Bölgələrdə təhsil
işçilərinin sentyabr
konfransları keçirilib
AĞSU
Sentyabrın 6-da Ağsu şəhər mədəniyyət sarayında təhsil işçilərinin
konfransı keçirildi. İlk öncə konfrans
iştirakçıları ümummilli lider Heydər Əliyevin
abidəsi önünə gül dəstələri qoydular.
Konfransın
işində Təhsil Nazirliyinin
şöbə müdiri Faiq
Şahbazlı, Ağsu Rayon İcra Hakimiyyəti
başçısının müavini Rasim Novruzov və məktəbəqədər,
ümumtəhsil, məktəbdənkənar tərbiyə
müəssisələrinin rəhbərləri iştirak etdilər. Tədbirdə Azərbaycan
Respublikasının Dövlət
himni səsləndi.
Yeni dərs ilinin
başlanması münasibətilə konfrans
iştirakçılarını şəhər körpələr
evi-uşaq bağçasının
fidanları təbrik etdilər.
Plenar iclasda
"2010-2011-ci dərs ilinin yekunları və
yeni dərs ilində qarşıda duran vəzifələr" mövzusunda
Ağsu Rayon Təhsil
Şöbəsinin müdiri Tahir Xasi
çıxış edərək qeyd etdi ki, 2010-2011-ci dərs
ilində Ağsu rayonunda
70 ümumtəhsil məktəbi, o
cümlədən 35 tam orta, 19 ümumi orta, 16 ibtidai məktəb
fəaliyyət göstərmişdir. Ümumtəhsil məktəblərində
9211 nəfər şagirdin təlim-tərbiyəsi
ilə 1173 nəfər pedaqoji işçi məşğul olmuşdur
ki, onların da 729 nəfəri ali,
444 nəfəri isə orta ixtisas təhsillidir. Dərs ili ərzində buraxılış siniflərinin
şagirdləri ilə aparılan məqsədyönlü iş, keçirilən sınaq-yoxlama
imtahanları öz müsbət nəticəsini vermişdir.
2009-cu illə müqayisədə son illər
tam orta təhsil səviyyəsi
üzrə nəticə 20 faizdən çox
yaxşılaşmışdır.
2011-ci
ildə ali məktəblərə qəbul
üçün sənəd vermiş məzunların 68 nəfəri
müsabiqə balından yuxarı bal
toplamış, onların 65 nəfəri tələbə
adını qazanmışdır. Ali məktəbə
qəbul keçən illə müqayisədə çox olsa da, qənaətbəxş
deyil.
2008-2012-ci
illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması
üzrə Dövlət Proqramı"na uyğun
olaraq 57 təhsil işçisi,
o cümlədən keçən dərs
ilində 30 nəfər İKT-nin tətbiqi
üzrə müxtəlif təlim kurslarından keçirilmiş, ümumtəhsil məktəblərinə 300 ədəd
kompüter dəsti, 10 noutbuk,
5 proyektor, 25 printer verilmiş, Azərbaycan Təhsil Şəbəkəsinə
qoşulmuş ümumtəhsil müəssisələrinin
sayı 12-yə çatdırılmışdır.
Məruzəçi
qeyd etdi ki, 2011-2012-ci dərs ili ərəfəsində
ümumtəhsil məktəbləri üçün
102 adda 3463170 nüsxə dərslik çap edilmişdir.
Onların 45 adda 1779750 nüsxəsi yeni fənn proqramları (kurikulumları) ilə
işləyən ibtidai siniflər üçün nəzərdə tutulmuşdur. Bunlardan bölgü üzrə rayona
ayrılmış 51 adda 24414 ədəd
dərslik və dərs vəsaiti gətirilib məktəblərə
paylanmışdır.
Konfransda şəhər 2 nömrəli
orta məktəbin direktoru
A.Kərimli, 5 nömrəli məktəbin təlim-tərbiyə
işləri üzrə direktor müavini Ş.Həsənova, gənc müəllim
F.Ayatova və başqaları
çıxış etdilər.
Konfransın
işində iştirak
edən Təhsil Nazirliyinin şöbə
müdiri Faiq
Şahbazlı rayon təhsil şöbəsinin
illik hesabat məruzəsinə
münasibətini bildirdi. Qeyd
etdi ki, bu gün
hesabat məruzəsində, Təhsil Nazirliyinin və TQDK-nın hesabatlarında da Ağsu rayonu
təhsilin nəticələrinə görə ən geridə
qalan rayonların sırasındadır.
Təhsilin
əsas göstəricilərindən biri ali məktəblərə qəbuldur deyən
Faiq Şahbazlı rayonda 400-dən
çox şagirdin orta məktəbi qurtarmasına baxmayaraq, cəmi 65 nəfərin ali məktəbə qəbul olmasını təəssüf
hissi ilə qeyd etdi.
Bildirildi ki, Ağsu Rayon Təhsil
Şöbəsindən dörd ildə 18
məktəb ilin
"Ən yaxşı ümumtəhsil məktəbi"
müsabiqəsində iştirak edib, ancaq yer
tuta bilməyib. Eyni zamanda "Ən yaxşı müəllim"
müsabiqəsində iştirak edən
müəllimlərdən isə biri müsabiqənin qalibi
olub. Bütün bu məsələlər Ağsu Rayon Təhsil Şöbəsinin hər bir işçisini ciddi düşündürməlidir.
Ağsu Rayon
Təhsil Şöbəsində İKT-nin tətbiqinin, kurikulumlarla, məktəblərin təmiri ilə
əlaqədar görülən işlərdən
danışan Faiq Şahbazlı, həm də bu rayonun bütün ümumtəhsil məktəblərində
dərsliklərlə bağlı heç
bir problemin
olmamasını konfrans
iştirakçılarının
nəzərinə çatdırdı.
VMA-nın respublikada
artıq formalaşmış bir təşkilata
çevrildiyi, Ağsu
məktəblərində də bu sahədə
müəyyən işlər görülməsinin vacibliyi təhsil işçilərinə tövsiyə edildi.
Ağsu Rayon İcra Hakimiyyəti
başçısının müavini Rasim Novruzov tədbirdə rayon təhsil
işçilərinin qarşısında duran
vəzifələrdən danışdı. O, təhsil
işçilərini yeni dərs ilinin başlanması münasibətilə təbrik
etdi və
işlərində uğurlar
arzuladı.
GÖYÇAY
Sentyabrın
7-də Göyçay rayonunda
Heydər Əliyev Mərkəzində təhsil işçilərinin
konfransı keçirildi. Konfransda
Təhsil Nazirliyinin şöbə müdiri Faiq
Şahbazlı, Göyçay Rayon İcra Hakimiyyətinin
başçısı Mənsur Məmmədov, rayon icra hakimiyyətinin
nümayəndələri,
müəllimlər və
bələdiyyə işçiləri iştirak
edirdilər.
İlk öncə ulu öndər Heydər Əliyevin abidəsi
önünə gül dəstəsi qoyuldu. Sonra uzun illər pedaqoji işdə
çalışmış və konfranslararası dövrdə dünyasını dəyişmiş müəllimlərin xatirəsi bir dəqiqəlik
sükutla yad edildi. Azərbaycan
Respublikasının Dövlət himni səsləndi.
Göyçay Rayon
Təhsil Şöbəsinin müdiri Asif Nəbiyev konfransda
"2010-2011 -ci dərs ilinin
yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr" mövzusunda
məruzə ilə
çıxış etdi. Qeyd etdi ki, bu il ümumtəhsil
məktəblərinin 307 məzunu
ali məktəblərə, orta təhsil bazasından 93, əsas təhsil
bazasından 151 nəfər orta ixtisas məktəblərinə qəbul olmuşdur.
Abituriyentlərdən 11 nəfəri 600, 47 nəfəri isə 500 baldan yuxarı nəticə göstərmişdir.
Bildirildi ki, işdə
nöqsanlar
da az deyildir. Hələ
də rayon
təhsilində peşə hazırlığı
aşağı olan kadrlar
vardır. Növbəti dərs ilində bu
sahə ciddi
nəzarətdə saxlanılacaqdır.
Konfransda şəhər 1 nömrəli
orta məktəbin direktoru,
respublikanın əməkdar
müəllimi Tahirə Qurbanova, Qaraman kənd tam orta məktəbinin direktoru
Məlahət İsmayılova, şəhər 3 nömrəli
tam orta məktəbin
tarix müəllimi Nigar
Beydullayeva, Şıxbəy kənd ümumi orta məktəbinin
direktoru
Gülbəniz Maqsudova və
başqaları
çıxış etdilər.
Təhsil
Nazirliyinin şöbə müdiri
Faiq Şahbazlı respublikada təhsil
islahatı ilə əlaqədar Göyçay
təhsil işçilərinin gördüyü
işlərdən danışdı. O, ali
məktəbə qəbulun nəticələrinə görə
Göyçay rayonu məktəblərinin nəticələrini yüksək qiymətləndirdi. Amma Göyçayın müəllimlərinin
ilin "Ən yaxşı ümumtəhsil
məktəbi" və "Ən yaxşı müəllim
" müsabiqələrində
iştirakının indiki formada
olmasından narazı qaldığını söylədi.
F.Şahbazlı dedi ki,
Göyçayın yaxşı məktəbləri,
tanınmış ziyalıları var. Ona görə də
növbəti dəfə Təhsil Nazirliyinin
keçirdiyi müsabiqələrdə
qaliblərin sayı artırılmalıdır.
65
yaşına çatan müəllimlərin
pensiyaya çıxması məsələsinə
toxunan Faiq Şahbazlı burada da bir sıra suallara
aydınlıq gətirdi.
Göyçay RİH-in
başçısı Mənsur Məmmədov konfransda çıxış edərək rayon təhsil
işçilərinin qarşısında duran
vəzifələrdən danışdı.
Sonda təhsil işçiləri
adından Azərbaycan Respublikasının Prezidenti
möhtərəm İlham Əliyevə müraciət qəbul edildi.
Müraciətdə
bildirilirdi ki, bu gün təhsil
işçiləri qarşısında böyük
vəzifələr durur. Ulu
öndərimiz Heydər Əliyev məktəbinə sadiq, vətənpərvər, düşmənə
nifrət etməyi bacaran, biliyi,
əməli və qayəsi ilə əsl azərbaycanlı olan şəxsiyyətlər tərbiyə etmək ən şərəfli vəzifədir.
Biz Sizə söz veririk ki, bütün
qüvvə və bacarığımızı bu istiqamətdə cəmləşdirəcəyik…
AĞDAŞ
Sentyabrın
8-də Ağdaş şəhərindəki
"Səma" şadlıq sarayında rayonun təhsil
işçilərinin
konfransı keçirildi.
Plenar iclasda
"2010 -2011-ci dərs ilinin yekunları və
yeni dərs ilində qarşıda duran vəzifələr" mövzusunda
Ağdaş
Rayon Təhsil Şöbəsinin müdiri Lütvü Paşayev hesabat məruzəsi ilə
çıxış etdi. Dedi ki,
2010-cu ildə ali məktəblərə
qəbul olunmaq üçün
ərizə verən 470 nəfər
abituriyentdən 201 nəfəri, 2011-ci ildə isə ərizə
verən 498 nəfər abituriyentdən 238 nəfəri
respublikamızın və digər xarici
ölkələrin ali məktəblərinə qəbul olunmuşdur. Eləcə də rayonumuzun tam orta məktəblərinin
51 nəfər məzunu 500-dən yuxarı bal
toplamışdır. 2003-cü ildə ali
məktəblərə qəbul zamanı 500-dən yuxarı bal toplayan məzunların
sayı 10 nəfər olmuşdusa, bu rəqəm 2011-ci ildə 51 nəfər təşkil
etmişdir. Beləliklə, son illər 500-dən yuxarı bal
toplayan məzunların 13 nəfəri 600-700 bal intervalında rekord nəticə
göstərə bilmişdir.
Bildirildi ki, 2011-ci ildə ali məktəblərə
qəbul zamanı ən zəif nəticəni Güvəkənd,
Şıxlı, Ərəb, Kotanarx, Ərəbocaq,
Güvə, Kotavan, Qoşaqovaq,
Yuxarı Nemətabad, Eymur kənd tam orta məktəblərinin
məzunları göstəriblər.
Konfransda
şəhər texniki humanitar təmayüllü
internat tipli
gimnaziyanın direktoru Şəhla
Hacıbalayeva, 9 nömrəli məktəbin müəllimi Məhəmməd
Məmmədov və başqaları çıxış
etdilər.
Təhsil
Nazirliyinin şöbə müdiri
Faiq Şahbazlı
çıxışında Ağdaş
təhsilinin
uğurlarını qeyd etdi. Sonra Təhsil Nazirliyinin
bəzi məlumatlarını konfrans
iştirakçılarının nəzərinə
çatdırdı. Qeyd etdi ki,
məktəblərdə fənn
müəllimləri dərs yükünün
azlığından şikayətlənirlər. Bu gün deməliyəm ki, bəzi fənlər
üzrə dərs
saatlarında müəyyən
dəyişikliklər var. O cümlədən, X sinifdə kimya
və biologiya, XI sinifdə fizika və coğrafiya fənlərinin saatları bir saatdan iki
saata qaldırılıb. Ancaq
dərsliklərimiz isə dəyişməyib.
Qeyd edildi ki, 2008-ci ildən
kurikulumun tətbiqinə yeni dərsliklərlə
başlanıb. Çalışırıq ki, bu dərsliklər yüksək keyfiyyətdə olsun.
Bu gün etiraf etməliyik ki,
hazırkı dərsliklərimiz 5 il bundan qabaqkı
dərsliklər deyil. İndiki dərsliklərimiz
həm poliqrafik keyfiyyəti, həm də
məzmunu ilə çox fərqlənir.
Hazırda məktəb kitabxanalarının zənginləşməsi
istiqamətində müəyyən addımlar atılır. Bu il Dünya
Bankı ilə 500 məktəbin
kitabxanalarının zənginləşməsi istiqamətində
170 adda oxu materialları təhsil müəssisələrinə
verilib.
Natiq
çıxışının sonunda konfrans iştirakçılarını
maraqlandıran suallara cavab
verdi və onları yeni
dərs ilinin başlanması münasibətilə
təbrik etdi.
Tədbirdə
iştirak edən Ağdaş
Rayon İH başçısının müavini Aynur Novruzova təhsil
işçilərinin qarşıda duran
vəzifələrindən danışdı.
Sonra
rayon icra hakimiyyəti
tərəfindən 2010 və 2011-ci illərdə ali məktəblərə qəbul olan bir qrup məzuna Fəxri fərman və pul
mükafatları təqdim edildi.
Şakir
CƏFƏROV
Azərbaycan
müəllimi.- 2011.- 16 sentyabr.- S.11.