktəbəqədər təhsil sahəsindəki
mövcud problemləri də nəzərə
çatdıraraq diqqəti onların həlli yollarına
yönəltdi. Bildirdi ki, aparılan təhlilə görə,
ölkə üzrə 75 faiz yaşayış məntəqəsində
uşaq bağçasının olmaması, 300-ə yaxın
uşaq bağçasının qəza vəziyyətinə
düşməsi ciddi narahatlıq doğurur.
Eyni zamanda hazırda fəaliyyət
göstərən 1638 məktəbəqədər təhsil
müəssisəsindən 1173-də əsaslı təmirə
ehtiyac duyulur. 362 müəssisədə 1768 məcburi
köçkün ailəsinin məskunlaşması mövcud
vəziyyəti daha da ağırlaşdırır. Əksər
müəssisələrin,
xüsusilə də rayonlardakı bağçaların
maddi-texniki bazası olduqca zəifdir.
Təkcə
5 yaşlı uşaqları hamılıqla məktəbəhazırlıq
təliminə cəlb etmək üçün əlavə
4946, o cümlədən Bakıda 538 qrup açılması
lazımdır. Halbuki hazırda fəaliyyət göstərən
bütün məktəbəqədər təhsil müəssisələrində
cəmi 5692 qrup vardır. Bununla əlaqədar o, təklif etdi
ki, bölgələrdə layihə gücü ilə işləməyən
məktəblərin bazasından məktəbə
hazırlığın təşkili üçün istifadə
olunmasına şərait yaradılsın.
Məktəbəqədər təhsil
müəssisələrində uşaqların
qidalanmasının yarıtmaz vəziyyətdə olduğunu
deyən natiq müəyyən olunmuş normaya görə,
gün ərzində 1 uşağın yemək xərci 3
manat 94 qəpik təşkil etdiyi halda, həmin göstəricinin
bölgələrdə cəmi 30-70 qəpik olduğunu, hətta
Bakı şəhərində bu məbləğin 1 manat 59 qəpikdən
yuxarı qalxmadığını söylədi. O, diqqəti daha bir ciddi məsələyə
yönəldərək uşaq bağçasının rəhbərliyinin
verilən vəsaitin idarə olunmasından tamamilə kənarda
qaldığını, heç bir uşaq
bağçasının müdiriyyətinin xərclər
smetasının tərtibində iştirak etmədiyini, onlara
ayrılan vəsaitin ehtiyaca görə xərclənməsi
imkanından, demək olar ki, məhrum olduqlarını
vurğuladı. O dedi: "Kənd yerlərində vəziyyət
daha paradoksaldır. Yəni bağçalara metodik xidməti təhsil
orqanları həyata keçirir, maliyyələşmə isə
kənd icra nümayəndəlikləri tərəfindən
aparılır. Fikrimcə, bu məntiq heç cür
anlaşılan deyildir".
K.Abbasova
çıxışının sonunda Azərbaycanda məktəbəqədər
təhsil sahəsində mövcud olan problemlərin aradan qaldırılması
üçün təxirəsalınmaz tədbirlərin
görülməsini zəruri hesab edərək bir sıra təkliflərini
səsləndirdi.
Tələbə
Qəbulu üzrə Dövlət Komissiyasının
şöbə müdiri Tariyel
Bədəlov konfransda ali və orta ixtisas təhsili müəssisələrinə
builki tələbə qəbulunun nəticələri barədə
məlumat verdi. Bildirdi ki, 1992-2011-ci illər
üzrə plan yerləri və abituriyent ərizələrinin
dinamikasının müqayisəli təhlili bu illər ərzində
ali təhsil müəssisələrinin qəbul
planının 85,24 faiz, abituriyent ərizələrinin
sayının isə 2,67 dəfə artdığını
göstərir. Ali təhsil müəssisələri
üçün ən çox plan yerləri 2011-ci ildə, ən
az 1993-cü ildə ayrılıb. Abituriyent ərizələrinin
sayı isə ən az 1992-ci, ən çox 2008-ci ildə
olub. 2011-ci ildə qəbul planı 97 faiz yerinə yetirilib. Yüksək müsabiqə vəziyyəti ilə əlaqədar
olaraq ən yüksək keçid balı I qrupda Qafqaz
Universitetinin "Kompüter mühəndisliyi" (667 bal), II
qrupda Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının
"Menecment" (660 bal), III qrupda Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyasının
"Hüquqşünaslıq" (646 bal) və IV qrupda Azərbaycan
Tibb Universitetinin "Müalicə işi" (541 bal)
ixtisasları üzrə olub.
Respublikanın
ayrı-ayrı regionları üzrə cari ilin məzunlarının
qəbul imtahanlarında iştiraketmə faizi bir-birindən
ciddi fərqlənir. Bakı, Sumqayıt, Mingəçevir
şəhərləri, Qubadlı, Zəngilan rayonları
üzrə məzunların qəbul imtahanlarında
iştiraketmə 90 faizə, Xızı, Abşeron, Qax,
Ordubad, Şahbuz və Babək rayonları üzrə 80 faizə
yaxın olduğu halda, Sabirabad, Astara rayonları üzrə
bu göstərici 30 faizə yaxındır.
Bununla belə qeyd etmək
lazımdır ki, bütövlükdə götürdükdə
son illər məzunların qəbul imtahanlarında
iştiraketmə faizi artmışdır. Belə ki, 2000-ci illərin
əvvəllərində məzunların yalnız 50 faizi qəbul
imtahanlarında iştirak edirdisə, son illər bu göstərici
artıq 60 faizə yaxınlaşır.
Son illər məzunların qəbul
imtahanlarındakı nəticələrində də müsbət
dəyişikliklər nəzərə
çarpdığını deyən T.Bədəlov
müqayisə üçün 2004-cü və 2011-ci illərdə
keçirilən qəbul imtahanlarında iştirak edən
cari il məzunlarının ballarının paylanma diaqramlarını diqqətə
çatdırdı. Nümayiş olunan diaqramlardan aydın
oldu ki, bu illər ərzində qəbul imtahanlarında 0-100
bal diapazonunda nəticə göstərən abituriyentlərin
nisbi çəkisi 40 faizdən 28,1-ə qədər
azalmış, 500-700 bal diapazonunda nəticə göstərən
abituriyentlərin nisbi çəkisi isə 3,9 faizdən
8,7 faizə qədər artmışdır. Bu il 1540 abituriyent 600-dən
yüksək bal toplamışdır. Onlar
respublikanın 73 regionundan 65-ni təmsil edirlər.
Balların
paylanması üzrə son illərin tendensiyası göstərir
ki, qəbul imtahanlarında 0-100
bal diapazonunda yerləşən abituriyentlərin nisbi çəkisi
30 faizə, 100-200, 200-300 və 500-700 bal diapazonlarında nəticə
göstərən abituriyentlərin nisbi çəkiləri
20 faizə və 500-700 bal diapazonunda nəticə göstərilən
nisbi çəkisi isə 10 faizə yaxınlaşır.
Son illər məktəblərdə
şagirdlərin biliklərinin qiymətləndirilməsində
obyektivliyin artdığını bildirən natiq müqayisə
üçün 2004 və 2011-ci il
abituriyentlərinin attestat qiymətlərinə görə qəbul
imtahanlarında topladıqları balların paylanması
diaqramını misal gətirdi.
Diaqramların təhlilindən aydın oldu ki, 2011-ci ildə əlaçı
məzunların 63,6 fazinin qəbul imtahan nəticəsi
500-700 bal intervalında olmuşdur. Halbuki, 2004-cü ildə bu
göstərici 19,5 faizə bərabər
idi.
Müxtəlif
regionları təmsil edən orta statistik abituriyentlərin
ballarının paylanma xəritəsinin təhlili diqqətə
çatdırıldı. Məlum oldu ki, 2011-ci ildə ən yüksək nəticə
Bakı, Sumqayıt şəhərlərinə və Qax
rayonuna məxsusdur. Salyan, Neftçala,
İsmayıllı, Qəbələ, Göyçay, Bərdə
və Qazax rayonlarının nəticələri də qənaətbəxşdir.
2011-ci il məzunlarının
paylanma diaqramının təhlili göstərir ki, məzunların
19,9 faizi attestat ala bilməyib, 19,6 faiz attestat aldıqları
halda qəbul kampaniyasında iştirak etməyib, məzunların
32,2 faizinin qəbul kampaniyasında iştirak etmələrinə
baxmayaraq, onlar heç bir təhsil müəssisəsinə qəbul
olmayıb. 1998-ci ildə məzunların yalnız 23,6 faizi təhsilini davam etdirdiyi halda bu rəqəm
2011-ci ildə 28,3 faiz olub.
Bildirildi ki,
bu il respublikanın 26 dövlət və
10 özəl ali təhsil müəssisəsinin magistratura səviyyəsinə
qəbul aparılıb. Qəbul planı 73,52
faiz yerinə yetirilib.
Tam və
ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə
qəbul müvəffəqiyyətlə başa çatıb
və qəbul planı 96,7 faiz yerinə
yetirilib.
Akademik Zərifə
Əliyeva adına orta məktəbin Azərbaycan
dili və ədəbiyyat müəllimi Samirə Bəktaşi konfransda ümumi təhsil sahəsində
görülmüş işlərdən və qarşıda
duran vəzifələrdən söz açdı.
Çıxışına
məktəbəqədər təhsildən bəhs edən həmkarının
uşaqların məktəb təliminə
hazırlığı məsələsinə xüsusi
toxunduğunu qeyd etməklə başlayan S.Bəktaşi onun
fikirləri ilə tam şərik olduğunu bildirdi. Diqqətə çatdırdı
ki, orta məktəb müəllimləri məktəbə
hazırlıq mərhələsini keçməyən
uşaqların məktəb həyatına necə çətinliklə
adaptasiya olunduqlarının, təhsil prosesində müəyyən
problemlərlə üzləşdiklərinin tez-tez şahidi
olurlar. Onun fikrincə, uşaqlarda psixoloji
dayanıqlığın, çevik təfəkkürün,
idrak fəallığının və əməkdaşlıq
bacarığının yüksək qiymətləndirildiyi
indiki vaxtda məktəbə hazırlıq məsələsi
ciddi əhəmiyyət kəsb edir, bağça ilə məktəb
arasında mənəvi bağlılıq yaradır.
Çıxışçı
fikrini əsaslandırarkən diqqəti uşaqlarda
formalaşdırılması zəruri olan fərdi keyfiyyətlərə
yönəltməsinin heç də təsadüfi
olmadığını, bu
gün ölkəmizdə ümumi təhsil sahəsində
dövlət siyasətinin əsasının zəruri biliklərlə
yanaşı, şəxsiyyətin yetkinliyini təmin edən
həyati bacarıqlara yiyələnmiş, milli mənəvi
dəyərlərə malik vətəndaşın
formalaşdırılması təşkil etdiyini bildirdi və
qeyd etdi ki, bu, ulu öndər Heydər Əliyevin bilavasitə
təşəbbüsü ilə Azərbaycanın ümumi təhsil
sistemində 1999-cu ildən başlanmış islahatlardan
qaynaqlanır.
Sonra
natiq diqqəti on ildən artıq bir müddətdə davam
edən islahatlar zamanı ümumi təhsilin məzmununa gətirilən
yeniliklərə cəlb etdi. Bildirdi ki, təhsil tariximizdə
ilk dəfə olaraq ümumi təhsilin məzmununun nəticəyönümlülük,
tələbyönümlülük və şəxsiyyətyönümlülük
prinsipləri prioritet tutulmaqla dövlət təhsil
standartları əsasında müəyyənləşdirilməsi
ən böyük yenilikdir. Təlim nəticələrini
ehtiva edən standartlar təsadüfi deyil, cəmiyyətin,
dövlətin və bilavasitə təhsilalanın tələbatı
nəzərə alınmaqla müəyyən olunur. Bu keyfiyyət məzmunun optimallığını və
real hədəflərə istiqamətləndiyini
nümayiş etdirir.
Eyni zamanda məzmun
standartları həm də təhsilalanlarda həyati
bacarıqların, o cümlədən təhlil, tətbiq,
mühakimə, müstəqil qərar qəbul etmə,
ünsiyyət, əməkdaşlıq, birgə fəaliyyət,
dəyərləndirmə, tədqiqatçılıq və
s. zəruri bacarıqların formalaşmasına yönəlmişdir.
Belə olan halda təhsil yalnız biliklənmə
və öyrənmə prosesi çərçivəsində
qalmır və insan həyatı üçün vacib olan dəyərə,
dəyərlər sisteminə çevrilir. Bu keyfiyyət təhsilin şəxsiyyətyönümlülüyünü
təyin edir.
İkinci
vacib amil isə, S.Bəktaşinin fikrincə, ondan ibarətdir
ki, ümumi təhsilin məzmununda biliklərə əsaslanan
həyati bacarıqlara ciddi önəm verilməsi təlim-tərbiyə
prosesində idrak fəallığına, düşünməyə,
tədqiqatçılığa daha geniş meydan
açır. Bu gün
şagirdlərdə mənimsədikləri nəzəri
biliklərin həcmi yox, öyrəndiklərini tətbiq və
təqdim edə bilmək, araşdırma aparmaq, müstəqil
qərarlar qəbul etmək və s. keyfiyyətlər önə
çəkilir. Ümumi təhsil müddətində
əldə etdiyi biliklər həyati bacarıqlarla vəhdət
təşkil edərsə, insan təkcə orta məktəb
attestatı ilə də müstəqil həyatda özünə
yer tapa bilər, cəmiyyətdə artıq adama çevrilmək
təhlükəsi ilə üzləşməz. Yaddaş və hafizə məktəbindən təfəkkür,
düşüncə məktəbinə keçidin
başlıca mahiyyəti məhz bundan ibarətdir.
S.Bəktaşi
vurğuladı ki, ümumi təhsilin məzmununun dünya təcrübəsində
sınaqdan çıxmış bu cür innovativ ideyalar əsasında
müəyyənləşdirilməsi "müəllim-şagird"
münasibətlərinə, şagird nailiyyətlərinin
qiymətləndirilməsinə, dərslik
yaradıcılığına, eləcə də ilkin müəllim
hazırlığına verilən tələbləri də
kökündən dəyişdirir. Faktlar
göstərir ki, təlim prosesi qarşılıqlı inama əsaslanan
əməkdaşlıq ruhunda təşkil olunduqda, valideynlər
övladlarının təhsil həyatına fəal cəlb
edildikdə daha uğurlu nəticələr əldə olunur.
Çıxışında
yeni kurikulumların tətbiqi məsələsinə də
toxunan S.Bəktaşi bildirdi ki, 2008-2009-cu tədris ilindən
etibarən ölkəmizin ümumtəhsil məktəblərinin
ibtidai siniflərində tədris yeni fənn proqramları
(kurikulumlar) və dərslik komplektləri əsasında
aparılır. Bu müddətdə 40 min nəfərə yaxın
müəllim xüsusi proqramlar üzrə öyrədici təlim
kurslarından keçirilmiş, bölgələrdə
müəllim və valideynlər üçün maarifləndirmə
mərkəzləri təşkil edilmişdir.
V-XI siniflər
üçün də eyni məzmunlu sənədlərin
hazırlanması istiqamətində son illər gərgin
iş aparılmış, nəticədə
ölkəmizin tanınmış alimlərinin rəhbərlik
etdiyi işçi qruplarında çalışan yüzlərlə
müəllim və mütəxəssisin böyük zəhməti
hesabına ərsəyə gətirilmiş V-XI siniflərin fənn
proqramları (kurikulumları) ictimai müzakirədən
keçirilərək 2011-ci ilin iyununda təsdiq olunmuşdur.
Natiq bunu ümumi təhsil sahəsində hesabat
ilinin ən əlamətdar hadisəsi adlandırdı.
Ötən dərs
ilinin bir çox digər yaddaqalan hadisələrlə də
zəngin olduğunu deyən S.Bəktaşi ümumi təhsil
sahəsi üçün normativ-hüquqi sənədlərin
hazırlanıb təsdiq edilməsini, respublikanın 22 rayonu əhatə
edən 3 bölgəsində bilavasitə Təhsil Nazirliyi rəhbərliyinin
iştirakı ilə yeni fənn proqramları (kurikulumları)
və yeni dərslik komplektlərinin, şagird nailiyyətlərinin qiymətləndirilməsinə
aid müasir modellərin tətbiqi yollarına həsr
olunmuş zona elmi-praktik konfranslarının keçirilməsini,
10 rayonda ümumi sayı 350 nəfərdən ibarət
kurikulum üzrə yerli təlimçi qruplarının
hazırlanmasını, kurikulumların tətbiqi vəziyyətinə
və müəllimlərin hazırlıq səviyyəsinin
öyrənilməsinə yönəlmiş
araşdırmaları, 2011-2012-ci tədris ilində I siniflərdə
dərs deyəcək 9 min nəfərədək müəllim
üçün öyrədici təlim kurslarının təşkilini,
ölkə Prezidentinin sərəncamına uyğun olaraq,
artıq dördüncü dəfə "Ən yaxşı
ümumtəhsil məktəbi" və "Ən
yaxşı müəllim" müsabiqələrinin
keçirilməsini misal göstərdi.
Diqqəti
"Təhsil haqqında" Qanunda 9 illik ümumi orta təhsilin
icbari hesab olunduğuna cəlb edən natiq müəyyən
edilmiş qaydaya görə, tam orta təhsil səviyyəsinə
şagirdlərin təlim nailiyyətləri, potensial
imkanları nəzərə alınmaqla seçim əsasında
qəbul ediləcəklərini və təhsilin təmayüllər
üzrə təşkil olunacağını söylədi. Bildirdi ki, mütərəqqi,
son nəticədə ümumi təhsilin keyfiyyətinə
müsbət təsir göstərəcək həmin prosesin
respublika üzrə səmərəli həyata keçirilməsinə
hazırlıq məqsədilə Təhsil Nazirliyi pilot layihə müəyyən
etmişdir. Bu layihə
2011-2012-ci dərs ilindən Bakı şəhərindəki 5
təhsil müəssisəsində (Bakı Avropa Liseyi,
Fizika-riyaziyyat və informatika təmayüllü lisey,
"Elitar" gimnaziya, akademik Zərifə Əliyeva adına məktəb, 6 nömrəli məktəb-lisey)
tətbiq olunacaqdır.
S.Bəktaşi
çalışdığı akademik Zərifə Əliyeva
adına məktəbin pilot müəssisəsi kimi
seçilməsini pedaqoji kollektivlərinə göstərilən
böyük inam və etimadın nəticəsi kimi dəyərləndirdi
və qeyd etdi ki, fəaliyyətə başlamasından cəmi
4 il keçməsinə baxmayaraq, məktəb
qazandığı uğurlarla ölkədə
tanınmış təhsil ocağına çevrilmişdir.
Bu il məktəbi bitirən 173 gəncin
hamısı yüksək balla ali məktəblərə qəbul
olunmuşdur. Bu, məktəb rəhbərliyinin,
müəllim kollektivinin gərgin və məqsədyönlü
fəaliyyətinin yekunu olmaqla bərabər, həm də
şagirdlərin təhsil əməyinə diferensial
yanaşmanın nəticəsidir.
Çıxışında
bu gün ictimaiyyəti düşündürən, daim
gündəmdə olan məsələyə - ümumi təhsilin
keyfiyyəti məsələsinə də toxunan S.Bəktaşi
bu sahədə əsaslı irəliləyişlər
müşahidə olunduğunu bildirdi. Qeyd etdi ki, 2010-2011-ci dərs ilində
qızıl və gümüş medala layiq
görülmüş 53 məzunun hamısının və
49 nəfər respublika fənn olimpiadası qalibindən 47-nin
yüksək bal toplayaraq ali məktəblərə qəbul
olunması da irəliləyişlərə real sübutdur.
Bununla belə
o, ümumi təhsilin keyfiyyətinin ictimaiyyəti hələ
tam qane etmədiyini deyərək bildirdi ki, keyfiyyətlə
bağlı problemlərə, əsasən, ali
məktəblərə qəbulun nəticələrinə
görə qiymət verilir. Onun fikrincə isə ümumi təhsilin
nəticələrinə, keyfiyyətinə qiymət verilərkən
məzunların ali məktəblərə
qəbulu ilə yanaşı, bütövlükdə məktəbi
bitirənlərin cəmiyyətdə tutduğu vətəndaşlıq
mövqeyinə, müstəqil həyatda faydalı fəaliyyət
göstərmələrinə də xüsusi diqqət yetirmək
lazımdır.
S.Bəktaşi
növbəti dərs ili üçün yerinə yetirilməsi
prioritet hesab olunan məsələlər üzərində
xüsusi dayanaraq bildirdi ki, ilk növbədə, yeni fənn
proqramlarının tətbiqi ilə bağlı maarifləndirmə
tədbirlərinin miqyası genişləndirilməli,
xüsusilə də təhsil orqanlarının əməkdaşları,
məktəb rəhbərləri üçün xüsusi
öyrədici kurslar məqsədli şəkildə davam
etdirilməlidir.
Konfransda
söz alan Beynəlxalq İnformatika Olimpiadasının
bürünc medalçısı, Kanadanın Vaterloo
Universitetinin tələbəsi Azad
Salahlı bu il 22-29 iyul tarixlərində Tailandın Pattaya
şəhərində 20 yaşınadək məktəblilər
arasında keçirilmiş 23-cü Beynəlxalq
İnformatika Olimpiadasında dünyanın ən güclü
gənc proqramçıları arasında 17 yaşlı Azərbaycan
məktəblisinin uğur qazanmasını diqqətəlayiq
hadisə adlandırdı və bu uğurunda, ilk növbədə,
orta məktəb müəllimlərinin, onu olimpiadaya
hazırlayanların xüsusi əməyi olduğunu qeyd etdi. Eyni zamanda respublikamızda yüksək intellektə
malik, istedadlı yeniyetmə və gənclərə diqqət
və qayğı ilə yanaşılmasına, onların
dünyanın inkişaf etmiş ölkələrində
müxtəlif fənlər üzrə keçirilən
yarışlarda iştiraklarına şərait yaratdığına
görə dövlət başçısına minnətdarlığını
bildirdi.
A.Salahlı
son illərdə ölkəmizdə istedadlı şagirdlərin
aşkara çıxarılması və inkişafı sahəsində
böyük işlər görüldüyünü söyləyərək
qeyd etdi ki, lisey və gimnaziyaların sayı ildən-ilə
artır, hər bir məktəbdə, rayonda, şəhərdə,
yekunda isə ölkə üzrə istedadlı uşaqlar
seçilir. Məhz bu işlərin nəticəsidir
ki, beynəlxalq olimpiadalarda, bilik yarışlarında Azərbaycan
məktəblilərinin uğurları xeyli artmış, onlar
11 qızıl, 28 gümüş, 60-dan çox bürünc
medala layiq görülmüşlər. Son
dövrlər Azərbaycanda müntəzəm olaraq beynəlxalq
səviyyəli olimpiadaların keçirilməsi də
istedadlı şagirdlərin inkişafına əhəmiyyətli
təsir göstərir. Beynəlxalq səviyyəli
yarışlarda Azərbaycan məktəblilərinin
iştirakı həm də ölkəmizin dünyada
tanınmasına öz töhfəsini verir.
Hazırda Azərbaycanda
informasiya-kommunikasiya texnologiyaları sektorunun inkişaf etdirilməsi
istiqamətində mühüm işlər
görüldüyünü, ölkəmizə bu sahə
üzrə bacarıqlı kadrlar lazım olduğunu
vurğulayan A.Salahlı informatikaya olan marağının gələcəkdə
ona bu sahə üzrə lazımlı mütəxəssis
kimi ölkəmizə fayda vermək arzusunu
reallaşdırmağa təkan verdiyini, elə bunun
üçün də kompüter elmləri üzrə
dünyada ən yaxşı ali təhsil ocaqlarından biri
olan Vaterloo Universitetinə daxil olduğunu diqqətə
çatdırdı. Bildirdi ki, belə bir
universiteti seçməsində ölkəmizin bugünkü
iqtisadi gücü, təhsilə verilən önəm, Azərbaycan
gənclərinin xaricdə təhsili üzrə Dövlət
Proqramının olması və həmin proqramın şəffaf
icrası əsas rol oynayıb. Çünki
onun fikrincə, adi bir ailədən olan gəncin öz maddi
imkanları hesabına belə bir universitetdə təhsil
alması mümkün olmazdı. Sözügedən
Dövlət Proqramının köməyi ilə yüzlərlə
istedadlı gənc xaricdə təhsil almaq imkanı tapır.
Bakı şəhərindəki
67 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat
müəllimi Sədaqət Məmmədova
konfransda "Təhsil sistemində qiymətləndirmə və
monitorinq" mövzusunda çıxış etdi. Təhsil sistemində bütün islahatların məqsədinin
təhsilin keyfiyyətinin yüksəldilməsi olduğunu
bildirən S.Məmmədova keyfiyyətin müəyyənləşdirilməsində
əsas göstərici olan şagirdin təlim nəticələrinin
obyektiv qiymətləndirilməsinin mühüm rol
oynadığını söylədi.
Öncə
qiymətləndirmə və monitorinq anlayışları haqqında
açıqlama verən S.Məmmədova bildirdi ki,
qiymətləndirmə faktiki vəziyyətin, monitorinq isə
vəziyyətin dəyişmə dinamikasının, başqa
sözlə, prosesin qiymətləndirilməsidir. Yəni hər bir qiymətləndirmə son nəticədə
monitorinqə xidmət edir və ona təhlil materialı verir.
Tərkib hissələri monitorinq və qiymətləndirmə
olan yeni qiymətləndirmə ənənəvi qiymətləndirmədən
fərqli olaraq, təhsildə fənyönümlülüyə
deyil, nəticəyönümlülüyə nail olmağa
imkan verir. S.Məmmədova sonra diqqətə
çatdırdı ki, yeni qiymətləndirmə
sisteminə keçid şagird nailiyyətlərinin və irəliləyişlərinin
monitorinqinə, şagird fəaliyyətinin təlim
standartlarına uyğunluğunun müəyyənləşdirilməsinə
xidmət edir, şagird nailiyyətlərinin ardıcıl
və davamlı izlənilməsini; şagirdə fərdi
yanaşmanı təmin edir, müəllimlərin
hazırlığına müsbət təsir edərək
onları yaradıcılığa və daim öz üzərində
işləməyə sövq edir.
Daha sonra
şagird nailiyyətlərinin qiymətləndirilməsinin
növləri haqqında məlumat verən
çıxışçı onun məktəbdaxili, milli və
beynəlxalq olmaqla 3 istiqamətdə
aparıldığını, bunların yeni qiymətləndirmə
sisteminə daxil olan və bir-birindən asılı olmadan fəaliyyət
göstərən alt-sistemlər olduğunu söylədi və
hər bir istiqamət üzərində ayrıca dayandı.
S.Məmmədova məktəbdaxili qiymətləndirmə haqqında
danışaraq onun diaqnostik, formativ və summativ olmaqla
üç formada həyata keçirildiyini, qiymətləndirmənin
biri digərinə xidmət edən və bir-birini tamamlayan hər
üç növünün öz mahiyyətinə
müvafiq şəkildə şagirdlərin bilik və
bacarıqlarını standartlara uyğun olaraq
ölçdüyünü diqqətə
çatdırdı. Qeyd etdi ki, az müddət
ərzində yeni qiymətləndirmə sahəsində zəruri
işlər görülüb. Qiymətləndirmə
standartları, qaydalar, qiymətləndirmə vasitələri
və s. hazırlanıb. Lakin bu sahədə
həllini gözləyən məsələlər də var.
Belə ki, qiymətləndirmə mütəxəssislərinin
hazırlanması, müəllimlərin öyrədici treninqlərdən
keçirilməsi işinin təkmilləşdirilməsi, nəticəyönümlü
monitorinqlərin aparılması kimi məsələlər həllini
gözləyir.
Natiq yeni
qiymətləndirmənin istiqamətlərindən
ikincisi olan milli qiymətləndirmə haqqında da
danışıb tədqiqat məqsədilə aparılan bu
qiymətləndirmədə təkcə şagirdlərin
deyil, onları əhatə edən bütün amillərin - təhsil
aldığı məktəbin rəhbərliyinin, fənn
müəllimlərinin və valideynlərin də sorğuya cəlb
edildiyini bildirdi.
2011-ci ilin may
ayında milli qiymətləndirmənin ümumtəhsil məktəblərinin
6482 nəfəri əhatə edən IX siniflərində ana
dili və riyaziyyat fənləri üzrə qiymətləndirmə
tədqiqatı, informatika fənni üzrə isə
monitorinqin keçirildiyini söyləyən
çıxışçı "Milli qiymətləndirmə-2011"
əsas tədqiqatının nəticələrinin hazırda
emal edildiyini və ilin sonunadək elan ediləcəyini
bildirdi. Qeyd olundu ki, beynəlxalq qiymətləndirmə
sahəsində də müəyyən təcrübə
qazanılıb. Belə ki, PİSA-2009 beynəlxalq qiymətləndirmə
tədqiqatında Azərbaycanın 172 məktəbini təmsil edən
5312 nəfər şagird iştirak edib.
PİSA-2009
proqramının nəticələri əsasında şagirdlərin
nailiyyətlərinin beynəlxalq təhsil səviyyəsinə
uyğunlaşdırılması istiqamətində tövsiyələr
hazırlanıb və təhsili idarə edən orqanlara
çatdırılıb.
Beynəlxalq qiymətləndirmə təcrübəsi
və vasitələri ilə tanışlıq məqsədi
üçün "İbtidai təhsil səviyyəsinin IV
sinfində oxu, riyaziyyat və təbiət elmləri üzrə
beynəlxalq qiymətləndirmə vasitələrindən
nümunələr" adlı kitab çap olunaraq ümumtəhsil
müəssisələrinin istifadəsinə verilib.
2011-ci ilin may
ayında 169 ümumtəhsil məktəbini əhatə edən
5300 IV sinif şagirdləri arasında TİMSS və PİRLS
beynəlxalq qiymətləndirməsi həyata keçirilib.
Çıxışçı
onu da nəzərə çatdırdı ki, artıq 3 ildir məktəbdaxili
qiymətləndirmənin yekun mərhələsi olan
buraxılış imtahanları Naxçıvan Muxtar
Respublikası istisna olmaqla bütün ölkədə mərkəzləşdirilmiş
qaydada aparılır və ikinci dərs ilidir ki, şagirdlərin
buraxılış imtahanlarına səmərəli
hazırlanması üçün test bankı çap edilib. Sonra o, buraxılış
imtahanlarının 3 illik müqayisəli təhlili
üçün şagird nailiyyətlərini əks etdirən
müvəffəqiyyət xəritəsini konfrans
iştirakçılarına təqdim etdi və müvafiq təhlillər
apardı.
Aparılan təhlillərdən,
müqayisələrdən aydın oldu ki, əgər 1998-ci il məzunlarının cəmi
1,4%-i 500-700 bal toplayıbsa, 2010-cu ildə
bu rəqəm 8,7%-ə yüksəlib.
1998-ci ildə
məzunların 40,7%-i 0-100 bal topladıqları halda, 2010-cu il
məzunları 27,7%-i belə nəticə göstərib.
2004-cü ildə,
yəni buraxılış imtahanlarının mərkəzləşdirilmiş
qaydada deyil, məktəblər tərəfindən
aparıldığı vaxtlar əlaçı məzunların
10,6%-i 0-100 bal toplayırdısa, 2010-cu ildə bu rəqəm
0,6%-ə, 2011-ci ildə isə 0,5%-ə enib. 2004-cü ildə əlaçı məzunların 19,5%-i 500-700 arası bal toplayırdısa, 2010 və
2011-ci illərdə bu rəqəmlər 63,6% və 73,4%-ə
qədər yüksəlib.
Müstəqil Azərbaycanın ilk
medalçı məzunlarının nailiyyətləri də
ürəkaçandır. 37 qızıl, 16 gümüş medal
alan məzunların 39 nəfəri 600-700, 10 nəfəri
500-600 bal toplayaraq respublikanın ali məktəblərinə
qəbul olunub. 4 nəfər məzun isə Dövlət
Proqramı ilə dünyanın nüfuzlu ali
məktəblərinə daxil olub.
S.Məmmədova
buraxılış imtahanlarının mərkəzləşdirilmiş
qaydada aparılmasının məktəb, müəllim və
şagird məsuliyyətini artırmaqla yanaşı,
şagirdləri ixtisas seçiminə, qəbul
imtahanlarına da hazırladığını diqqətə
çatdırdı və qiymətləndirmə və
monitorinqin, o cümlədən buraxılış
imtahanlarının məzmun və forma cəhətdən beynəlxalq
təcrübəyə daha da
uyğunlaşdırılmasını həllini gözləyən
vacib problemlər kimi qeyd etdi.
"Radius"
nəşriyyatının direktoru, dərslik müəllifi Nayma Qəhrəmanova konfrans
iştirakçılarına ölkədə aparılan dərslik
siyasəti haqqında məlumat verərək bildirdi ki, bu
gün ümumi təhsilin məzmununda böyük keyfiyyət
dəyişikliklərinin baş verdiyi artıq hamıya məlumdur. Bu keyfiyyət dəyişiklikləri
kurikulumun tələbləri əsasında yazılan yeni dərsliklərdə
də öz aydın ifadəsini tapır. Artıq
4-cü ildir ki, məktəblərimizdə yeni prosedur
qaydaları ilə hazırlanmış dərsliklərdən
istifadə olunur.
Həmin
qaydalar haqqında cəmiyyətdə müxtəlif fikirlər
olduğundan N.Qəhrəmanova bu barədə bir qədər
ətraflı məlumat vermək istədiyini dedi. Qeyd etdi ki,
dərslik yaradıcılığının uzunmüddətli
bir proses olduğu hamıya yaxşı məlumdur. Dərslik müəlliflərinin
professionallığı yalnız onların müvafiq fənn
üzrə bilikləri ilə müəyyən edilmir. Müəlliflər uşaq psixologiyasına, fənnin
tədrisi metodikasına, geniş
dünyagörüşünə malik olmalıdırlar.
Digər tərəfdən də müasir dərsliklər
tək müəllifin işi deyil, rəssamların, dizaynerlərin,
redaktorların və korrektorların kollektiv işinin məhsuludur.
Belə kollektivlər isə birdən-birə
yaranmır. SSRİ dövründə dərsliklərin
böyük əksəriyyətinin respublikamıza mərkəzdən
hazırlanıb gətirilməsi Azərbaycanda dərslik
yaradıcılığı sahəsində mütəxəssislərin
yetişməsinə öz mənfi təsirini göstərmişdir.
Bu mənada qısa zaman ərzində dərslik
hazırlığı ilə bağlı inqilabi dəyişikliklərin
baş verəcəyini gözləmək bəlkə də
düzgün olmazdı. Bununla belə,
atılan məqsədyönlü və davamlı
addımların bu sahənin inkişafı üçün əsaslı
zəmin hazırladığını deyə bilərik.
Ən vacib və diqqətçəkən
yenilik "Dərslik siyasəti" sənədinin qəbul
edilməsi və bu sənədə uyğun olaraq Təhsil
Nazirliyi yanında Dərslikləri Qiymətləndirmə
Şurasının yaradılmasıdır. Təhsil Nazirliyi bu sənədə əsasən nəşriyyatlar
arasında müsabiqə-tender keçirir.
Tender
komissiyası dərslik komplektlərini iddiaçı nəşriyyatların
nümayəndələrinin iştirakı ilə
kodlaşdıraraq qəbul edir və müəlliflərin, nəşriyyatların
adı anonim olmaqla məzmunun qiymətləndirilməsi
üçün Dərslikləri Qiymətləndirmə
Şurasına təhvil verir. Dərslikləri Qiymətləndirmə
Şurasının üzvləri dərslik komplektlərinə
dərslik statusu verilməsi haqqında qərarı bu
şuranın tərkibində çalışan ekspertlərin
rəylərinə əsasən verirlər. Təhsil Nazirliyi tərəfindən qiymətləndirilmənin
konkret meyarlarının və hər bir meyara görə
müvafiq balların müəyyən edilməsi ekspertlərin
işindəki subyektivliyi minimuma endirir. Burada
Qiymətləndirmə Şurasının
prinsipiallığı ilə eyni dərəcədə onun
üzvlərinin yeni təhsil fəlsəfəsinə bələd
olması da mühüm rol oynayır. Təhsil
Nazirliyi müxtəlif ölkələrin təcrübəsini
öyrənmək və ekspertlərin peşəkarlığını
artırmaq məqsədilə müxtəlif seminarlar, ezamiyyətlər
təşkil edir.
N.Qəhrəmanova
çıxışında bir fikri də xüsusi
vurğulayaraq bildirdi ki, dərslikləri hazırlayan Təhsil
Nazirliyi deyil, nəşriyyatlardır. Bu bütün dünyada belədir.
Nazirlik bu işlərin təşkilatçısı
və tənzimləyicisidir. Son illər bu
işlərin təşkilinin bütün mərhələlərində
nazirlik tərəfindən atılan addımlarda demokratik dəyişikliklər
özünü göstərməkdədir. Nazirlik tenderdə daha çox nəşriyyatın
iştirakını təmin etmək məqsədilə
bütün bürokratik əngəlləri aradan
qaldırmışdır. Geniş rəqabət
və yaradıcılıq yarışının təşkili,
həm cəmiyyətin demokratikləşməsi nöqteyi-nəzərindən,
həm də keyfiyyətli dərslik seçimi
imkanının genişləndirilməsi baxımından
çox əhəmiyyətlidir. Dərsliklərimiz ən yaxın illərə qədər
yalnız 2-3 nəşriyyat tərəfindən
hazırlanır və nəşr olunurdusa, tətbiq olunan yeni
qaydalar sahəsində bu nəşriyyatların sayı kifayət
qədər artmışdır. Belə ki, 2010-2011-ci illərdə
Təhsil Nazirliyinin keçirdiyi müsabiqə-tenderdə
ayrı-ayrı dərsliklər üzrə qalib gəlmiş
10 nəşriyyat 127 adda dərslik hazırlamışdır.
Təkcə ibtidai siniflər üzrə 8 nəşriyyat
kurikuluma uyğun olmaqla 40 adda dərslik və müəllim
üçün vəsait hazırlamışdır.
2011-2012-ci tədris ili üçün isə
103 adda yeni dərslik nəşr edilmişdir.
Yeni
qaydalara görə, hər 4 ildən bir dərsliklərin yeni
nəşrinin nəzərdə tutulduğunu diqqətə
çatdıran çıxışçı bunun dərslikləri
müasirləşdirmə və təkmilləşdirmə məqsədini
daşıdığını, yeni qaydanın daha çox
müəllifə və nəşriyyatlara bu işə
qoşulmaq imkanı verəcəyini söylədi. Sonra o, kurikulumun tətbiqi ilə əlaqədar
əvvəlki illərdən fərqli olaraq dərsliklərin
komplekt şəklində - dərslik, iş dəftəri və
müəllim üçün metodik vəsaitdən ibarət
olaraq hazırlandığını, dərslik və müəllim
üçün metodik vəsaitin dövlət tərəfindən
şagirdlərə və müəllimlərə pulsuz
verildiyini, iş dəftərinin isə nəşriyyatların
vəsaiti hesabına çap olunub sərbəst satışa
çıxarıldığını xatırlatdı, bu sahədə
olan problemlərdən danışdı. Qeyd etdi ki, bir
çox aztəminatlı ailələrin uşaqları və
ucqar kəndlərdə yaşayanlar müvafiq çətinliklər
üzündən iş dəftərini əldə edə
bilmirlər. Bu isə sinifdəki psixoloji atmosferə
və təlimin nəticələrinə öz mənfi təsirini
göstərir. Bunun üçün o, şagirdlərin
iş dəftərləri ilə pulsuz təminatı məsələsinə
baxılmasını təklif etdi.
N.Qəhrəmanova
çıxışında daha sonra kurikulumun dərsliklərin
məzmununa gətirdiyi yeniliklər haqqında
danışdı, əlavə tədris resurslarının
yaradılmasını vacib hesab etdi. "Yeni tədris materiallarının hazırlanması
və məktəb kitabxanalarının müasirləşdirilməsi"
layihəsi çərçivəsində nazirliyin 500 məktəbin
müəllim və şagirdlərinin seçiminə əsasən
143 adda təlim və oxu materiallarını almasını bu
sahədə atılmış mühüm addım saydı. Çıxışının
sonunda konfrans iştirakçılarının diqqətini dərslik
müəllifi kimi bu məsələyə də cəlb edən
N.Qəhrəmanova Təhsil Nazirliyinin dərsliklərin keyfiyyəti
ilə bağlı hər bir telefon zənginə, qəzet məqaləsinə
böyük diqqətlə yanaşdığını, təkliflərin,
iradların mütəxəssislərin iştirakı ilə
dəyərləndirildiyini və nəzərə
alındığını bildirərək bu sahədə
ictimaiyyətin hər bir üzvünün göstərdiyi qərəzsiz,
professional dəstəyi təqdirəlayiq saydı.
Quba
rayonu Amsar kənd tam orta məktəbinin direktoru Habil Bayramlı təhsil
sisteminin informasiyalaşdırılması ilə bağlı
çıxış edərək bu məsələyə
kompleks yanaşılmasından, beynəlxalq təcrübədən
və səmərəli tərəfdaşlıq məsələlərindən
söz açdı.
Təhsil
sisteminin İKT əsasında təkmilləşdirilməsinin
informasiya cəmiyyətinin əsas xüsusiyyətlərindən
biri olduğunu deyən H.Bayramlı Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
2004-cü ildə təsdiq etdiyi "Azərbaycan
Respublikasında ümumtəhsil məktəblərinin
informasiya və kommunikasiya texnologiyaları ilə təminatı
Proqramı"nın ölkəmizdə bu prosesə start
verdiyini, bundan sonra 2008-ci ildə ölkə
başçısı tərəfindən qəbul edilmiş
"2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin
informasiyalaşdırılması üzrə Dövlət
Proqramı"nda isə İKT-dən istifadə etməklə
ölkəmizdə beynəlxalq standartlara uyğun keyfiyyətcə
yeni təhsil modelinin qurulmasının, vahid elektron təhsil məkanının
yaradılmasının və təhsil sisteminin dünya təhsil
məkanına inteqrasya etdirilməsinin əsas məqsəd
kimi qarşıya qoyulduğunu bildirdi.
Qeyd etdi
ki, Dövlət Proqramı İKT İnfrastrukturunun
inkişafı, elektron təhsil texnologiyalarının tətbiqi,
kadr potensialının gücləndirilməsi, idarəetmənin
informasiyalaşdırılması, informasiyalaşdırma sahəsində
normativ-hüquqi bazanın yaradılması kimi 5 əsas
istiqamət üzrə həyata keçirilməkdədir.
Məktəblərin
İKT avadanlığı ilə təminatı haqqında
konfrans iştirakçılarına məlumat verən
çıxışçı bildirdi ki, 2005-ci ildən etibarən Təhsil Nazirliyi tərəfindən
təhsil müəssisələrinə İKT avadanlığının
verilməsinə başlanmış, bu günə qədər
təhsil müəssisələri 33.708 ədəd
kompüter, 2809 ədəd proyektor və noutbuk dəsti ilə
təchiz edilmişdir. Bundan başqa pilot məktəblərə
136 ədəd interaktiv lövhə və 2077 ədəd
şagird netbuku verilmişdir.
Həyata
keçirilmiş avadanlıq təchizatı
kompüter-şagird nisbətini nəzərə çarpacaq
qədər yaxşılaşdırmışdır. Əgər 2005-ci ilə qədər
bu nisbət 1:1000 idi isə, 2010-cu ildə 1:20-yə
çatdırılmışdır.
Dövlət
Proqramı çərçivəsində Azərbaycan Təhsil
Şəbəkəsi qurulmuşdur. Bu yaxınlarda şəbəkə
vasitəsilə istifadəyə verilmiş www.video.edu.az rortalı gələcəkdə təhsil
yönümlü televiziya proqramlarının yayılması
üçün müvafiq şərait yaradacaq. Hazırda ölkədəki 7000-dən artıq təhsil
müəssisəsindən yalnız 1000-i Azərbaycan Təhsil
Şəbəkəsinə qoşulmuşdur. Bu göstəricinin
illər üzrə artımına diqqət çəkən
H.Bayramlı 2008-ci ildə təhsil şəbəkəsinə
201, 2009-cu ildə 501, 2010-cu ildə isə 1057 təhsil müəssisəsinin
qoşulduğunu bildirdi.
Dövlət
Proqramının sonuna az vaxt qalmasına
baxmayaraq, hələ də çox sayda təhsil müəssisələrinin
Azərbaycan Təhsil Şəbəkəsinə
qoşulmadığını qeyd edərək bunun əsas səbəbini
mövcud kommunikasiya infrastrukturu ilə bağlı problemlərin
olması ilə əlaqələndirdi. Bildirdi ki, əsasən
regionlarda istifadəsi zəruri olan simsiz texnologiyalar
bahalıdır və hər il onların
alınmasına ayrılan vəsait kifayət qədər
deyil.
H.Bayramlı
rəhbərlik etdiyi tədris ocağının İKT ilə
təminatından da söz açaraq hazırda məktəbində
5 noutbuk, 5 proyektor və 21 kompüteri olduğunu, Dövlət
Proqramı çərçivəsində məktəbə
verilən əlavə kompüter və proyektorların bir
neçə sinif otağında
quraşdırıldığına, bütün bunların
da müxtəlif fənlərin eyni zamanda effektiv tədrisi
üçün əlverişli şərait
yaratdığını dedi.
H.Bayramlı
çıxışında müəllimlərin işə
qəbulu məsələsinə də toxunaraq diqqətə
çatdırdı ki, bu sahədə beynəlxalq təcrübəyə
uyğun yeni qaydaların tətbiqinə
başlanmışdır. Qeyd olundu ki, yeni qaydalara əsasən,
2011-2012-ci tədris ili üçün
ölkənin ümumtəhsil məktəblərinə işə
qəbul üzrə müsabiqə mərkəzləşdirilmiş
şəkildə həyata keçirilmişdir. Ümumtəhsil məktəblərində mövcud
olan 2177 vakant yerə 9850 nəfər elektron ərizə
vermişdir.
Çıxışda
vurğulandı ki, Dövlət Proqramı çərçivəsində
İKT-nin təhsildə tətbiqi üzrə qabaqcıl beynəlxalq
təcrübədən geniş istifadə olunur. Bu gün Azərbaycanda
aparılan təlimlər YUNESKO-nun təhsildə İKT
üzrə standartlarını, XXI əsr
bacarıqlarını və özəl sektor tərəfindən
yaradılmış təhsil resurslarını özündə
cəmləşdirir.
Hər
məktəbin pedaqoji və inzibati heyəti üçün
məktəb daxilində təlimlər təşkil olunur ki,
müəllimlər dərs prosesindən uzaqlaşmayaraq yeni
bilik və bacarıqlar əldə etsinlər. Nəticədə Azərbaycan
təhsil işçiləri və ən əsası
şagirdlər beynəlxalq təcrübəyə əsaslanan
bacarıqlar əldə edirlər. Bu da,
öz növbəsində, onların qlobal cəmiyyətə
inteqrasiya imkanlarını artırır.
H.Bayramlı
2005-ci ildən başlayaraq təlimlərin respublika üzrə
əhatə dairəsini göstərən slaydları konfrans
iştirakçılarına nümayiş etdirdi. Verilən məlumatdan
aydın oldu ki, əgər 2005-ci ildə Bakı şəhəri
üzrə 500-ə qədər təhsil işçisi təlimlərdə
iştirak etmişdirsə, növbəti illərdə təlimlərin
coğrafiyası genişlənmiş və hər region
üzrə təlim iştirakçılarının sayı
artmışdır. 2010-cu ilə olan nəticəyə görə, ölkənin
40 faiz təhsil işçisi təlimlərdə iştirak
etmişdir.
Təlimlərlə
bağlı mövcud problemlərə də toxunan
H.Bayramlı təklif etdi ki, məktəblərdə
çalışan əksər müəllimlərimizin orta
yaş həddi 40-dan yuxarı olduğuna görə İKT
bacarıqları ilə bağlı olan təlimlər müəllimlərə
davamlı qaydada keçirilməlidir.
Onun
fikrincə, təlimlərdə iştirak etmiş müəllimlərə
kömək məqsədi ilə təhsil şöbələrində
İKT-nin tətbiqi üzrə xüsusi metodiki mərkəzlərin
yaradılması məqsədəuyğun olardı.
H.Bayramlı
çıxışına davam edərək bildirdi ki,
Dövlət Proqramı çərçivəsində təhsil
prosesinin bütün iştirakçıları
üçün Milli Təhsil Portalı
yaradılmışdır. edu.az ünvanında yerləşən bu portal
vasitəsilə şagirdlər elektron dərslərdən
istifadə etmək imkanı əldə edirlər. Müəllimlər şagirdlərin qiymətləndirilməsini
həyata keçirir və elektron dərslərdən tədrisdə
istifadə edir, valideynlər şagirdlərin qiymətlərini
nəzarətdə saxlayır, məktəb rəhbərliyi
isə elektron idarəetmə sistemindən bəhrələnir.
Təhsil
Nazirliyi üçün eyni zamanda Milli Təhsil Məlumat
Bazası fəaliyyət göstərir.
Əlavə
olaraq, idarəetmə prosesinin tərkib hissəsi kimi
"Microsoft" və "Mədəd" təşkilatlarının
birgə layihəsi çərçivəsində hər məktəb,
müəllim və şagird üçün sistemləşdirilmiş
elektron poçt ünvanları yaradılır.
Sonra
slaydlar vasitəsi ilə Təhsil Portalı, elektron qiymətləndirmə
jurnalı biologiya fənni üzrə elektron dərs nümunəsi
konfrans iştirakçılarına nümayiş olundu. Bildirildi ki, Portalda həmçinin
Milli Təhsil Məlumat Bazası yerləşdirilir.
Baza məktəb
direktorları və təhsil şöbələri
üçün faydalı məlumat mənbəyidir. Belə ki, hər bir təhsil
müəssisəsinin rəhbəri lazım olduqda Milli Təhsil
Məlumat Bazasının imkanlarından istifadə edərək
100-ə qədər hesabat növü yarada bilər.
Elektron
idarəetmə sistemlərinin rəhbərlik etdiyi məktəbdə
də tədricən tətbiq olunduğunu deyən direktor bu
sahədə qarşıda duran vəzifələrdən də
danışdı.
Rayon mərkəzindən
kənarda yerləşən, hətta ucqar kənd məktəblərinin
də elektron məktəb layihəsinə cəlb edilməsini,
məktəblərdə elektron idarəetmə sistemlərinin
quraşdırılmasını, məktəblərin daha
yüksək sürətli İnternet bağlantısı ilə
təmin edilməsini, yeniləşən təlim paketləri
üzrə təlim proqramlarının davamlı olaraq təqdim
olunmasını, hər sinif otağında bir kompüter,
proyektor və interaktiv lövhə
quraşdırılmasını, hər bir şagirdin netbukla
təmin olunmasını təklif etdi. Bildirdi
ki, məktəblərin bu cür şəraitlə təmin
olunması ölkəmizdə maddi kapitalın insan
kapitalına çevrilməsi üçün münbit şərait
yaradar və davamlı inkişafa səbəb olar.
Azərbaycan
Sahibkarlar Konfederasiyası Beynəlxalq əlaqələr və
biznesin inkişafı şöbəsinin rəisi Adil Qurbanov konfransda "İlk
peşə-ixtisas təhsili, mövcud vəziyyət, problemlər
və perspektivlər" mövzusunda çıxış
etdi. O bildirdi ki, inkişaf etmiş
ölkələrin təcrübəsinin göstərdiyi kimi,
ölkənin təbii resurslar baxımından nə qədər
varlı olmasından asılı olmayaraq, iqtisadiyyatın əsas
hərəkətverici qüvvəsi məhz insan
resurslarıdır. Məsələn, məhdud təbii nemətlərə
malik olan Yaponiya, Cənubi Koreya, Sinqapur, Malayziya və s. kimi
ölkələr məhz qısa müddət ərzində
insan resurslarının inkişafı hesabına yüksək
iqtisadi göstəricilərə nail ola bilmişlər.
Avropa
maliyyə institutlarının apardıqları tədqiqatlara əsasən
bu gün sahibkarlıq subyektlərinin gəlirlərinin
artmasına əsas səbəb kimi maliyyə, xammal, nəqliyyat
deyil, məhz insan resursları səbəb olur. O resurslar ki, bu gün dünya ticarət
bazarına yüksək rəqabətqabiliyyətli məhsul
çıxarmaq imkanına malik olsun. Məhz belə
kadrların bir qismi də peşə təhsili müəssisələrində
sosial partnyorların dəstəyi nəticəsində
hazırlanır.
A.Qurbanov
ölkəmizin ilk peşə-ixtisas təhsili müəssisələri
barədə statistik məlumatları diqqətə
çatdıraraq qeyd etdi ki, hazırda
respublikamızda fəaliyyət göstərən 107 peşə
təhsili müəssisəsində 27 mindən artıq gənc
təhsil alaraq kütləvi peşələrə yiyələnir.
Onların bir qismi isə həmçinin tam orta
təhsil alaraq gələcəkdə təhsillərini daha
yüksək pillələrdə davam etdirmək imkanı
qazanır.
Son illərdə
ilk peşə-ixtisas təhsili sahəsinə dövlət tərəfindən
ayrılan vəsaitlərin tədricən
artdığını qeyd edən
çıxışçı hazırda təhsilə
ayrılan büdcənin 2,5 faizinin peşə
təhslinə yönəldiyini, bu vəsaitlərin isə
böyük qisminin əməkhaqları və kommunal xidmətlərin
ödənilməsinə sərf edildiyini bildirdi.
Peşə təhsilinin
əhatə dairəsi ilə əlaqədar fikirlərini
bölüşən A.Qurbanov əgər bu gün ali təhsil
müəssisələrində 100 mindən çox, orta
ixtisas təhsili müəssisələrində isə 40 mindən
artıq tələbə təhsil alırsa, peşə təhsilli
müəssisələrində cəmi 27 min şagirdin təhsil
almasının onu narahat etdiyini söylədi. Müqayisə
üçün göstərdi ki, əhalisi bizim qədər
olan İsveç, Norveç, yaxud əhalisi bizdən az olan
Finlandiya, Sinqapur və s. kimi ölkələrdə hər il
təqribən 100 mindən artıq gənc peşə təhsili
müəssisələrinə qəbul olunur və onların
gələcəkdə işlə təmin olunması
üçün müvafiq tədbirlər görülür.
O, bu baxımdan ölkəmizdə peşə təhsili
müəssisələrinin şəbəkəsinin genişləndirilməsini
və kadr hazırlığı sifarişinin
artırılmasını məqsədəmüvafiq hesab
etdi.
Uzun müddət
diqqətdən kənar qalmış bir sahənin
inkişafı ilə əlaqədar 2007-ci ildə ölkə
Prezidentinin sərəncamı ilə "Texniki peşə təhsilinin
inkişafı üzrə Dövlət Proqramı (2007-2008-ci
illər)"nın təsdiq edildiyini diqqətə
çatdıran natiq əmək bazarının tələbatına
müvafiq olaraq qısa müddət ərzində kadr
hazırlığı üzrə
yeni modelin yaradılması baxımından proqramın
mühüm sənəd olduğunu vurğuladı və
bildirdi ki, Dövlət Proqramının qəbul edilməsi bu
sahədə normativ-hüquqi bazanın yeniləşdirilməsinə,
peşə təhsili üzrə dövlət standartları və
proqramının, xüsusən işəgötürənləri
daha çox maraqlandıran yeni ixtisas və ixtisaslaşma klassifikatorunun,
yeni kurikulumların hazırlanmasına şərait
yaratmışdır.
O, 7 peşə
təhsili müəssisəsinin əsaslı təmirini,
onların müasir avadanlıqlarla təchiz edilməsini və
regionda ən müasir tipli peşə təhsili müəssisəsi
olan İsmayıllı Peşə Tədris Mərkəzinin
açılmasını cari ilin mühüm hadisələri
kimi dəyərləndirdi.
İşəgötürən
təşkilatlarla əməkdaşlıq əlaqələrinin
genişləndirilməkdə olduğunu deyən A.Qurbanov Azərsun,
Büllur Elektroniks, Gilan Turizm, Bakı Tikiş Evi,
"Kür", İmprotex Turizm, KNAUF və s. şirkətlərlə
əlaqələrin inkişaf etməsinin peşə təhsilinin
ictimai statusunun yüksəlməsinə kömək göstərdiyini
söylədi. Qeyd etdi ki, bu yaxınlarda 4 nömrəli
Bakı peşə liseyində KNAUF, 18 nömrəli Bakı
peşə liseyində isə Tacirlər və
İstehlakçılar Birliyinin Tədris Mərkəzlərinin
açılması, Yaponiya səfirliyinin dəstəyi nəticəsində
2 nömrəli Bakı peşə liseyində emalatxananın
təmir edilməsi, bir sıra qeyri-hökumət təşkilatları
ilə birlikdə müxtəlif peşə təhsili müəssisələrində
layihələrin həyata keçirilməsi, peşə təhsili
sistemində çalışan mühəndis-pedaqoji heyətin
ölkə daxilində və xaricdə təlimlərə cəlb
edilməsini də müsbət addımlar kimi qiymətləndirilməlidir.
A.Qurbanov
bildirdi ki, uzun müddət ərzində peşə təhsili
müəssisələrinin rastlaşdığı problemlərdən
biri olan ana dilində tədris vəsaitləri ilə kifayət
qədər təmin olunmaması son illər öz həllini
tapmaqdadır. Belə ki, Təhsil Nazirliyi artıq bir neçə
ildir müxtəlif ixtisaslar üzrə dərslik və dərs
vəsaitlərinin hazırlanmasını həyata
keçirir, təhsil müəssisələrini çap edilmiş
vəsaitlərlə pulsuz olaraq təmin edir.
Qeyd
olundu ki, peşə müəssisələrinin maddi-texniki
bazasının gücləndirilməsi, kadr
hazırlığı prosesində məzmun dəyişikliklərinin
baş verməsi, işəgötürən təşkilatlarla
əməkdaşlıq əlaqələrinin genişləndirilməsi
məzunların işlə təmin edilməsi səviyyəsinə
də təsir etmişdir. Bununla belə məzunların
işlə təminat səviyyəsinin artırılması
üçün müəyyən əlavə tədbirlərin
həyata keçirilməsinə ehtiyac duyulduğu da diqqətə
çatdırıldı.
A.Qurbanov
Avropa Komissiyası və Təhsil Nazirliyinin birgə təşəbbüsü,
Britaniya Şurasının texniki, Azərbaycan Respublikası
hökumətinin maliyyə dəstəyi nəticəsində
regionda ən müasir tələblərə cavab verən
peşə təhsili kompleksinin - İsmayıllı
Peşə Tədris Mərkəzinin istifadəyə verilməsini
peşə təhsili sistemində yeni bir modelin tətbiq
olunmasına imkan yaratdığını vurğuladı,
belə layihələrin sayının
artırılmasını təklif etdi. Bu
baxımdan Almaniya hökumətinin
texniki dəstəyi ilə kənd təsərrüfatı
sahəsi üzrə ixtisaslı kadrların hazırlanması
layihəsinin işə başlamasını müsbət
hadisə kimi dəyərləndirdi.
Yekunda peşə
təhsili sistemi qarşısında duran bir sıra problemlər
barədə də məlumat verən A.Qurbanov Dövlət
Proqramının qəbul edilməsinin 10-a yaxın müəssisənin
əsaslı təmir edilməsinə şərait
yaratmasına baxmayaraq, bu gün əsaslı təmirə
ehtiyacı olan müəssisələrin sayının 70-dən
çox olduğunu, peşə təhsili müəssisələrinin
maddi-texniki bazasının yeniləşdirilməsi
üçün əlavə vəsaitlərə ehtiyac
duyulduğunu bildirdi.
Çıxışını
əlavə təhsil məsələlərinə həsr edən
Bakı Avropa Liseyinin İKT üzrə direktor müavini Rahilə Əliyarzadə
öncə müəllimin cəmiyyətdəki dəyişdirici
roluna toxunaraq bildirdi ki, insanların fikir və
düşüncələrinin, həyata
baxışlarının formalaşmasında, dəyişməsində
müəllim müstəsna rol oynamaqla bütün cəmiyyətin
şüurunda dəyişiklik yaratmaq gücünə
malikdir.
Ölkə
Prezidentinin qayğısı nəticəsində son illərdə
təhsil infrastrukturu əsaslı şəkildə yeniləşdirilib,
məzmun, dərsliklər, qiymətləndirmə sistemi sahəsində
əhəmiyyətli nailiyyətlər əldə olunub. Bütün bunlar keyfiyyətə
təsir edən amillərdir.
Lakin
etiraf etmək lazımdır ki, müəllim
dəyişmədən təhsil sahəsində uğurlu
islahatlar aparmaq, yüksək nəticələr əldə
etmək mümkün deyildir. Məhz bu səbəbdən bu gün bizi
düşündürən, narahat edən bir nömrəli
problem təhsil müəssisələrində
çalışan 200 minədək müəllimin peşəkarlığının
artırılması, onlara müvafiq bacarıqların verilməsidir. Etiraf etmək lazımdır ki, həmin
müəllimlər arasında müasir kompetensiyalara malik
olmayan, köhnə qaydalarla, səmərəsiz metodlarla
işləyənlər də az
deyildir.
Bütün
bunlar müəllimlərin peşəkarlıq səviyyəsinin
yüksəldilməsi sahəsində beynəlxalq təcrübəyə
uyğun yeni mexanizmlərin tətbiqini zəruri etmişdir. Bu zərurət nəzərə
alınaraq Təhsil Nazirliyi tərəfindən əlavə təhsilin
yeni qaydaları hazırlanmış və hökumət tərəfindən
təsdiq edilmişdir.
Sonra o,
müasir dövrdə əlavə təhsilin
qarşısında duran vəzifələrə toxunaraq təhsilin
bu pilləsinin insan potensialının inkişafı,
kadrların intellektual və peşə
hazırlığı səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsi,
kadrların daim dəyişən və yeniləşən əmək şəraitinə
uyğunlaşdırılması, vətəndaşların
ölkənin sosial, iqtisadi, siyasi və mədəni həyatında
fəal və səmərəli iştirakının təmin
edilməsi vəzifələrini həll etdiyini bildirdi. Qeyd
etdi ki, ilk dəfə olaraq əlavə təhsilin
bütün istiqamətləri qəbul olunmuş sənəddə
təsbit edilmişdir ki, bunlara da ixtisasartırma, kadrların
yenidən hazırlanması, stajkeçmə və
kadrların təkmilləşdirilməsi, təkrar ali və orta ixtisas təhsili, dərəcələrin
yüksəldilməsi, yaşlıların təhsili daxildir.
Əlavə
təhsilin istiqamətləri arasında ixtisasartırma təhsilinin
aparıcı mövqe tutduğunu deyən R.Əliyarzadə
hazırda respublikamızda modul-kredit sisteminə əsaslanan
yeni ixtisasartırma modelinin tətbiq olunduğu bildirdi və
ixtisasartirma təhsilinin təşkil olunduğu 3 modulun hər
biri haqqında məlumat verdi.
Qeyd etdi ki, I modul təhsilin
ümumi əsaslarını, II modul ixtisas sahələrini,
III modul təhsildə
innovasiyalar və yeni tendensiyaları əhatə edir.
III modul üzərində
ətraflı dayanan çıxışçı bu modul vasitəsilə müəllimlərə
peşə bilik və bacarıqları ilə yanaşı,
Avropa Birliyi tərəfindən müəyyənləşdirilmiş
xarici dillərdə ünsiyyət, İKT, öyrənməyi
öyrətmək, innovasiyalar, təşəbbüskarlıqla
bağlı əsas kompetensiyalar da
aşılanır.
Sonra o,
yeni ixisasartırma modelinin üstünlüklərini və ənənəvi
modeldən fərqli cəhətlərini diqqətə
çatdırdı.
2009-cu ildən
yeni ixisasartırma modelinin tətbiqinə
başlandığını deyən R.Əliyarzadə bununla
bağlı bir sıra əhəmiyyətli işlər
görüldüyünü, o cümlədən yeni qaydalara
uyğun olaraq I siniflərdə işləyəcək müəllimlər
üçün təlimlərin proqramının
hazırlandığını, 2011-2012-ci dərs ilində
1-ci sinifdə işləyəcək və son 3 ildə təlimlərdən
keçməmiş ibtidai sinif müəllimlərinin yeni fənn
kurikulumunun tətbiqi ilə əlaqədar 10 günlük (60
saat) təlim kurslarına cəlb edilməsi məqsədilə
təşkilati işlərin həyata keçirildiyini, cari ilin iyun-sentyabr aylarında
QHT-lər cəlb edilməklə keçirilən təlimlərə
9670 ibtidai sinif müəlliminin cəlb olunduğunu, təlimlərin
86 təlim mərkəzində 164 təlimçi tərəfindən
aparıldığını, ümumilikdə son 4 ildə 35
mindən çox ibtidai sinif müəlliminin təlimlərdən
keçdiyini diqqətə çatdırdı, bu sahədə
qarşıda duran vəzifələrdən
danışdı.
R.Əliyarzadə
çıxışında habelə
çalışdığı Bakı Avropa Liseyinin
uğurlarından da söz açaraq burada "Elektron məktəb",
"1 şagird - 1 kompüter" layihələrinin tətbiq
olunduğunu, İKT əsaslı fəal/interaktiv təlim texnologiyaları
üzrə proqramlar
hazırlandığını, həm liseyin, həm də digər
məktəblərin müəllimlərinə treninqlər
keçirildiyini söylədi.
Bərdə rayonu, şəhər 8
nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Nərgiz Həsənova
çıxışına ölkənin təhsil
elitasının iştirak etdiyi böyük bir tədbirdə
ona söz deməsinə şərait yaratdığı
üçün konfransın təşkilatçılarına
təşəkkürünü bildirməklə
başladı.
2011-ci ildə
"Ən yaxşı müəllim" müsabiqəsinin
qalibi olan N.Həsənova qeyd etdi ki, ölkəmizin ümumi təhsil
sistemində 10 ildən artıq bir müddətdə
aparılan islahatlar dövrün diktə etdiyi tələblərə
uyğun olaraq, təhsilin məqsədlərinə münasibətdə
yaranan müasir baxışlar, yeni
dünyagörüşü müəllimlərin də dəyişməsinə
səbəb olmuşdur. İslahatlar sayəsində
ibtidai sinif müəllimlərinin təlim-tərbiyə
prosesinin qurulmasına, təlim metodlarına, şagird və
valideynlərlə işbirliyinə yeni müstəvidə
yanaşması artıq reallığa çevrilmişdir.
Bu gün
ümumtəhsil məktəblərində kurikulumların tətbiqi
ilə təlim nəticələri üzərində
qurulmuş təhsil prosesinin bilavasitə əsas hədəfləri
ifadə etməsini, dövlət təhsil
standartlarının tətbiqi ilə təhsilin məzmununa
konkretlik gətirildiyini, məzmunun lüzumsüz, zəruri
olmayan məlumatlarla
ağırlaşdırılmasının
qarşısının alındığını, bilavasitə
şəxsiyyəti formalaşdıran həyati
bacarıqların təlim-tərbiyə işində
üstün amil kimi nəzərə alınmasını, fənlərin
tədrisinin, əsasən, bu məsələyə yönəldilməsinin
vacibliyini, təlim prosesində "müəllim-şagird"
münasibətinin pedaqoji əməkdaşlıq səviyyəsinə
çatdırılmasını öyrəndiyini deyən N.Həsənova
bu gün nail olduqlarının məhz öyrəndikləri
sayəsində baş tutduğunu dilə gətirdi. Nəzərə
çatdırdı ki, yeni məzmunun tətbiq edildiyi ilk illərdə
biz məktəbimizdə şərti olaraq "yeni" və
"ənənəvi" adlandırdığımız
siniflərdəki təlim prosesini, şagirdləri, müəllimləri
müşahidə və müqayisə etmişik. Həmişə
də yeni məzmunla işləyən siniflərdə şagirdlərin
müstəqilliyinin və fəallığının,
qarşılıqlı öyrənmə və əməkdaşlıq
aurasının yaradıldığının, müəllim
çevikliyinin və işə yaradıcı münasibətin
üstünlük təşkil etdiyinin şahidi olmuşuq.
Konfrans
iştirakçılarının diqqətini bir vacib amilə
də cəlb edən natiq indiki şəraitdə təlim-tərbiyə
prosesinin təşkilinə, müəllimlərin fəaliyyətinə
məktəb rəhbərliyinin müntəzəm diqqət və
nəzarəti olmazsa, ciddi nailiyyətlərin
qazanılmasının çətin olduğunu söylədi.
N.Həsənova
qeyd etdi ki, cəmi 5 il bundan əvvəl
yaradılan məktəblərində səmərəli təhsil
mühitinin, keyfiyyətli fəaliyyət şəraitinin
mövcud olması bilavasitə məktəbin rəhbərliyinin
peşəkarlığı, təhsil işinə ürəkdən
bağlılığı ilə əlaqədardır. Müntəzəm aparılan monitorinqlərin nəticələrinin
müzakirəsi, hər bir müəllimin fəaliyyətinin
diqqətdə saxlanması müəllimlərdə
tapşırılan işə böyük məsuliyyət
hissi yaratmışdır. Son 2 ildə məktəblərini
bitirən 101 nəfər məzundan 31-i ali
məktəblərə daxil olmuşdur.
2011-2012-ci dərs
ilinin sonunda ibtidai siniflərdə yeni fənn
proqramlarının (kurikulumların) tətbiqinin ilkin mərhələsinin
başa çatdığını deyən natiq
vurğuladı ki, 4 il ərzində
tətbiq edilən dövlət standartlarının nə dərəcədə
məqsədyönlü olması, dövrün tələblərini
hansı səviyyədə əhatə etməsi öyrənilməli
və lazımi təkliflər hazırlanmalı, yerlərdə
səyyar treninqlərin təşkili təcrübəsi
genişləndirilməlidir.
Müəllimin
fikrincə, ibtidai təlimdən sonra bir sinfin şagirdlərinin
yuxarı səviyyəyə keçərkən eyni sinifdə
komplektləşdirilməsi təcrübəsindən əl
çəkilməsi, ibtidai sinif müəlliminin
yazılı rəyinə əsasən onlar meyil və
maraqlarına, potensial imkanlarına görə müxtəlif
siniflərdə komplektləşdirilməlidirlər.
Məktəbdənkənar
təhsil sistemində görülmüş işlər,
qazanılmış uğurlar və mövcud problemlər barədə
konfrans iştirakçılarına "Təhsil"
Respublika İdman Mərkəzinin Lənkəran
filialının məşqçi-müəllimi Ramin Əzizov məlumat verdi. Qeyd olundu ki, məktəbdənkənar
təhsil müəssisələri uşaq və gənclərin
yaradıcılıq potensialını və
istedadlarını üzə çıxarır, dərsdənkənar
vaxtlarda onların asudə vaxtlarını düzgün təşkil
etmələrinə kömək edir.
Hazırda Təhsil Nazirliyi sistemində 380
məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət
göstərir. Bu müəssisələrdə
uşaq yaradıcılığı, ekologiya, texniki
yaradıcılıq, turizm, şahmat və idman bölmələrində
340 min məktəbli məşğul olur.
Nazirlik
tərəfindən bu istiqamətdə silsilə tədbirlərin
həyata keçirildiyini deyən R.Əzizov uşaq və gənclərin
respublika və beynəlxalq tədbirlərdə uğurla
çıxış edib, yüksək nəticələr
qazanmasını həmin tədbirlərin nəticəsi
olduğunu söylədi.
Natiq
görülmüş işləri diqqətə
çatdıraraq bildirdi ki, hər il
kiçikyaşlı məktəblilərin əl işlərinə
respublika baxış-müsabiqəsi və uşaq və gənclərin
elmi-texniki yaradıcılıq festivalı keçirilir.
Ölkəmizdə
futbol və şahmatın inkişaf etdirilməsi
üçün möhtərəm Prezidentimiz cənab
İlham Əliyevin sərəncamları ilə Dövlət
Proqramları qəbul olunmuşdur.
2010-cu
ildə Bakı şəhərində "Təhsil"
Respublika İdman Mərkəzinin Uşaq-Gənclər Futbol Məktəbi
yaradılmış, 30 təhsil müəssisəsində
süni örtüklü futbol meydançası inşa
edilmişdir.
Hər il 13-17 yaşlı futbolçular arasında Azərbaycan
birincilikləri keçirilir. İlk dəfə AFFA ilə
birgə əsasını Bakı şəhərinin 201 və
239 nömrəli məktəblərinin şagirdləri təşkil
edən 15 yaşlı qızlardan ibarət milli komanda
yaradılmışdır. "Futbol həyatdır"
layihəsi çərçivəsində Bakı şəhərində
5-7-ci siniflərin 1065 şagirdi ilə futbol dərsləri
keçilir. Respublikamızda ilk dəfə olaraq 2010-cu
ildə "Uşaq futbolunun inkişafına texniki dəstək-praktik
məşğələlər" və "Gənc futbolçuların
tədris-məşq prosesinin təşkili və tərbiyə
işinin planlaşdırılması" adlı tədris vəsaitləri
hazırlanmışdır.
2011-ci
ildə "Vətən" Respublika
İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları
Uşaq-Gənclər Futbol Məktəbi üçün
ikinci tədris bazası istifadəyə verilmişdir.
Daha sonra Təhsil Nazirliyinin tabeliyində
66 şahmat və 93 idman məktəbinin fəaliyyət
göstərdiyini qeyd edən R.Əzizov son 3 ildə
Naxçıvan, Mingəçevir, Xızı, Samux, Yevlax,
Şamaxı, Cəlilabad, Gədəbəy və Ağcabədidə
şahmat məktəbləri üçün yeni müasir
binaların tikildiyini, Bərdə və Sumqayıtın
şahmat məktəblərinin isə əsaslı təmir
edilərək yenidən qurulduğunu, həmin məktəblərin
bəzilərinin açılışında da möhtərəm
Prezidentimiz cənab İlham Əliyev və xanımı
Mehriban Əliyevanın iştirak etdiklərini vurğuladı.
Bildirdi ki, Quba və Xaçmaz şahmat məktəblərinin
yeni binaları açılışa hazırdır, Ucar və
Goranboyda şahmat məktəbləri, Ağsuda UGİM
üçün yeni binalar tikilir, Masallı və Ağstafa
şahmat məktəbləri isə əsaslı təmir
olunur.
2011-ci
ildə ilk dəfə olaraq "Şahmat dünyası"
elektron tədris vəsaiti hazırlanıb şahmat məktəblərinə
paylanmışdır.
R.Əzizov
idmançı məktəblilər tərəfindən son
illər qazanılmış uğurlara diqqəti cəlb edərək
bildirdi ki, yaradılan şərait nəticəsində məktəbli
şahmatçılarımız komanda hesabında Avropa,
dünya birincilikləri və Avropa çempionatının
qalibi olmuş və 15 medal qazanmışlar.
İdmançılarımız habelə
respublika və beynəlxalq yarışlarda 1886 medal, o cümlədən
Avropa, dünya birincilik və çempionatlarında 178 medal
qazanmışlar.
Müxtəlif
idman növləri üzrə 24 respublika birinciliyi, 8
çempionat, 4 turnir və 66 təlim-məşq
toplanışı keçirilmiş, 1918 yüksək dərəcəli
idmançı hazırlanmışdır. Bu
idmançılardan dördünün FİDE ustası,
ikisinin isə beynəlxalq dərəcəli idman ustası adına layiq görülməsi əlamətdar
hal kimi qiymətləndirildi.
R.Əzizov
qeyd etdi ki, bu il uşaq-gənclər idman
və şahmat məktəbləri arasında VIII Respublika
müsabiqəsi keçirilmişdir.
Natiq Təhsil Nazirliyi sistemində 83
uşaq yaradıcılıq, 3 estetik tərbiyə, 10 gənc
turistlər və diyarşünaslıq, 5 məktəbdənkənar
tərbiyə işi mərkəzi
və 1 bədii yaradıcılıq evinin fəaliyyət
göstərdiyini, bu mərkəzlərin uşaqların bədii
və estetik yaradıcılıqlarının inkişaf
etdirilməsində mühüm rol oynadığını
vurğuladı.
O, ekologiya mərkəzlərinin
işindən də bəhs edərək hazırda Təhsil
Nazirliyinin tabeliyində 55 ekologiya mərkəzinin fəaliyyət
göstərdiyini, həmin mərkəzlərin
iştirakı ilə möhtərəm Prezidentimizin elan etdiyi
"Ekologiya ili"ndə silsilə tədbirlərin, "Təbiət
bizim sərvətimizdir" respublika foto və rəsm
müsabiqələrinin, Dövlət Neft Şirkəti ilə
birlikdə Bakı şəhəri məktəbliləri
arasında "Ekoerudit" yarışının
keçirildiyini bildirdi.
Ramin Əzizov
çıxışının sonunda özünün bir
idmançı kimi 2011-ci ildə əldə etdiyi
uğurlardan da söz açdı. Bildirdi ki, bu il Fransada
və Almaniyada taekvando üzrə A kateqoriyalı
yarışlarda müvafiq olaraq I və III, Koreyada kişilər
arasında dünya çempionatında isə III yeri
tutmuş, 80 kq çəki dərəcəsində 2012-ci il
London Yay Olimpiya Oyunlarına lisenziya qazanmışdır.
Kanadanın
Vaterloo Universitetinin III kurs tələbəsi Nərmin Sultanova çıxışında bildirdi
ki, təhsil və yaşayış xərcləri ildə təqribən
40 min ABŞ dolları olan Kanada kimi bir ölkədə təhsil
almaq onun kimi ailə büdcəsi məhdud olan tələbələr
üçün sadəcə xəyal ola bilərdi. Lakin bu gün dövlətimizin yaratdığı
imkanlar sayəsində yüzlərlə azərbaycanlı gənc
üçün həmin xəyallar gerçəkliyə
çevrilmişdir.
Artıq
neçə illərdir ki, Təhsil Nazirliyi Azərbaycan gənclərinin
xaricdə təhsil alması üçün müxtəlif təqaüd
proqramlarını idarə etməkdədir. 2007-ci ilə qədər
müxtəlif mübadilə proqramları sayəsində əsasən
Rusiya və Türkiyənin qabaqcıl universitetlərində
yüzlərlə tələbə təhsil
almışdır. Bu tələbələr
bu gün də dövlətimizin inkişafına öz
töhfələrini verməkdədirlər. Lakin bu növ mübadilə proqramlarında Azərbaycanın
ehtiyac duyduğu ixtisaslarda kadr hazırlığı siyasətini
həyata keçirmək o qədər də arzuolunan səviyyədə
deyildi. Elmi-tərəqqi və dünyanın inkişaf
etmiş ölkələrinin iqtisadi inkişaf təcrübəsi
baxımından bu
proqramlar tam ehtiyacı təmin etmirdi. Məhz bu səbəb cənab Prezident İlham Əliyev
tərəfindən irəli sürülmüş qara
qızılı insan kapitalına çevirmək
strategiyasını həyata keçirmək məqsədilə
xaricdə təhsil üzrə Dövlət Proqramının
yaranması zərurətini ortaya qoydu.
N.Sultanova diqqətə
çatdırdı ki, 2007-ci ildə Almaniya, ABŞ,
Böyük Britaniya, İsveç, Niderland, Türkiyə və
Rusiya kimi ölkələrin ən qabaqcıl ali məktəblərinə
66 nəfərin göndərilməsi ilə Dövlət
Proqramının icrasına başlanıldı. Başa vurduğumuz tədris ilində bu rəqəm
800-ə yaxınlaşdı. Başladığımız
yeni tədris ilində isə bu rəqəm 1000 nəfəri
aşacaqdır.
Ötən
illərdən fərqli olaraq bu il Dövlət
Proqramının yerinə yetirilməsində məzmun və
forma baxımından müəyyən mütərəqqi dəyişikliklər
baş verdiyini deyən N.Sultanova 2011-2012-ci tədris ilində
Dövlət Proqramı çərçivəsində xaricdə
təhsil almaq üçün respublikanın kadrlara olan tələbatı
nəzərə alınaraq mühəndislik, təbabət
elmləri, fundamental elmlər, ekologiya, kənd təsərrüfatı,
turizm və mühasibat uçotu ixtisaslarının prioritet
elan olunduğunu, digər yeniliyin Dövlət Proqramına ərizələrin
qəbulunun elektron formada aparıldığını söylədi.
Qeyd etdi ki, "Dövlət orqanlarının
elektron xidmətləri göstərməsinin təşkili
sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan
Respublikası Prezidentinin bu ilin mayında imzaladığı
məlum Fərmanı bu işin sürətlənməsinə
səbəb olub.
Növbəti dərs ili
üçün Dövlət Proqramı çərçivəsində
xaricdə təhsilə sənəd qəbulunun artıq
başa çatdığını deyən N.Sultanova sənəd
qəbulu dövründə nazirliyə 750-yə yaxın elektron
ərizə ilə müraciət edildiyini, 491 nəfərin
isə öz ərizəsini nazirlikdə təsdiqlədiyini
bildirdi.
Diqqətə
çatdırıldı ki, Azərbaycanda istər orta təhsili,
istərsə də ali təhsilin 1-ci səviyyəsini
uğurla bitirmiş gənclərimiz dünyanın ən
aparıcı universitetlərində təhsillərini müvəffəqiyyətlə
davam etdirirlər. Vaterloo Universiteti riyaziyyat və
digər texniki sahələr üzrə dünyanın ən
qabaqcıl universitetlərindən biridir. Lakin Azərbaycandan
Dövlət Proqramı çərçivəsində təhsil
alan tələbələr bu universitetdə
ən çətin fənlərdən sayılan riyaziyyat fənni
üzrə ən yüksək nəticələri göstərməyə
nail olmuşdur. Ötən tədris ilində universitetin 1-ci
kurs tələbəsi Abid Orucovun riyaziyyatdan 100 mümkün
baldan 99 nəticə göstərməsi bütün
universitet rəhbərliyinin heyrətinə səbəb
olmuşdur.
Azərbaycan
məktəblərində istər dil biliklərinin, istərsə
də digər fənlərdən öyrəndikləri biliklərin
onların xaricdə təhsil almasını daha da
asanlaşdırdığını söyləyən
N.Sultanova bunların Azərbaycan məktəblərində
qoyulan mükəmməl bünövrənin və
qazandıqları yüksək biliklərin nəticəsi olduğunu vurğuladı. Bildirdi ki, bu yüksək nəticələr Azərbaycan
təhsili haqqında deyilən mənfi fikirlərə
tutarlı cavabdır.
Tələbə
dedi: Təbii ki, bizim birinci dərəcəli borcumuz
yaxşı oxumaq və yüksək səviyyəli peşəkarlar
kimi Azərbaycana qayıtmaqdır. Lakin onu da yaxşı
başa düşürük ki, oxuduğumuz ali
məktəblərdə, olduğumuz tələbə
kollektivlərində, yaşadığımız şəhərlərdə
hər birimiz Azərbaycan xalqının elçiləriyik. Bu gün ərazisinin 20 faizi işğal altında
olan bir ölkənin vətəndaşı olaraq bizlər Azərbaycan
həqiqətlərinin dünyaya çatdırılması məsuliyyətini
çiyinlərimizdə daşıyırıq.
Çıxışçı
onu da vurğuladı ki, Təhsil
Nazirliyinin idarə etdiyi müxtəlif təqaüd
proqramları çərçivəsində xaricdə təhsil
almış 2500-dən artıq məzun, o cümlədən
150-yə yaxın xaricdə təhsil üzrə Dövlət
Proqramı məzunu təhsilini uğurla başa vuraraq Vətənə
qayıtmış və Azərbaycanın dövlət və
özəl sektorunda uğurla fəaliyyət göstərməkdədir.
Xaricdə təhsil
üzrə müxtəlif mübadilə və təqaüd
proqramlarının əsas hədəflərindən biri olan
Azərbaycanın sabahkı ali məktəb
professorlarının hazırlanması sahəsində də
uğurlu iş getdiyini diqqətə çatdıran
N.Sultanova həmin təqaüd proqramları sayəsində
magistratura və doktorantura səviyyələrindən məzun
olmuş gənclərin hazırda pedaqoji fəaliyyətlə
məşğul olaraq Azərbaycanın müxtəlif təhsil
ocaqlarında çalışdıqlarını bildirdi.
O,
çıxışının sonunda cənab Prezident
İlham Əliyev tərəfindən gənclərə
göstərilən diqqət və qayğını yüksək
qiymətləndirərək, Vətənə və dövlətə
layiqli vətəndaş və peşəkar mütəxəssis
olmaq üçün əllərindən gələni edəcəklərini,
Azərbaycanın qüdrətli dövlətə çevrilməsi
üçün cənab Prezidentin həyata keçirdiyi siyasətə
öz töhfələrini verəcəklərini söylədi.
BDU-nun tədrisin
təşkili və təlim texnologiyaları üzrə
prorektoru, professor İradə Əliyeva
konfransda "Ali təhsil müəssisələrində elmi
tədqiqatlar: vəziyyət, problemlər, perspektivlər"
mövzusunda çıxış etdi.
İ.Əliyeva
bildirdi ki, Vahid Avropa təhsil məkanının
yaradılması, inteqrasiya prosesləri, informasiya
texnologiyalarının sürətli inkişafı təhsilə,
zəngin biliklərə və elmə malik olan, qloballaşan
dünyada rəqabətə tab gətirə bilən cəmiyyətin
qurulmasını tələb edir.
İnkişaf
etmiş dövlətlərin təcrübəsi göstərir
ki, insan potensialının formalaşmasında, yüksəkixtisaslı
kadrların hazırlanmasında əsas ağırlıq mərkəzi
məhz ali təhsil sisteminin üzərinə
düşür.
Bu gün ali təhsil müəssisələri təhsildə
keyfiyyətə təminat verə bilən, elmin son nailiyyətlərini
özündə əks etdirən elmi mərkəzlər kimi
fəaliyyət göstərməli, mütəxəssis
hazırlığını beynəlxalq standartlara və
dövrün tələblərinə
uyğunlaşdırmalıdır.
Bunun
üçün Azərbaycan ali təhsil müəssisələrində
elmi infrastruktur və kifayət qədər elmi potensial
olduğunu deyən İ.Əliyeva bu gün Azərbaycan universitetlərində dövlət
büdcəsindən maliyyələşən 4, təsərrüfat
hesablı 1 elmi-tədqiqat institutunun, 4 elmi-tədqiqat mərkəzinin,
92 elmi-tədqiqat laboratoriyasının fəaliyyət göstərdiyini
söylədi. Qeyd etdi ki, hazırda respublikadakı elmlər
doktorlarının 59,5%-i, fəlsəfə doktorlarının
62,9%-i, AMEA-nın 62 nəfər həqiqi və müxbir
üzvü məhz ali təhsil sistemində
çalışır.
Bu
reallıqları nəzərə alaraq dövlət
başçısı cənab İlham Əliyev son illərdə
ölkə həyatının bir çox strateji əhəmiyyətli
sahələri kimi, elmə, təhsilə xüsusi
qayğı göstərərək həmin sahələrdə
dövrün tələbləri ilə səsləşən
islahatların həyata keçirilməsinə dair bir
neçə sərəncam imzalamışdır.
Bütün
bunların nəticəsi kimi son illərdə dövlət
büdcəsindən elmi tədqiqatların aparılmasına
ayrılan vəsaitlərin dinamikasında artım
müşahidə olunur. Belə
ki, 2011-ci ildə elmi tədqiqatlara
ayrılan vəsaitin 2007-ci ilə nisbətən 2,4 dəfə artırılması nəzərdə
tutulmuşdur. 2010-cu ildən başlayaraq
elmin maliyyələşməsinin yeni mexanizmi tətbiq olunur.
Elmi-tədqiqat layihələrinin
Elmin İnkişafı Fondu vasitəsilə həyata
keçirilməsi üçün son 2 ildə hər il dövlət büdcəsindən 6 milyon
manatdan artıq vəsait ayrılmışdır.
2010 və
2011-ci illərdə bu Fond tərəfindən elan olunmuş
müsabiqələrdə ali məktəb
alimləri 22 qrant layihənin qalibləri olmuşlar.
Hazırda
dünyada elmi-tədqiqat işlərinin maliyyələşməsinin
bir sıra beynəlxalq fondların proqramları çərçivəsində
həyata keçirildiyinə diqqət çəkən
prorektor 2010-cu ildə təhsil
sistemində çalışan alimlərin 37 beynəlxalq
layihədə iştirak etdiyini, yalnız BDU-da Avropa Birliyinin,
Amerika Departamentinin, Avropa Milli Elm Fondlarının, Səudiyyə
Ərəbistanı Krallığının və digər
fondların maliyyə dəstəyi ilə 5 mln. manat dəyərində 35 beynəlxalq layihənin
həyata keçirildiyini vurğuladı. Bildirdi
ki, bu layihələr çərçivəsində BDU-nun
maddi-texniki bazasının gücləndirilməsi məqsədi
ilə dəyəri 2 milyon manatdan artıq olan cihazlar
alınmışdır.
Lakin bununla
yanaşı, o da qeyd olundu ki, Avropa Birliyinin 2007-2013-cü illəri
əhatə edən və elmi-texnoloji inkişafa yönəlmiş
7-ci ÇP-nin büdcəsi 50,2 milyard avro təşkil etdiyi
halda, Azərbaycan alimləri bu proqramın maliyyə dəstəyindən
kifayət qədər istifadə edə bilmirlər.
Ali məktəblərdə
aparılan elmi tədqiqatlar barədə məlumat verən
İ.Əliyeva diqqətə çatdırdı ki, 2010-cu ildə
ali təhsil müəssisələrində 587 elmi problemi əhatə
edən 2436 mövzu yerinə yetirilmiş, onlardan 2097 mövzu
tamamlanmışdır. Tamamlanmış işlərdən
8-i istehsalatda, 2089-u isə tədris prosesində tətbiq
edilmişdir.
Ali təhsil
müəssisələrinin istehsalatla əlaqələri bir qədər
genişlənmişdir. Belə
ki, istehsalat müəssisələrinin sifarişləri əsasında
ali təhsil müəssisələri tərəfindən
2010-cu ildə yerinə yetirilmiş işlərin sayı 23, həcmi
isə 687500 manat olmuşdur.
2010-cu ildə ali təhsil müəssisələrində
çalışan alimlər tərəfindən 436
monoqrafiya, 338 dərslik, 620 dərs vəsaiti, 1421 adda proqram və
metodik ədəbiyyat nəşr edilmişdir.
Tomson
Reyters Agentliyinin Elmi İnformasiya İnstitutunun bazasına
daxil olan jurnallarda Təhsil Nazirliyi sistemində
çalışan alimlər tərəfindən son 3 ildə
nəşr olunmuş elmi məqalələrin sayı 3 dəfə
artmışdır.
İl ərzində
nəşr olunmuş 260 məqalədən 136-sı Bakı
Dövlət Universitetinin, 53-ü Dövlət Neft
Akademiyasının, 37-si Texniki Universitetin payına
düşür.
2010-cu
ildə 48 ixtiraya patent, o cümlədən 1 Avrasiya patenti
alınmışdır.
Ali təhsil
müəssisələrində təhsil alan
gənclərin elmi-tədqiqat işlərinə cəlb
olunmasını ali məktəb elminin vacib sahələrindən
sayan İ.Əliyeva tələbələrin elmi konfranslarda, fənn
olimpiadalarında iştirak etdiyini, universitetdaxili, respublika və
beynəlxalq qrant layihələrinə cəlb
olunduqlarını söylədi.
Qeyd olundu ki,
müvafiq qərara əsasən Təhsil
Nazirliyi sistemində fəaliyyət göstərən 19
dövlət ali təhsil müəssisəsində,
Təhsil Problemləri İnstitutunda və 5 özəl ali təhsil
müəssisəsində doktorantura
yaradılmışdır. Yeni doktoranturalara ilk
qəbul 2011-ci ilin payız aylarında keçiriləcəkdir.
Bütün
bunlarla yanaşı, elm sahəsində bir sıra problemlərin
də mövcud olduğunu deyən natiq diqqəti onların bəzisinə
cəlb etdi. Bildirdi ki,
büdcədən elmə sərf olunan xərclərin
ümumi daxili məhsulda payı 0,2% təşkil
edir. Halbuki inkişaf etmiş ölkələrdə
bu göstərici 2-3% arasındadır. Patent aktivliyi
baxımından ali təhsil müəssisələrinin
və bütövlükdə ölkə müəssisələrinin
fəaliyyəti qənaətbəxş deyildir. Bu gün Azərbaycan elmində təhlükəli həddə
gəlib çatan qocalma tendensiyası müşahidə
olunur.
Elmlər
doktorlarının yaş həddinin təhlili göstərir
ki, 2011-ci ilin əvvəlinə dövlət ali təhsil
müəssisələrində 30 yaşa qədər elmlər
doktoru yoxdur, 61-70 yaş arası 30,9%, 70 yaşdan yuxarı
30,3% təşkil edir.
Fəlsəfə
doktorları arasında da yaş göstəriciləri qənaətbəxş
deyil: 30 yaşa qədər fəlsəfə
doktorlarının sayı cəmi 0,7%, 61
yaşdan yuxarı fəlsəfə doktorlarının sayı
isə 38,6% təşkil edir.
İ.Əliyeva
çıxışında habelə elmin inkişafı, elmi
və elmi pedaqoji kadr hazırlığı, kitabxana informasiya
sisteminin inkişafı sahəsində həyata keçiriləcək
islahatların əsas istiqamətlərini diqqətə
çatdırdı.
Millət vəkili, Azərbaycanın
AŞ PA-dakı daimi nümayəndə heyətinin rəhbəri,
Azərbaycan Dillər Universitetinin rektoru, professor Səməd Seyidov konfransda
çıxış edərək Azərbaycanda ali təhsilin
problemləri və inkişaf perspektivlərindən
danışdı.
Çıxışına
Avropa ölkələri təhsil nazirlərinin 2009-cu ildə
qəbul etdikləri birgə bəyanatdan gətirdiyi
"2020-ci ilədək ali təhsil Avropanın
yaradıcı və innovativ olmasında həlledici rol
oynayacaq" və Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin "İnkişafın innovasiya mərhələsinə
keçilməsi,.. təhsilin dünya
standartlarına cavab verməsi, müasir və innovativ təhsil
sisteminin təkmilləşdirilməsiE 2011-2021-ci illərdə
Azərbaycan təhsilinin inkişafı üzrə Milli
Strategiyanın hazırlanmasını tələb edir"
fikirlərini konfrans iştirakçılarının diqqətinə
çatdırmaqla başlayan S.Seyidov hər iki fikirdəki
2020-ci il və 2011-2021-ci illər tarixlərinin üst-üstə
düşməsini Azərbaycan Respublikası Prezidentinin
Avropada, dünyada gedən islahatlara eyni istiqamətdə Azərbaycanda
da islahatlar həyata keçirməsi kimi mənalandırdı
və bu islahatların konkret sənədlərdə, Prezident
sərəncamlarında öz əksini
tapdığını dedi.
Sonra rektor
ekranda nümayiş etdirdiyi bu yaxınlarda, eləcə də
son bir neçə il ərzində təhsillə, o cümlədən
ali təhsillə bağlı Prezident tərəfindən
imzalanmış "2011-2021-ci illərdə Azərbaycan təhsilinin
inkişafı üzrə Milli Strategiya"nın
hazırlanması", "2009-2013-cü illərdə Azərbaycan
Respublikasının ali təhsil sistemində islahatlar üzrə
Dövlət Proqramı"nın təsdiqi, "Azərbaycan
Respublikasının ali təhsil müəssisələrinin
Avropa ali təhsil məkanına inteqrasiyası ilə
bağlı bəzi tədbirlər haqqında" sərəncamlara
diqqəti yönəldərək onları çox vacib sənəd
adlandırdı, həmin sənədlərin
hamısının, ilk növbədə, Avropa Şurası,
Avropa Birliyi və YUNESKO tərəfindən Avropada, dünyada
aparılan islahatlarla üst-üstə
düşdüyünü, ikinci bir tərəfdən isə
onların 2012-ci ilin yanvarından Azərbaycanın Danimarka ilə
birlikdə 47 ölkənin iştirakçısı
olduğu Boloniya prosesinə ilk dəfə rəhbərlik etməyə
başlaması nöqteyi-nəzərdən çox əhəmiyyətli
olduğunu vurğuladı.
S.Seyidov
bildirdi ki, Avropa öz inkişafını konkret istiqamətlər
üzrə artıq formalaşdırıb. AŞ, AB və YUNESKO təşkilatlarının
ali təhsillə bağlı əsas
götürdükləri sosial və siyasi seçim
imkanlarının genişlənməsi; mobillik; ömürboyu
təhsil; işlə təminolunma imkanlarının genişlənməsi;
tələbə yönümlü təhsil və müəllimin
ali məktəbdə yeni missiyası; tədqiqatların və
innovasiyaların artırılması; beynəlxalq əlaqələr
və çeviklik; "Data toplumunun" idarə olunması və
elektron təhsil (elektron-universitet); ali məktəblərin
şəffaflıq alətlərinin inkişafı; keyfiyyətin
təminatı; qarşılıqlı tanınma; maliyyə və
fondların inkişafı kimi strateji istiqamətlər Azərbaycan
ali təhsil sisteminin inkişafı üçün də ən
vacib məsələlərdir və Dövlət Proqramında
öz əksini tapıb.
Heydər Əliyev
Fondunun bu istiqamətlərdə mühüm işlər
gördüyünü xüsusi qeyd edən S.Seyidov Azərbaycan
Respublikası Prezidentinin, təhsil siyasətinin, Milli Məclisinin
qəbul etdiyi "Təhsil haqqında" Azərbaycan
Respublikası Qanununun, ölkənin ali təhsil
müəssisələrində gedən yenidənqurma işlərinin
göstərilən istiqamətlərin həyata keçirilməsi
üçün əsas yaratdığını söylədi.
Lakin bu işləri hansısa mənada qənaətləndirici
saymaq mümkün olsa da, Azərbaycanda ali
təhsil sahəsində tam şəkildə islahatların
aparılması üçün kifayət etmədiyini deyən
rektor fikrini Avropa təhsil islahatları ilə Azərbaycandakı
təhsil islahatları arasında böyük fərq
olması ilə əlaqələndirdi. Bildirdi ki, Avropa
artıq öz təhsil sisteminin dəyərlərini
oturuşdurub, xarici əlaqələrini və s. inkişaf
etdirib. Bu gün Avropada daha çevik, daha mobil,
daha innovativ, daha cazibədar təhsil sisteminin inkişafı
ilə bağlı islahatlar həyata keçirilir. Azərbaycanda isə məsələ bir qədər
fərqlidir. Buna görə də S.Seyidov Azərbaycanda
da daha çevik, mobil, cazibədar, innovativ ali
təhsil sistemi yaratmaq üçün fundamental, köklü
islahatların vaxtı çatdığını
vurğuladı.
Fikrini
sübut üçün rektor bir sıra konkret faktlar gətirdi. O, öncə konfrans
iştirakçılarının diqqətini ayrı-ayrı
ölkələrdə 10 min nəfər əhaliyə
düşən tələbə sayının
statistikasına yönəltdi. Həmin
statistikanı əks etdirən diaqramdan aydın oldu ki, Azərbaycan
misal gətirilən müxtəlif inkişaf səviyyəli
12 ölkə arasında bu göstəriciyə görə
sonuncu yeri tutur. Məsələn,
ABŞ-da hər 10 min nəfərə 445 tələbə
düşdüyü halda, Azərbaycanda bu göstərici
156-dır. Məsələyə başqa
yöndən də yanaşdığını, Azərbaycanı
ABŞ-la deyil, ərazisinə və əhalisinin sayına
görə bizə bərabər və ya yaxın olan ölkələrlə
də müqayisə etdiyini deyən rektor, həmin göstəriciləri
əks etdirən cədvəli nümayiş etdirdi.
Aparılan müqayisə və təhlildən aydın oldu
ki, 9 milyon əhalisi olan Avstriyada 268 min, 10 milyon əhalisi olan
Belarusda 290 min, 6 milyon əhalisi olan Finlandiyada 200 min, 10 milyon əhalisi
olan Macarıstanda 289 min, üst-üstə 7,2 milyon əhalisi
olan Baltikyanı ölkələrdə (Estoniya, Latviya, Litva)
250 min tələbə olduğu halda, 9 milyon əhalisi olan Azərbaycanda
cəmi 128 min tələbə var.
Həmin cədvəl
əsasında müəllimlərin sayı üzrə də
müqayisə aparan natiq hazırda Azərbaycanın ali təhsil sistemində çalışan
müəllimlərin sayının 22 min nəfər
olduğunu, həmin göstəricinin müqayisə olunan
ölkələrlə təxminən eyniyyət təşkil
etdiyini dedi. Bundan çıxış edən S.Seyidov ölkədə
ya tələbələrin sayının
artırılmalı, ya da müəllimlərin sayının
azaldılmalı olduğunu deyərək, hər iki istiqamətdə
iş aparılmasını lazım bildi. Tələbələrin
sayını artırmağın zəruri olduğunu deyən
rektor hazırda sürətlə inkişaf edən ölkələrimizdə
bunun üçün kifayət qədər imkanlar
olduğunu, həmin imkanlardan istifadə etməklə
dünyada mövcud olan sistemə, ölkələrə
yaxınlaşmaq lazım gəldiyini vurğuladı.
Konfrans
iştirakçılarının diqqətini digər bir məsələyə
də yönəldən S.Seyidov bildirdi ki, universitet bu adı
daşıması üçün ən elementar məsələlərə
cavab verməlidir ki, həmin məsələlərdən biri
də yataqxana məsələsidir. Natiq bu sahədə, yəni ümumi tələbələrin
sayına nisbətdə neçə yataqxana yerinin olması
ilə bağlı müqayisələr aparmaq
üçün iki ölkəni - Avstriya və Almaniyanı
götürdüyünü bildirərək diqqətə
çatdırdı ki, Avstriyada hər üç, Almaniyada isə
hər beş tələbəyə bir yataqxana yeri
düşür. ABŞ və Böyük Britaniyada isə ümumiyyətlə
bu problem yoxdur. Bu məsələnin
bizim üçün çox vacib bir problem olduğunu deyən
natiq, onun həlli istiqamətində ciddi düşünmək
lazım gəldiyini söylədi.
S.Seyidov
çıxışında ali məktəblərdə
təhsil alan qaçqın və köçkün tələbələrin
təhsilhaqqı məsələsinə də toxunaraq
universitetlərin belə tələbələrin təhsilini
yüksək səviyyədə təşkil etmələrinə
baxmayaraq onların nə dövlətdən, nə də hansısa
mənbədən vəsait almadıqlarını bildirdi.
Lakin iclasda iştirak edən Azərbaycan Respublikası
Prezidenti Administrasiyasının şöbə müdiri
F.Abdullazadənin S.Seyidovun çıxışına
müdaxilə edərək verdiyi məlumatdan aydın oldu ki,
bununla əlaqədar müvafiq Prezident sərəncamı
hazırlanır və problem yaxın günlərdə öz
həllini tapacaqdır.
Çıxışının
sonunda ali məktəblərdə qiymətləndirmə
sistemindən də söz açan S.Seyidov bildirdi ki, Boloniya
prosesinə qoşulan bütün ölkələrdə
olduğu kimi, Azərbaycanın ali təhsil müəssisələrində
də Avropa Kredit Transfer Sistemi həyata keçirilir. Ali məktəblərdə işləyən şəxslər
bilirlər ki, artıq qiymətləndirmə sistemi dəyişib,
kreditlər, yeni kurikulumlar var. Tələbə-müəllim
münasibətləri yenilənib. Lakin
yaddan çıxarılır ki, Avropa Kredit Transfer Sistemi
yalnız yeni qiymətləndirmə sistemi deyil, həm də
yeni mobillik sistemidir. Yəni kredit sisteminin
universitetlərdə tətbiq olunması tələbənin
bir universitetdən o biri universitetə gedişi, orada oxuyandan
sonra yenidən başqa - üçüncü universitetə
gedişi və dördüncü universitetdə təcrübə
alandan sonra öz ana universitetinə qayıdıb diplom
alması ilə müşayiət olunmalıdır.
Azərbaycanda
qiymətləndirmə
tətbiq edilsə də, sistemin ikinci tərəfinin
indiyədək işləmədiyini qeyd edən S.Seyidov yenicə
aldığı məlumata görə, artıq bu sahədə
də iş getdiyini, müvafiq əsasnamə
hazırlandığını diqqətə
çatdırdı. Bildirdi ki, Azərbaycandakı ali təhsil müəssisələrinin beynəlxalq
əlaqələri yüksək səviyyədə olsa da,
öz aralarında münasibətləri zəiflədir. Çıxışçı xatırlatdı ki, Avropada
mövcud olan tələbə görə universiteti bitirənlərin
20 faizi digər ali məktəblərdə hansısa formada təcrübə
keçməlidir.
Ali təhsil
sisteminin islahatı istiqamətləri haqqındakı fikirlərini
yekunlaşdıran S.Seyidov bu sahədə 4 dairənin
mövcud olduğunu, onlardan birini Azərbaycan Respublikası
Prezidentinin islahat siyasəti, ikincisini Azərbaycan təhsil
sisteminin islahatla bağlı işləri,
üçüncüsünü Azərbaycan ictimaiyyətinin
təhsil islahatları ilə bağlı gözləntiləri,
dördüncüsünü isə beynəlxalq tələblər
təşkil etdiyini vurğulayan rektor hazırda bir qismi
üst-üstə düşən bu dairələrin gələcəkdə
tam üst-üstə düşməsi üçün ciddi
çalışmaq lazım olduğunu diqqətə
çatdırdı.
***
Çıxışlar
başa çatdıqdan sonra təhsil naziri konfrans
iştirakçılarına bir daha təşəkkürünü
bildirdi, onları yeni dərs ilinin başlanması münasibəti
ilə təbrik
etdi. Bununla da konfrans öz işini
yekunlaşdırdı.
Yusif ƏLİYEV,
Ədalət DAŞDƏMİRLİ
Azərbaycan müəllimi.- 2011.- 9
sentyabr.- S.2-8.