Peşə təhsili
müəssisələrində "Fərdi kompüter
operatoru" peşəsi üzrə təlim
aparan müəllimlər üçün seminar keçirilib
Azərbaycan Respublikası müstəqil
dövlət kimi inkişaf etdikcə bütün sahələrdə
qabaqcıl ölkələrin müsbət təcrübəsini
öyrənir, yeni mütərəqqi cəhətləri tətbiq
edir. Milli və bəşəri dəyərlər əsasında
təhsilimiz yenidən qurulur. Ümummilli lider Heydər Əliyev
tərəfindən əsası qoyulan təhsil islahatı Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyevin qayğısı nəticəsində
uğurla davam etdirilir. Hazırda təhsil sahəsində 16
dövlət proqramı tətbiq olunur. İslahatda əsas məqsəd
Azərbaycan təhsilinin dünyaya inteqrasiyasını sürətləndirməkdir.
Digər sahələrlə yanaşı, peşə təhsili
sahəsində də bir neçə islahat proqramı həyata
keçirilir.
19-21 sentyabr 2011-ci il tarixlərində Azərbaycan
Respublikası Təhsil Nazirliyi ilə YUNESKO arasında "Azərbaycanda
peşə təhsilinin inkişafı" üzrə birgə
layihə əsasında peşə təhsili müəssisələrinin
müəllimləri üçün 18 nömrəli Bakı
Peşə Liseyində seminar keçirilib.
Seminarda işçi qrupları tərəfindən
hazırlanmış "Fərdi kompüter operatoru"
peşəsi üzrə 3 hissədən ibarət "Müəllim
üçün vəsait", şagird üçün dərslik
və nəzəriyyə kitablarının təlimdə tətbiqi
ilə bağlı təqdimat olub.
Seminarda Bakı və respublikanın
rayonlarındakı peşə təhsili müəssisələrində
"Fərdi kompüter operatoru" peşəsi üzrə
təlim aparan 20 nəfər müəllim iştirak edib.
Seminarı Təhsil Nazirliyinin Texniki
peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov
açıb. Sonra Təhsil Problemləri İnstitutunun
aparıcı məsləhətçisi Elxan Cəfərov
proqram əsasında təlimlər təşkil edib.
Seminar keçirilən müddətdə
onun iştirakçıları "Azərbaycan
Respublikasının peşə təhsili sistemində həyata
keçirilən kurikulum islahatı"nı zəruri edən
səbəblərin iqtisadiyyatda baş verən qloballaşma;
sürətli dəyişkənlik;
əmək bazarında rəqabətin güclənməsi; yeni tələblərə cavab verən
işçi heyətin çevik hazırlanma sisteminin
yaradılması; çevik təlim proqramlarının
hazırlanmasına ehtiyac olduğunu qeyd ediblər.
Seminarın proqramının əsas məzmunu
"Fərdi kompüter operatoru" peşəsinin
kurikulumunun strukturu və məzmunu, yeni təlim
strategiyaları, təlimin təşkilinə verilən tələblər,
təlimdə forma və üsulların seçilməsi və
əhəmiyyəti, təlimin planlaşdırılması
zamanı illik və gündəlik
planlaşdırma, təhsil sistemində yeni qiymətləndirmə
mexanizmləri, onun növləri (diaqnostik qiymətləndirmə,
formativ qiymətləndirmə, summativ qiymətləndirmə),
onların aparılması qaydalarını və dərsliklərdən
istifadə məsələlərini əhatə edib.
Təlimdə müasir kurikulumun təhsilalanın
maraqlarına uyğun və nəticəyönümlülük
xüsusiyyətlərinin real təlim-tərbiyə prosesində
nələrdə əks olunması müzakirə olunmuş,
müəllimin qarşısına qoyulan tələblər
müəyyən edilib.
Təlim modullarının (təlim
standartlarının) əsas tərkib hissələrinin
peşə kurikulumunun strukturunda necə əks olunması
araşdırılıb, müasir kurikulumun və ənənəvi
tədris proqramlarının oxşarlığı və fərqləri
qruplar şəklində müzakirə olunub.
Seminarda iştirakçılar təlim
modulları anlayışının əsas mahiyyətini və
onun əhəmiyyətini, onların tətbiqi zamanı
hansı nəticələri əldə etmək
imkanlarının yarandığını qruplarda praktik
iş apararaq araşdırıb və konkretləşdiriblər.
İştirakçılar "Funksional xəritə"nin
quruluşunun tərkib hissələrini təhlil ediblər. Nəticədə
ixtisas fənn müəllimləri modulların
reallaşdırılması alqoritminin hər bir hissəsinin
mahiyyətini müəyyən ediblər.
Modulların
reallaşdırılması alqoritmində müəyyən
olunan təlim standartı məzmun və fəaliyyət
komponentlərinə ayrılaraq onların praktik əhəmiyyəti
qeyd olunub.
Sonra fəal təlimin xüsusiyyətlərinin
təhlili aparılıb, ənənəvi dərslə
müasir təlimin ümumi və fərqli cəhətləri
araşdırılaraq fəal təlimin üstünlükləri
müəyyən edilib.
Seminarda peşənin məzmununun təhsilalanlara
çatdırılması məqsədi ilə müəllimlərin
öz işlərinin planlaşdırılmasına
yaradıcı yanaşmaları tövsiyə olunub.
Peşə üzrə nəzərdə
tutulmuş vaxt baxımından illik və gündəlik
planlaşdırmanın konkret misallarda dərsin məqsədlərini,
standartların və məzmunun,
təlim metodlarının, resursların, öyrədici
mühitin və qiymətləndirmənin
şagirdlərin idrak proseslərinin və şəxsi
xüsusiyyətlərinin inkişafına necə təsir
göstərəcəyinin nəzərə alınması
yolları araşdırılıb.
Yeni dərsliklərə verilən tələblərin
nəzərdən keçirilməsi və köhnə dərsliklərlə
müqayisəsi üçün yeni dərslik komplektlərinin
tərkib hissələri və strukturu ilə
tanışlıq, müxtəlif peşələr üzrə
dərsliklərin və metodiki vəsaitlərin nəzərdən
keçirilməsi, onlara inteqrasiya olunması tövsiyə
olunub. Müəllimin yaradıcılığının təmin
olunması üçün bir çox tövsiyələr
verilib.
Y.ƏLİYEV
Azərbaycan
müəllimi.- 2011.- 23 sentyabr.- S.3.