Küveytin təhsil sistemi
Küveyt dövləti
Ərazisi: 17819 kv.km.
Əhalisi: 3,5 milyon nəfər
Paytaxtı:
Küveyt şəhəri
Dövlət
dili: Ərəb
dili
Pul vahidi: Küveyt
dinarı
Təhsil
sistemi
Cənub-Qərbi
Asiyada yerləşən Küveytdə XX
əsrin əvvəllərində, neft
ehtiyatları kəşf olunmazdan öncə
yalnız Əl-Katatib adlandırılan dini
məktəblərdə təhsil almaq mümkün idi. Belə tədris ocaqlarında təhsil prosesi müqəddəs Qurani-Kərimin
öyrədilməsi, yazı, oxu
bacarıqlarının inkişaf etdirilməsi
və riyazi biliklərin
aşılanması ilə məhdudlaşırdı. Bu məktəblər, əsasən varlı
şəxslər tərəfindən maliyyələşdirilirdi.
İqtisadi
və ictimai şərait təhsilin bundan artıq inkişaf
etdirilməsinə imkan vermirdi. XX əsrin birinci
yarısında Küveytdə bir dənə də olsa,
dövlət məktəbi yox idi. Ticarətin inkişafı,
bununla da iqtisadiyyatın yüksəlişi 1912-ci ildə
Küveytdə ilk dünyəvi yönlü tədris
ocağı olan Əl-Mübarkiyyə məktəbinin
yaranmasına səbəb oldu. 1921-ci ildə isə Əl-Əhmədiyə
məktəbi yarandı. Bu məktəblərdə ingilis dili
kursları da tədris olunurdu.
1936-cı
ildə daha mütəşəkkil təhsil sistemi
formalaşdırmaq üçün Təhsil Şurası
yaradıldı. 1939-cu ildə hökumət təhsili tam
olaraq nəzarətə götürdü və 1945-ci ilə
qədər 17 dövlət məktəbi fəaliyyətə
başladı.
İkinci
dünya müharibəsindən sonra neft sənayesi inkişaf
etdikcə hökumət sosial-ictimai sahələrə
böyük miqdarda investisiya qoymağa başladı. Təhsilin
prioritet sahə kimi qəbul olunması bu sahədə yüksəlişə
zəmin yaratdı. 1962-ci ildə qəbul olunmuş
konstitusiyada təhsil xərclərinin dövlət tərəfindən
təmin olunması və tədris müəssisələrinin
tam olaraq dəstəklənməsi müddəası əksini
tapdı. 1965-ci ildə ilk dəfə olaraq ölkədə
icbari təhsil tətbiq edilməyə başladı. 1967-ci
ildə isə hökumətin yardımı ilə özəl
təhsil müəssisələrinin əsası qoyuldu.
Küveytdə
məktəbəqədər təhsil 1 il, ibtidai təhsil 5
il, əsas təhsil 4 il və orta təhsil 3 il davam edir.
Ölkə vətəndaşlarının 6 yaşdan 14
yaşa qədər ibtidai və əsas təhsil alması
icbari hesab olunur.
Dövlət
təhsilinin bütün pillələri, o cümlədən
ali təhsil pulsuzdur. Küveyt məktəblərində
şagirdlər II sinifdən ingilis dilini öyrənməyə
başlayırlar.
Küveytdə
1145 məktəbəqədər və orta təhsil müəssisəsi
fəaliyyət göstərir. Bunlardan 664-ü dövlət,
481-i isə özəldir. Şagirdlərin (məktəbəqədər-orta
təhsil pilləsi üzrə) üçdə iki hissəsi
dövlət müəssisələrində təhsil
alır. Hazırda Küveyt məktəblərində 591359
şagird təhsil alır ki, bu da ölkənin ümumi əhalisinin
20 faizini təşkil edir.
Küveytin
təhsil müəssisələri statusuna görə
üç yerə bölünür: dövlət, özəl
və keyfiyyətyönümlü təhsil müəssisələri.
Ölkədə məktəblərin əksəriyyəti
dövlət tədris müəssisələridir. Bu məktəblərdə
təhsil ərəb dilində aparılır.
Dövlət
məktəblərində birinci sinifdən başlayaraq
qızlar və oğlanlar ayrı oxusalar da, onlar eyni təhsil
hüququna malikdirlər.
Özəl
təhsil müəssisələri əsasən Küveytdə
öz ailələri ilə yaşayan və bu ölkəyə
işləmək üçün gəlmiş əcnəbilər
üçün təsis olunub. Küveyt hökuməti özəl
məktəblərə yardım məqsədilə hər il
5,6 milyon Küveyt dinarı həcmində vəsait
ayırır.
Dövlət
məktəblərindən fərqli olaraq özəl məktəblərdə
qızlar və oğlanlar birlikdə təhsil alır. Özəl
təhsil sisteminə aşağıda sadalanan məktəb kateqoriyaları
aiddir: özəl ərəb məktəbləri, əcnəbi
özəl məktəblər (Britaniya, Amerika, Hindistan və
s.) və mədəni institutlar (təlim, peşə və
iş sahələri üzrə ixtisaslaşmış müəssisələr).
Keyfiyyətyönümlü
təhsil sistemi dini təhsil, xüsusi təhsil,
yaşlıların təhsili və peşə təhsili
olmaqla 4 yerə bölünür. Dini təhsil əsas və
orta təhsil pillələrini əhatə edir. Küveytdə
81 dini təhsil müəssisəsi fəaliyyət göstərir.
Xüsusi təhsil fiziki qüsuru və təlim çətinlikləri
olan uşaqlar üçün nəzərdə tutulub.
Yaşlıların təhsili isə yaşlı nəslin
savadsızlığının aradan qaldırılmasına
xidmət edir. Peşə təhsilinin əsas məqsədi
ölkə iqtisadiyyatının yerli texniki işçi
qüvvəsinə olan ehtiyacının ödənilməsi,
müxtəlif sahələr üzrə tələb olunan
kadrlar hazırlanması, onların ixtisaslarının
artırılmasından ibarətdir.
2005-ci ilin
statistik məlumatlarına görə, Küveytdə
savadlılıq səviyyəsi 93 faizdən yuxarı olub. YUNESKO-nun
2009-cu il üzrə müəyyənləşdirdiyi insan
inkişafı indeksində Küveyt 31-ci yerdə qərarlaşıb.
Dövlət xərclərinin 13 faizinin təhsilə sərf
olunduğu Küveyt bununla bütün ərəb ölkələri
arasında liderliyi ələ alıb.
Xüsusilə
qeyd edilməlidir ki, Küveyt məktəblərində olduqca
zəngin kitabxanalar fəaliyyət göstərir. Hər bir məktəb
kitabxanasındakı kitabların sayı 230000-3000000
arasında dəyişir. Hökumət hər bir məktəbin
və kitabxananın vahid elektron məlumat şəbəkəsinə
qoşulmasını təmin etmək məqsədilə
"Təhsil şəbəkəsi" layihəsini həyata
keçirir.
Məktəbəqədər təhsil
2005-2006-cı
tədris ilindən yeni sistemin tətbiqi ilə əlaqədar
Küveytdə uşaqlar 2 illik məktəbəqədər təhsilə
cəlb olunurlar. Ölkədə məktəbəqədər
təhsil pulsuzdur. Küveytdə həmçinin əcnəbi
vətəndaşların 4-6 yaşlı uşaqları
üçün nəzərdə tutulmuş çoxsaylı
bağçalar da fəaliyyət göstərir.
Bütün
bu təhsil müəssisələrində uşaqların hərtərəfli
inkişafı üçün hər cür şərait
yaradılıb. Odur ki, məktəbyaşlı
uşaqların valideynləri övladlarının
bağçalara verilməsinə ciddi maraq göstərirlər.
İbtidai təhsil
Küveytdə
ibtidai təhsil 5 yaşdan başlayır və 5 il davam edir.
İbtidai təhsil bütün Küveyt vətəndaşları
üçün pulsuz və icbaridir. 2007-ci ildə
uşaqların 98,5 faizi ibtidai təhsilə cəlb olunub.
Dövlət ibtidai təhsil müəssisələrində
yalnız yerli vətəndaşların övladları və
əcnəbi ərəblər oxuya bilər. Uşaqlar ibtidai
təhsil pilləsində özəl məktəblərdə
də oxumaq imkanına malikdirlər. Özəl məktəblərdə
cinsi ayrı-seçkiliyə yol verilmir, oğlanlarla qızlar
birlikdə təhsil alırlar. Ölkə üzrə
müvafiq yaş qrupundakı uşaqların demək olar ki,
hamısı ibtidai və orta təhsilə cəlb olunub.
Ölkədə
tədris ili sentyabrın ortalarında başlayır və
iyunun ortalarında başa çatır. Tədris həftəsi
şənbə günündən çərşənbə
gününə qədər davam edir.
Əsas və orta təhsil
Küveytdə əsas təhsil pilləsi 4 il davam edir. Qeyd etdiyimiz kimi,
ölkədə əsas təhsil də icbari və dövlət məktəblərində pulsuzdur.
Əsas təhsilini
uğurla başa vurmuş şagirdlər daha sonra 3 il tam orta təhsil ala bilərlər. Ölkə üzrə özəl orta təhsil məktəblərində
oxuyanlar 8-12 faiz təşkil edir. Orta məktəbləri
bitirdikdən sonra şagirdlər müvafiq peşə
ixtisaslarına yiyələnmək üçün peşə
kollecində və ya ali məktəblərdə
təhsillərini davam etdirə bilərlər.
Qeyd olunduğu kimi, Küveytdə məktəblərin
əksəriyyəti dövlət tədris müəssisələridir. Bu məktəblərdə
təhsil ərəb dilində aparılır.
Özəl
təhsil müəssisələri əsasən əcnəbilər
üçün təsis olunub. Dövlət məktəblərindən
fərqli olaraq özəl orta məktəblərdə də
qızlar və oğlanlar birlikdə təhsil alırlar.
Əcnəbi
məktəblər də tədris prosesini ölkədə qəbul
olunmuş fənn kurikulumlarına uyğun şəkildə
qururlar. Nazirlik belə məktəblər
qarşısında ərəb dili, İslam dini, tarix,
coğrafiya və mədəniyyət sahələri üzrə
kurslar təşkil etməyi vacib şərt kimi qoyur.
Əcnəbi
ərəb uşaqları üçün özəl məktəblərə
hökumət tərəfindən daha böyük dəstək
verilir. Belə ki, onlar məktəb tikmək
üçün torpaq sahəsi və pulsuz dərsliklərlə
təmin olunur. Qeyri-ərəb məktəblərinə
də hökumət tərəfindən köməklik
göstərilsə də, bu məktəblərdə müvafiq əcnəbi ölkələrin kurikulumu
əsasında tədris
aparılır.
Küveyt
vətəndaşlarının müəyyən bir hissəsi
öz uşaqlarının özəl məktəblərdə
təhsil almasında maraqlıdır. Çünki özəl məktəblərdə
təhsilin keyfiyyəti dövlət məktəbləri ilə
müqayisədə daha yüksəkdir. Küveytdə
özəl məktəblərin əksəriyyəti xarici
sponsorlar tərəfindən maliyyələşir. Ən nüfuzlu özəl məktəblər
sırasına Bayan İkidilli Məktəbi, Amerika Beynəlxalq
Məktəbi, Amerika-Küveyt Məktəbi və Fransız Məktəbi
daxildir.
Texniki peşə təhsili
Küveytdə,
əsasən XX əsrin ikinci yarısından peşə təhsili
müəssisələrinə ehtiyac yaranıb. Neft ehtiyatlarının
aşkara çıxarılması, neft emalı və
ixracı ilə əlaqədar olaraq tətbiqi təhsilin əsası
qoyulub. XX əsrin 50-ci illərində
dövlət tərəfindən peşə təlimi mərkəzləri
yaradılmağa və neft sənayesinə lazım olan
işçi qüvvəsinin hazırlanması
üçün proqramlar təşkil edilməyə
başlandı. Daha sonra Təhsil Nazirliyi
ixtisaslı kadrlara artmaqda olan ehtiyacın ödənilməsi
üçün çoxsaylı ixtisaslaşmış müəssisələr
təsis etdi. Digər nazirliklər tərəfindən
də müvafiq təlim
mərkəzləri və
institutların əsası
qoyuldu.
Belə
müxtəlif profilli və çoxsaylı müəssisələrin
fəaliyyətinə nəzarət etmək, onların
işini əlaqələndirmək üçün 1972-ci ildə
Texniki və peşə təhsili şöbəsi və Mərkəzi
təlim şöbəsi (müxtəlif nazirliklərin təlim
mərkəzlərinin, eləcə də institutların fəaliyyətini
tənzimləyir) yaradıldı. Sonrakı illərdə bu
qurumlar ləğv edilərək Tətbiqi Təhsil və Təlim
üzrə Dövlət İdarəsi yaradıldı. Küveytdə texniki peşə təhsili bu qurum tərəfindən
həyata keçirilir.
Küveytdə
2 il yarım davam edən peşə təhsilinin
əsas məqsədi ölkə iqtisadiyyatının
inkişafından irəli gələn yerli texniki
işçi qüvvəsinə olan ehtiyacın aradan
qaldırılması, tələb olunan kadrların
hazırlanması, onların ixtisaslarının
artırılması və ölkənin insan resurslarına
olan ehtiyacının ödəməsindən ibarətdir. Maraqlıdır ki, son illərdə qadınların
tələblərinə uyğun olan yeni peşə
proqramlarının tətbiqi ilə əlaqədar müxtəlif
ixtisaslara yiyələnən zərif cins nümayəndələrinin
sayı nəzərəçarpacaq dərəcədə
artıb.
Ali təhsil
Küveytdə
4 dövlət ali təhsil müəssisəsi
fəaliyyət göstərir. Bu sıraya Küveyt
Universiteti, Tətbiqi Təhsil və Təlim üzrə
Dövlət İdarəsi nəzdində Əsas Təhsil
Kolleci, Teatr Sənəti üzrə Ali Təhsil İnstitutu və
Musiqi Sənəti üzrə
Ali Təhsil İnstitutu
daxildir.
Ölkənin
ali təhsil müəssisələri
arasında xüsusi nüfuzu ilə seçilən Küveyt
Universiteti yetişdirdiyi peşəkar mütəxəssislərlə
tanınır. Bu tədris ocağında
yüksək səviyyəli texniki kadrlar hazırlanır,
iqtisadi səmərəliliyi artırmağa xidmət edən
layihələr reallaşdırılır.
Yarandığı vaxt iki
fakültə ilə fəaliyyətə
başlayan Küveyt Universiteti hazırda inkişaf edərək
beynəlxalq səviyyədə tanınmış ali təhsil müəssisələrindən
biridir. Universitetdə incəsənət, təbiət
elmləri, dövlət idarəçiliyi, hüquq, mühəndislik
və neft-qaz, tibb, təhsil, şəriət və islamşünaslıq, ictimai
elmlər, stomatologiya fakültələri fəaliyyət
göstərir.
Bundan əlavə,
ölkədə müxtəlif biznes, dəftərxana işi,
kompüter və dil sahələri üzrə əyani və
qiyabi formada təhsil verən bir neçə
özəl ali
məktəb də fəaliyyət göstərir.
Küveyt ali məktəblərində əcnəbi tələbələr
də oxuya bilərlər. Bir şərtlə
ki, onların qiymətləri
universitetlərin qəbul
tələblərinə uyğun
olsun.
Dövlət
tərəfindən maliyyələşən
yaşlıların təhsili də Tətbiqi Təhsil və
Təlim üzrə Dövlət İdarəsi tərəfindən
təşkil olunur.
Küveyt
dövləti, həmçinin bir neçə ali
dini məktəbə, Musiqi Akademiyasına
və Müəllimlər
İnstitutuna maliyyə
dəstəyi verir.
Ərəb
Açıq Universiteti Küveytin ən böyük özəl
ali təhsil müəssisəsi hesab
olunur. Bütün özəl ali təhsil
müəssisələrində oxuyanların təxminən
yarıdan çoxu Ərəb Açıq Universitetində təhsil
alır. Onu da qeyd edək ki, özəl ali
təhsil müəssisələrində oxuyanların əksər hissəsi yerli vətəndaşlardan ibarətdir.
Bundan əlavə,
Küveytdə Ali Təhsil Nazirliyi tərəfindən fəaliyyətinə
icazə verilmiş bir çox diplomdansonrakı özəl kolleclər
və universitetlər də vardır. Körfəz Elmlər və
Texnologiya Universiteti, Küveyt Avstraliya Kolleci, Küveyt Amerika
Universiteti, Körfəz Amerika Universiteti belə təhsil
müəssisələrindəndir.
Elmi tədqiqatlar
Küveytin
inkişafında elm və texnologiyanın son nailiyyətlərinin
tətbiqi, elmi tədqiqatların nəticələrinə
qoyulmuş investisiyalar mühüm rol oynayıb. Bütün bunlar cəmiyyətin
ümumi səviyyəsinin yüksəlməsinə,
xüsusilə də gənclər üçün yeni
imkanların yaradılmasına və onların
potensialının genişləndirilməsinə səbəb
olub. Ölkənin elm və texnologiya
strategiyasının əsas inkişaf prinsipini dünyanın
qabaqcıl təcrübəsindən uğurlu şəkildə
yararlanmaq, inkişaf etmiş cəmiyyətin təşəkkülündə
müasir elmi metodlardan istifadə təşkil edir.
Küveytdə
bir sıra ixtisaslaşmış elmi qurumlar fəaliyyət
göstərir. Onlar ölkənin elmi inkişaf istiqamətlərini
müəyyənləşdirir və elmi tədqiqatlara verdikləri
töhfələrə görə kifayət qədər
tanınırlar. Bu sıraya Küveyt Elmin
İnkişafı Fondu, Küveyt Elmi Tədqiqat İnstitutu və Elm Klubunu aid etmək olar.
Küveyt
Elmi Tədqiqat İnstitutu elm və texnoloji tədqiqatlar, məsləhətləşmələr,
elmin iqtisadi və ictimai inkişafa tətbiqi sahəsində
mühüm rola malikdir. 1967-ci ildə təsis olunmuş Küveyt Elmi Tədqiqat
İnstitutu müstəqil fəaliyyət göstərən
hökumət qurumudur. Bu qurumun həyata
keçirdiyi proqramlar, layihələr müsbət nəticələr
verir və bir çox sahələrdə uğurla tətbiq
olunur. Küveyt Elmi Tədqiqat İnstitutu
yeyinti sənayesi, kənd təsərrüfatı, kimya,
energetika sahələrində bir sıra uğurlu
layihələrə imza
atır.
Küveyt
Elmin İnkişafı Fondu müvafiq sahədə Küveytin
ən məşhur təşkilatlarından biri hesab edilir. Bu fondun təsis
olunmasının təşəbbüskarı Əmir Şeyx
Jaber Əl-Əhməd Əl-Sabah olub. Fonda
Küveyt əmiri sədrlik edir. Küveyt
Elmin İnkişafı Fondu müxtəlif elmi qurumların həyata
keçirdiyi elmi tədqiqat layihələrinin maliyyələşməsində
mühüm rol oynayır. Fond tərəfindən
elmi tədqiqatların inkişafı üzrə Küveyt
Mükafatı, Müəlliflər və Tərcüməçilər
Mükafatı, Ali məktəbi fərqlənmə ilə bitirən tələbələrin stimullaşdırılması
mükafatı təsis
olunub.
Elm Klubu
elmli, savadlı və tədqiqatyönümlü gənc nəslin
formalaşmasında aparıcı rola malikdir. Bu qurum gənclərin gələcəyin
alimlərinə çevrilməsi üçün stimul verir.
Elm Klubu gənc alimlərin astronomiya elmi sahəsində
hazırlanmasına böyük töhfələr verən rəsədxanaya
malikdir. Elm Klubu Küveyt Elmin
İnkişafı Fondu və Küveyt Elmi Tədqiqat
İnstitutu tərəfindən maliyyələşdirilir.
Təhsilin idarə olunması
Küveytdə təhsilin idarə olumasında iki nazirlik iştirak
edir. Təhsil Nazirliyi və Ali Təhsil Nazirliyi vahid strategiya əsasında ölkə
təhsilinin inkişafı
üçün həyata
keçirilən tədbirlərin
uğurla nəticələnməsi
üçün cavabdehlik
daşıyırlar.
1962-ci ildə yaradılmış
Təhsil Nazirliyi Küveytin ən böyük dövlət qurumlarından biridir. Təhsil Nazirliyi məktəbəqədər,
ibtidai, əsas və orta təhsil
pillələrinin idarə
olunmasını yerinə
yetirir.
Məlumdur ki, ali təhsilin inkişafı hər bir müasir cəmiyyət üçün
mühüm əhəmiyyət
kəsb edir. 1988-ci ildə yaradılmış
Ali Təhsil Nazirliyi ölkədə tətbiqi
və universitet təhsili, elmi tədqiqat ilə bağlı məsələlərə,
bu sahələri inkişaf etdirməyə məsuldur. Ali Təhsil
Nazirliyi, həmçinin
ali təhsili
tətbiqi təhsil və universitet təhsili istiqamətləri
üzrə inkişaf
etdirmək üçün
strategiya və planları müəyyənləşdirir,
işçi qüvvəsinin
hazırlanması üçün
plan və proqramlara nəzarət edir, müxtəlif ali təhsil müəssisələri
və onların qurumlarının arasında
elmi tədqiqat fəaliyyətini əlaqələndirir.
Ali Təhsil Nazirliyi kolleclər və ali təhsil
müəssisələrində həyata keçirilən
elmi tədqiqatların
qeydiyyatını aparır
və onlardan səmərəli istifadə
olunmasının üsullarını
araşdırır. Ali Təhsil
Nazirliyinin ABŞ, Böyük
Britaniya, Fransa, Rusiya, Səudiyyə Ərəbistanı, Avstraliya,
Birləşmiş Ərəb
Əmirliklərində və
başqa ölkələrdə
nümayəndəlikləri fəaliyyət göstərir.
Bu nümayəndəliklər
həmin ölkələrdə
oxuyan küveytli tələbələrin təhsilinə
nəzarət edilməsində
mühüm rola malikdir.
Bəşarət MƏMMƏDOV,
Ramil HÜSEYNOV
Yazının hazırlanmasında
Küveytin Təhsil və Ali Təhsil nazirliklərinin rəsmi
materiallarından istifadə olunub.
Azərbaycan müəllimi.- 2011.- 16
sentyabr.- S.12-13.