Naqoya Universiteti
Yerləşir: Naqoya şəhəri
Yaranma tarixi: 1871-ci il
Tipi:
Dövlət
İşçi heyəti: 3223 nəfər
Tələbələrin ümumi
sayı: 15948 nəfər
İllik gəlirləri: 96684000000 yen
İllik xərcləri: 92063000000 yen
Rəsmi saytı: www.nagoya-u.ac.jp
Naqoya Universiteti (Nagoya University) Yaponiyanın Naqoya şəhərində
yerləşir və 7 imperiya universitetindən (Yaponiya
İmperatorluğu tərəfindən 1877 və 1939-cu illərdə
yaradılmış 9 universitet - 7-si Yaponiyada (Bu universitetlər
hazırda Yeddi Milli Universitet adlanır), 1-i Koreyada, digər
1-i isə Tayvanda yerləşir) biridir.
Böyük
Britaniyanın "Times Higher Education Supplement - QS World
Universities Rankings" jurnalının 2009-cu ildə
apardığı dünya universitetlərinin reytinqinə əsasən,
Naqoya Universiteti 100 ən yaxşı ali məktəb
arasında 92-ci yerdə olub. "QS World University Rankings"in
2010-cu il üzrə dünyanın ən
nüfuzlu universitetləri arasında apardığı
araşdırmaya əsasən, Naqoya Universiteti 91-ci, 2011-2012-ci
tədris ili üçün açıqladığı
reytinq cədvəlinə əsasən isə 80-ci yerə
layiq görülüb.
Tarixi
Naqoya
Universitetinin tarixi 1871-ci ildə yaradılmış Tibb Məktəbi
ilə bağlıdır. 1920-ci ildə Ayçi Tibb
Kolleci yaradılır. 1939-cu ildə bu məktəb
Naqoya İmperial Universiteti adlandırılır. 1942-ci ildə universitetin Dəqiq Elmlər və
Texnika Məktəbi Mühəndislik və Dəqiq Elmlər
məktəblərinə bölünür. 1947-ci ildə
ali məktəbin adı dəyişdirilərək
Naqoya Universiteti adlandırılır. 2004-cü
ildə universitet Milli Universitet Korporasiyası adlanır.
Ali məktəbdə aparılan islahatlara əsasən 1949-cu
ildə burada 6 məktəb - Filologiya, Pedaqogika, Hüquq,
İqtisadiyyat, Dəqiq Elmlər, Tibb və Mühəndislik məktəbləri
yaradılır. Sonradan 1950-ci ildə Hüquq və
İqtisadiyyat məktəbləri müstəqil fəaliyyət
göstərməyə başlayır. 1951-ci
ildə Kənd Təsərrüfatı Məktəbi
açılır, ümumilikdə universitetdə 8 məktəb
mövcud olur.
1993-cü ildə
Naqoya Universitetində geniş təhsil islahatları
aparılır, ümumtəhsil proqramları qəbul olunur,
9-cu məktəb - İnformatika və Dəqiq Elmlər Məktəbi
yaradılır, universitetin bütün məktəblərində
4, Tibb Məktəbində isə 6 illik fasiləsiz təhsil tələbləri
qoyulur.
İkinci
Dünya müharibəsindən sonra Naqoya Universitetinin
diplomdansonrakı təhsil pilləsində yeni təhsil
islahatları aparılır. 1953-cü ildə Filologiya, Pedaqogika,
Hüquq, İqtisadiyyat, Dəqiq Elmlər və Mühəndislik
məktəblərinə 2 illik magistratura və 3 illik
doktorantura səviyyələri əlavə olunur. 1991-ci ildə
universitetdə Beynəlxalq İnkişaf, 1992-ci ildə
Humanitar Elmlər, 1998-ci ildə Dil və Mədəniyyət,
2001-ci ildə Ekologiya Elmləri, 2003-cü ildə
İnformasiya Elmləri ali təhsil məktəbləri
açılır. 2004-cü ildə Naqoya
Universiteti yeni idarəetmə strukturuna malik milli universitetə
çevrilir.
Büdcəsi və təhsil haqqı
2010-2011-ci
tədris ilində Naqoya Universitetinin dövlət tərəfindən
ayrılan vəsaitlər və daxili imkanlar hesabına (əsasən,
tələbələrin təhsil haqqından) əldə
etdiyi gəlirlər ümumilikdə 96684000000 yen olub. Ali məktəbin xərcləri
ötən tədris ilində 92063000000 yen təşkil edib.
Həmin tədris ilində büdcə vəsaitinin
böyük hissəsi, təxminən, 60%-i universitetin elmi
potensialının artırılmasına və elmi tədqiqatların
aparılmasına sərf edilib.
Tokio
Universitetində təhsil haqqı ildə 535800 yen təşkil
edir. Tələbənin oxuduğu məktəbdən,
seçdiyi ixtisasdan asılı olaraq təhsil haqqı dəyişə
bilər.
Universitet
bu gün
Naqoya
şəhəri Yaponiyanın 4-cü ən sıx məskunlaşmış
şəhəridir. Zəngin və qədim mədəni irsə malik
şəhərin iqlimi çox əlverişli, əhalisi isə
mehriban və qonaqpərvərdir. Şəhərin
tanınmış yerlərindən Tokuqava muzeyini, Naqoya qəsrini,
Botanika bağını, Hiqasiyama zooparkını, Hərbi-dəniz
arsenalını, Atsuta sintoit məbədini, Nittaydzi ibadətgahını,
Naqoya televiziya qülləsini, stansiyasını, Midlend
meydanını, Toyota avtomobil
muzeyini, Naqoya Noh teatrını və s. qeyd etmək olar. Naqoya
Universitetinin kampusu Naqoya şəhərinin şərqində
ümumilikdə 3250847 ì2 ərazini əhatə edir. Universitetin
binaları isə 764437 ì2
ərazidə yerləşir.
Naqoya
Universitetinin aşağıdakı məktəb, institut və
elmi-tədqiqat mərkəzləri fəaliyyət göstərir.
Filologiya
Məktəbi bakalavrlar, Ali Filologiya Məktəbi isə
magistrant və doktorantlar üçün nəzərdə
tutulub. Bu məktəblərin Yeni və Ən Yeni Yapon Mədəniyyəti
Elmi-Tədqiqat Mərkəzi fəaliyyət göstərir.
Filologiya Məktəbi filologiya, jurnalistika, mədəniyyət
və təhsil kimi humanitar sahələrin tədrisi üzrə
Yaponiyanın ən güclü məktəblərindəndir.
Məktəbdə tələbələr hər
hansı bir bölmədə xüsusi akademik məsləhətçinin
rəhbərliyi altında dissertasiya yazırlar.
Dissertasiyanın yazılması zamanı tələbələr
ənənəvi fənlərlə tanış
olmalı, akademik və sosial problemlərin həll yolunu tapmaq
üçün bacarıqlar əldə etməlidirlər.
Pedaqogika
Məktəbində (Təhsil və İnsan
Resurslarının İnkişafı) bakalavrlar, Təhsil və
İnsan Resurslarının İnkişafı Ali Məktəbində
isə magistrant və doktorantlar təhsil alırlar. Pedaqogika Məktəbi
1949-cu ildən fəaliyyət göstərir və təhsil,
psixologiya, insan resurslarının inkişafı elmləri
üzrə ixtisaslaşıb. Məktəbin bakalavr səviyyəsi
5 sahəni əhatə edir: fasiləsiz təhsil və
inkişaf; təhsil və informatika; beynəlxalq təhsil və
mədəniyyət; insan psixologiyası; məsləhətləşmə
və psixoterapiya. Bu məktəbin məzunlarının əksəriyyəti
Yaponiyanın və dünyanın başqa ölkələrinin
bir çox ali məktəblərinin
müəllimləri və rəhbər vəzifələrində
çalışır.
Naqoya
Universitetinin bakalavrlar üçün nəzərdə
tutulan Hüquq Məktəbi, magistrant və doktorantlar
üçün isə Ali Hüquq Məktəbi Yaponiya
Hüquq İnformasiyası İnstitutu ilə əməkdaşlıq
edir. Ali Hüquq
Məktəbi iki bölmədən ibarətdir: Naqoya
Universitetinin Hüquq bölməsi gələcək hakim, vəkil
və digər hüquqşünas hazırlayır, Birləşmiş
Ali Hüquq və Siyasi Elmlər bölməsi isə magistrant
və doktorantlar üçün hüquq və siyasi elmlər
üzrə proqramlar təklif edir. Universitetin
Hüquq Məktəbi bu sahə üzrə Yaponiyanın ən
güclü məktəblərindəndir. Məktəbin məzunları dünyanın bir
sıra ölkələrinin məhkəmə, mərkəzi
və yerli idarəetmə orqanlarında, özəl biznes,
elm, təhsil və jurnalistika sahələrində fəal
mövqe tuturlar.
İqtisadiyyat
Məktəbində bakalavrlar, Ali İqtisadiyyat Məktəbində
isə magistrant və doktorantlar təhsil almaq imkanına
malikdirlər. İqtisadiyyat Məktəbi 1920-ci ildən fəaliyyət
göstərir. İqtisadiyyat Məktəbi
İqtisadiyyat və Biznes-menecment departamentlərindən, Ali
İqtisadiyyat Məktəbi isə Sosial-İqtisadi Sistemlər,
Sənaye Administrasiya Sistemi departamentlərindən ibarətdir.
Məktəblərin İqtisadi Tədqiqatlar Mərkəzində
Asiya iqtisadiyyatı və regional əməkdaşlıq, beynəlxalq
menecment, ətraf mühitin mühafizəsi üzrə tədqiqatlar
aparılır.
İnformatika
və Dəqiq Elmlər Məktəbi informasiyanın emalı
texnikası, real informasiya savadı vermək məqsədini
daşıyır. Məktəb Təbii İnformatika Elmləri, Sosial və
Humanitar İnformatika Elmləri departamentlərindən ibarətdir.
Magistrant və doktorantlar üçün
İnformatika Ali Məktəbi Hesablayıcı Sistemlər Mərkəzindən
ibarətdir.
Dəqiq
Elmlər Məktəbində bakalavrlar, Ali Dəqiq Elmlər Məktəbində
isə magistrant və doktorantlar təhsil alırlar. Məktəbdə Suqaşima Dəniz
Bioloji Laboratoriyası, Naqoya Universiteti Cənub Rəsədxanası,
Struktur Biologiyası, Tau-Lepton Fizika tədqiqat mərkəzləri
mövcuddur.
Tibb Məktəbi
Birləşdirilmiş molekulyar tibb, Hüceyrə tibbi,
Sağlamlıq və kommunal tibb, Tibb bacısı, Radioloji və
tibbi laboratoriya elmləri, Fiziki iş və əmək
terapiyası, Tibb elmləri departamentlərindən, Universitet xəstəxanası,
Heyvanların Laborator Müayinəsi və Tibbi Texniki Tədqiqatlar,
Neyron Xəstəliklər və Xərçəng mərkəzlərindən ibarətdir.
Bakalavrlar
üçün Mühəndislik Məktəbi, magistrant və
doktorantlar üçün isə Ali Mühəndislik Məktəbində
Plazma Nanotexnologiyası Elmi-Tədqiqat, Retrospektiv Materiallar
Analizi Texnologiyası, Hesablama Elmləri, Mikro-Nano Mexatronika mərkəzləri fəaliyyət
göstərir.
Bio Kənd
Təsərrüfatı Elmləri Məktəbi bakalavr, Ali Kənd
Təsərrüfatı Məktəbi isə magistrant və
doktorantlar üçündür. Məktəbə Çöl Elm, Quş
Bioelmlər Tədqiqat mərkəzləri daxildir.
Ali Beynəlxalq
İnkişaf Məktəbi magistrant və doktorantlar
üçün nəzərdə tutulub və əsas fəaliyyət
istiqamətləri kimi insan resurslarının inkişafı,
beynəlxalq həmrəylik, köklü dəyərlər, həyat
tərzi məsələlərinin həlli ilə məşğuldur. Məktəbin əhatə etdiyi əsas
proqramlar inkişaf və idarəetmənin iqtisadi siyasəti;
kənd rayonlarının inkişafı üzrə regional
idarəetmə; təhsil və insan resurslarının
inkişafı; idarəetmə və hüquq; sülhyaratma;
sosial inkişaf və mədəniyyət; insanların
miqrasiyası və mədəniyyətlərarası
anlaşma; dil təhsili və linqvistik informasiya sahələridir.
Məktəbin Beynəlxalq İnkişaf, Beynəlxalq
Tədqiqat Əməkdaşlığı, Beynəlxalq
kommunikasiya departamentləri fəaliyyət göstərir.
Ali
Riyaziyyat Məktəbində riyaziyyatın bütün sahələri
- tətbiqi riyaziyyat, həndəsə, cəbri həndəsə,
mürəkkəb, riyazi fizika və s. öyrədilir. Məktəbdə tələbələrin
müstəqil tədqiqatlarını təmin etmək məqsədi
ilə interaktiv seminarlar təşkil olunur.
Dillər və
Mədəniyyətlər Ali Məktəbi Dillər və mədəniyyətlər,
Yapon dili, Multimədəni tədqiqatlar, Yapon dili və mədəniyyəti,
Yapon dilinin xarici dil kimi öyrənilməsi, Tətbiqi
dilçilik, Komparativ linqvistika, Yapon mədəniyyəti,
Yapon dilinin xarici dil kimi metodologiyası departamentlərindən
ibarətdir. Burada dillərin və mədəniyyətlərin
öyrənilməsi üzrə fundamental, tətbiqi və fənlərarası
tədqiqatlar həyata keçirilir, dünyada yapon dilinin və
mədəniyyətinin yaxından tanıdılması üzrə
təbliğat işləri aparılır. Məktəbdə dövlət müəssisələrində,
özəl şirkətlərdə və təhsil müəssisələrində
çalışan şəxslər üçün dil və
mədəniyyət üzrə axşam kursları təşkil
olunur.
Ekoloji Tədqiqatlar
Ali Məktəbi Seysmologiya, Vulkanologiya və Fəlakətin Nəticələrinin
Azaldılması, Nəqliyyat və Şəhərlərin
Sabit İnkişafı elmi-tədqiqat mərkəzlərindən
ibarətdir.
Naqoya
Universitetində eyni zamanda Ekoloji Tibb Elmi Tədqiqat, Ekotopiya
Elmlər, Humanitar və Dəqiq Elmlər, Qabaqcıl Tədqiqatlar,
Kabayaşi-Maskava Zərrəciklərin və Kainatın
Törəməsi (Nəzəri, Eksperimental tədqiqatlar mərkəzləri
aiddir) institutları, Futuristik Modelləşdirmə Ekoloji,
Geospeys Elmi-Tədqiqat mərkəzləri, Günəş-Yer
Ətraf Mühit Laboratoriyası, Resursların Bərpası və
Neftayırma Asiya Fənlərarası, Səhiyyə, Fiziki Tərbiyə
və İdman mərkəzləri fəaliyyət göstərir.
Naqoya
Universitetinin kitabxanası Yaponiyanın ən zəngin
informasiya resurslarına malik müəssisəsidir və
ümumilikdə 3112036 cild kitaba, 4000-ə qədər jurnala və
digər materiallara sahibdir. Universitetin 2 əsas (Mərkəzi
və Tibb), eləcə də fakültə, institut və elmi
mərkəzlərdə köməkçi kitabxanaları
mövcuddur. Hər bir kitabxana universitet
şəhərciyindəki Mərkəzi kitabxana ilə
kompüter şəbəkəsi ilə birləşdirilib.
Kitabxanalar həmçinin rəqəmsal
informasiya xidmətləri fəaliyyət göstərir, 15482
elektron jurnal təklif edir. Mərkəzi
kitabxana çoxlu sayda kolleksiyaya və arxiv materiallarına
malikdir, burada mütəmadi olaraq seminar, konfrans, xüsusi
kolleksiyalardan ibarət sərgi təşkil edilir, ictimaiyyəti
maraqlandıra biləcək tədbirlər hazırlanır.
2009-cu il
aprelin 1-dən Naqoya Universitetinin prezidenti professor Miçinari
Hamaquçi, vitse-prezidentləri isə professorlar Takaşi
Miyata, Haruo Saburi, Hiroyuki Sugiyama, İtiro Yamomoto və
Ryoiçi Fudzidir. Universitetin idarəetməsinə
Administrasiya bürosu, Təşkilatların inzibati dəstəyi,
Nəzarət Ofisi, Texniki Mərkəzi daxildir. Universitetdə ümumilikdə 3223 nəfər
işçi çalışır.
Naqoya
Universitetinin tələbələrinin ümumi sayı 15948 nəfərdir. Onların 9758 nəfərini
bakalavr, 6190 nəfərini isə magistrant və doktorantlar təşkil
edirlər. Universitet tələbələrinin
əksəriyyəti Tokay regionundan olsa da, dünyanın
bütün yerlərindən olan gənclər də qeydə
alınıblar. Əcnəbi tələbələr, əsasən,
Çin, Koreya, Tayvan, İndoneziya, Vyetnam, Malayziya, Kamboca,
Özbəkistan və s. ölkələrdəndir.
Naqoya
Universitetində əcnəbi tələbələr
üçün bir neçə yataqxana fəaliyyət
göstərir. Bunlar
Beynəlxalq Ev (ayda 5900-14200 yen), Hiqasiyama (ayda 5900-11900 yen), Ohmeykan
Evi (ayda 4700 yen), Yamate (ayda 21000 yen), İşida Memorial Beynəlxalq
Myoken (ayda 21000 yen) yataqxanalarıdır. Yataqxanalarda
qalmaq müddəti 6 aydır. Əcnəbi
tədqiqatçılar və əməkdaşlar
üçün universitetin Hiqasiyama (ayda 18627-29996 yen), Hiqasiyama
kəndi (ayda 58000-64000 yen), Noyori (ayda 54000-96000 yen),
İdaka-ço (ayda 8648 yen), Dayko kəndi (ayda 52000 yen), Yakumo
kəndi (ayda 60000 yen) mövcuddur. Bu yataqxanalarda qalmaq
müddəti 1 aydan 1 ilədək ola bilər.
Otaqların hər biri mebel, kondisioner, soyuducu,
mikrodalğalı soba, qabyuyan və paltaryuyan maşınlarla
təchiz olunub.
Son illər
dünyada baş vermiş sosial böhran universitetlər və
elmi-tədqiqat mərkəzlərindən də yan keçməyib. Lakin bütün çətinliklərə
rəğmən universitetlər inkişaf etməli, insan
resurslarını artırmalı, tədqiqatları davam etdirməlidir.
Bu gün Naqoya Universiteti də zəngin təcrübəsi, dərin
biliyə malik işçi heyəti, tanınmış əməkdaşları ilə fəxr
edir. Universitetin prezidenti professor Miçinari Hamaquçi rəhbəri
olduğu təhsil müəssisəsi haqqında bu ifadələrə
imza atır: "Həyat qüvvəmiz və əsas
missiyamız ilə birgə bütün çətinlikləri
dəf etməyimizə əminik. Nəhəng və
bütün sahələri əhatə edən universitet kimi
biz Yaponiyanın gələcəyi və gəncliyimizin
rifahı üçün məsuliyyət
daşıyırıq. Mütəmadi dəyişən
sosial həyatın tələblərinə cavab verən, hər
bir sahəni əhatə edən, yaradıcı,
bacarıqlı tələbələr yetişdirmək
universitetimizin əsas missiyasıdır. Biz
dinamik və azad akademik mühit, ciddi universitet nizamnaməsi ilə
fəxr edirik. 4 əməkdaşımız
Nobel mükafatına layiq görülüb. Biz beynəlxalq
tədqiqatlara yol açan tədqiqat mühitinin modernləşdirilməsi
üzrə işlər aparmalı, əməkdaşların
iş şəraitini daha effektli təşkil etməli və
maliyyə işlərini daha da təkmilləşdirməliyik.
Təbii resurslara malik olmayan Yaponiyada yüksək
ixtisaslaşmış işçi qüvvəsi, mütəxəssisləşmiş
insan resursları vardır. Biz gənclərimizə
beynəlxalq yanaşmanı aşılamalı, beynəlxalq əməkdaşlıq
və sülhyaratma prinsiplərini öyrətməliyik".
Bu gün
Naqoya Universiteti tələbələrə verdiyi mükəmməl
təhsili ilə yeni era açmaq, elmin inkişafına öz
töhfələrini vermək, dünyanın ən
tanınmış və tələb olunan ali
məktəbinə çevrilmək arzusundadır.
Universitetin məşhur məzunları
Şoiçiro Toyoda "Toyota Motor" şirkətinin sabiq
baş direktoru
Hiromu
Okabe "Denso"
şirkətinin sabiq prezidenti və icraçı direktoru
Uiçiro
Niva Yaponiyanın Çindəki sabiq səfiri
Nobuo
Kato bakterioloq, Naqoya Universitetinin sabiq prezidenti
Minoru
Masuo mühəndis,
Naqoya Universitetinin sabiq prezidenti
Şiniçi Hirano mühəndis, Naqoya Universitetinin sabiq
prezidenti
Redzi
Noyori kimya üzrə Nobel mükafatı
laureatı
Osamu
Şimomura kimya
üzrə Nobel mükafatı laureatı
Makoto
Kobayasi fizika
üzrə Nobel mükafatı laureatı
Toşihide
Maskava fizika üzrə Nobel mükafatı
laureatı
Hazırladı:
Lamiyə ƏLİYEVA
Azərbaycan müəllimi.- 2011.- 23
sentyabr.- S.8-9.