Yurda
bağlı ömür
Doğma yurda ata-baba irsindən gələn
bağlılıq onu kənddən
ayıra bilməmişdir. Keçmiş SSRİ məkanında öz
şəxsi təşəbbüsü ilə "dostluq klubu" və
"dostluq kitabxanası" yaradan, ən məşhur və görkəmli
elm və mədəniyyət xadimləri,
hərbçilər, generallar, admirallar, marşallar, Sovet İttifaqı və Sosialist
Əməyi qəhrəmanları, partizanlarla,
müxtəlif ölkələrin məktəbliləri
və müəllimləri ilə sıx ünsiyyətdə olub, 50 ildən çox doğma Azərbaycanı tanıtmaqda onun əməyi misilsizdir.
Haqqında
söhbət açmaq istədiyim,
yaşı bu günlərdə 75-ə çatan əməkdar müəllim, keçmiş SSRİ-nin maarif əlaçısı, respublika
maarif əlaçısı,
üst-üstə 30-dan çox mötəbər
təşkilatdan fəxri fərmanlar, diplomlar
alan, yazıçılar və jurnalistlər
birliklərinin üzvü, "Qız
qalası", "Cəsarətli
jurnalist", "Vicdanlı qələm",
"Müqəddəs qələm" media
mükafatları laureatı, pedaqoq Sadıq Xanəliyev 55 illik
əmək fəaliyyətini Ordubadın ucqar
Bist kəndində cilalamışdır.
Təkcə
onu demək kifayətdir ki,
onun şəxsi kitabxanasında Nobel mükafatı laureatlarından tutmuş dövlət mükafatı, xalq yazıçı və şairlərinədək
Avropa və Asiyanın 4 minədək
görkəmli şəxsinin avtoqrafla
Sadıq Xanəliyevə hədiyyə etdiyi
kitablardan yaratdığı muzey kitabxananın heç
yerdə analoqu yoxdur.
Sadıq
Xanəliyev 1953-cü ildə Bist kənd yeddiillik məktəbini "əla" qiymətlərlə
bitirsə də, o dövrdə texnikuma imtahansız qəbul imtiyazını əlindən
aldıqlarından 6 fəndən imtahan
verərək Naxçıvan Kənd Təsərrüfatı
Texnikumuna qəbul olur.
1960-cı ildə ordu sıralarındakı xidmətini və texnikumu bitirib doğma kəndə aqronom
kimi qayıdır. Kolxozda
aqronom işləməklə bərabər,
kənd məktəbində də əmək təlimindən
dərs deyir. Elmə, biliyə tükənməz
həvəsi onu Bakı Dövlət Universitetinin filologiya
fakültəsinə gətirir. 1970-ci ildə universiteti
bitirərkən diplom işini
böyük ədib, görkəmli
ziyalı, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin
Şərq xalqları ədəbiyyatı kafedrasının müdiri, professor Əziz
Şərifin elmi pedaqoji
fəaliyyətinin 60 illik şərəfli
yolunun tədqiqinə həsr edir. Dörd ay Moskvada Əziz Şərif
yaradıcılığının incəliklərini rus mənbələrindən tədqiq və təhlil
edir. Universitetdə diplom
işinin müdafiəsində professor Abbas Zamanov zarafatla təklif edir: "Məncə, yubanmağın
vaxtı deyil. Sadıq
dissertant, yaxud aspirant olmasa da, ona elmlər namizədi elmi dərəcəsi verilməlidir.
Çünki 150 səhifəlik bu fundamental iş hətta
doktorluğa layiqdir".
Sadıq müəllim kənd orta məktəbində pedaqoji fəaliyyətini davam etdirir. 100-dən çox şagirdi (qonşu kəndlərdən gələnlər də) ali,
250-dən çoxu orta ixtisas təhsilinə yiyələnməkdə digər müəllimlərlə
yanaşı
Sadıq Xanəliyevin də haqq-sayını unutmur.
1951-ci ildən bu günədək mətbuatda qələm çalan, "Yada sal məni", "Xatirə",
"Dahilər yetirən müəllim",
"Ömrün zirvəsi",
"Unuda bilməyəcəyəm" kitablarının müəllifi olan dilçi, ədəbiyyatçı, həm də publisist yazıları,
elegiya və esseləri ilə
keçmiş İttifaqda yaxşı
tanınan,
rayon
qəzetindən tutmuş "Oqonyok", "Elm və həyat" jurnallarında şeirləri rus və ukrayna dillərinə tərcümə edilən, şeirlərinə
bəstəkarların mahnı
bəstələdiyi Sadıq müəllim bütün uğurlarını kənddən ayrılmadan doğma məktəbdə və ata-baba ocağında qazanmışdır.
Sadıq müəllimin kənd məktəbi şagirdlərinin hərbi vətənpərvərlik, Vətənə, yurda sadiqlik tərbiyəsi sahəsində
apardığı
iş SSRİ və Azərbaycan Respublikası Veteranlar Şurası tərəfindən dərin rəğbətlə qarşılanmışdır. Moskvada Böyük Teatrın qabağındakı
meydanda bistli məktəbliləri İkinci cahan müharibəsinin qanlı
döyüşləri gedən yerlərə aparan "İkarus"
avtobuslarının baş tərəfinə yazılardı: - Bist-Volqoqrad,
Bist-Brest, Bist-Oryol, Bist-Kursk, Bist-Kiyev və hətta uzun illər ərzində ucsuz-bucaqsız ölkələrdən Sadıq müəllimin
ünvanına
özbək, rus, tacik, ukrayna, moldav, tatar, başqırd dillərində gələn saysız-hesabsız məktubların ünvanında yazılırdı: - Naxçıvan Muxtar Respublikası, Bist
şəhəri.
Sadıq müəllim doğma yurdu, kəndini
cahana şəhər kimi tanıtmışdı.
Onlarca görkəmli şəxs Bistə -
Sadıq müəllimin rayon kitabxanasına, onun vətənpərvərliyi
tətbiq etdiyi məktəbə şəxsən qonaq gəlmişdir.
Bir dəfə 40-dək ukraynalı müəllim
və şagird Sadıq müəllimin 15 gündən
çox qonağı olmuşdur. Nobel mükafatı
laureatı, Sosialist Əməyi Qəhrəmanı Mixail
Şoloxov, Aleksandr Meresyev, Rəsul Həmzətov, Maksim Tank,
Sergey Smirnov, Mirzə İbrahimov, Süleyman Rüstəm, Rəsul
Rza, Konstantin Simenov, Oleq Qonçar, Ziya Bünyadov, Bəxtiyar
Vahabzadə, Oljas Süleymenov, Çingiz Aytmatov, Rəfael
Mustafin, Yeqor İsayev, Mixail Stelmaks, Oleq Şestinski, Valentin
Ostovski, Məmməd Araz, Nəriman Həsənzadə, Sergey
Baruzdin, Nəbi Xəzri, Petrus Brovka, Mirzə Tursunzadə,
Aleksandr Tvardovski, Əziz Şərif kimi görkəmli
yazıçı və şairlər, alimlər, məşhur
qəhrəmanlar, o dövrün müttəfiq
respublikaları yazıçılar ittifaqlarının
(Rusiya, Ukrayna, Moldova, Belarus, Gürcüstan, Qazaxıstan,
Baltikyanı ölkələr, Qırğızıstan,
Türkmənistan, Özbəkistan) katibləri öz əsərlərini,
dostluq məktublarını Sadıq müəllimin
kitabxanasına göndərər, çoxları şəxsən
Bistə gələrdilər.
Sadıq müəllimin həyətində SSRİ
Yazıçılar İttifaqının birinci katibi Oleq
Şestinskinin öz əli ilə əkdiyi qələmə
ağacları 40 ildə boy verib, Bistin ən uca
ağaclarını üstələyib.
Sadıq müəllim bu əlaqələri
yaradarkən Azərbaycan ədəbi mühitini yaymağı
qarşısına əsas məqsəd qoyurdu.
Onun öz şəxsi vəsaiti ilə 1000-dən
çox kitab (istər Azərbaycan, istər başqa dillərə
tərcümə olunaraq) Sadıq müəllim tərəfindən
respublikamızın bayrağı, gerbi, himni olan atributlarla
birlikdə həmin şəxslərə, məktəblərə,
kitabxanalara hədiyyə edilirdi.
Bir dəfə
Kiyevdə Novruz
bayramı günü bistli məktəblilərinin
üzündən sevinc yağdığını görən
SSRİ xalq artisti, məşhur müğənni Sofiya Rotaru
Sadıq müəllimin ucqar Bistdən qəhrəman Kiyev
şəhərinə avtobusla məktəbli gətirdiyini biləndə
konsert salonuna bilet satışını dayandırıb,
açıq havada, Novruz tonqalı ətrafında pulsuz olaraq
bistli məktəblilərin şərəfinə üç
saat konsert vermiş, minlərlə kiyevli tamaşaçı
bu dostluğa heyran qalaraq meydana gəlmişlər. Elə tonqal ətrafında məşhur partizan,
Sovet İttifaqı Qəhrəmanı Karaçuk bistli
şagirdlərlə rəqs etmişdir.
SSRİ Əmək və Müharibə Veteranları Şurasının sədri marşal
Batov hərbi-vətənpərvərliyin təbliğinə
görə Sadıq müəllimə fəxri fərman və
kitabxanasına qiymətli kitablar hədiyyə etmişdir.
Fransa partizan
hərəkatının qəhrəmanı,
273 alman təyyarəsini səma döyüşündə
şəxsən məhv etmiş Normandiya-Neman polkunun komandiri,
Sovet İttifaqı Qəhrəmanı, fransız general Piyer
Puyat Sadıq Xanəliyevin faşizmə və müharibəyə
nifrət təbliğindəki fəaliyyətinə görə
özünün idarə etdiyi qırıcı təyyarənin
və Parisin məşhur Eyfel qülləsinin maketlərini
Sadıq müəllimin muzey kitabxanasına
bağışlamışdır.
İkinci cahan müharibəsində azəri
övladlarının misilsiz qəhrəmanlığının
işıqlandırılmasında Sadıq müəllimin
axtarışlarının böyük rolu olmuşdur.
Elə tivili leytenant Məmmədhüseyn Kərimovun
(hazırda Tivi orta məktəbi
öz qəhrəman övladının adını
daşıyır), cəsur partizan, hazırda Culfa rayonunun Əlincə
kəndində yaşayan yaşı 90-a çatmış, əsirlikdən
qaçıb qəhrəman Mehdi Hüseynzadənin silah
yoldaşı olmuş Məmməd Məmmədovun və digərlərinin
qəhrəmanlıq salnamələri məhz Sadıq Xanəliyevin
fransalı, italiyalı, ukraynalı məşhur partizanlarla,
öz eloğlumuz, Fransa partizan hərəkatının
görkəmli nümayəndəsi, "Kordiliyer"
medalı ilə təltif olunan, prezident Şarl De Qolun həyatına
sui-qəsdin qarşısını alıb onu xilas edən,
övladı Şuşa döyüşlərində həlak
olan Əhmədiyyə Cəbrayılovla sıx əlaqələri,
məktublaşmaları, mətbuatda
işıqlandırılaraq Vətən
övladlarının hünəri ortaya
çıxarılmışdır.
Sadıq müəllimin bu günlərdə
qonağı oldum. Axı biz 1960-cı ildə
onunla texnikumu bir bitirmişdik. 4 il
sinif yoldaşı olmuşduq. O, kənd həyatına, əməyə
necə bağlıdırsa söhbətimiz elə
bağ-bağçasında, əkin yerində daha şirin
keçdi. Əlində işlənib ancaq tiyəsi
qalan oraq var idi. Təzəcə doğmuş inəyinə
arxların qırağından ot
biçirdi. Orağa diqqətlə baxdığımı
görəndə dilləndi:
- Bu orağın nə az, nə
çox, düz 100 yaşı var. Anam Hində Şərurun
Aralıq kəndindən atam Şahsuvara gəlin gələndə
babam Alməmməd o vaxtın ata yüklənən
yüngülvari cehiz qab-qaşığına bu orağı
da pay qoyub, kənd yeridi, qolunuzdan tutar, - deyib. Doğrudan da cəbhədən
qayıtmayan atamızdan sonra ağır illərdə anam bu
oraqla bizi yaşatmışdır - dedi:
Sadıq müəllim xatirələrə daldıqca
elə bil uşaq təbiətinə dönürdü.
Dedi ki, məni qınamayın, ömrümdə iki dəfə
bərk imtahana düşmüşəm. 1951-ci ilin
baharında Naxçıvan şəhərində,
"Böyük bağda" o vaxt Dram Teatrın yerləşdiyi
yerdə xalq şairi Səməd Vurğunla görüş
keçirilirdi, iynə atsan yerə düşməzdi. VII sinfi təzəcə qurtarmışdım,
yeniyetmə idim. Kimsə şairə dedi ki, bu cavan oğlan
sizin qəzetdə dərc olunan "Zəncinin
arzuları" poemasından bir parçanı əzbər
bilir. Məni ortaya çəkdilər.
Doğrudan da Səməd Vurğunun gözləri qartal gözünə
oxşayırdı. Qeyri-adi bir həyəcan
keçirdim. Şeiri necə ürəkdən,
həyəcanla dedimsə, şair məni uşaq kimi
qucağına alıb bağrına basdı. Hamı əl çaldı. Həyəcandan
pörtüb qızarmışdım. İkinci belə
bir həyəcanım ulu öndərimiz Heydər Əliyevlə
1990-cı ilin yayında görüşdüyüm
zamanı da oldu. Eşidəndə ki,
xalqımızın qəhrəman oğlu Heydər Əliyev
doğulduğu torpağa gəlib gecə sübhədək
yuxum gəlmədi. "Silinməz"
adlı bir şeir yazdım. Naxçıvan
şəhərinə gəldim. Ulu öndərlə
görüşdüm. İcazə alıb uşaq kimi əllərimi
yanıma salaraq onun qarşısında həmin şeiri dedim.
Həyəcanımı
görən dövlət
xadimi məni sakitləşdirəndə
dedim:
- Yoldaş Əliyev, Sizin
xalqımız qarşısında misilsiz
xidmətləriniz Şah İsmayıl Xətai, Mustafa Kamal
Atatürk haqqı-sayı kimidir. Mən həyəcansız
dayana bilmirəm.
Heydər Əliyev gülümsündü, o biri otağa
keçib öz fotosunu gətirərək mənə avtoqraf
yazdı. Bu mənim kitabxanamdakı 4
minə yaxın avtoqrafların ən əzizi və şirinidi.
Sonralar Naxçıvanda Heydər Əliyevlə
dörd dəfə görüşümüz oldu.
Vaxtilə keçmiş İttifaqın baş qəzeti olan
"Pravda"nın 1979-cu il 9 yanvar sayında birinci səhifədə
"SİTA"nın məlumatı ilə Bist kəndində
Sadıq Xanəliyevin muzey-kitabxanası barədə oxuculara məlumat
verildikdən sonra Ordubaddan Bistə xüsusi rabitə xətti
çəkilərək bu zəngin muzey-kitabxana mühafizəyə
götürülmüşdür. Keçmiş
İttifaqın 80-dən çox şəhəri ilə
sıx əlaqə saxlayan, 40-dan çox Sovet İttifaqı Qəhrəmanı,
21 Sosialist Əməyi Qəhrəmanı, 25 Lenin
mükafatı laureatı, 5 Sovet İttifaqı marşalı,
yüzədək şair, yazıçı, akademiklərlə
şəxsən dostluq əlaqəsi yaradan kənddə həmin
şəxslərin çoxunun Bist camaatı və məktəblilərlə
səmimi görüşləri Sadıq müəllimin, Bist
camaatının indi də yaddaşındadır.
6 qız, bir oğul atası
olan Sadıq müəllimin həyat yoldaşı Rəfiqə
xanım dərzidir. İynə
sapından çıxan paltarlarla çox uşaqları,
qız-gəlini sevindirib. Tanrı bu sevincə bir pay da əlavə
edib. Altı qızdan sonra Sadıqın ad
günündə Əli adında bir oğul övladı
dünyaya gəlib. Ata-oğul bu
günü bir şənlikdə qeyd edirlər. Əli də atasının yolu ilə gedir, kənd
məktəbini, Naxçıvan Dövlət Universitetini
bitirib, xarici dil müəllimidir, ailə qurub,
övlad-uşaq sahibidir.
Ucqar dağ
kəndində 55 illik pedaqoji fəaliyyəti,
digər xalqların görkəmli elm-mədəniyyət
xadimləri, yazıçı ıə şairləri, qəhrəmanları ilə sıx ünsiyyətdə
olub xalqımızın mədəni irsinin təbliği sahəsindəki
böyük xidmətləri yüksək qıymətləndirilən
Sadıq Xanəliyevə Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin sədri Vasif Talıbovun sərəncamı ilə
"Naxçıvan MR-in əməkdar müəllimi" fəxri
adı verilmişdir.
Doğma yurdu əzizləyib
ömrünü gənc nəslin təlim-tərbiyəsinə
həsr edən Sadıq müəllim mənim gözümdə
elə Gəmiqaya kimi ucadan ucadır. Vətən, yurd seviləndə, əzizlənəndə
Vətən olur, yoxsa onun qürbətlə nə fərqi
olardı?
Qaşdar ƏLİYEV
Azərbaycan müəllimi.- 2011.- 16 sentyabr.- S.19.