"Elektron təlimləndirən sistemlər" layihəsinə həsr olunmuş tədbir keçirilib

 

20 nömrəli tam orta məktəb-liseydə yerləşən Distant təhsil mərkəzində "Elektron  təlimləndirən sistemlər" layihəsinin başlanması ilə əlaqədar tədbir keçirilib. Tədbirdə  məktəb direktorları, valideynlər, 219 nömrəli  evdə məktəbin bir qrup şagirdi və digər qonaqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə  219 nömrəli evdə məktəbin direktoru, əməkdar müəllim Sədaqət Məmmədova açaraq  layihənin uğurlarından  danışıb.

Sonra  "Elektron təlimləndirən sistemlər"  layihəsinin rəhbəri Salam Əliyev çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının iqtisadiyyatının sürətlə inkişaf etdiyi bir dövrdə dövlətimizin təhsili də bu qloballaşma prosesindən kənarda deyildir. Təhsili dövlətimizin davamlı inkişafının əsas amillərindən biri hesab edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları onun inkişafına, dünyanın qabaqcıl ölkələrinin təhsil səviyyəsinə yüksəlməsinə böyük diqqət və qayğı göstərir, təhsili dövlət siyasətinin əsas prioritetlərindən biri kimi daim diqqətdə saxlayır.

Bu səbəbdəndir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 10 iyun 2008-ci il tarixli sərəncamı ilə "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"nı təsdiq etməsi dövlətimizin təhsil sistemində  yeni müasir dövrün başlanğıcı kimi hesab oluna bilər.

Bildirilib ki, fiziki qüsurlu uşaqlara göstərilən diqqət və qayğı son illər xeyli artmışdır. Bu sahədə Heydər Əliyev Fondu və Təhsil Nazirliyinin həyata keçirdiyi layihələr xüsusi rol oynayır. Bu işdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun  xoşməramlı səfiri  Mehriban Əliyevanın  məktəblərə, məktəblərin kompüterləşdirilməsinə, internat-məktəblərə və uşaq evlərinə göstərdiyi qayğını xüsusilə qeyd etmək lazımdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  sərəncam və qərarlarından irəli gələn vəzifələr tərəfimizdən dərin rəğbətlə qarşılanmış və bu vəzifələri nəzərə almaqla "Nobel-T" müəssisəsində xüsusi qayğıya ehtiyacı olan uşaqların tədrisi ilə əlaqədar "Elektron təlimləndirən sistemlər" adlı layihə işlənib hazırlanmışdır. Bu layihənin  ərsəyə gəlməsində Təhsil Nazirliyi  və tabeçiliyində olan təşkilatlar, həmçinin Təhsil sisteminin informasiyalaşdırılması idarəsi və 219 nömrəli evdə məktəbin müəllimləri yaxından iştirak edib, köməklik göstərmişlər.

Məlumat üçün  bildirilib  ki, 2009-cu ilin avqust ayından başlayaraq "Nobel-T" müəssisəsi xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilində mühüm rol oynayacaq bu layihənin həyata keçirilməsi üçün bir çox işlər görmüşdür. "Nobel-T" müəssisəsinin rəhbərliyi, əməkdaşları və psixoloqları layihədə iştirak edən 30 nəfər xüsusi qayğıya ehtiyacı olan şagirdin hər biri ilə fərdi qaydada görüşmüş, onların fiziki-psixoloji vəziyyəti, ev və təhsilalma şəraiti ilə yaxından tanış olmuşlar. İnternet xətti üçün telefon rabitəsi olmayan 4 şagirdin evinə müəssisə öz daxili hesabına telefon xətti çəkdirmişdir.

Bundan başqa, layihədə iştirak edən 26 müəllim ilk olaraq "Mədəd" Humanitar İctimai Birliyində, daha sonra isə "İntel" Gələcək üçün Təhsil kursunda təlimlərdən keçmişdir. Bundan əlavə, müəllimlər üçün tərəfimizdən təşkil olunmuş psixoloji treninqlərin keçirilməsi də təmin edilmişdir. "Nobel-T" müəssisəsinin daxili vəsaitı hesabına "Elektron təlimləndirən sistemlər"  layihəsi çərçivəsində xüsusi qayğıya ehtiyacı olan uşaqların distant təhsilinin icrasını təmin etmək məqsədilə İKT avadanlıqlarından və texniki vasitələrdən istifadəyə dair müəllimlər üçün təlim keçirilmişdir.

Qeyd edildi ki, 2010-cu il mayın 29-da Təhsil Nazirliyində layihənin təqdimatı keçirilmişdir. Təqdimat zamanı şirkətin uzun müddət ərzində  gördüyü işlər müsbət qiymətləndirilmiş və layihənin həyata keçirilməsi həm şagirdlərimizin, həm də müəllimlərimizin müasir dünya təhsil sisteminə daha asan inteqrasiya etməsində mühüm rol oynayacağı qeyd edilmişdir.

"Elektron təlimləndirən sistemlər" adlı layihənin ilk növbədə məqsədi evdə təhsil alan sağlamlıq imkanları məhdud olan uşaqları distant təhsilə cəlb etməklə cəmiyyətə inteqrasiya olunmasına dəstək verməkdir. Layihənin həyata keçirilməsinin əhəmiyyətli cəhətlərindən biri də sağlamlıq imkanları məhdud olan uşaqların təhsil almaq imkanlarının yaxşılaşdırılması ilə yanaşı, onların kompüter və elektron resurslardan istifadə bacarıqlarının artırılması və İnternetə çıxış imkanlarının yaradılmasıdır.

Bütün bunlar bu qəbildən olan uşaqlarda cəmiyyətin tamhüquqlu üzv olduqları ilə bağlı özünə inam yaradır. Müasir dövrdə İKT-nin sürətlə inkişafı onun təhsildə də tətbiq olunmasını zəruri edir. İnformasiya və kommunikasiya texnologiyalarından istifadə, dərsin elektron formada təsviri, digər tərəfdən dərsdə müasir təlim metodlarından istifadə edərək tədrisin distant formada təşkili xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilalma maraqlarının artmasına səbəb olacaqdır.

Tədbirdə vurğulanıb ki, inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, yeni əsrdə cəmiyyətin və insanların inkişafı üçün yaradıcı, müstəqil düşünən və inkişaf edən şəxsiyyət formalaşmalı, yetişdirilməlidir. Azərbaycanda da təhsil islahatının əsas prinsiplərindən biri təlim prosesində uşaqlarda fəallığı, məntiqi düşünməyi, özünə tənqidi yanaşmağı, müstəqil bilik almağı və fərdi inkişaf etmək bacarığını tərbiyə etməkdir.

Dövlət proqramının icrası və xüsusi qayğıya ehtiyacı olan uşaqların xüsusi distant təhsilinin inkişafı ilə əlaqədar 2011-ci ildən ilkin olaraq 30 şagird və 7 müəllimin "Elektron təlimləndirən sistemlər" adlı layihəsinə qoşulması təmin edilmiş, onlara ən yeni texnologiya və proqram təminatları ilə təchiz olunmuş "MacBook" noutbukları təqdim edilmişdir.

219 nömrəli məktəbin 9-cu sinif şağirdi  Zeynəbxanım Ağayeva  bu layihədə iştirak edən şagird kimi fikirlərini tədbir iştirakçıları ilə bölüşmüş, bu layihənin onlara çox xeyiri olduğunu vurğulamışdır.

Tədbirdə müəllim və valideynlər  çıxış edərək layihə barədə öz müsbət fikirlərini bildirmişlər.

 

 

Şakir CƏFƏROV

 

Azərbaycan müəllimi.- 2011.- 23 sentyabr.- S.7.