Nottingem Universiteti
Yerləşir:
Böyük Britaniya, İngiltərə, Nottingem şəhəri
Yaranma tarixi: 1798-ci il
Tipi: Dövlət
İşçi heyəti:
7828 nəfər
Tələbələrin ümumi
sayı:
40829 nəfər
İllik gəlirləri: 510600000 funt-sterlinq
İllik xərcləri:
474600000 funt-sterlinq
Rəsmi saytı:
www.nottingham.ac.uk
Nottingem Universiteti (University of Nottingham) İngiltərənin
Nottingem şəhərində yerləşir və
Böyük Britaniyanın ən nüfuzlu təhsil
ocaqlarından biridir.
Böyük
Britaniyanın "Times Higher Education Supplement - QS World
Universities Rankings" jurnalının 2009-cu ildə
apardığı dünya universitetlərinin reytinqinə əsasən,
Nottingem Universiteti 100 ən yaxşı ali
məktəb arasında 91-ci yerdə olub. "Times Higher
Education World University Rankings"in 2010-cu il üzrə
dünyanın ən nüfuzlu universitetləri arasında apardığı
araşdırmaya əsasən, Nottingem Universiteti 174-cü,
"QS World University Rankings"in açıqlamasına
görə isə 73-cü yerdə qərarlaşıb.
"QS World University Rankings"in 2011-2012-ci tədris ili üçün
açıqladığı reytinq cədvəlinə əsasən
Nottingem Universiteti 74-cü yerə layiq görülüb.
Nottingem
Universiteti Rassell, Universitetlər 21, Satton 13 qruplarının,
Avropa Universitetləri, Birlik Ölkələri Universitetləri
assosiasiyalarının, Böyük Britaniya Universitetləri
Şəbəkəsinin üzvüdür.
Tarixi
Nottingem
Universitetinin yaranma tarixi 1798-ci ildə fəaliyyətə
başlamış yaşlıların tədrisi məktəbi
ilə bağlıdır. Belə ki, bu təhsil müəssisəsi
Nottingem şəhərində yaradılan ilk ali
məktəblərdən hesab olunur. Lakin
universitetin əsas tarixi 1877-ci ildə Böyük Britaniyanın
baş naziri Uilyam Qladston tərəfindən Nottingem Kollecinin
ilk təməl daşının qoyulmasından
başlayır. 1881-ci ildə isə
kollecin Şekspir küçəsindəki binası Olbani
hersoqu şahzadə Leapold tərəfindən
açılır. Beləcə, 1881-ci ildə
Nottingem şəhərində London Universitetinin əsas hissəsi
kimi universitet kollecinin yaradılması Nottingem Universitetinin
tarixinin başlanğıcı kimi qəbul oluna bilər.
Həmin dövrdə kollecdə ədəbiyyat,
fizika, kimya və dəqiq elmlər üzrə dörd professor
çalışırdı. Buna baxmayaraq, tez bir müddətdə
Nottingem Kollecində yeni fakültələr - 1884-cü ildə
Mühəndislik, 1893-cü ildə Fəlsəfə, 1897-ci
ildə Fransız dili, 1905-ci ildə Pedaqogika, Fizika və
Riyaziyyat, 1911-ci ildə İngilis dili və Dağ-mədən,
1912-ci ildə İqtisadiyyat, Geologiya və Coğrafiya,
1914-cü ildə Tarix, 1923-cü ildə Yaşlıların
təhsili, 1925-ci ildə Əczaçılıq departamentləri yaranmağa başlayır.
1920-ci
illərdə Nottingem Kolleci Nottingem şəhərinin mərkəzindən
kənara köçürülür. Kollecin Universitet Parkı
adlanan yeni kampusunun tikintisi 1928-ci ildə başa çatır
və həmin ilin noyabrında kampusun
açılışında kral V Georq iştirak edir. Fəaliyyət
göstərdiyi illər ərzində bu ali
məktəbdə Albert Eynşteyn, Herbert Uells, Mahatma Qandi və
b. dahi şəxslər işləyiblər. Nottingem Kollecində
1916-cı ildən rus dili tədris olunur, 1933-cü ildə bu
iş daha da genişləndirilir və Slavyan dilləri
(sonradan Slavistika) departamenti fəaliyyətə
başlayır. 1933-34-cü illərdə
Elektrotexnika, Zoologiya və Coğrafiya departamentləri müstəqil
fəaliyyət göstərməyə başlayır. 1939-cu ildə İkinci Dünya müharibəsinin
başlaması kollecin inkişafını ləngidir.
lk vaxtlar Nottingem Kollecinin tələbələri
London Universitetinin diplomlarını alıblar. 1940-cı
ildə Satton Boninqtondakı Midlends Kənd Təsərrüfatı
Kolleci Nottingem Universitetinə birləşdirilir. 1948-ci ildə Nottingem Kolleci Kral xartiyası və
universitet statusu aldıqdan sonra diplom və elmi dərəcələr
verməyə başlayır.
1956-cı
ildə universitetin bir neçə binasının tikintisi
başa çatdırılır. 1970-ci ildə universitetin ən
yeni Tibb Məktəbi, 1995-ci ildə isə Tibb bacısı və
Mamalıq Məktəbi açılır. 1999-cu ildə Nottingem Universitetinin Böyük
Britaniyada Yubiley kampusu, Malayziyada Semenyih, 2004-cü ildə isə
Çində Ninbo kampusları fəaliyyətə
başlayır. 2005-ci ildə Universitet
Parkı kampusunun yaxınlığında Kral Çəmən
kampusu açılır. 2007-ci ildə
Nottingem Universitetinin rəsmi olaraq Baytarlıq Tibbi və Elmlər
Məktəbi fəaliyyətə başlayır. Bu, Böyük Britaniyada son 50 ildə müstəqil
olaraq açılan ilk Baytarlıq Məktəbi olur.
Büdcəsi və təhsil haqqı
2010-cu tədris
ilində Nottingem Universitetinin illik gəlirləri 510600000 funt
sterlinq olub. Həmin vəsaitin 144400000-ni maliyyə şurası
qrantları, 165400000-ni təhsil haqqı və təhsil
sazişləri, 104100000-ni tədqiqat qrantları və
sazişləri, habelə digər vasitələr hesabına əldə
olunan gəlirlər təşkil edib. Ötən tədris
ilində ali məktəbin ümumi xərcləri
474600000 funt-sterlinq olub. Göstərilən məbləğin
273600000-ni əməkdaşların əməkhaqqı,
20000000-i amortizasiya, qalanlarını isə digər əməliyyat
xərcləri təşkil edib.
2011-2012-ci
tədris ilində Nottingem Universitetində bakalavr səviyyəsində
təhsil haqqı 11900-23300 funt-sterlinq təşkil edib. Magistratura səviyyəsində
təhsil haqqı 11990-21630, doktorantura səviyyəsində isə
11990-20500 funt-sterlinq olub.
Nottingem Universitetində tələbəyə
bir ay ərzində 700 funt-sterlinq lazım gəlir. Bu məbləğə
yataqxana, qidalanma, nəqliyyat, kitab, avadanlıq və digər
lazımi əşyalar daxildir. Tələbənin
seçdiyi həyat tərzindən asılı olaraq sərf
olunan vəsait dəyişə də bilər.
Universitet bu gün
Nottingem
Universitetinin Nottingem şəhərində 5 tələbə
şəhərciyi mövcuddur. Universitet Parkı kampusu şəhərin
mərkəzindən qərbdə 1,3
km² (330 akr) ərazidə
yerləşir və ali məktəbin əsas şəhərciyidir.
Hayfilds gölünün sahilində
yaşıllıqların arasında yerləşən kampus
ölkənin ən gözəl yerlərindən biri hesab
olunur. Kampus landşaftı və
memarlıq üslubuna görə bir çox
mükafatların qalibi olub.
Memar
Maykl Hopkins tərəfindən işlənmiş Yubiley kampusunun
açılışında 1999-cu ildə kraliça II
Yelizaveta iştirak edib. Bu
kampus Universitet Parkından 1,6 km aralıqda
yerləşir. Yubiley kampusunun tikintisi 2004-cü
ildə başa çatıb. Kampus
müasir və unikal memarlıq üslubu, əsrarəngiz
landşaftı ilə seçilir.
Universitetin
Şəhər xəstəxanası kampusu Bestvud kəndi
yaxınlığındadır və burada respirator tibb, əhalinin
sağlamlığı, insult, onkologiya, fizioterapiya və s. mərkəzlər
yerləşir. 2009-cu ildə burada yeni
İctimai Səhiyyə İnstitutu, Tütün Tədqiqatları
Mərkəzi istifadəyə verilib.
Satton
Boninqton kampusu Nottingem şəhərindən 20 km cənubda
yerləşir. Burada Biologiya elmləri, Baytarlıq məktəbləri
mövcuddur. Kampus Satton Boninqton tarixi malikanəsinin
ətrafında, gölün, Botanika bağının
yaxınlığında salınıb.
Kral
Çəmən kampusu 2005-ci ildə Lenton Leyndə
keçmiş Mərkəzi Müstəqil Televiziya
studiyasının yerində yaradılıb. Burada, əsasən, inzibati
binalar, Əlyazma və Xüsusi Kolleksiyalar Mərkəzi,
televiziya və film studiyaları vardır.
Nottingem
Universiteti xarici ölkələrdə bir neçə kampusa
malikdir. 1999-cu ildən başlanılan bu strategiya
Malayziyanın Semenyih şəhərində
açılmış kampusla başlayır. Bu şəhərcik yaşıl təpələrin
yaxınlığında 101 akr ərazidə salınıb və
Universitet Parkı kampusuna bənzəyir. Daha
sonra 2004-cü ildə Çinin Ninbo şəhərində
universitetin digər kampusu istifadəyə verilib.
Nottingem
Universitetində 5 fakültə fəaliyyət göstərir:
İncəsənət
fakültəsi Amerika və Kanada tədqiqatları, Arxeologiya,
İncəsənətin tarixi, Klassika, Mədəniyyət,
kinematoqrafiya və KİV, Mədəniyyətlər, dillər
və regionşünaslıq, İngilis dili, İngiltərə
tədqiqatları, Fransa və fransız dili tədqiqatları,
Alman tədqiqatları, Tarix, Humanitar elmlər, Musiqi, Fəlsəfə,
Rus dili və slavistika, İspan, portuqal və Latın
Amerikası tədqiqatları, İlahiyyat və
dinşünaslıq departamentlərindən ibarətdir.
Sosial elmlər
fakültəsinə Müasir Çin tədqiqatları,
İqtisadiyyat, Pedaqogika, Coğrafiya, Hüquq, Siyasət və
beynəlxalq münasibətlər, Sosiologiya və sosial siyasət
departamentləri,
Nottingem Biznes Məktəbi daxildir.
Dəqiq
elmlər fakültəsinə Biologiya, Bioelmlər, Kimya,
İnformatika, Riyaziyyat elmləri, Əczaçılıq,
Fizika və astronomiya, Psixologiya departamentləri aiddir.
Maşınqayırma
fakültəsində Memarlıq və antropogen mühit, Kimya
və mühəndislik ekologiyası, Vətəndaş
quruculuğu, Elektrotexnika, Mexanika, material və
maşınqayırma texnologiyası departamentləri fəaliyyət
göstərir.
Tibb və səhiyyə
fakültəsi Biologiya, Biotibbi elmlər, Kliniki elmlər, Cəmiyyətin
sağlamlığı, Ginekologiya, Molekulyar tibb, Tibb
bacısı, mamalıq və fizioterapiya, Fizioterapiya, Əmək,
sağlamlıq və təşkilat, Baytarlıq Tibbi və
Elmlər Məktəbindən ibarətdir.
Nottingem
Universitetinin bir neçə kitabxanası mövcuddur. Hollvard kitabxanasında
humanitar, incəsənət, hüquq və sosial elmlər
üzrə kitablar toplanıb. Bu
kitabxananın binası Böyük Britaniyanın ən
gözəl tikililərindən hesab olunur. Binada kompüter otaqları, konfrans, oxu zalları
mövcuddur.
Universitetin ikinci
böyük kitabxanası Corc Qrindir. Kitabxanada
dəqiq, texniki elmlər və psixologiya üzrə materiallar
saxlanılır. Yalnız tələbə
bileti olan şəxslər kitabxananın resurslarından
istifadə edə bilərlər.
Qrinfild
Tibb kitabxanası Tibb, Tibb bacısı fakültələrinin
tələbələri üçün nəzərdə
tutulub. Qrinfild kitabxanası Universitet Parkı kampusunun
yaxınlığında yerləşir. Bundan
əlavə, Tibb bacısı və mamalıq, Fizioterapiya
fakültələrinin Derbi və Mensfilddə kitabxanaları
fəaliyyət göstərir.
Biologiya
və baytarlıq elmləri üzrə kitablar Satton Boninqton
kampusundakı Ceyms Kemeron-Gifford kitabxanasında toplanıb. Sadalanan kitabxanalarla
yanaşı, universitetin Denis Arnold Musiqi kitabxanası zəngin
musiqi partituraları və yazılarına malikdir. Yubiley kampusunda isə Djanoqli Tədris Mərkəzi
və yeni Biznes kitabxanası yerləşir. Bu müəssisələrdə pedaqogika, kompüter
elmləri və biznes sahələrini əhatə edən
materiallar mövcuddur.
Nottingem
Universitetində 15 yataqxana kompleksi fəaliyyət göstərir. Bütün nömrələrdə
çarpayı, yazı masası, paltar şkafı və digər
mebel mövcuddur. Tələbələrin
evlə əlaqə saxlamaları üçün otaqlar
telefon və İnternetlə təchiz olunub. Universitet şəhərciklərində yerləşən
bu yataqxanalarda 5 minə yaxın tələbə
yaşayır. Tələbələrin
gündə üç dəfə qidalanması yataqxana
haqqına daxildir.
Universitet
Parkı kampusunda 12 yataqxana (Ankaster, Kavendiş, Kripps, Derbi,
Florensiya But, Hyu Stüart, Lenton və Vortli, Linkoln, Naytinqeyl,
Ratlend, Şervud, Uilloubi) yerləşir və burada 3200-dən
çox tələbə məskunlaşıb. Yubiley
kampusunda Melton, Nyuark, Sautuell yataqxanaları fəaliyyət göstərir.
Yataqxanalar ciddi mühafizə olunur, tələbələr
üçün təhlükəsizlik və tibbi xidmətlər
göstərilir. Universitetə yeni qəbul
edilən əcnəbi tələbələrin böyük əksəriyyəti
yataqxanalarda otaqlarla təmin edilir. Yataqxanalarda
otaqların 1 günlük qiyməti 16-57 funt-sterlinq
arasında dəyişir. Portlend
binasında Tələbə Təşkilatı, kitab
mağazası yerləşir.
Nottingem
Universiteti üç orqan - Universitet Şurası, Senat, Məhkəmə
tərəfindən idarə olunur. Universitetə şuranın
tövsiyəsi ilə Universitet Məhkəməsi tərəfindən
seçilmiş kansler rəhbərlik edir. Kansler Universitet Məhkəməsinə sədrlik
edir. Nottingem Universitetinin kansleri professor Yan
Fujiadır. Eyni zamanda ali məktəbdə
vitse-kansler və 6 provitse-kansler fəaliyyət göstərir.
Təhsil ocağının vitse-kansleri professor
Devid Qrinueydir. Universitet Şurası 35
üzvdən ibarətdir. Nottingem Universitetində,
Malayziya və Çin kampusları daxil olmaqla, ümumilikdə
7828 nəfər
işçi çalışır. Nottingem
şəhərində işçilərin sayı 7035,
Malayziyada 465, Çində isə 328 nəfərdir.
2010-2011-ci tədris
ilində Nottingem Universitetinin dünya üzrə bütün
kampuslarında ümumilikdə 40829 tələbə təhsil
alıb. Belə ki, Nottingem şəhərində
universitetin 32999, Malayziyada 3399, Çində isə 4431 nəfər
tələbəsi oxuyub.
Nottingem
Universiteti həyata keçirdiyi tədqiqatlarla dünyanın
diqqətini cəlb edir. Burada professor Piter Mensfild tərəfindən
aparılan maqnit-rezonans tomoqrafiyası işi 2003-cü ildə
alimin tibb və fiziologiya üzrə Nobel mükafatı
almasına səbəb olub. Universitetin iki alimi (Andre Geym və Piter
Mensfild) fizika, Klayv Qrencer isə iqtisadiyyat üzrə Nobel
mükafatına layiq görülüblər. Professor
Frederik Kippinq sənayedə milyard funt-sterlinq gəlir verən
silikon polimerlərin kəşfini həyata keçirib, eləcə
də universitetdə 12 teraflop superkompüter istehsal edilib.
Nottingem
Universiteti dünyanın sürətlə inkişaf edən
böyük universitetlərindən biridir. Beynəlmiləl tələbə
və işçi heyətinə malik universitetin məqsədi
gənclərin intellektual, peşəkar, şəxsi həyatlarına
dəyərli və əvəzolunmaz təcrübə bəxş
etməkdir.
Universitetin məşhur məzunları
Tun Razak Malayziyanın baş naziri
Zeynəb
Banqura
Syerra-Leone dövlətinin sabiq xarici
işlər naziri
Sultan Tuanku
Cəfər
Malayziyanın 10-cu
kralı
Sultan Raca
Azlan Şah Malayziyanın
9-cu kralı
Sultan Tuanku
Bahiyah Malayziyanın 5-ci kralı
Tenqku Tan Sri
Əhməd Rithaudd Malayziyanın sabiq müdafiə naziri
Lətifə
Əl Qaood Bəhreyn
Nümayəndələr Şurasının ilk qadın
üzvü
Piter
Mensfild tibb və
fiziologiya üzrə Nobel mükafatı laureatı
Yan
Vilmunt ingiltərəli embrioloq,
klonlaşdırma üzrə mütəxəssis
Universitetin məşhur müəllimləri
Hyu
Qeytskell Böyük Britaniyanın sabiq maliyyə
naziri
Maykl
Layons
"BBC Trust"
şirkətinin sabiq sədri
Syuy
Çjihun Pekin Universitetinin sabiq prezidenti
Andre
Geym fizika
üzrə Nobel mükafatı laureatı
Piter
Mensfild fizika
üzrə Nobel mükafatı laureatı
Klayv
Qrencer iqtisadiyyat üzrə Nobel mükafatı
laureatı
Hazırladı: Lamiyə ƏLİYEVA
Azərbaycan müəllimi.- 2011.- 16
sentyabr.- S.-16-17.