AMEA
İnformasiya Texnologiyaları İnstitutunda informatikanın tədrisinin
aktual problemləri müzakirə edildi
Gənc
nəslin müasir dövrün tələblərinə
uyğun formalaşmasında başlıca rol oynayan təhsil
sistemində modernləşmə strategiyasının həyata
keçirilməsi hər bir sivil dövlətin gələcək
müqəddəratını müəyyən edən
taleyüklü məsələlərdəndir. Təhsildə
qabaqcıl informasiya texnologiyalarının imkanlarından
geniş istifadə etməklə innovativ inkişafa nail
olunması, İKT infrastrukturunun inkişaf etdirilməsi, bu sahədə
yüksək ixtisaslı kadrların yetişdirılməsi,
bir sözlə, innovativ təhsil modelinin qurulması istənilən
ölkə siyasətində prioritet istiqamətlərdəndir.
Bu gün dünyada İKT yönümlü peşəkar
mütəxəssislərin hazırlanması məqsədilə
elmi-tədqiqat institutları və mərkəzlər,
nüfuzlu universitetlər arasında innovativ bilik və təcrübə
mübadiləsinin aparılması, o cümlədən bu
proseslərdə müstəsna rol oynayan informasiya
texnologiyalarının və qlobal şəbəkənin
dinamik inkişafı məsələlərinə xüsusi
diqqət yetirilir.
Çağdaş dövrdə
Avropanın təhsil məkanına inteqrasiya edən Azərbaycanın
təhsil sferasının qarşısında duran ən
başlıca vəzifə təhsildə yeni tədris
mexanizmlərinin işlənməsi, bu sahənin qabaqcıl
texnologiyalar əsasında inkişaf etdirilməsi, keyfiyyətinin
yüksəldilməsi, tədris prosesində yeni elmi-metodiki
nailiyyətlərin tətbiq edilməsidir. Son illər təhsil
sistemində İKT-nin tətbiqinin dünya standartları səviyyəsinə
çatdırılması məsələsi dövlət
siyasətinin əsas istiqamətlərindən birinə
çevrilmişdir. Hazırda bu istiqamətdə görülən
tədbirlər çərçivəsində gənc nəslin
innovativ inkişafında böyük önəm kəsb edən
multimedia xarakterli e-dərsliklərin yaradılması,
informasiya cəmiyyətinin yeni tədris modeli olan distant təhsilin,
fasiləsiz pedaqoji təhsilin tətbiqi istiqamətində işlər
aparılır, əldə edilən biliklərin qiymətləndirilməsi
məqsədlərinə xidmət edən e-test sistemləri tətbiq
edilir. Prezident İlham Əliyev tərəfindən təsdiq
edilmiş "2008-2012-ci illərdə Azərbaycan
Respublikasında təhsil sisteminin
informasiyalaşdırılması üzrə Dövlət
Proqramı" da qeyd olunan məsələlərin səmərəli
və kompleks həllinə yönəlmişdir.
Yeni cəmiyyətin bərqərar
olmasında mühüm şərtlərdən biri
sözügedən məqsədlərin həyata keçirilməsində
böyük önəm kəsb edən informatika fənninin tədrisidir.
Müasir biliklərin əldə
olunması, düşüncə tərzi, informasiya mədəniyyətinin
formalaşması, intellektual səviyyənin və
yaradıcılıq qabiliyyətinin inkişafında
mühüm rol oynayan informatika fənninin tədrisi, dərindən
mənimsənilməsi gənc nəslin yeni cəmiyyətin tələblərinə
müvafiq olaraq formalaşması baxımından mühüm
əhəmiyyət kəsb edir. Məhz bu səbəbdən əksər
dünya ölkələrinin təhsil sistemində
informatikanın ən mühüm və vacib fənlərdən
biri kimi öyrənilməsinə xüsusi diqqət yetirilir.
İnformatikanın tədrisi ilə bağlı müxtəlif
kurs və treninqlər, layihələr həyata keçirilir,
keyfiyyətli tədris mexanizmlərinin işlənməsi,
informatikanın prioritet sahə kimi vüsət alması, bu
sahədə mövcud problemlərlə bağlı silsilə
tədbirlər təşkil edilir.
Yeni dərs ili ərəfəsində AMEA
İnformasiya Texnologiyaları İnstitutunda Bakı və
Sumqayıt şəhərləri orta ümumtəhsil məktəblərinin
informatika fənni üzrə metodist və qabaqcıl müəllimlərinin
iştirakı ilə keçirilən seminar da bu qəbil tədbirlərdən
idi. İnformatikanın tədrisinin elmi əsasları, təhsil
sistemində müasir informasiya texnologiyalarının tətbiqi
məsələlərinə həsr olunmuş tədbirdə
bu sahədə mövcud problemlər, qabaqcıl informasiya
texnologiyalarının inkişaf perspektivləri, yeni informatika
dərslikləri və orta məktəblərdə
informatikanın tədrisi, dünyaya inteqrasiya edən ölkəmizdə
informatika elminin inkişafı istiqamətində görülən
işlər əsas müzakirə mövzularından idi.
Öncə tədbir
iştirakçıları institutun Tədris-İnnovasiya,
Multimedia və Distant Tədris mərkəzləri, AzScienceNet
monitorinq və təhlükəsizlik xidməti, burada
görülən işlər, həyata keçirilən layihələr,
o cümlədən müasir texnologiyalarla təchiz olunmuş
auditoriyalar, interaktiv lövhələrin üstünlükləri
və digər informasiya texnologiyaları ilə yaxından
tanış oldular. İştirakçılara həmçinin
institutun elmi-tədqiqat fəaliyyətinin əsas istiqamətləri,
İT və informasiya cəmiyyətinin aktual problemləri,
İnternetin dinamik inkişafı, yeni şəbəkə
xidmətlərinin yaradılması ilə bağlı
aparılan işlər haqqında ətraflı məlumat
verildi.
Tədbiri giriş sözü ilə
açan AMEA İnformasiya Texnologiyaları İnstitutunun
direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev təhsildə
informatikanın elmi-innovativ problemlərinin müzakirəsinin
seminarın əsas məqsədlərindən olduğunu
bildirdi. İKT biliklərinin cəmiyyətə
inteqrasiyasının günün tələbi olduğunu
vurğulayan alim bu kimi tədbirlərin informatika müəllimlərinin
innovativ biliklər əldə etməsinə xidmət etdiyini
dedi. AMEA İnformasiya Texnologiyaları İnstitutunda milli kadr
hazırlığı siyasətinin uğurla həyata
keçirilməsi istiqamətində məqsədyönlü
işlər aparıldığını bildirən R.Əliquliyev
bu işdə İTİ-nin Tədris-İnnovasiya Mərkəzinin
fəaliyyətini xüsusi qeyd etdi. Professor R.Əliquliyev
institutda innovativ xarakterli layihələrə böyük dəstək
verildiyini bildirərək İTİ-nin beynəlxalq əməkdaşlıq
əlaqələrindən də danışdı. Cənubi
Koreyadan İTİ-yə ezam olunmuş mütəxəssislərlə
birgə həyata keçirilən layihələrdən
söhbət açdı, tədrisin idarə olunması
sistemlərinə dair texnologiyalar haqda təqdimatların
keçirildiyini bildirdi.
İnformatika müəllimləri
üçün yeni İKT bilikləri, proqramlaşdırma,
proqramlaşdırma dilləri ilə bağlı tədrisin
aparılmasının əhəmiyyətindən də
söhbət açan alim ölkədə proqram istehsalı,
milli İKT məhsullarının hazırlanması, proqram
mühəndislərinin yetişdirilməsi məsələlərinə
də toxundu. Bu sahədə görülən işlərin,
ümumiyyətlə proqram sənayesinin inkişaf etdirilməsinin
vacibliyini bildirdi. R.Əliquliyev institutun Tədris-İnnovasiya
Mərkəzində bu sahənin inkişafı məqsədlərinə
xidmət edən "Gənc proqramçılar məktəbi"nin
təşkilinə dair layihənin həyata keçirilməsinin
nəzərdə tutulduğunu söylədi.
İnstitut direktoru İTİ-nin Tədris-İnnovasiya
Mərkəzində informatikanın aktual problemlərinin
müzakirəsi, innovativ mühitin yaradılması və digər
məqsədlərə xidmət edəcək Elmi-Pedaqoji
Şuraya ehtiyac olduğunu da qeyd etdi. Natiq informasiya
texnologiyalarının dinamik inkişafı ilə əlaqədar
olaraq müxtəlif elmi-texniki ədəbiyyat və
lüğətlərdə bu sahə üzrə terminlərin
dəqiq izahının verilməsinin də aktual problemlərdən
saydı. Bu və digər problemlərin həllində daha səmərəli
nəticələrin əldə olunması baxımından Təhsil
Nazirliyi və AMEA-nın birgə tədbirlərinin
keçirilməsinin labüdlüyünü qeyd etdi.
Təhsil Nazirliyinin Təhsilin idarəolunmasının
məlumat sistemləri şöbəsinin müdiri İsmayıl Sadıqov təhsilin
qabaqcıl texnologiyalar əsasında inkişaf etdirilməsi,
tədris prosesində yeni pedaqoji texnologiyaların və
elmi-metodiki nailiyyətlərin tətbiqi, Azərbaycanın təhsil
sisteminin dünyanın təhsil sisteminə inteqrasiyası məqsədlərinin
bu gün təhsil sferasında qarşıya qoyulan ən
başlıca vəzifələrdən olduğunu söylədi.
İ.Sadıqov 2011-ci ildə IV və VII siniflər
üçün Azərbaycan və rus dillərində nəşr
olunmuş informatika dərslikləri haqda məlumat verdi. Dərsliklərdə
əksini tapmış informasiya texnologiyaları, modelləşdirmə,
masaüstü nəşriyyat, alqoritmləşdirmə və
proqramlaşdırma bölmələrindən geniş bəhs
etdi. Dünyanın təhsil sisteminə inteqrasiya edən Azərbaycanda
yüksək biliklərə malik kadrların yetişdirilməsi
üçün peşəkar informatika müəllimlərinin
hazırlanmasının müasir dövrün tələblərindən
olduğunu bildirdi.
İ.Sadıqov qeyd etdi ki, bəziləri,
o cümlədən bəzi
informatika müəllimləri
informatikanın əsasını təşkil edən
alqoritmləşdirmə və proqramlaşdırmanı orta məktəbdə
o qədər də vacib hesab etmir, "informatika"nı
"informasiya texnologiyaları" ilə eyniləşdirirlər:
"Təsadüfi deyil ki, bu fənn bir çox ölkələrdə,
məsələn, Rusiyada "İnformatika və informasiya
texnologiyaları" adlanır".
Gənclərin olimpiadalara
hazırlığı sahəsində görülən
işlərdən də danışan İ.Sadıqov
"Beynəlxalq İnformatika Olimpiadaları"
kitabının hazırlandığını bildirdi:
"Kitabda Beynəlxalq İnformatika Olimpiadalarının
tarixi, Azərbaycan komandasının bu olimpiadalarda
iştirakı, olimpiadaların keçirilmə qaydaları və
s. haqqında materiallar öz əksini tapıb. Kitabda 2
olimpiadanın bütün məsələlərinin şərtləri
ilə yanaşı onların həlli variantları da verilir
ki, bu da gənclərin yüksək səviyyədə
hazırlığı üçün dəyərli mənbədir".
İ.Sadıqov orta məktəbdə
informatikanın tədrisi zamanı əsas problemlərdən
birini bu fənn üzrə nə buraxılış, nə də
qəbul imtahanlarının olmamasında
gördüyünü bildirdi. O qeyd etdi ki, ötən dərs
ilində Təhsil Nazirliyində bu istiqamətdə işlərə
başlanıb, pilot olaraq seçilmiş məktəblərin
9-cu siniflərində informatikadan milli qiymətləndirmə
aparılıb və bu işlər bu dərs ilində də
davam etdiriləcək. Ali məktəblərə, xüsusən
də I ixtisas qrupu üzrə qəbul imtahanlarında
informatika fənninin daxil edilməsi çox vacibdir:
"Riyaziyyat, yaxud kompüter elmləri ixtisasları üzrə
təhsil alacaq tələbələr nə üçün
qəbul zamanı informatikadan deyil, kimyadan imtahan verirlər? Əgər
kimya onların gələcək ixtisası üçün
belə vacibdirsə, niyə ali məktəbdə onlara kimya
heç bir semestrdə tədris olunmur?". Natiq bu vəziyyətdən
çıxış yolunu yeni ixtisas qrupunun
yaradılmasında və həmin qrupda informatikadan
imtahanın zəruri olmasında gördüyünü
bildirdi.
Bakı Dövlət Universitetinin dosenti,
fizika-riyaziyyat elmləri namizədi Ramin Mahmudzadə proqramlaşdırma sahəsində
yeni biliklərin əldə edilməsi sahəsində
mövcud problemlərə toxunaraq informatika müəllimləri
üçün bu sahədə kursların təşkilinin
vacibliyini qeyd etdi. O, xüsusən də Lazarus, Delphi, Turbo
Pascal, Java proqramlaşdırma dillərinin əhəmiyyətini
qeyd edərək, onlardan istifadəyə görə statistik
göstəricilər və s. haqda geniş təqdimatla
çıxış etdi.
R.Mahmudzadə orta məktəblərdə
proqram təminatlarının tətbiqi məsələlərindən
də söhbət açaraq sərbəst (havayı)
yayılan proqramların tətbiqinin məqsədəuyğunluğunu
bildirdi: "İnformatika üzrə yeni mövzular, yeni
proqramların tətbiqinə qərar verilirsə, müəllimlər
də bu sahədə ixtisaslaşmalıdırlar, yeni biliklər
əldə etməlidirlər". O, bu sahədə biliklərin
əldə edilməsində AMEA İnformasiya Texnologiyaları
İnstitutunun Tədris-İnnovasiya Mərkəzinin xidmətlərindən
yararlanmağın məqsədəuyğunluğunu ifadə
etdi. R.Mahmudzadə ayda bir dəfə İTİ-də
informatikanın tədrisinin aktual problemlərinə dair
seminarların keçirilməsinin çox gözəl nəticələr
verə biləcəyini vurğuladı.
BDU-nun dosenti may ayında Los-Ancelesdə məktəblilərin
elmi işlərinin müsabiqəsinin keçirilməsi və
Azərbaycanın həmin müsabiqədə müşahidəçi
kimi iştirak etməsi haqqında məlumat verdi. Gələn
il məktəblilərimizin müsabiqədə 3 layihə ilə
iştirak edə biləcəyini bildirdi.
R.Mahmudzadə müxtəlif proqramlar haqda
maarifləndirmə məqsədi daşıyan videodərsliklərin
Azərbaycan dilində hazırlanması sahəsindəki
problemlərə də toxundu. O,
əsasən də Lazarus, Google SketchUp, Pascal və Logo
üzrə "Ən yaxşı videodərslik"
müsabiqəsinin planlaşdırıldığını
dedi.
"Bakı" nəşriyyatının
baş direktoru, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə
doktoru Zaur İsayev cəmiyyətin
intellektual potensialının formalaşmasında, maariflənməsində,
bilik mübadiləsi və təbliğində mühüm
rol oynayan müxtəlif dərs vəsaitlərinin, kitab və
jurnalların, elektron nəşrlərin əhəmiyyətindən
söhbət açdı. Elmlə təhsilin vəhdətinin
vacibliyini qeyd edərək yüksək səviyyədə
keyfiyətli dərsliklərin hazırlanmasının da az əhəmiyyət
kəsb edən məsələlərdən
olmadığını bildirdi.
Bakı şəhəri 283 nömrəli
orta məktəbin müəllimi Naidə
İsayeva informatika müəllimlərinə metodiki dəstək
məqsədilə hazırlanmış www.informatik.az saytı haqqında məlumat verdi.
İnformatika dərslikləri, test tapşırıqları,
proqramlaşdırma, proqram təminatı, yeni texnologiyalar və
s. ilə bağlı resursda əksini tapmış məlumatların
müəllim və şagirdlər üçün
faydalı informasiya mənbəyi olduğunu bildirdi.
Sonra mövzu ətrafında fikir
mübadiləsi, müzakirələr aparıldı.
İnformatika müəllimləri ölkədə bu fənnin
vüsət alması, informasiya texnologiyaları üzrə
milli kadrların hazırlanması, orta məktəblərdə
təkcə ofis deyil, digər proqramların, o cümlədən
proqramlaşdırmanın da tədris edilməsi və s. məsələlərlə
bağlı təklif və tövsiyələrini bildirdilər.
225 nömrəli orta məktəbin müəllimi
Roza Qasımova praktiki və
nəzəri biliklərin tədrisi, verilən
tapşırıqların həlli, effektiv nəticələrin
əldə edilməsi baxımından yuxarı siniflərdə
informatika dərslərinin saatının
artırılmasının zəruri olduğunu bildirdi.
249 nömrəli məktəbin müəllimi
Sevgüladə Əzizova
informatikanın daim inkişaf edən elmlərdən
olduğunu bildirdi: "Bu baxımdan hər bir müəllim
daim biliklərinin təkmilləşdirilməsi üzərində
çalışmalıdır". S.Əzizova xüsusən
də riyaziyyat təmayüllü siniflərdə
proqramlaşdırmanın ayrıca bir istiqamət kimi
keçilməsini təklif etdi.
23 nömrəli orta məktəbin müəllimi
Abdulla Qəhrəmanov
istedadlı şagirdlərin seçilərək olimpiadalara cəlb
edilməsi məsələlərinə toxundu. Olimpiadalara
peşəkar kadrların hazırlanması üçün
proqramlaşdırma üzrə dərnəklərin
yaradılması təklifini irəli sürdü.
264 nömrəli orta məktəbin müəllimi
Mətanət Əhmədova
olimpiadalara rəqabətə davamlı kadrların
hazırlanmasının müəllimlərin gücü
xaricində olduğunu, buna görə də olimpiadaya
hazırlıqların yüksək səviyyədə
aparılması və mühüm nəticələrin əldə
edilməsi üçün yüksək ixtisaslı, peşəkar
mütəxəssislərin bilik və təcrübəsindən
də yararlanmaq lazım gəldiyini bildirdi.
7 nömrəli məktəbin müəllimi
Gülnarə Səlimova
rayon məktəblərində kadr
hazırlığının möhkəmləndirilməsi məsələlərinə
toxunaraq, informatika müəllimlərinin şəbəkəsinin
yaradılması təşəbbüsü ilə
çıxış etdi. İT profilli universitet, elmi-tədqiqat
institutları ilə orta məktəblər arasında
videokonfransların, onlayn seminarların keçirilməsinin
üstünlüklərindən söhbət açdı.
Fizika-riyaziyyat və informatika təmayüllü
liseyin müəllimi Valid Məhərrəmov
olimpiadaya dair müxtəlif səpgili materialların, sual, məsələ
və tapşırıqların yerləşdirilməsi məqsədilə
müvafiq veb-saytın yaradılması təklifini irəli
sürdü.
26 nömrəli məktəbin müəllimi
Kəbirə Mirzəyeva orta
məktəblərdə müxtəlif qrafik proqramlarda işləmək
üçün yüksək yaddaşa malik kompüterlər ilə təchizat
məsələlərinin vacibliyini qeyd etdi.
Tədbirdə həmçinin orta məktəblərin
şəbəkə ilə yüksək səviyyədə təmini,
şəbəkəyə çıxış
imkanlarının artırılması, informatika üzrə
test tapşırıqlarında sualların yüksək səviyyədə
hazırlanması, olimpiadaya hazırlıq üçün
tapşırıqların Azərbaycan dilinə tərcüməsi
istiqamətində mövcud problemlər və s. məsələlər
də müzakirə edildi.
Sifai SƏFƏROVA
Azərbaycan
müəllimi.- 2011.- 16 sentyabr.- S.10.