Akademik Zərifə Əliyeva
adına məktəb
Haqqında
Akademik
Zərifə Əliyeva adına məktəb Bakı şəhəri
Yasamal rayonu ərazisində yerləşir. Məktəb Heydər
Əliyev Fondunun dəstəyi ilə 28 aprel 2008-ci ildə
görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın
anadan olmasının 85 illik yubileyi ərəfəsində
açılıb. Açılış mərasimində Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev
iştirak edib, məktəbin maddi-texniki bazası ilə
tanış olduqdan sonra onun
haqqında xoş sözlər söyləyib.
Məktəb
Təhsil Nazirliyinin tabeliyindədir. Təhsil ocağında
2011-2012-ci tədris ilindən X siniflərdə təmayüllər
üzrə tədrisin təşkili pilot layihəsi tətbiq
edilir. İlk dəfə 2008-2009-cu tədris ilində fəaliyyətə
başlayan məktəbdə IX-X siniflərdə təhsil
alacaq 700 nəfərə yaxın şagird müsabiqə yolu
ilə seçilmişdi. Hazırda tədris ocağında 41
nəfər müəllim 503 şagirdin təlim-tərbiyəsi
ilə məşğul olur. Məktəbin direktoru
respublikanın əməkdar müəllimi Məhəbbət
Vəliyevadır. Məktəbdə siniflərin təmayüllər
üzrə komplektləşməsi şagirdlərin maraq
göstərdikləri fənləri daha dərindən öyrənmələrinə
imkan verir. Tədris ocağında fundamental və tətbiqi
elmlərin tədrisi, bilik yarışlarının
keçirilməsi, ölkədaxili və beynəlxalq
olimpiadalarda iştirak, xaricdə və respublikanın
nüfuzlu ali məktəblərində təhsil almaq prioritet məsələlərdən
hesab olunur. Məktəbin pedaqoji kollektivi öz işində
şagirdlərə müstəqil düşünmək, mühakimə yürütmək, nəticə çıxarmaq, tədqiqat aparmaq
kimi bacarıq və vərdişlərin formalaşmasını əsas tutur.
2009-cu ildən məktəb Təhsil
Nazirliyi tərəfindən
həyata keçirilən "Elektron məktəb" pilot
layihəsinə qoşulub. Məktəbin rəsmi
saytı
z-aliyeva.edu.az-dır.
Məqsəd və vəzifələr
Məktəbin
əsas məqsədi milli mənəvi dəyərlərə,
yaradıcı təfəkkür və məntiqi yanaşmaya
malik gənclərin dünyaya inteqrasiya edilməsi, müstəqil
şəxsiyyət kimi formalaşdırılmasından ibarətdir.
Təlim-tərbiyə yeni və səmərəli təhsil
yanaşmaları, müasir metod və texnologiyalar üzərində
qurulur. Məktəbin əsas vəzifəsi cəmiyyətə
yararlı, hərtərəfli inkişaf etmiş layiqli vətəndaş
formalaşdırmaq, dünyanın qabaqcıl və nüfuzlu
ali təhsil müəssisələrində təhsil ala biləcək
şagirdlər yetişdirməkdir. Məktəb fundamental və
tətbiqi biliklərin öyrədildiyini əsas tutaraq, tədris
prosesinin tədqiqatyönümlü olmasına şərait
yaradır, şagirdləri yaradıcılığa və
axtarışa həvəsləndirir, onların
istedadını müxtəlif yollarla üzə
çıxarır, nümayiş etdirir və dərsdənkənar
təlim imkanlarını genişləndirir. Şagirdlərdə
vətənpərvərlik, səmimilik,
dözümlülük, tolerantlıq, xalqa məhəbbət
duyğuları tərbiyəsi ön plana çəkilir,
dövlətçilik prinsiplərinin qorunması hər bir
şagirdə aşılanır.
Maddi-texniki baza
Akademik
Zərifə Əliyeva adına məktəb 840 yerlikdir və
bir korpusdan ibarət üçmərtəbəli binada yerləşir.
Məktəbdə 41 sinif otağı, multimedia və fənn kabinetləri, fizika və
kimya laboratoriyaları, 4 kompüter otağı, müəllimlər
otağı, kitabxana, yeməkxana, idman zalı mövcuddur. Sinif otaqları, laboratoriyalar və
idman zalı müasir avadanlıqlarla tam təchiz olunmuş,
süni örtüklü futbol, voleybol və basketbol
meydançaları şagirdlərin ixtiyarına
verilmişdir. Bununla yanaşı, məktəbin geniş və
işıqlı informasiya resurs mərkəzi, dərslik, elmi və bədii ədəbiyyatla
zəngin kitabxanası vardır. Məktəbdə Müasir Təhsil
və Tədrisə Yardım Mərkəzinin xətti ilə
resurs mərkəzi yaradılıb. Mərkəzdə toplanan
zəngin kitab bazasından müəllim və şagirdlər
istifadə edir.
Məktəbdə
akademik Zərifə Əliyevanın adını əbədiləşdirmək
məqsədilə xatirə zalı
yaradılmışdır. Zalda görkəmli oftalmoloqun həyat
və yaradıcılığını, ictimai fəaliyyətini
əks etdirən fotoşəkillər nümayiş olunur.
Bununla yanaşı, zalda ümummilli lider Heydər Əliyev və
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
fotoşəkillərindən ibarət stendlər
yaradılmışdır. Tədris ocağına qəbul olunan
şagirdlərin məktəb həyatı məhz bu xatirə
zalından başlanır. Şagirdlər görkəmli
oftalmoloq, akademik Zərifə xanım Əliyevanın həyat
və fəaliyyətini əks etdirən fotoşəkillərlə
tanış olur, haqqında ətraflı
məlumatlar əldə edirlər. Bir vaxtlar Zərifə xanım
Əliyevanın devizi olmuş "Günəştək
olaq" ifadəsi bu gün təkcə şagirdlərin yox,
ümumiyyətlə məktəbin həyat devizinə
çevrilmişdir. Xatirə zalında bir çox müxtəlif
tarixi günləri və əlamətdar hadisələri əks
etdirən fotoşəkillər də mövcuddur.
Akademik
Zərifə Əliyevanın yubileyi ərəfəsində məktəbin
şagirdləri bu şəxsiyyətin həyatını ətraflı
tədqiq edir, onun həm həkim, həm də bir vətəndaş
kimi fəaliyyətini əks etdirən təqdimatlar
hazırlanır, mövzu ilə bağlı inşa yazı
müsabiqələri keçirilir.
Tədris və təlim-tərbiyənin
təşkili
Məktəb
birnövbəlidir. Qəbul müsabiqə yolu ilə
keçirilir və siniflər riyaziyyat-texniki,
riyaziyyat-iqtisadiyyat, humanitar və təbiət fənləri təmayülləri
üzrə komplektləşdirilir. Məktəbdə Azərbaycan
və rus bölmələri fəaliyyət göstərir. Məktəbin
strukturu IX-XI siniflərdən ibarətdir. Tədris ili iki yarımilliyə bölünür. Dərslər
qoşa saatlarla tədris olunur. Şagirdlərin bilik səviyyəsini
yoxlamaq üçün mikrosummativ və makrosummativ qiymətləndirmə
testləri, mövzu və bölmələr üzrə
şifahi sorğu, müxtəlif fənlər üzrə
layihə işlərinin müdafiəsi və sinifdən-sinfə
keçid imtahanları keçirilir. Qiymətləndirmə 5
ballıq sistemlə aparılır. I və II yarımilin
sonunda şagirdlər yekun imtahanı verirlər. Bundan
başqa, şagirdlərin əldə etdiyi biliklərin səviyyəsini
yoxlamaq üçün dekabr və aprel aylarında aralıq
imtahanları - Məktəbdaxili Qiymətləndirmə Testləri
(MQT) keçirilir. Testlərə hazırlıq məqsədi
ilə xüsusi seminarlar, məsləhət saatları təşkil
edilir. MQT -nin nəticələrinə əsasən hər bir
sinfin, fənnin, müəllimin, şagirdin müvəffəqiyyət
faizləri hesablanır, reytinq cədvəlləri
hazırlanır və yüksək bal toplamış 6
şagird təqaüdə layiq görülür. Tətil
müddətində şagirdlər üçün
mühazirə və seminarlar təşkil olunur.
Məktəbdə
şagirdlərə vətənpərvərlik və insani
keyfiyyətləri aşılamaq məqsədilə sistemli tədbirlər
keçirilir. Hər il akademik Zərifə Əliyevanın
doğum günü ərəfəsində ənənəvi
olaraq keçirilən "Sağlam həyat" aksiyası
çərçivəsində Respublika Talassemiya Mərkəzində
qanvermə, Gözdən Əlil Uşaqlar üçün Respublika
İnternat Məktəbində təşkil olunan tədbirlər
şagirdlərə əlavə stimul verir. Bundan başqa,
aksiya çərçivəsində şagirdlər
böyük alimin həyat və
yaradıcılığını dərindən öyrənmək
məqsədilə tədqiqat işi aparır və layihələrin
müdafiəsi keçirilir. 2011-ci ildə keçirilən ənənəvi
"Sağlam həyat" xeyriyyə aksiyasında məktəbin şagird və
müəllim heyətinin vəsaiti hesabına ehtiyacı olan
xəstələrə dərman preparatları
paylanmışdır.
Məktəbdə
keçirilən tədbirlərdən
biri də 28 May-Respublika gününə həsr olunmuş
"Biz hamımız Mübarizik" adlı hərbi-vətənpərvərlik
yarışıdır. Bu yarışların təşkilatçısı
məktəbin gənclərin çağırışaqədərki
hazırlıq üzrə rəhbəri, Milli Ordunun ehtiyatda
olan zabiti Qılman Eyvazov şagirdlərin vətənə
layiqli əsgər kimi yetişdirilməsində mühüm
rol oynayır. Fiziki tərbiyə
müəllimləri İslam Rəhimov, Svetlana Məmmədova,
Sudef Quliyev və Tamella Səlahətdinovanın təşkil
etdikləri "Məktəb, ailə, idman"
yarışları böyük maraq doğurur və
bununla da ailələrlə məktəb arasında bir
körpü yaranır. Əlamətdar günlərin tədbirlər
planı əsasında təşkil olunaraq keçirilməsi
əsas vəzifələrdən hesab edilir.
Məktəbin
ümumi fəaliyyətindəki üstünlüklərindən
biri də ali məktəblər və müxtəlif dövlət
qurumları ilə sıx əməkdaşlıq etməsidir.
BDU-nun, AMEA-nın Radiasiya İnstitutunun, Dövlət Neft
Şirkətinin laboratoriyalarında kimya, biologiya və fizika fənləri
üzrə aparılan təcrübələr, Milli Məclisin,
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin,
İnformasiya və Texnologiya İnstitutunun, Ekologiya və Təbii
Sərvətlər Nazirliyinin, BP şirkətinin iş prinsipi
ilə tanışlıq şagirdlərin peşə
seçiminə, praktik biliklərə yiyələnməsinə
kömək edir.
Məktəbdə
riyaziyyat müəllimlərinin
seminarları təşkil olunur. Dərslik müəlliflərinin
də qatıldığı bu seminarlarda müəllimlər
şagirdlərin ənənəvi olaraq çətin mənimsədiyi
mövzular üzrə maraqlı çıxışlar edirlər.
Bu çıxışlarda həmin mövzuların tədrisi
metodikası haqqında müxtəlif baxışlar ortaya
qoyulur, dərslikdə onların
işıqlandırılması vəziyyəti
müzakirə olunur. Müzakirələrin nəticəsində
meydana çıxan səmərəli təkliflər dərsliklərin
təkmilləşdirilməsi məqsədilə növbəti
nəşrlərdə nəzərə alınır. Dərsliklərin
həmmüəllifi professor Məmməd Yaqubovun və digər məktəblərin
riyaziyyat müəllimlərinin iştirakı bu
seminarların işini daha da maraqlı edir. Şagirdlər
riyaziyyat seminarlarındakı müzakirələrdən
çox faydalanırlar.
Riyaziyyat
olimpiadalarına maraq göstərən şagirdlər
üçün həftədə bir dəfə iki
saatlıq seminarlar təşkil olunur. Bu seminarlarda şagirdlər
dərsliklərdən kənar riyaziyyat dünyası ilə
tanış olmaq imkanı əldə edirlər. Bəzən
dərslər iki və ya üç müəllim tərəfindən
aparılır. Siniflərarası riyaziyyat
yarışmaları da şagirdlərin marağına səbəb
olur. Rəqib komandaya qalib gəlmək arzusu şagirdləri
saatlarla öz üzərlərində işləməyə
vadar edir ki, bu da nəticədə məktəbin ümumi
uğuruna gətirib çıxarır.
Məktəbdə
ənənəvi olaraq "ustad dərsləri" təşkil
olunur. Bu dərslərə şagirdlərin göstərdiyi
maraq akademik Zərifə Əliyeva adına məktəbin
müəllimlərinin öz sənətinə bağlı,
riyaziyyatın incəliklərinə bələd mütəxəssislər
olduğunu göstərir.
Məktəbin
tarix kafedrasının müəllimlərinin təşəbbüsü
ilə təşkil olunan virtual
konfranslar artıq ənənə halını
almışdır. Belə ki, əlamətdar günlərə həsr olunmuş
tədbirlərdə məktəbin müəllim və
şagirdlərinin iştirakı ilə digər məktəblərlə
onlayn əlaqə yaradılaraq fikir mübadiləsi
aparılır, şagirdlərin sərbəst şəkildə
fikirləri dinlənilir. 20 Yanvar və Xocalı faciəsi, 31
Mart Azərbaycanlıların soyqırımı günü
ilə bağlı tədbirlərdən sonra şagirdlər
müxtəlif dillərdə tərtib etdikləri bəyanatları
bir çox xarici ölkələrdəki ictimai təşkilatlara
və digər qurumların elektron ünvanlarına göndərirlər.
Məktəb
daim Təhsil Nazirliyi tərəfindən diqqətdə
saxlanılır. Təhsil naziri Misir Mərdanov məktəbdə
baş verən prosesləri izləyir, məktəbin tədbirlərində
iştirak edir, tapşırıq və tövsiyələr
verir.
Məktəbdə
olan xarici qonaqlar Ankara şəhər Təhsil İdarəsinin
müdiri Kamil Aydoğan, İSESKO-nun baş katibi Əbdüləziz bin Osman Əl
Tüveycri, Belarusun təhsil naziri
Aleksandr Radkov, İNTEL Şirkəti İdarə Heyətinin
sədri Kreyq Barret və başqaları məktəbin
strukturu və fəaliyyəti ilə yaxından tanış
olmuş və məktəb haqqında xoş sözlər
söyləmişlər.
Pedaqoji kollektiv
Məktəbdə
yüksək peşəkarlığı ilə seçilən
41 müəllim fəaliyyət göstərir. Müəllimlərdən
Mehriban Vəliyeva, Kamran Rəhimov, Samirə Məsimova, Elxan Əmirbəyov
elmlər namizədi, Ələddin Məmmədli, Aygün Əzizova,
Samirə Bəktaşi, Mehriban Vəliyeva, Rüfət Rizayev,
Zemfira Məhəmmədova, İradə Səmədova, Aynur
Hüseynova isə "Ən yaxşı müəllim" müsabiqəsinin
qalibləridir.
Məktəbin
direktoru Məhəbbət Vəliyeva əməkdar müəllim
fəxri adına, Aygün Əzizova və Ələddin Məmmədli
isə "Tərəqqi" medalına layiq
görülmüşlər. Bununla yanaşı, məktəbin
müəllimlərindən Samirə Bəktaşi, Aygün Əzizova
dərsliklərin qiymətləndirilməsində, Elmira Musayeva və Dürrə Hidayətzadə
isə monitorinq və qiymətləndirmə ilə
bağlı işçi qrupunda fəal iştirak etmişlər.
Müəllimlərin peşəkarlıq səviyyəsinin
artırılması məqsədilə məktəbdə
İNTEL "Gələcək üçün Təhsil",
"Elektron məktəb" layihələri, interaktiv
löhvə ilə tədris təlimləri, "Öyrədənlərin
öyrədəni" fənn kurikulumlarının tətbiqi
kursu, "Şagirdlərdə idraki qabiliyyətlərin
inkişaf etdirilməsi vasitələri" layihəsi çərçivəsində
treninqlər keçirilmişdir. Bundan başqa, müəllimlərdən
Aygün Əzizova Şimali Kiprdə, Natalya Qurbanova Ukraynanın Soçi şəhərində,
Samirə Bəktaşi, Dürrə
Hidayətzadə və Rəna Süleymanova Türkiyədə,
İradə Səmədova və Aynur Hüseynova isə Kanadada təşkil
olunan treninq və tədbirlərdə iştirak edərək
sertifikatlar almışlar.
İKT-nin tətbiqi
Məktəbdə
informasiya-kommunikasiya texnologiyaları geniş tətbiq edilir,
bütün fənn müəllimlərinin və şagirdlərin
keyfiyyətli təhsil alması üçün hərtərəfli
imkanlar yaradılıb. Hazırda məktəbdə 33
proyektor, 75 stolüstü kompüter (PC), 27 noutbuk,
lisenziyalı proqram təminatı, 8 interaktiv qurğu, WI-FI
zonası mövcuddur. Fiberoptik İnternet və intranet yüksəksürətli
şəbəkədən müəllim və şagirdlər
gündəlik istifadə edirlər.
Bu zəruri avadanlıqların olması məktəbdə
artıq bir ildir ki, elektron
jurnalın istifadəsini təmin etmişdir. Məktəbdə
İKT üzrə savadlılığın
artırılması məqsədilə mütəmadi olaraq
treninqlər keçirilir. Şagird və müəllimlər
ilboyu dərs prosesində digər məktəblərdə
keçirilən tədbirləri veb kameralar vasitəsi ilə
izləyirlər. Şagirdlər müəllimlərlə daim
onlayn əlaqədədirlər. Məktəbdə elektron dərslər
qurulur, müəllimlərin
tapşırıqları elektron poçt vasitəsi ilə təhlil
edilir. Elektron "qaynar xətt" mövcuddur ki, bu da
şagirdlərdə fikirlərini müstəqil ifadə etmək
imkanı yaradır, rəhbərliyə daxil olan şikayət
və təkliflər obyektiv araşdırılır. İnformasiya texnologiyaları məktəbdə
effektiv alətlər kimi müəllimlərin
yardımçısıdır və təhsilin
inkişafına xidmət edir.
Bunun nəticəsidir ki, innovativ müəllimlər
müsabiqəsində iştirak edən pedaqoji kollektivin
üzvləri yüksək yerlər tutaraq
mükafatlandırılmışlar. Şagirdlərin bu sahəyə
marağı və həvəsi onların müxtəlif
müsabiqələrdə iştirak etməsinə zəmin
yaradır. Məsələn, 2009-cu ildə 10 nəfər
IX-XI sinif şagirdi "Gənc kompüter istedadları"
respublika müsabiqəsində müxtəlif nominasiyalar
üzrə I, II və III yerlərin
qalibləri olmuşdur. 2010-2011-ci il "Elektron təhsil"
respublika müsabiqəsində isə müəllim və
şagirdlər maraqli, peşəkar və öyrədici
proqramlar tərtib edərək müxtəlif mükafatlara layiq
görülmüşlər.
Şagirdlərə
informatika dərslərində proqramlaşdırma dilinin tədris
olunması, nəticədə
onların "İNEPO-AVRASİYA" Ətraf Mühitin
Mühafizəsi Beynəlxalq Layihə Olimpiadasında mühəndislik
kateqoriyasında uğurlu iştirakına gətirib
çıxarmışdır. Məktəbin İKT profili
üzrə direktor müavini Aygün Əzizovanın rəhbərliyi
ilə şagirdlərdən Gülnar Rəhimova və Səbinə
İsayevanın "DELPHİ" proqramlaşdırma dilində hazırladıqları proqram qızıl medala layiq
görülüb. Məktəbin şagirdləri informatika fənni
üzrə rayon, şəhər və respublika müsabiqələrində
I, II və III yerləri qazanmışlar.
İKT-nin
tədrisdə tətbiqi, informasiyaların sürətli əldə
olunması, virtual müqayisəli dərin biliklərin öyrənilməsi
sagirdlərdə özünəinam hissi yaradır,
özünüqiymətləndirmə və səhvlərin
aradan qaldırılması yollarını aşkar etmək
bacarıqları formalaşdırır. Bununla da şagirdlər
texnologiyalardan sərbəst istifadə edir və gələcək
fəaliyyətlərini
düzgün müəyyənləşdirirlər.
Görülən işlərin məntiqi kimi son iki ildə məktəbin
məzunlarından Qasım Qasımzadə, Toğrul Cəlallı,
Rəsul Axundov, Nərgiz Məmmədli, Könül Əliyeva,
Səbinə İsayeva, Fariz Hüseynli, Kənan Osmanlı,
Nazilə Əlibəyli, Əli Qənbərov və Dadaş Ələkbərov
yüksək ballarla respublikanın və dünyanın
nüfuzlu universitetlərinə kompüter ixtisası üzrə
daxil olublar.
2009-cu
ildə akademik Zərifə Əliyevanın doğum
günü ərəfəsində məktəbin fənlər
üzrə inteqrativ dərsləri Təhsil Nazirliyinin rəsmi
(edu.gov.az) saytında birbaşa canlı
yayımlanmışdır.
Nailiyyətlər
Görülən
işlər, aparılan islahatlar və yeniliklər nəticəsində
məktəbin uğurları günü-gündən
artır. Məktəbin yaranmasından cəmi üç il
keçməsinə baxmayaraq, istər Tələbə Qəbulu
üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul
imtahanlarında, istərsə də olimpiadalarda və
müsabiqələrdə şagirdlər uğurla iştirak
edərək yüksək nəticələr əldə
etmişlər. Məktəbin direktoru Məhəbbət Vəliyevanın
və pedaqoji kollektivin gərgin əməyi və yüksək
təşkilatçılıq bacarıqları nəticəsində
məktəb ictimaiyyət arasında böyük nüfuz
qazanmışdır. 2009-2010-cu tədris ilində məktəbi
bitirən 48 məzundan 47 nəfəri respublikamızın və
dünyanın nüfuzlu ali təhsil müəssisələrinə
daxil olmuşdur. Məzunlardan 6 nəfəri ali məktəblərə
qəbul imtahanlarında 600-dən çox bal
toplamış, 8 nəfəri
isə xarici ölkələrin universitetlərinə daxil
olmuşdur.
Məktəbin
2010-2011-ci tədris ilində əldə etdiyi uğurlar isə
daha ürəkaçandır. Belə ki, bu il məktəbi
bitirən 173 məzunun hamısı qəbul imtahanlarında
yüksək nəticə göstərmiş və tələbə
adını qazanmağa nail olmuşdur. Bunlardan 20 nəfəri
xarici ölkələrin, 153 nəfəri isə
respublikamızın ali təhsil müəssisələrinə
daxil olub. Məzunlardan 4 nəfəri xaricdə təhsil
üzrə Dövlət Proqramı çərçivəsində
xarici ölkələrin ali məktəblərində təhsil
alırlar. Məzunların 41 nəfəri 600-dən, o
cümlədən 15 nəfəri 650-dən yuxarı bal toplayıb. XI sinif şagirdləri Lalə Əhmədova,
İlkin Hüseynzadə və Səbinə İsayeva 2011-ci
ildə keçirilən "İNEPO AVRASİYA" Ətraf
Mühitin Mühafizəsi Beynəlxalq Layihə
Olimpiadasının qalibi olmuş və Təhsil Nazirliyi tərəfindən
keçirilən mərkəzləşdirilmiş
buraxılış
imtahanlarından azad edilmişlər. Olimpiadanın qalibi
olan şagirdlər onlara göstərilən etimadı
doğrultmuşlar. Belə ki, qəbul imtahanlarında Səbinə
İsayeva 680 bal, İlkin
Hüseynzadə 660 bal, Lalə Əhmədova isə 655 bal
toplayaraq ali məktəblərə daxil olmuşlar. Builki məzunlardan
məktəbi qızıl medalla bitirmiş Mətanət Məmmədli
(695 bal), Aydın Həsənli (690 bal), Məryəm
Hüseynova (685 bal), Səbinə İsayeva (680 bal) və
Qüdrət Həsənli (675 bal) göstərdikləri
yüksək nəticələrə görə Prezident təqaüdünə
layiq görülmüşlər.
Məktəbin
uğurları bunlarla bitmir. Şagirdlər ölkədaxili və
beynəlxalq miqyaslı olimpiadalarda, yarışlarda,
konfranslarda iştirak edərək
diplomlarla təltif olunmuşlar. Məktəbin şagirdləri
komanda şəklində 2009-cu ildə Rusiyanın Moskva şəhərində
keçirilən "Beynəlxalq intellektual oyunlar" yarışmasında I yerə,
2010-cu ildə Gürcüstanda keçirilən "Gənc
ekoloqlar" beynəlxalq turnirində
III yerə layiq görülmüş, İEARN təşkilatının dəstəyi
ilə Türkiyə və Kanadada keçirilən beynəlxalq
konfranslarda iştirak edərək diplomlarla təltif
olunmuşlar.
Məktəbin
şagirdləri respublika fənn olimpiadalarında və
inşa müsabiqələrində, idman
yarışlarında oxuduqları təhsil ocağının
adını şərəflə qoruyurlar.
Məktəbin
məzunu Kənan Əliyev qılıncoynatma üzrə idman
ustalığına namizəd, bir neçə beynəlxalq
turnirin qalibi, qılıncoynatma üzrə milli komandanın
üzvüdür.
Təhsil
ocağının şagirdləri "Araz"
kurslarının Bakı şəhəri üzrə
keçirdiyi "Bilik yarışı"nda II yerə,
Bakı şəhəri Yasamal rayonu Gənclər və
İdman İdarəsinin keçirdiyi XXII spartakiadada I dərəcəli
diploma layiq görülmüşlər.
Şagird Parlamenti
Şagirdlərin
fəal həyat tərzinə alışdırılması,
onlarda liderlik keyfiyyətlərinin və idarəetmə mədəniyyətinin
formalaşdırılması məqsədilə 7 dekabr 2010-cu il tarixində akademik Zərifə
Əliyeva adına məktəbdə "İrəli "
İctimai Birliyinin dəstəyi ilə Sagird Parlamenti
yaradılmışdır. ŞP-nin tərkibinə məktəb
psixoloqunun hazırladığı xüsusi testin nəticələri
və demokratik seçki əsasında seçilmiş IX-XI
sinif şagirdləri daxil edilib.
Namizədlər arasından idarəçilik, liderlik qabiliyyətinə
malik olan, fikrini müstəqil və sərbəst ifadə edən,
təlimdə yüksək göstəricilər qazanan 25
şagird seçilmişdir. ŞP-nin deputatı təyin edilən
bu şagirdlər həm məktəb
daxilində, həm də onun hüdudlarından kənarda şagird kollektivinin mənafeyini
müdafiə edərək qarşılarına qoyulan vəzifələri
yerinə yetirirlər.
Müxtəlif
tarixi günlərlə bağlı "İrəli"
İctimai Birliyinin təşkil etdiyi tədbirlərdə də
ŞP-nin üzvləri fəal iştirak edirlər. 24 aprel
qondarma erməni soyqırımı günü, erməni
lobbisinin millətimiz haqqında
yaydığı dezinformasiyaya cavab
olaraq parlamentin üzvləri bunun böyük yalan olması ilə bağlı məktubları
Avropanın müxtəlif nüfuzlu dövlət adamlarının elektron ünvanlarına göndərmişlər.
Şagird
Parlamentində təhsil, mədəniyyət, turizm və idman
məsələləri, beynəlxalq əlaqələr, mətbuat
xidməti, hərbi-vətənpərvərlik, intizam, təftiş
və büdcə üzrə 7 daimi komissiya fəaliyyət
göstərir. Komissiyaların səmərəli işi nəticəsində ŞP hər
bir şagirdin hüquqlarının qorunmasına,
ehtiyaclarının təmin olunmasına xidmət edən
sağlam demokratik mühitin yaranmasına nail olmuşdur.
Məktəbin
rəhbərliyi və pedaqoji kollektivi yaradılan şəraitə,
göstərilən diqqət və qayğıya görə
ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını
bildirirlər.
Məktəb 2011-2012-ci tədris ilinə
böyük ruh yüksəkliyi ilə başlayıb. Əldə
olunan nailiyyətləri artırmağı
qarşısına məqsəd qoyan məktəb rəhbərliyi
ilə pedaqoji kollektiv yeni uğurlar qazanmaq üçün
imkanlarını səfərbər edirlər.
* Məktəbin
məzunlarından 28 nəfəri dünyanın nüfuzlu ali
məktəblərində təhsil alır.
* Məktəbin
məzunlarından 5 nəfəri Prezident təqaüdçüsüdür.
* Məktəbin
şagirdi Məmmədli Mətanət məktəbi
qızıl medalla bitirərək 695 balla ATU-ya qəbul
olunmuşdur.
* Məktəbin
2 şagirdi "İNEPO AVRASİYA" Ətraf Mühitin
Mühafizəsi Beynəlxalq Layihə Olimpiadasının
qalibi olmuş, qızıl medala layiq
görülmüşdür.
* Məktəbin
məzunu Kənan Əliyev qılıncoynatma üzrə idman
ustalığına namizəd, bir neçə beynəlxalq
turnirin qalibi, qılıncoynatma üzrə milli komandanın
üzvüdür.
* Məktəbin
müəllimlərindən 6 nəfəri elmlər namizədi,
1 nəfər əməkdar müəllimdir, 2 nəfər
"Tərəqqi" medalına layiq görülmüş,
8 nəfəri isə "Ən yaxşı müəllim"
müsabiqəsinin qalibi olmuşdur.
Niyazi
RƏHİMOV
Azərbaycan
müəllimi.- 2011.- 23 sentyabr.- S.4-5.