Bu il Prezident təqaüdünə layiq görülən tələbələrdən 25-i Qafqaz Universitetində oxuyur

 

Sentyabrın 15-də Bilik günü münasibətilə Qafqaz Universitetində "2011-2012-ci tədris ilinin açılış proqramı" keçirildi. Tədbirdə "Çağ" Öyrətim İşlətmələri şirkətinin prezidenti Ənvər Özərən, universitetin professor-müəllim heyəti, valideynlər və tələbələr iştirak edirdilər.

Mərasim Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün, habelə ölkələrimizin müstəqilliyi uğrunda mübarizədə şəhidlik zirvəsinə ucalmış Vətən övladlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan və Türkiyə respublikalarının dövlət himnlərinin oxunması ilə açıq elan edildi.

Universitetin tədris işləri üzrə prorektoru, professor Cihan Bulut çıxış edərək yeni dərs ilinin başlanması və Bilik günü münasibəti ilə mərasim iştirakçılarını təbrik etdi. Rektor bildirdi ki, 2011-2012-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə keçirilmiş qəbul imtahanlarında ən yüksək - 700 bal toplamış 4 abituriyentin 4-nün də təhsil almaq üçün Qafqaz Universitetini seçməsi bu ali təhsil ocağının rəhbərliyini və professor-müəllim heyətini çox sevindirmişdir. Cihan bəy bunu universitetlərinin Azərbaycan ictimaiyyəti arasında böyük nüfuz qazanması, burada təhsil üçün yaradılan şəraitin, demokratik ab-havanın təhsilalanları tam təmin etməsi ilə əlaqələndirdi. Prorektor mərasim iştirakçılarına məlumat verərək bildirdi ki, ötən il olduğu kimi, bu il də Prezident təqaüdünə layiq görülən 102 I kurs tələbəsinin 25-i Qafqaz Universitetini seçib: Bütövlükdə universitetə 600-dək tələbə qəbul olunub ki, onların da 200 nəfəri dövlət sifarişi ilə oxuyanlardır.

Vurğulandı ki, ölkə üzrə ali məktəblər arasında ən yüksək reytinqə malik Qafqaz Universiteti "QS World University Rankings-2011" reytinqinə görə 700 ən yaxşı universitet siyahısına daxil olub. Universitet bu siyahıda 601-ci yerdədir.

Sonra "Çağ" Öyrətim  İşlətmələri şirkətinin prezidenti Ənvər Özərən təbrik nitqi söyləyib yeni dərs ilinin Azərbaycanın müstəqilliyinin və şirkətlərinin ölkəmizdəki fəaliyyətinin 20 illiyi ilə əlamətdar olduğunu bildirdi, Azərbaycan Prezidenti İlham Əliyevin təhsilə qayğısından söz açdı.

Bu il qəbul imtahanlarında 700 bal toplayaraq Qafqaz Universitetinin kompüter mühəndisliyi bölməsinə daxil olmuş Cahandar Camallıya, informasiya texnologiyaları və sistemləri mühəndisliyi bölməsinə daxil olmuş Əli Əliyevə və Ləman Məmmədovaya, kimya mühəndisliyi bölməsini seçmiş Xavər Feyzullayeva, habelə Prezident təqaüdünə layiq görülmüş 25 tələbəyə hədiyyələr təqdim olundu.

Bayram proqramı Qafqaz Universitetinin özfəaliyyət dərnəyinin hazırladığı rəqs və mahnılarla davam etdirildi.

 

 

Yusif ƏLİYEV

 

Azərbaycan müəllimi.- 2011.- 16 sentyabr.- S.5.