"Azərbaycan ədəbiyyatının qaynaqları:  Mirzə Şəfi Vazeh"

 

Bilik və istedadı, cəsarət və xeyirxahlığı özünə bəla olan tarixi şəxsiyyətlər, insanlar az deyil. Bunların sırasında Gəncə torpağının XIX əsrdə Azərbaycan ədəbiyyatına bəxş etdiyi Mirzə Şəfi Vazehin adı ön sırada yer alıb. Poetik dühası, sadəliyi və ülvi məhəbbəti ilə zəmanəsinin bir çox qələm və kəlam  sahiblərini heyran qoymuş M.Ş.Vazeh Avropaya işıq sürəti ilə yayılan şöhrətindən xəbərsiz Tiflis torpağında uyuyanda Şərq mədəniyyətinə və türk dünyasına ifrat qısqanclığı bu gün də zaman-zaman püskürən Qərb dünyası onun şərqilərinin mənəvi-estetik təsiri ilə rahatlanaraq mədəniləşirdi.

Humanist" Qərbin heyran qaldığı şərqilərin çapından varlanan Bodenştedt az sonra çörəyi dizinin üstünda olan dindaşları kimi Vazehi dandı, belə bir şəxsiyyətin olmadığını söyləyən "şahid" də tapdı. Fəqət çox həqiqətləri itib batmağa qoymayan və qıymayan müdrik tarix gec də olsa bu məsələyə - oğurluq və mədəni nankorluğa da işıq saldı.

Ə.Səidzadə, M.Rəfili, F.Qasımzadə, H.Məmmədzadə, A.Bayramov və başqa ədəbiyyatşünaslar Mirzə Şəfinin həyat və yaradıcılığının ayrı-ayrı qaranlıq məqamlarına işıq saldılar. Məqalələr yazıldı, tədqiqatlar aparıldı, vətəndən uzaq düşmüş şeirlər ana dilində səsləndirildi. Ə.Nicat "Gəncəli müdrik" romanı ilə şairin tarixi-bədii obrazını yaratdıE Daha neçə bədii əsərlər həsr olundu taleyi kəm Mirzə Şəfiyə.

Müstəqillik dövründə Mirzə Şəfinin həyatı və yaradıcılığı, tədqiqi məsələlərinə həsr olunmuş "Azərbaycan ədəbiyyatının qaynaqları: Mirzə Şəfi Vazeh" (Gəncə, 2011, 110 səh.) kitabı bu baxımdan klassik sənətkarın xatirəsinə layiqli mənəvi abidə sayıla bilər.

Pedaqoji və filoloji elmlər doktoru, professor Abbas Səmədovun "Azərbaycan ədəbiyyatının qaynaqları: Mirzə Şəfi Vazeh" kitabı (məsləhətçi və elmi redaktor professor S.Şükürov, rəyçi BDU-nun M.C.Paşayev adına Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, professor Q.Namazovdur) respublikanın ali məktəb tələbələri üçün nəzərdə tutulub.

Kitabın əvvəlində Mirzə Şəfi barədə "Qurtuluş" mətbu orqanında ilkin olaraq Azərbaycan oxucularına məlumat çatdırmış böyük mədəniyyətşünas Salman Mümtazın qələm məhsulu var. Sonrakı səhifələrdə redaktorun giriş əvəzi qeydləri verilib, burada tarixi bioqrafik janrın Azərbaycan ədəbiyyatında yarandığı qeyd olunub.

Böyük maarifçi, qüdrətli mühərrir və təbiətşünas alim H.B.Zərdabinin Lev Tolstoya məktubu xristian və müsəlman dinləri ilə bağlı fikir və münasibətləri əks etdirən dəyərli yazıdır.

Müəllif "Mirzə Şəfi Vazehin həyatı" adlı hissədə memar Kərbəlayi Sadığın ailəsində dünyaya göz açmış Mirzə Şəfinin bioqrafiyasının təsvirini verib. Müxtəlif dövrlərdə yaşamış ədəbiyyatşünasların fikirlərinə istinad edən müəllif şairin əsərlərinin toplanılması, onun tərcümeyi-halı ilə bağlı çox dəyərli faktlarla oxucuları məlumatlandırır.

Kitabda M.Şəfinin "Süsəni" müxəmməsi, Naci ilə müşairəsi, qəzəlləri, "Məktubun intizarında" poeması ilə yanaşı, şairin maarifçiliyi ilə bağlı yazı, F.Bodenştedtin "Mirzə Şəfi haqqında xatirələr" kitabındakı şeirlər (professor A.Bayramovun tərcüməsində) və s. verilmişdir.

Ümumilikdə zəngin ədəbi-tarixi fakt və bədii materiallardan ibarət kitab klassik irsimizi öyrənənlər üçün faydalıdır.

 

 

Ş.MƏMMƏDOV

 

Azərbaycan müəllimi.- 2011.- 16 sentyabr.- S.23.