Folklorşünaslıq
salnaməmizin canlı bələdçisi
Paşa Şərif
oğlu Əfəndiyev 1928-ci ildə Qax rayonunun İlisu
kəndində dünyaya göz
açıb. Müəllim ailəsində doğulmuş Paşa Əfəndiyevdə
uşaq yaşlarından mütaliəyə
böyük maraq olub. Əməkdar müəllim Şərif Əfəndiyevin
kitabxanasındakı "Atalar sözləri",
"Aşıqlar", "Koroğlu",
"Nizami əsərlərinin el variantları"nı həvəslə oxuyan gənc filologiyaya meyilli olub.
Azərbaycan
Pedaqoji İnstitutunun
(indiki ADPU) dil-ədəbiyyat fakültəsinə
daxil olub. O dövrün qüdrətli müəllimlərindən
dil, ədəbiyyat və tarixE
elmləri üzrə dərs alıb. Ali
məktəbi bitirən gənc müəllim fakültə elmi şurasının qərarı ilə aspiranturada saxlanılıb. Professor
Mikayıl Rəfilinin rəhbərliyi altında "Koroğlu" Azərbaycan xalqının qəhrəmanlıq
dastanıdır" adlı dissertasiya
üzərində araşdırmalar aparıb.
Dissertasiya işi
tamamlanıb müdafiəyə buraxılıb, lakin bədxahlar tapılıb. Onun
tədqiqatı rəy üçün akademiyaya göndərilib. Və heç yerdə çalışmayan gənc
həm maddi, həm də mənəvi
çətinliklərə dözməli olub.
Az sonra hər şey yoluna düşüb. Respublika
mətbuatında məqalələrlə
çıxış edən Paşa
Şərif oğlu tezliklə ali məktəb müəllimi kimi
tanınıb.
Paşa Əfəndiyev
1962-1966-cı illərdə Azərbaycan Pedaqoji
İnstitutu Filologiya
fakültəsinin qiyabi şöbəsinin
dekanı olub. 1981-1982-ci illərdə həmin
fakültənin əyani şöbəsinin dekanı kimi çalışıb. 1983-cü ildən
1988-ci ilə kimi Azərbaycan ədəbiyyatı
tarixi kafedrasının müdiri
kimi fəaliyyət göstərib. 2007-ci
ildə
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 80 illiyi
münasibətilə ona əməkdar elm xadimi fəxri adı verilib.
İlk tanışlıq
1966-cı
ilin sentyabr
ayının əvvəlləri idi. Hələ
bir-birinə əməlli-başlı isinişməmiş I kurs tələbələri auditoriyaya
hər təzə gələn müəllimə bir özgə maraqla
baxır, onun haqqında nəsə bir şey öyrənmək
istəyirdilər. "Azərbaycan şifahi
xalq ədəbiyyatı" kursundan mühazirə deyən müəllim
haqqında bunu öyrəndik ki, dosentdir, Qax rayonunun İlisu
kəndindəndir. Orta boylu, arıq bədənli,
sarışın müəllim bizə bir
az qaraqabaq təsiri
bağışladı. Amma ilk dərsindən hamımızı
ovsunladı. Hələ uşaq ikən
babalarımızdan eşitdiklərimizi, nənələrimizin
danışdıqları nağıl və əfsanələri,
atalar sözləri və bayatıları
açıqlayan mühazirələr o qədər şirin, o qədər maraqlı olurdu
kiE Mühazirə və seminarlarda
ana laylalarının ülviyyətinə
bələnir, nağıllı uşaqlıq illərinə dönür, babaların düzümünün,
nənələrin yozumunun sirrinə yiyələnirdik.
Beləcə
dörd ay gəlib keçdi. Birinci semestrdə verdiyimiz zaçotlardan
biri "Azərbaycan folkloru"ndan oldu. İllər ötüb
keçdi. Ali məktəbi bitirdik. Hərəmiz taleyin hökmü ilə bir yerdə
işə başladıq.
Mənim taleyim elə
gətirdi ki, Paşa Əfəndiyevlə
"Azərbaycan müəllimi" qəzeti redaksiyasında
görüşdük. Orta məktəbdə
bir il müəllim kimi işlədikdən
sonra ordu sıralarında qulluq edib qayıtmışdım. Redaktor Şahin Səfərov məni redaksiyaya işə
götürmüşdü. Bir gün
Paşa müəllimi redaksiyada gördüm. Görkəmli maarifçilərimizin
folklorşünaslıq fəaliyyəti ilə bağlı məsələləri
açıqlayan dəyərli məqalələr gətirmişdi.
E İllər ötdü, folklorla bağlı namizədlik
dissertasiyamı oxuyub ona rəy verənlərdən, çətin
günlərimdə bədxahlarıma qarşı möhkəm
olmağı tövsiyə edənlərdən biri oldu
Paşa müəllim.
Folklorşünaslığımızın
müdrik ozanı
Paşa
müəllimin xoşbəxtliyi ondadır ki, həyatını
Azərbaycan folklorunun tədqiqi, tədrisi və toplanılması
kimi bir fəaliyyətə həsr edib.
"Folklor
yaddaşdır. Etnos bütün tarixi ilə folklorda ilk növbədə
yaddaşlaşır. Folklorun ilkin
funksiyası da məhz yaddaşla bağlıdır. O,
yaddaş olaraq yaranmış və bütün inkişaf
tarixi boyu bu funksiyasından məhrum olmamışdır.
Folklorla hər hansı ünsiyyətdə olmaq milli mənəvi
yaddaşla, qan-gen yaddaşı ilə təmasa girmək deməkdir.
Bu təmas insanı, ilk növbədə,
doğma olanla üzləşdirir. Ona
görə də folklorla təmas insan üçün
şirin, hərarətli, məhrəm olur. Və elə bu, fikrimizcə, folklorla ünsiyyətdən
doymazlığın, qopa bilməməyin əsasında durur.
Folklorşünas alimlərin çoxunun elm aləminə
gəlişi məhz bu cür baş vermişdir" -
"Yaddaş və şəxsiyyət" kitabından
alınmış bu sətirləri şərhə
ehtiyac yoxdur.
Paşa
Əfəndiyevin xalq ədəbiyyatı sahəsində ilk tədqiqatı
milli qəhrəmanlıq
məktəbimiz olan
"Koroğlu" ilə
bağlıdır.
O,
"Koroğlu" dastanını təhlil müstəvisinə
gətirməklə Azərbaycan xalqının qəhrəmanlıq
tarixinin eposda ifadəsinin təsbitini nəzərdə tuturdu.
Tədqiqatçı
araşdırmalarını "Koroğlu"nun mətni,
onun nəşri və öyrənilməsi; Eposun tarixi və
ictimai əsasları; "Koroğlu"da vətənpərvərlik
ideyaları; "Koroğlu"nun dili, üslubu və mənası - fəsillərində
ümumiləşdirmişdir.
"Koroğlu"nu
bir mətn-janr olaraq epopeya kimi dəyərləndirən P.Əfəndiyevin
əsərinin opponentlərindən biri olmuş M.H.Təhmasib
dissertasiyanın müsbət tərəflərini qeyd etməklə
iradlarını bildirmiş, xüsusən elmi-tədqiqat
işinin dilinin aydın və səlis olduğunu göstərməklə
yazmışdı: Ümumiyyətlə, əsər görkəmli
bir axtarış, inadlı bir tədqiqat məhsuludur. EBu sahədə atılmış
ilk addım, yazılmış
ilk əsərdir.
Pedaqoq-alim
60-cı illərin ortalarından
başlayaraq folklorşünaslıq
tariximizi araşdırıb.
"Azərbaycan
folklorşünaslığı tarixi" doktorluq
dissertasiyasının "Folklor və klassik Azərbaycan
poeziyası" və "Xalq yaradıcılığı
nümunələrinin ilk qeydə alınmaları"
bölmələri "Qədim və orta əsrlərdə
Azərbaycan folkloruna maraq" fəslini təşkil edir.
Əsasən
arxiv materialları əsasında yazılmış "XXI əsrdə
Azərbaycan folklorşünaslığı" adlı
ikinci fəsil rus mətbuatında təqdim olunmuş milli
folklor nümunələrimiz əsasında
yazılmış, ayrı-ayrı folklor toplayıcılarının işi
təsvir və təhlil olunmuşdur.
"Azərbaycan
folklorşünaslığı XX əsrin əvvəllərində"
adlanan üçüncü fəsildə xalq ədəbiyyatımızın
toplanılması, nəşri və öyrənilməsi
məsələləri ciddi
tədqiq olunmuşdur.
"Xalq
yaradıcılığı haqqında Azərbaycan sovet
elminin təşəkkülü" adlanan
dördüncü fəsil, eləcə də sonrakı fəsillər
- "Azərbaycan folklorşünaslığı 30-40-cı
illərdə", "Azərbaycan
folklorşünaslığı 1950-1960-cı illərdə"
"gərgin alim hünəri"nin nəticələridir,
"arxivlərdə keçmiş ömürdür,
şifahi yaddaşın elmi kodla inikasının tarixi kontekstdə ümumiləşdirilməsi
və dəyərləndirilməsi"dir.
Rəsmi
opponentlər - akademik H.Araslı, professor K.Məmmədov,
professor X.Əlimirzəyev əsərin
aktuallığını və əhəmiyyətini, yeni
faktlarla zənginliyini, çoxillik tədqiqatın səmərəli
və faydalı nəticəsi olduğunu xüsusi
vurğulamışlar.
***
Dünya
miqyaslı müvafiq tədqiqatlardan çıxarılan nəticə
budur: folklor bədii yaradıcılığın müxtəlif
sahələri üçün mənbə olmuşdur, qaynaq
rolunu oynayır, indi də mədəniyyət və incəsənətin daimi komponenti kimi mühüm yer tutur.
Azərbaycan
ədəbiyyatında folklorizmin klassik nümunələri
Nizami, Nəsimi, Füzuli kimi sənət korifeylərinin
adı ilə bağlıdır. XX əsr Azərbaycan ədəbiyyatı
folklorizminin özül daşını qoyanlar
sırasında Cəfər Cabbarlı, Səməd Vurğun yaradıcılığı xüsusi
yer tutur.
Cəfər
Cabbarlı zəngin ədəbi və musiqi folklorumuzdan
sistemli şəkildə istifadə edən sənətkar
olmuşdur. İndiyə qədər böyük ədibin
yaradıcılığındakı bu və ya digər ədəbi-bədii
məsələlər ayrıca tədqiqat obyektinə
çevrilmiş, lakin onun irsinin folklorla
bağlılığı geniş
araşdırılmamışdı. Professor
Paşa Əfəndiyevin "Yazıçı" nəşriyyatı
tərəfindən 1985-ci ildə çapdan
buraxılmış "Cəfər Cabbarlı və xalq
yaradıcılığı" kitabı
bu baxımdan faydalı və dəyərli əsərdir.
Cəfər
Cabbarlı əsərlərində atalar sözləri və
məsəllərdən, əfsanə və
nağıllardan, dastanlardan, mahnılardan istifadə
etmişdir. Cəfər Cabbarlının istifadə etdiyi atalar
sözləri və məsəllər obrazın mənəvi-əxlaqi
sifətlərini üzə çıxaran vasitələrdirsə,
mahnı hiss və emosiyaların
daşıyıcısıdır. Dastan və
ya əfsanə böyük ədibi narahat edən
köklü məsələlərin bədii-estetik həllinə
imkan verən qiymətli ədəbi materialdır. Beləliklə, böyük sənətkarın
istifadə etdiyi folklor incisinin hər birinin öz bədii-estetik
funksiyası vardır. Kitabda bu məsələlər
ilk dəfə olaraq geniş şəkildə
araşdırılmışdır.
Cəfər
Cabbarlının folklor barədə fikirləri onun ədəbi-estetik
dünyasının ayrılmaz hissəsidir. Professor P.Əfəndiyev
haqlı olaraq qeyd edir ki, ədibin
yaradıcılığının xəlqi əsasını,
milli və beynəlmiləl qütblərini
aydınlaşdırmaqda bu məsələlərin - folklora dair fikirlərin
tədqiqi xüsusilə
vacibdir.
Kitabda
Cabbarlının "Xalq ədəbiyyatı
toplaşdırılmalıdır" məqaləsi (həmin
məqalə Paşa Əfəndiyev tərəfindən
aşkara çıxarılıb oxuculara
çatdırılmışdır) və digər
yazıları əsasında onun folklora münasibəti
araşdırılmışdır. Bu hissədə
böyük sənətkarın xalq ədəbiyyatı,
aşıq yaradıcılığı, xalq oyun və
tamaşalarına (həm də dünya xalqlarının
müvafiq folklor janrlarına aid fikirləri də nəzərə
alınmaqla) dair fikir, mülahizə və tezis-qeydlərı
müasir ədəbiyyatşünaslıq tələbləri
baxımından dəqiq və səbrlə təhlil
edilmişdir.
Böyük
sənətkara məhəbbətdən yaranan, çoxillik
axtarışların məhsulu olan əsər orta məktəb
müəllimləri, tələbələr, sənətkarlar,
nəhayət tədqiqatçılar üçün dəyərli
vəsaitdir. Dünya və Azərbaycan
folklorşünaslığının nailiyyətlərinə
əsaslanmaqla hazırlanmış kitab
cabbarşünaslığa layiqli töhfədir.
***
İlk
qələm təcrübəsindən ömrünün sonuna
qədər folklordan özünəməxsus şəkildə
istifadə etmiş S.Vurğun yaradıcılığı ədəbiyyatşünaslıq
və folklorşünaslıqda aktual problemlərdən biri
kimi araşdırılan folklor və yazılı ədəbiyyat
mövzusu üçün obyektdir. Doğrudur, bu problemlə
bağlı Cəlal Abdullayev, Vaqif Vəliyev, Bəxtiyar
Vahabzadə və başqa müəlliflər tədqiqat,
monoqrafiya və məqalələrində söhbət
açmışlar. Professor Paşa Əfəndiyev bu
mövzunu geniş miqyasda araşdırmağı
qarşısına məqsəd qoymuş,
"Yazıçı" nəşriyyatında 7 çap vərəqi həcmində
dəyərli bir monoqrafiya çap etdirmişdir.
Paşa
Əfəndiyev Səməd Vurğunun publisistikasını dərindən
öyrənmiş, şairin elmi, elmi-publisistik məqalələrindəki
folklorla, onun janrları və ya poetikası ilə
bağlı məsələləri aşkarlayaraq təhlilini
vermişdir.
Monoqrafiyanın birinci fəslində məhz həmin məsələlərə
geniş yer ayrılmış, Səməd Vurğunun xalq ədəbiyyatı
barədə
fikirləri şərh və təqdim
olunmuşdur. Səməd Vurğunun
"Koroğlu" operası, "Koroğlu" dastanı,
ayrı-ayrı aşıqlar haqqında elmi-nəzəri əhəmiyyəti
olan fikirləri verilmiş, onun ümumiyyətlə xalq yaradıcılığı sahələrinə
münasibəti açıqlanmışdır.
Kitabın
ikinci fəsli Səməd Vurğun ədəbi irsinin
qaynaqlarını aşkarlamaq, xalqın dərin və zəngin
sənəti olan aşıq yaradıcılığından
bəhrələnməsinin yolları, poetik məqamları, bədii-estetik
əhəmiyyəti təsvir edilmişdir.
Professor Paşa Əfəndiyev sənətkar
və xalq yaradıcılığı məsələsinə
toxunaraq yazmışdır: "O sənətkarlar öz
yaradıcılığı ilə dünya mədəniyyəti
xəzinəsini zənginləşdirmişdir ki, onlar ilk
növbədə mənsub olduğu xalqın həyatını,
mənəviyyatını, ideyalarını yüksək
poetik şəkildə ifadə etmişlər. Deməli, milli
olmayan, yaradıcılığının bütün telləri
ilə öz xalqına bağlanmayan sənətkar heç
bir zaman xəlqi ola bilməz".
Kitabın zəngin faktlara istinadən
yazılmış fəsillərindən biri "Mahnı
qanadlarında" adlanır. Şairin zəngin xəlqiliyi
ilə seçilən
lirik əsərləri
mahnılara çevrilib
kütləviləşdirilmişdir.
Paşa
Əfəndiyev kitabın beşinci fəslində Səməd
Vurğunun xalqın hikmət xəzinəsi sayılan atalar sözləri
və məsəllərdən istifadə faktlarından
söhbət açmışdır. O, kitabın sonunda yazır: Səməd
Vurğun yaradıcılığının Azərbaycan
folklor ənənələri ilə
bağlılığı, şairin xalq hikməti
qaynaqlarından bəhrələnməsi gərgin əmək,
ciddi axtarışlar tələb edən geniş və zəngin
bir mövzudur. Biz bu qeydlərimizi həmin yolda
atılan ilk addım kimi qiymətləndirir və ümid
edirik ki, folklorşünaslarımız, ədəbiyyatşünas
alimlərimiz daha irəli gedərək yeni-yeni əsərlər yaradacaqlar.
Milli mədəniyyətin
bilicisi, onun kulturoloji dəyərlərinin qiymətləndiricisi,
böyük və müdrik Səməd Mustafa oğlu Vəkilov
P.Əfəndiyevin yaradıcılığına münasibətdə
demişdir: "Şifahi xalq ədəbiyyatının tarixi
Azərbaycan insanının sosial-mədəni, mənəvi-idraki
təkamülünün inkişaf tendensiyalarını
öyrənmək baxımından əvəzsiz dəyər
daşıyır. Həmin inkişaf təkamülünü
elmi şəkildə inikas etmək baxımından professor
Paşa Əfəndiyevin "folklorşünaslıq
tarixi" mövzusunda yaradıcılığı hələlik
əvəzsiz qaynaqdır".
Şifahi xalq ədəbiyyatının tədrisi
sahəsində xidmətləri
Professor
Paşa Əfəndiyev folklorun tədrisi istiqamətində də
əməyi olan alimlərdəndir. Azərbaycan şifahi xalq ədəbiyyatından
mühazirələr kursunun yaradılması, bu kursun tədris
proqramının yaradılması (üç dəfə təkmilləşdirərək
çap etdirmişdir)
onun bu sahədə
gördüyü işlərdəndir.
Paşa Şərif
oğlu "Azərbaycan
folklorşünaslığı" mövzusunda ixtisas kursu
oxumuş, respublikada şifahi xalq ədəbiyyatından ali məktəb
üçün dərsliyi ilk dəfə P.Əfəndiyev
dosent İmran Babayevlə birlikdə 1970-ci ildə nəşr
etdirmişdir.
"Azərbaycan şifahi xalq ədəbiyyatı"
dərsliyinin 1970-ci il nəşrinin 39 səhifəsi
İ.Babayevə, 227 səhifəsi P.Əfəndiyevə məxsusdur.
Sonralar Paşa müəllim dərslik
üzərində yenidən, köklü şəkildə təkmilləşdirmə
apararaq "Azərbaycan şifahi xalq ədəbiyyatı"nı 1981-ci ildə nəşr etdirmişdir. 403 səhifəlik bu əsərin nəşri o
vaxtlar Azərbaycan SSR Ali və orta ixtisas təhsili naziri
olmuş Qurban Əliyevin qayğısı ilə
reallaşmışdı.
Sonralar - 1992-ci ildə
"Maarif" nəşriyyatında buraxılmış
üçüncü nəşr artıq kitabxanalarda nadir
nüsxələrə çevrilib.
Professor
Paşa Əfəndiyevin
şifahi xalq ədəbiyyatı
sahəsində fəaliyyəti namizədlik və doktorluq
dissertasiyaları ilə, yaxud Molla Cümə irsini toplamaqla məhdudlaşmır.
Paşa müəllimin 2000-ci
illərin əvvəllərində
çap etdirdiyi "Azərbaycan
folklorşünaslığının problemləri"
adlı iki irihəcmli məqalələr toplusu onun
çoxillik elmi araşdırmalarının nəticələri
olaraq yazılmış dəyərli qələm məhsullarıdır.
Filologiya fakültəsinin tələbələri üçün
nəzərdə tutulmuş bu dərs vəsaitləri əslində
xalq yaradıcılığı məsələləri ilə
məşğul olanlar üçün faydalı ədəbiyyatlardandır.
2004-cü
ildə buraxılmış
ikinci kitabın
ümumi həcmi 395 səhifədir. Topluda "Koroğlu" dastanı,
C.Cabbarlı, S.Vurğun, "Molla Nəsrəddin lətifələri",
"Novruz bayramı", xalq poeziyası ənənələri,
Molla Cümə, Aşıq Rəfi və b. haqqında məqalələr
verilmişdir. Müəllif bu kitaba həmçinin
ayrı-ayrı folklorşünas alimlərin kitabları
haqqında məqalələrini, dissertasiyaları barədə
rəyləri də daxil etmişdir.
Kitabın sonrakı səhifələrində alim
dissertasiyalarının yazılması, ixtisaslaşmış
müdafiə şuralarında iştirakı, institutdakı tədbirlər
haqqında yazıb.
Bu gün Azərbaycan efir məkanında ən
uzunömürlü xalq yaradıcılığı
verilişi olan "Bulaq" haqqında qələm məhsulu
tarixilik baxımından dəyərli bir materiallardır.
"Azərbaycan folklorşünaslığı
(1920-ci ilə qədər)", "Azərbaycan
folklorşünaslığı (1930-40-cı illər)",
"Azərbaycan folklorşünaslığı
(1940-60-cı illər)", "Azərbaycan
folklorşünaslığı (müntəxəbat)" ali
məktəb tələbələrinin, magistr və doktorantların
sıx-sıx istifadə etdikləri mənbələrdəndir.
Filologiya fakültəsinin tələbələri üçün
buraxılmış "Dastan
yaradıcılığı" (1990) kitabında
folklorşünas alim qədim türk dastanlarından bəhs
etmiş, "Bilqamıs", "Alp ər Tonqa",
"Şu", "Göytürk", "Ərgənəqon",
"Oğuz xaqan", "Manas", "Kitabi-Dədə
Qorqud", "Koroğlu" dastanlarından epik silsilə
şəklində bəhs etmişdir.
Mütəxəssislərin də qeyd
etdiyi kimi, Paşa Əfəndiyevin eposşünaslıq sahəsində
fəaliyyəti milli elmimiz üçün çox dəyərli hadisədir.
"63 il institut divarları
arasında" adlı
avtobioqrafik oçerklər
toplusu (Bakı, 2009,
285 s.) 83 yaşlı alim-müəllimin
bir növ həyat salnaməsidir. 2002-2007-ci illər
arasında qələmə
alınmış bu avtobioqrafik əsər 14 bölmədən ibarətdir.
"Müqəddimə əvəzi"
adlanan hissə Paşa müəllimin yetirməsi, filologiya elmləri doktoru Mahmud Allahmanlının elmi rəhbərinin həyat yolu, yaradıcılığı
haqqında düşüncə
və duyumlarının
publisistik ifadəsidir.
Sonrakı bölmələrdə
əməkdar elm xadimi
P.Əfəndiyev doğma
İlisu kəndi, onun təbiəti, tarixi, adət-ənənələri,
mədəni mühiti
haqqında söhbət
açıb. Tələbəlik illəri xatirə
yarpaqlarına çevrilib, müəllimləri hörmətlə
yad edilib. Öz aspirantura dövrünü təsvir edən
müəllif məqalə və kitablarının yaranma
tarixçələrinə nəzər salır, dekan və
kafedra müdiri işlədiyi dövrlərin salnaməsinə
üz tutur.
"P.Əfəndiyev
tələbələrinin və respublika ictimaiyyətinin təsəvvüründə,
ilk növbədə, folklorşünaslıq tarixinin
yaradıcısı, Azərbaycan folklor salnaməsinin müəllifidir.
Onun adı milli yaddaş salnaməmizlə qırılmaz
şəkildə bağlıdır".
Şamxəlil MƏMMƏDOV
Azərbaycan müəllimi.- 2011.- 16
sentyabr.- S.15.