Azərbaycanda
təhsilə dövlət qayğısının iqtisadi aspektləri və təhsildə yeni
maliyyələşmə mexanizmləri
Təhsilin ölkənin iqtisadi
inkişafında mühüm əhəmiyyəti
Hər bir
ölkənin uzunmüddətli iqtisadi inkişaf
strategiyası keyfiyyətli təhsil mühitinin formalaşdırılması
ilə səciyyələnir. Belə ki, millətin təhsilinin
və elmi potensialının inkişaf etdirilməsi, öz
növbəsində, müasir cəmiyyətin davamlı və
dinamik inkişafının əsas amillərindən biridir. Təsadüfi
deyildir ki, dünyanın inkişaf etmiş ölkələri
məhz təhsildə yüksək inkişaf yolu keçməklə
mühüm nəticələr əldə edə bilmişlər.
Qeyd olunan fikirlər öz təsdiqini ulu öndərimiz,
ümummilli liderimiz Heydər Əliyevin səsləndirdiyi və
bu gün hər birimiz üçün devizə
çevrilmiş "Təhsil millətin gələcəyidir"
ifadəsində daha düzgün tapır.
Müstəqilliyinin
20-ci ilinə qədəm qoyan ölkəmizin yeni tarixində
təhsilin uzunmüddətli
strategiyası və onun əsas inkişaf istiqamətləri
ilk dəfə məhz ümummilli liderimiz tərəfindən
müəyyənləşdirilmiş və onun rəhbərliyi
altında icra edilməyə başlanılmışdır.
Əsası
vaxtilə ulu öndərimiz Heydər Əliyev tərəfindən
qoyulmuş təhsil strategiyasının əsas istiqamətləri
üzrə davamlı inkişaf dinamikası hazırda bu siyasətin
layiqli davamçısı möhtərəm Prezidentimiz cənab
İlham Əliyev tərəfindən ugurla davam etdirilir, təhsil
sahəsində mühüm məzmun islahatları həyata
keçirilir, genişmiqyaslı dövlət proqramları
icra olunur və yeni inkişaf strategiyaları müəyyənləşdirilir.
Təhsil
sahəsində aparılan nəticəyönümlü
islahatlar və icra edilən dövlət proqramları sayəsində
bütövlükdə təhsil infrastrukturunun və təhsilin
məzmununun yeniləşdirilməsi
istiqamətində mühüm nailiyyətlər əldə
edilmiş, təhsil müəssisələrinin maddi-texniki
bazası möhkəmləndirilmiş, məktəblərin
informasiya-kommunikasiya texnologiyaları ilə təminatının
əhatə dairəsi genişləndirilmiş, ali təhsildə
yeni maliyyələşmə mexanizminin tətbiqinə
başlanılmış və ölkəmizin təhsil
tarixində digər yeniliklərə imza
atılmışdır.
Qeyd etməliyik
ki, dünyada bütün istiqamətlərdə
qloballaşmanın geniş vüsət aldığı və
sürətlə inkişaf etdiyi indiki dövrdə
respublikamızın milli
inkişafının əsas və hətta yeganə yolu elm və
təhsilin, müasir tələblərə uyğun yeni biliklərin,
intellektual resursların inkişaf etdirilməsi, eləcə də
informasiya və kommunikasiya texnologiyalarının geniş tətbiq
edilməsi ilə
bağlıdır.
Bu
baxımdan müstəqil Azərbaycanda informasiya cəmiyyətinin
təşəkkülü və
elmi bilik və əsaslara
söykənən iqtisadiyyata keçid şəraitində
elm və təhsilin daha da inkişaf etdirilərək bu sahədə
yeni modelin qurulmasının təmin
edilməsi hazırda dövlətin qarşısında duran əsas
vəzifələrdən biridir. Bununla əlaqədar dövlət
başçısı İlham Əliyev demişdir:
"...Biz uzunmüddətli inkişaf strategiyamızı
müəyyən edərkən mütləq güclü elmi
bazaya arxalanmalıyıq. Biz iqtisadi inkişafımızın
gələcək istiqamətlərini müəyyən edərək
güclü elmi əsaslara söykənməliyik. Burada
düzgün proqramlar verilməlidir. Biz nəinki beşillik
proqramı icra edərkən bu məsələlərlə məşğul
olmalıyıq, uzaq gələcəyə baxmalıyıq -
20 ildən, 30 ildən sonra Azərbaycan hansı imkanlar
hesabına inkişaf edəcəkdir?! Azərbaycanda elə
güclü potensial yaradılmalıdır ki, ölkəmizin
inkişafı uzunmüddətli və dayanıqlı olsun.
Biz neft-qaz amilindən asılılığımızı tədricən
azaldırıq. Artıq bu istiqamətdə müəyyən
işlər görülmüşdür. Gələcəkdə
isə biz çoxşaxəli iqtisadiyyat yaratmaqla elmi əsaslara
söykənərək dayanıqlı inkişaf modelimizi
qurmalıyıq".
Məhz bu
fikirlərin məntiqi nəticəsi olaraq Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən
"2011-2021-ci illərdə Azərbaycan təhsilinin
inkişafı üzrə Milli Strategiya"nın
hazırlanması ilə bağlı Dövlət
Komissiyasının yaradılması barədə 11 iyul 2011-ci
il tarixli Sərəncam imzalanmışdır ki, bu da ölkə
başçısının təhsil sahəsinə daim
göstərdiyi diqqət və qayğıya əyani
sübutdur.
Hazırda
elm və təhsil sahəsində müvafiq strategiyalar üzrə
aparılan islahatlar, icra edilən dövlət proqramları
ölkəmizin dinamik iqtisadi inkişafı və
geniş maliyyə imkanlarına malik olması ilə sıx bağlıdır. Belə
ki, dövlətimizin maliyyə
imkanları genişləndikcə qarşıda duran məqsədlərə,
o cümlədən elm və təhsil sahəsindəki məqsədlərə
nail olmaq üçün real imkanlar daha da artır.
Reallıqlara əsaslanan iqtisadi
inkişaf strategiyası
İqtisadi
sferada ölkə rəhbərliyi tərəfindən həyata
keçirilən son dərəcə dəqiqliklə
düşünülmüş siyasətin nəticəsidir
ki, digər dünya ölkələrində fəsadları hələ
də davam edən qlobal maliyyə böhranı Azərbaycan
iqtisadiyyatı üçün, demək olar ki, təsirsiz ötüşmüş və
böhran dövründə iqtisadi inkişaf tempini qoruyub
saxlaya bilən, son illərdə ümumi daxili məhsulun əhəmiyyətli
həcmdə artımını təmin edən, əhalisinin
maddi gəlirlərinin artımına və beləliklə də
ümumi rifah halının yüksəlməsinə nail
olmuş ölkələrdən
biri olan Azərbaycan Respublikası hazırda iqtisadi inkişaf
tempinə görə dünyada qabaqcıl ölkələrin
siyahısındadır. Bu, ölkəmizdə iqtisadi sahədə
həyata keçirilən siyasətin kifayət qədər
praqmatik və reallıqlara əsaslandığını, ən
xırda detallarına qədər uzaqgörənliklə
düşünüldüyünü bir daha göstərir.
Ölkəmizin
iqtisadi sferasında həyata keçirilən siyasət, onun
mahiyyət və istiqamətləri, əldə olunan nəticələr
beynəlxalq miqyasda da müsbət şəkildə qiymətləndirilir.
Belə ki, inkişaf etmiş ölkələrin nüfuzlu qəzetlərində
vaxtaşırı olaraq Azərbaycanın son dövrlərdə
yüksək inkişaf tempi, əldə etdiyi iqtisadi
uğurları və ölkədə mövcud olan siyasi və
iqtisadi sabitlik barədə geniş məqalələr dərc
olunur.
Dövlət büdcəsindən təhsilə
ayrılan xərclər
Qeyd
etdiyimiz kimi, bu gün ən prioritet sahə hesab edilən təhsilə
dövlətimiz tərəfindən böyük diqqət və
qayğı göstərilir və bu sferaya ayrılan xərclər
ildən-ilə əhəmiyyətli dərəcədə
artırılır. Bütün bunlar isə möhtərəm
Prezidentimizin səsləndirdiyi "Biz maddi dəyərlərimizi,
iqtisadi potensialımızı insan kapitalına çevirməliyik"
devizinin real həyatda təsdiqinə bariz nümunədir.
Ölkəmizdə
son illərdə əldə olunan iqtisadi uğurlardan söz
açaraq təhsilə dövlət büdcəsindən
ayrılan vəsaitlər barədə bəzi statistik məlumatlara
nəzər salaq.
Cədvəldən göründüyü
kimi, son 5 il ərzində dövlət
büdcəsinin xərcləri 2,6 dəfə, təhsilə ayrılan
xərclər isə 2 dəfə artmışdır. Belə
ki, 2007-ci ildə dövlət büdcəsinin faktiki xərcləri
6059,5 milyon manat təşkil etdiyi halda, 2010-cu ildə bu xərclər
11765,9 milyon manat olmuşdur. Dövlət büdcəsindən
təhsilə ayrılan faktiki xərclər isə 2007-ci ildə 723 milyon manat, 2010-cu
ildə isə 1180,8 milyon manat təşkil etmişdir.
2011-ci ilə dövlət büdcəsinin ümumi xərcləri
15941,2 milyon manat, təhsil xərcləri 1399,8 milyon manat və
ya dövlət büdcəsinin ümumi xərclərinin
10%-i, birbaşa Təhsil Nazirliyinə ayrılması nəzərdə
tutulan xərclər isə 426,7
milyon manat və ya təhsil xərclərinin 30,5%-i həcmində
proqnozlaşdırılmışdır. Beləliklə,
2011-ci ildə dövlət büdcəsinin xərcləri
2010-cu ilin faktiki xərclərindən 4175,3 milyon manat və ya 35,5%
çoxdur. Cari ildə dövlət büdcəsindən təhsilə
ayrılması nəzərdə tutulan xərclər isə
2010-cu ilin müvafiq faktiki xərclərindən 219 milyon manat
və ya 18,5% çoxdur. 2011-ci ilə dövlət büdcəsində
təhsilə proqnozlaşdırılan təhsil xərclərinin
ÜDM-də (ümumi daxili məhsulda)
payı 3,1% təşkil edir. 2010-cu ildə bu rəqəm
faktiki olaraq 2,8% olmuşdur.
2011-ci ilin dövlət büdcəsində
proqnozlaşdırılan təhsil xərclərinin 426,7 milyon
manatını və ya 30,5%-ni tabelikdə olan bir sıra təhsil
müəssisələrinin maliyyələşdirilməsi,
dövlət proqramlarının və digər tədbirlərin
həyata keçirilməsi məqsədilə birbaşa Təhsil
Nazirliyinə ayrılması nəzərdə tutulan vəsaitlər
təşkil edir.
Diaqramdan göründüyü
kimi, 2011-ci ildə dövlət büdcəsində
nəzərdə tutulan təhsil xərclərinin 7,1 %-nin məktəbəqədər
təhsilə, 60,4 %-nin ümumi təhsilə, 2,5 %-nin ilk
peşə-ixtisas təhsilinə, 2,9 %-nin orta ixtisas təhsilinə,
11,3 %-nin isə ali təhsilə yönəldilməsi
proqnozlaşdırılır.
2011-ci ildə dövlət büdcəsində nəzərdə
tutulan təhsil xərclərinin 11,2 %-ni təhsil müəssisələrinin
maddi-texniki bazasının möhkəmləndirilməsi xərcləri,
2,2 %-ni şagird və tələbələrin təqaüdləri
və digər sosial müavinətlər, 2,3 %-ni kommunal xərclər,
76,7 %-ni əməyin ödənişi və 7,6%-ni isə digər
xərclər (rabitə, icarə, mühafizə və sair xərclər) təşkil edir. Məlumatlardan
göründüyü kimi, dövlət büdcəsində
nəzərdə tutulan təhsil xərclərinin əsas hissəsini
əməkhaqqı xərcləri təşkil edir.
Son 6 il ərzində təhsil işçilərinin
orta aylıq nominal əməkhaqqı
4 dəfə
artmışdır. Hazırda təhsil işçilərinin
orta aylıq nominal əməkhaqqı
272,2 manat təşkil edir.
Qeyd edək ki, dövlət büdcəsindən
təhsilə ayrılan vəsaitlərin artımı təhsilin
müxtəlif pillələri üzrə hər bir təhsilalana
düşən illik xərclərin də artmasına səbəb
olmuşdur.
Cədvəldən göründüyü
kimi, təhsilin
bütün pillələri üzrə bir təhsilalana
düşən illik xərclərin məbləği ildən-ilə
dinamik şəkildə artmışdır. Beləliklə,
2010-cu ildə bir təhsilalana düşən illik xərclər
məktəbəqədər təhsil üzrə 816 manat,
ümumi təhsil üzrə 550 manat, ilk peşə-ixtisas təhsili
üzrə 1133 manat, orta ixtisas təhsili üzrə 750
manat, ali təhsil üzrə
1548 manat təşkil etmişdir.
2011-ci ildə isə bir təhsilalana
düşən illik xərclərin məktəbəqədər
təhsil üzrə 854 manat, ümumi təhsil üzrə 553
manat, ilk peşə-ixtisas təhsili
üzrə 1184 manat, orta ixtisas təhsili üzrə 784 manat,
ali təhsil üzrə 1618 manat olacağı gözlənilir.
Ali təhsildə dövlət
sifarişi üzrə
kadr hazırlığı ilə bağlı bir təhsilalana
düşən illik xərclərin məbləği isə
orta hesabla 1700 manat təşkil edir.
Qeyd etdiyimiz kimi, son illərdə ölkəmizdə təhsil
müəssisələrinin, xüsusən ümumi təhsil
müəssisələrinin tikintisi, təmiri və bərpası,
yenidən qurulması istiqamətində mühüm işlər
görülmüşdür və bu işlər hazırda da
davam etdirilir. Nəticədə ölkədə 2 mindən
çox ümumi təhsil məktəbinin inşa olunması
da bu istiqamətdə əldə edilən ən mühüm
uğurlardan hesab olunur. Təbii ki, təhsil müəssisələrinin
tikintisi, təmiri və bərpası, yenidən qurulması
işlərinin həyata keçirilməsi dövlət
büdcəsindən təhsilə investisiya xərclərinin
ayrılması ilə şərtlənir.
Diaqramdan göründüyü
kimi, 2011-ci ildə təhsilə 273,2
milyon manat həcmində investisiya xərclərinin
ayrılması proqnozlaşdırılmışdır ki,
bundan da təhsil müəssisələrinin tikintisi və əsaslı
təmiri üçün Təhsil Nazirliyinə 86,3 milyon
manat, Bakı Şəhər İcra Hakimiyyətinə 114,4
milyon manat, Prezidentin Ehtiyat Fondundan Bakı şəhərinin
müvafiq rayonlarının icra hakimiyyətlərinə 11
milyon manat və respublikanın digər rayon (şəhər)
icra hakimiyyətlərinə isə 61,5 milyon manat vəsaitin
ayrılması nəzərdə tutulmuşdur.
Ümumi təhsildə rasionallaşdırma tədbirlərinin
zəruriliyi və yeni maliyyələşmə
mexanizminin tətbiqi vəziyyəti
Təhsilin
keyfiyyətinə birbaşa təsir göstərən əsas
amillərdən biri də bu məqsədlə ayrılan
maliyyə vəsaitlərindən daha səmərəli,
rasional və məqsədyönlü şəkildə istifadə
olunmasıdır. Bu baxımdan təhsilin bütün pillələrində
mütərəqqi maliyyələşmə mexanizmlərinin
tətbiqi, təhsil müəssisələrinə maliyyə
müstəqilliyinin verilməsi və xüsusən ümumi təhsil
pilləsində mövcud məktəb
şəbəkəsinin rasionallaşdırılması tədbirlərinin
həyata keçirilməsi qarşıda duran ən zəruri
vəzifələrdəndir.
Hazırda ölkədə xeyli sayda kiçik məktəblər
vardır ki, onların fəaliyyəti həm maliyyə, həm
də təhsilin keyfiyyəti baxımından səmərəli
deyildir. Bu səbəbdən mövcud məktəb şəbəkəsinin
rasionallaşdırılmasına, yəni imkan daxilində
kiçik və səmərəsiz məktəblərin
bağlanılmasına və birləşdirilməsinə
ciddi ehtiyac vardır.
Hazırda respublikada şagirdlərinin sayı
30-dək olan 432, şagirdlərinin sayı 31-dən 50-dək
olan 293 və şagirdlərinin sayı 51-dən 100-dək
olan 636 məktəb vardır. Bu baxımdan ölkədə məktəb
şəbəkəsinin rasionallaşdırılmasına
ciddi ehtiyac vardır.
Eyni zamanda unutmamalıyıq
ki, ümumi təhsil müəssisələrinin
şəbəkəsinin rasionallaşdırılmasına
müsbət təsir edən amillərdən biri də təhsilin
bu səviyyəsində adambaşına maliyyələşmə
prinsipinə əsaslanan yeni maliyyələşdirmə
mexanizminin tətbiqidir.
Ümumiyyətlə, Azərbaycanda təhsilin maliyyələşdirilməsi
sahəsində mütərəqqi metodların tətbiq edilməsi
ilk əvvəl ümumi təhsildə
sınanmışdır.
Belə ki, Dünya
Bankının texniki və maliyyə dəstəyi
ilə Təhsil Nazirliyi tərəfindən həyata
keçirilən Təhsil Sektorunun İnkişafı Layihəsi
üzrə 3 pilot rayonunda-İsmayıllıda, Ucarda və
Şirvan şəhərində adambaşına maliyyələşdirmə
mexanizminin tətbiqinin sınaqdan keçirilməsi və
islahatların ikinci mərhələsində bu mexanizmin
bütün ölkəyə tətbiq edilməsi nəzərdə
tutulmuşdu.
Bu maliyyə
islahatlarının əsas hədəfləri
aşağıdakı məqsədlər olmuşdur:
* Məktəblərə
ayrılan vəsait bölgüsünü daha ədalətli və
şəffaf qaydada həyata
keçirmək;
* Məktəblərin öz
vəsaitlərindən daha
səmərəli şəkildə istifadə edə bilməsinə
şərait yaratmaq;
* Məktəb şurası
vasitəsi ilə məktəblərin
daha yaxşı idarə olunmasına nail olmaq.
Layihənin
icra planına əsasən 3 pilot rayonunun 59 ümumi təhsil
məktəbində adambaşına maliyyələşdirmənin
həyata keçirilməsi ilə
bağlı həmin məktəblərin
hər biri üçün ayrıca xəzinə hesabları
açılmış, müstəqil
mühasibatlıqları yaradılmış, seçilmiş
beynəlxalq və milli məsləhətçilərin dəstəyi
ilə şagirdbaşına
maliyyələşdirmə düsturu
hazırlanmışdır.
Bundan əlavə, tətbiq olunacaq yeniliklərlə
əlaqədar pilot rayonların məktəblərinin
direktorları, mühasibləri ilə mütəmadi öyrədici
seminarlar, məşğələlər keçirilmiş,
onlarla yeni mexanizmin tətbiqi və istifadə qaydaları ilə
əlaqədar müvafiq işlər
aparılmışdır.
Müvafiq hazırlıq və sınaq işləri
aparıldıqdan sonra pilot məktəblərində
şagirdbaşına maliyyələşdirmənin
icrasına başlanılması və bu mexanizmin hüquqi əsasını təmin
etmək məqsədilə Təhsil Sektorunun
İnkişafı Layihəsinin lMaliyyələşdirmə və
büdcə islahatları» alt-komponentinin icrası haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 fevral 2007-ci
il tarixli 36 nömrəli qərarı qüvvəyə
minmişdir.
Bu qərara əsasən islahat layihəsi çərçivəsində
pilot rayonlarda seçilmiş 59 ümumi təhsil məktəbinin
maliyyələşdirilməsinin 2007-ci il yanvarın 1-dən
şagirdbaşına maliyyələşdirmə prinsipi əsasında
həyata keçirilməsinə
başlanılmışdır.
Lakin qeyd olunan
qərara əsasən pilot məktəblərin
büdcələrinin tərtibi müvafiq qaydada
şagirdbaşına maliyyələşdirmə düsturu ilə
həyata keçirilsə də, məktəblər tam maliyyə
müstəqilliklərini təmin edən bir sıra səlahiyyətləri
əldə edə bilmədilər.
Nəticədə islahat layihəsi
çərçivəsində pilot
rayonları kimi seçilmiş Şirvan şəhəri,
İsmayıllı və Ucar rayonlarının məktəblərində
maliyyə islahatları nəzərdə tutulan şəkildə
tam deyil, qismən həyata keçirildi və yalnız 3 pilot
rayonla məhdudlaşdı.
Lakin bu islahatların
miqyasının genişləndirilməsi
və qeyd olunan problemlərin
aradan qaldırılması məqsədilə Təhsil
Nazirliyi tərəfindən Təhsil Sektorunun İnkişafı üzrə
İkinci Layihə (2009-2014) çərçivəsində əvvəlki
layihədə başlanılmış maliyyə
islahatlarının davam etdirilməsi qərara
alınmışdır.
Belə ki, Təhsil
Nazirliyi maliyyə islahatlarının, eləcə
də məktəb şəbəkəsinin
rasionallaşdırılması tədbirlərinin
respublikanın bütün ümumi təhsil məktəblərində
həyata keçirilməsini zəruri hesab edir və bu istiqamətdə
işlərin davam etdirilməsi niyyətindədir.
Bununla əlaqədar olaraq "Dövlət
ümumi təhsil müəssisələrində yeni maliyyələşmə
mexanizminin tətbiqi və məktəblərin şəbəkəsinin
rasionallaşdırılması tədbirləri barədə"
müvafiq sənəd layihəsi hazırlanmış, rəy
və təkliflərin müzakirəsi üçün
Respublika Maliyyə və İqtisadi İnkişaf nazirliklərinə
təqdim olunmuşdur.
Sənəd layihəsinə əsasən məktəb
şəbəkəsinin rasionallaşdırılması tədbirlərinin
həyata keçirilməsi üçün Ucar rayonunun,
adambaşına maliyyələşdirmə mexanizminin tətbiqi ilə əlaqədar isə
Bakı şəhərinin pilot kimi seçilməsi, həmçinin
pilot tədbirlərin nəticəsindən asılı olaraq
gələcəkdə respublikanın digər rayon və
şəhərlərinin dövlət ümumi təhsil məktəblərində
məktəb şəbəkəsinin rasionallaşdırılması
və yeni maliyyələşdirmə mexanizminin tətbiqi ilə
bağlı təkliflərin hazırlanması nəzərdə
tutulur.
Hazırda dövlət ümumi təhsil müəssisələrində
yeni maliyyələşmə mexanizminin və məktəblərin
şəbəkəsinin rasionallaşdırılması tədbirlərinin
tətbiqi perspektivləri "2011-2021-ci illərdə Azərbaycan
təhsilinin inkişafı üzrə Milli
Strategiya"nın hazırlanması ilə bağlı
yaradılmış Dövlət Komissiyasının və
işçi qrupunun iclaslarında müzakirə olunur.
Ali təhsildə yeni maliyyələşmə mexanizmi
Ümumi təhsildə adambaşına maliyyələşdirmənin
tətbiqi bəzi problemlərlə üzləşsə də,
ali təhsildə yeni maliyyələşdirmə mexanizminin tətbiqi
istiqamətində ölkəmizdə hazırda çox əhəmiyyətli
işlər görülür.
Belə ki, Azərbaycan
Respublikası Prezidentinin "Ali təhsil
müəssisələrində yeni
maliyyələşmə mexanizminin tətbiq edilməsi
barədə" 10 fevral 2010-cu il tarixli Fərmanına əsasən 2010-2011-ci tədris
ilindən başlayaraq Azərbaycan Respublikası ərazisində
fəaliyyət göstərən ali təhsil müəssisələrində
dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirmənin
dövlət sifarişi əsasında adambaşına maliyyələşdirmə
prinsipi əsasında həyata keçirilməsinə
başlanılmışdır.
Məlum olduğu kimi, qeyd olunan Fərmanın
icrası istiqamətində Nazirlər Kabinetinin "Ali təhsil
müəssisələrində yeni maliyyələşmə
mexanizminin tətbiq edilməsi
haqqında" 25 iyun 2010-cu il
tarixli 120 nömrəli Qərarı
qəbul olunmuş və qərara əsasən ayrı-ayrı ixtisaslar üzrə
dövlət sifarişi ilə ali təhsil müəssisələrinin
bakalavriat və magistratura səviyyəsində hər bir təhsilalana
düşən təhsil xərclərinin miqdarı müəyyənləşdirilmiş
və həmçinin "Azərbaycan Respublikasında ali təhsil
müəssisələrində yeni maliyyələşmə
mexanizminin tətbiqi ilə bağlı dövlət
sifarişi ilə ali təhsil müəssisələrinin
bakalavriat və magistratura səviyyələrində kadr
hazırlığının maliyyələşdirilməsi
Qaydaları" təsdiq edilmişdir.
2010-2011-ci tədris ilində dövlət sifarişi
üzrə ali təhsil müəssisələrinin I kurs
bakalavriat və magistratura səviyyələrinə qəbul
olmuş tələbələrin
təhsili ilə bağlı xərclərin maliyyələşdirilməsi
üçün Respublika Maliyyə
Nazirliyi tərəfindən ayrı-ayrı ali məktəblər
üzrə təsdiq edilmiş müvafiq bölgüyə əsasən
Təhsil Nazirliyinə 24 327 733
manat məbləğində
ayrılmış vəsait bölgüyə uyğun olaraq Təhsil
Nazirliyi tərəfindən 33 ali məktəbin hesabına
köçürülmüş və bu vəsaitlərin təyinatı
üzrə xərclənilməsi ilə əlaqədar həmin
ali məktəblərə tapşırıqlar verilmişdir.
Ali təhsildə yeni maliyyələşmə mexanizminin
tətbiqi nəticəsində mülkiyyət formasından və
tabeçiliyindən asılı olmayaraq bütün ali məktəblərin dövlət
sifarişi üzrə kadr hazırlığında
iştirakı üçün bərabər imkanlar
yaradılmış, abituriyentlərin, həmçinin
dövlət sifarişi üzrə qəbul olmuş tələbələrin
seçim imkanları artırılmışdır.
Dövlət sifarişi üzrə
kadr hazırlığının yerinə yetirilməsi üçün
ali məktəblərə vəsait əvvəlki illərdə
olduğu kimi 40 və ya daha çox xərc maddəsi üzrə
deyil, bir xərc maddəsi ilə ayrılmış və bu vəsaitlərin
xərclənilməsində ali məktəblərin səlahiyyətləri
və maliyyə müstəqilliyi
artırılmışdır.
Dövlət ali məktəblərində
yuxarı kurslarda təhsil alan tələbələrin
xərclərinin ödənilməsi məqsədilə
tutulan vəsait isə 2011-ci ildə 40 və ya daha çox xərc
maddəsi üzrə deyil, 4 xərc maddəsi, büdcədənkənar
vəsaitlər üzrə gəlir və xərclər smetası isə
6 xərc maddəsi ilə proqnozlaşdırılmışdır. Növbəti ildən
isə ali təhsil müəssisələrinə
dövlət büdcəsindən
bütün vəsaitlərin bir xərc maddəsi ilə
ayrılması nəzərdə
tutulur. Bu isə ali məktəblərin maliyyə
vəsaitlərinin idarə olunması
və xərclənilməsində səlahiyyətlərinin artırılmasına səbəb olacaqdır.
Lakin əldə olunan müsbət nəticələrlə
yanaşı yeni maliyyələşmə mexanizminin tətbiqinin
ilkin mərhələsində bir sıra problemlər də
ortaya çıxmışdır. Bununla əlaqədar
vaxtaşırı təhsil, maliyyə, iqtisadi inkişaf
nazirlərinin, Tələbə Qəbulu üzrə Dövlət
Komissiyasının sədrinin, Respublika Nazirlər Kabinetinin
şöbə müdirinin, aidiyyəti ali məktəblərin
rektorlarının, baş mühasiblərin iştirakı ilə kollegiya, müşavirə və
seminarlar keçirilmiş və bu görüşlərdə
ali təhsildə yeni maliyyələşmə mexanizminin tətbiqi
ilə bağlı görülən işlər, əldə
olunan ilkin nəticələr,
qarşıda duran vəzifələr və təkliflər
geniş müzakirə edilmişdir.
Qeyd olunan tədbirlərdə
mövcud problemlərin aradan
qaldırılması məqsədilə Təhsil Nazirliyi, ilk
növbədə, dövlət sifarişi üzrə hər
bir təhsilalana düşən illik
xərclərin məbləğlərinin
artırılmasını təklif etmişdir. Belə ki,
dövlət sifarişi üzrə kadr
hazırlığının yerinə yetirilməsi ilə
bağlı bir təhsilalan üçün müəyyənləşdirilmiş
illik təhsil xərci məbləğinə uyğun ayrılan vəsait əksər
ali məktəblərdə yalnız əməkhaqqı və
təqaüd xərclərinin ödənilməsinə kifayət
edir. Bu da dövlət sifarişi üzrə keyfiyyətli kadr
hazırlığının təmin edilməsi üçün müvafiq
maddi-texniki bazanın yaradılmasına və
saxlanılmasına şərait yaratmır. Bundan əlavə,
oxşar və eynitipli ixtisaslar üzrə bir təhsilalana
düşən təhsil xərclərinin miqdarı da yenidən
baxılaraq uyğunlaşdırılmalıdır.
Eyni zamanda ali
məktəblər üzrə bəzi
ixtisaslara olan inhisarçılığın aradan
qaldırılması ilə bağlı tədbirlərin
görülməsi də zəruridir.
Bundan əlavə, ali məktəblərin
büdcədənkənar vəsaitlərin idarə
olunmasında səlahiyyətləri
artırılmalıdır. Bu baxımdan büdcədənkənar vəsaitlər
üzrə gəlir və xərclər smetalarının təsdiq
edilməsi, il ərzində büdcədənkənar vəsaitlər
üzrə gəlir və xərclərin dürüstləşdirilməsi
prosedurlarının sadələşdirilməsi, bu səlahiyyətlərin
ali məktəblərə verilməsi və ilin sonunda
büdcədənkənar vəsaitlər üzrə gəlirlərin
dövlət büdcəsinə silinməməsi və bu vəsaitin
növbəti ilə keçirilməsi məqsədəmüvafiq
hesab edilir.
Digər vacib məsələlərdən
biri isə özəl ali məktəblərin
dövlət sifarişində iştirakının
stimullaşdırılmasıdır.
Onu da qeyd
etməliyik ki, ali təhsil müəssisələrində
yeni maliyyələşmə mexanizminin tətbiqi dövlət
ali məktəblərinə ödənişli əsaslarla qəbul
olan və mövcud qaydalara əsasən ödənişdən
azad edilən məcburi köçkün statuslu tələbələrin
təhsil haqlarının dövlət büdcəsinin vəsaiti
hesabına ödənilməsinə zərurət
yaratmışdır.
Məlumat üçün qeyd edək ki, Təhsil Nazirliyinin tabeliyində
olan ali təhsil müəssisələrinə təkcə
2010-2011-ci tədris ilində qəbul olmuş 15386 tələbədən 1636-sı məcburi
köçkün statuslu tələbələrdir və
onların təhsil haqları ümumilikdə 1 689 200 manat təşkil edir ki, bu da
dövlət ali təhsil müəssisələri
üçün hər il xeyli məbləğdə büdcədənkənar
gəlirlərin itirilməsi deməkdir.
Lakin Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin "Azərbaycan
Respublikasının dövlət
ali təhsil müəssisələrində ödənişli əsaslarla
təhsil alan məcburi köçkünlərin
təhsil xərclərinin
ödənilməsi haqqında"
bu günlərdə imzaladığı Sərəncamla
qeyd olunan problem artıq öz həllini tapmışdır.
Belə ki, Sərəncama əsasən
2011-2012-ci tədris ilindən
etibarən dövlət
ali təhsil müəssisələrinin bakalavriat
və magistratura təhsil səviyyələrinə
yeni qəbul olunmuş və ödənişli əsaslarla
təhsil alan məcburi köçkün
statusu olan Azərbaycan Respublikası
vətəndaşlarının təhsil müddəti ərzində təhsil haqqı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı
ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında
dövlət büdcəsinin
vəsaiti hesabına ödəniləcəkdir. Nəticədə
dövlət ali təhsil müəssisələri
məcburi köçkün
statuslu və ödənişdən azad
olunan tələbələrin
təhsil xərclərinin
ödənilməsi ilə
bağlı ayrılacaq
büdcə vəsaitləri
hesabına ali təhsil müəssisələrinin
maliyyə vəziyyəti
daha da yaxşılaşacaqdır.
Qeyd etməliyik ki, yeni maliyyələşmə
mexanizminin tətbiqi nəticəsində dövlət
ali təhsil müəssisələrinin səlahiyyətlərinin
artırılması, eyni
zamanda onların bu istiqamətdə məsuliyyətlərini də
artırır. Belə
ki, ali məktəblər
son nəticədə təhsildə
keyfiyyətin yüksəldilməsinə
nail olmaq üçün
öncə qeyd etdiyimiz kimi mövcud resurslardan, həmçinin əldə
edilən maliyyə resurslarından daha səmərəli, rasional
şəkildə istifadəni təmin etməlidirlər.Bu
baxımdan ali təhsildə yeni maliyyələşmə mexanizmi
ilə əlaqədar
tətbiq olunan yeniliklər ali təhsil müəssisələrinin
qarşısında mühüm
vəzifələr qoyur.
Şahrza ƏLİYEV
Azərbaycan müəllimi.- 2011.-
16 sentyabr.- S.8-9.