"Müstəqil Azərbaycanın 20 il ərzində keçdiyi tarixi yol" mövzusunda elmi-praktik  konfrans

 

Sentyabrın 21-də AMEA-da Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə "Müstəqil Azərbaycanın 20 il ərzində keçdiyi tarixi yol" mövzusunda elmi-praktik konfrans keçirildi. Konfransda  tanınmış alim və mütəxəssislər, təhsil işçiləri  iştirak edirdilər.

Konfrans iştirakçıları "Müstəqil Azərbaycanın 20 il ərzində keçdiyi tarixi yol" mövzusunda təşkil olunmuş sərgiyə  baxdılar.

Sonra konfransı giriş sözü ilə Azərbaycan MEA-nın birinci vitse-prezidenti Arif Həşimov açaraq  tədbirin əhəmiyyətindən danışdı.

Çıxış üçün  ilk söz təhsil naziri Misir Mərdanova verildi. Nazir "Müstəqil Azərbaycan Respublikasında yeni təhsil sisteminin formalaşması və inkişafı" mövzusunda çıxış edərək  bildirdi ki, bu il oktyabrın  18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin iyirminci ildönümü tamam olur. Bu tarixi hadisə ilə əlaqədar ölkə başçısı cənab İlham Əliyev tərəfindən "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında"  sərəncam imzalanmışdır və bugünkü tədbirimiz də həmin sərəncama uyğun olaraq keçirilir.

Sərəncamda qeyd olunur ki, "bu illər ərzində demokratik, hüquqi və dünyəvi dövlətin qurulması xalqımızın tarixi nailiyyətidir". Həmin nailiyyətlərdən biri də təhsil sisteminin inkişafı sahəsində əldə etdiyimiz  nailiyyətlərdir.

Təhsil naziri qeyd etdi ki, 1993-cü ildə xalqın  tələbilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı təhsil sahəsində islahatların aparılmasına şərait yaratdı.  Milli təhsil quruculuğu sahəsində əhəmiyyətli addımlar atıldı, ölkədə milli təhsil sistemi yaradılmağa başladı.1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edildi və Konstitusiyanın 42-ci maddəsində vətəndaşların təhsil  hüququ təsbit edildi. 1999-cu il iyunun 15-də Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə  təsdiq edilmiş təhsil sahəsində İslahat Proqramı ölkəmizdə təhsilin inkişaf strategiyasını və  islahatların mərhələlərini müəyyənləşdirdi.

Təhsilə göstərilən dövlət  qayğısından  danışan  nazir dedi ki, təhsil tariximizdə ilk dəfə olaraq 16 dövlət proqramı hazırlanmış və uğurla   həyata keçirilməkdədir. Təhsilin ayrı-ayrı sahələrinin inkişafı üzrə real vəziyyətin təhlili əsasında hazırlanıb təsdiq  edilmiş bu proqramların reallaşması  nəticəsində təhsil  infrastrukturunun müasir tələblərə uyğun qurulması, təhsilin məzmununun yeniləşdirilməsi, yeni dərslik siyasətinin reallaşdırılması, məktəbəqədər, texniki peşə, ali təhsil, xaricdə təhsil, istedadlı uşaqların inkişafı, de-institutlaşdırma və digər bu kimi sahələrdə əhəmiyyətli nailiyyətlər əldə olunmuşdur.

Hazırda ölkəmizdə 1623 məktəbəqədər təhsil müəssisəsinin fəaliyyət göstərməsini, həmin müəssisələrdə 112 mindən artıq uşağın tərbiyə olunmasını, onların təlim-tərbiyəsi ilə 13 min pedaqoji işçinin məşğul olmasını da  Misir Mərdanov  konfrans iştirakçılarının nəzərinə çatdırdı. Qeyd etdi ki,  son illərdə ölkə üzrə 31 yeni uşaq bağçası tikilib istifadəyə verilmiş, 40-dək məktəbəqədər təhsil müəssisəsi əsaslı təmir edilmiş, 200 müəssisə müasir avadanlıqlarla təchiz olunmuşdur. Əsaslı  təmir olunan məktəblərin sayı isə 2000-i ötmüşdür.

Təhsil naziri Misir Mərdanov çıxışını  Azərbaycanda təhsilin inkişaf perspektivlərinin əsasında  möhtərəm Prezidentimiz İlham Əliyevin söylədiyi konseptual  fikri ilə tamamladı: "Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik. Çünki insanın savadı, biliyi  onun gələcək inkişafına xidmət edir", "Neft, qaz Tanrıdan verilən böyük nemətdir, amma gec-tez bu təbii sərvətlər  tükənəcək və  bilik, zəka ölkəmizin davamlı inkişafını uzun illər bundan sonra təmin edəcəkdir. Ən inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq görərik ki, o ölkənin inkişafında aparıcı rol oynayan neft, qaz deyil, bilikdir, elmi- texniki tərəqqidir, yeni texnologiyalardır".

Konfransda Azərbaycan MEA-nın birinci vitse-prezidenti Arif Həşimov "Azərbaycanda təbiət elmləri son 20 ildə: mövcud elmi potensial və inkişaf perspektivləri", Azərbaycan MEA-nın vitse-prezidenti Nailə Vəlixanlı  "Müstəqillik illərində Azərbaycanda ictimai-humanitar elmlər", BDU-nun prorektoru İradə Əliyeva "Müstəqillik illərində Azərbaycanın ali təhsil  müəssisələrində elmi tədqiqatların inkişaf yolu" və Azərbaycan MEA  Naxçıvan Bölməsinin sədri İsmayıl Hacıyev "Müstəqillik  illərində Naxçıvan Muxtar Respublikasında akademik elmin inkişafı" mövzularında çıxışlar etdilər.

Konfransın sonunda "Elm məbədi müstəqillik illərində" filminin nümayişi oldu.    

 

 

Şakir CƏFƏROV

 

Azərbaycan müəllimi.- 2011.- 23 sentyabr.- S.3.