Alim-vətəndaş
ömrünün izi
ilə
"Ömür dedikləri coşqun
çay kimidir" deyən kəs haqlıdır. Hər təzə
il gələndə sirli-sehrli insan qəlbində neçə-neçə
arzu oyanır, könlümüzdən nələr
keçir... Və burası da var ki, ömrün bu keçid
məqamında düşünürük: - Bizdən sonra nə
qalacaq? İlləri yaşayanlar, sevib seçdiyi peşənin
fövqündə durmağı bacaranlar üçün bu
sualın cavabının nisgili, ağrı-acısı olmur.
Belə bir ömür yaşayıb Bəşir Abbas oğlu Əhmədov...
1932-ci ilin may ayında Tovuz rayonunun axar-baxarlı obasında -
Alakol kəndində dünyaya göz açıb. Yeddillik təhsili
burada, orta məktəbi indi Gədəbəy rayonuna daxil olan
Qoşabulaq kəndində alıb (O vaxtlar kənd Tovuzun
inzibati-ərazi bölgüsünə daxil imiş). 1950-ci ildə
Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya
fakültəsinə daxil olan B.Əhmədov ali təhsildən sonra Mərəzə
və Əli Bayramlıda (indiki Şirvan) müəllim və
məktəb inspektoru işləyib. Arzularının
arxasınca Bakıya gəlib, Azərbaycan Elmi-Tədqiqat
Pedaqogika İnstitutunun (indiki Təhsil Problemləri İnstitutu)
aspiranturasına daxil olub. 1961-ci ildə "V sinifdə Azərbaycan
dili fonetikasının tədrisi metodikası" adlı namizədlik,
1967-ci ildə "Məzmun və formanın vəhdəti
nitq inkişafının əsası kimi" adlı doktorluq
dissertasiyalarını müdafiə etmişdir. Bir müddət
Pedaqogika İnstitutunda çalışan Bəşir Əhmədov
sonralar 1960-66-cı illərdə M.F.Axundov adına Azərbaycan
Dövlət Pedaqoji Dillər İnstitutunda elmi-pedaqoji fəaliyyət
göstərmiş, 1971-1976-cı illərdə Azərbaycan
Dövlət Pedaqoji İnstitutunda pedaqogika kafedrasına rəhbərlik
etmişdir. 1984-cü ildən o, M.F.Axundov adına Azərbaycan
Rus dili və Ədəbiyyatı İnstitutuna (indiki Bakı
Slavyan Universiteti) keçmişdi, kafedra müdiri işləyir,
həm də Bakı Ali Pedaqoji Qızlar Seminariyasında
çalışırdı. Professor B.Əhmədov 2007-ci ilin iyununda
dünyasını dəyişdi.
İnsan yaşa dolduqca, yan-yörədə
səviyyəsiz və başmaq cütləyib
ləbbadə tutanlar çoxaldıqca ovunub rahatlıq və təsəlli tapmaq üçün
ötənlərə qayıdır, xatirələr aləmində
durulub toxtayır. Təsəlli
bu olur ki,
həyat yollarında səmimi, mərd, zəkalı və xeyirxah, diqqətli və ləyaqətli... insanlarla rastlaşıbsan, onlarla
həmsöhbət olubsan, davranış
və hərəkətlərindən nəyisə görüb götürmüşsən.
Həmin insanların yaxşılığı isə heç vaxt unudulmur. Qarda qoyulan iz əriyir,
döşəmədə buraxılan yaş
ayaq izi quruyur. Fəqət ən həssas fotolentdən
də güclü insan
yaddaşında çox şey
qalır. Ömründə izi qalan insanlar unudulmurlar.
62
illik ömrümün
40 ilini "Azərbaycan müəllimi"
qəzetində çalışmışam. Və
bu illər ərzində mənim üçün həyata hazırlıq məktəbi,
dünyaya pəncərə olan qəzet redaksiyasında Azərbaycan elminin bir çox
korifeyləri, görkəmli nümayəndələri ilə
görüşmüş, məqalələrini
çapa hazırlamışam.
Bunların
sırasında mərhum redaktor müavini Məhyəddin Əbdülovun dostu, ağayana yerişi, məntiqli və yumorla
söhbəti ilə seçilən professor
Bəşir Əhmədovun öz yeri vardır. O, qəzetin daimi
müəlliflərindən idi.
Dilçi-metodist, pedaqoq
axtarışları
Bəşir
Əhmədovun 75 illik ömrünün
50 ili Azərbaycan təhsilinin elmi-pedaqoji məsələlərinin
araşdırılmasına, Azərbaycan elmi-pedaqoji
kadrlarının hazırlanmasına, Azərbaycan elminin dünya
miqyasında tanınmasına sərf olunmuşdu.
Bir müdrik kəlam var: Elmin vətəni olmur, aliminsə vətəni var.
Professor Bəşir Əhmədovun həyatı
Vətənə bağlı alim-vətəndaş, əsl soydaş həyat idi.
Bu həyat "Azərbaycan
müəllimi" ilə də əriş-arğac idi. 600-dən artıq əsər çap etdirmiş Bəşir
müəllimin kitablarının qeyri-tam
siyahısı belədir: "Azərbaycan dili" (rus məktəbləri
üçün dərslik), "Azərbaycan
dili" (Azərbaycan məktəbləri
üçün dərslik), "Pedaqogikadan mühazirə konspektləri",
"Pedaqogikanın qanunları və prinsipləri",
"Azərbaycan dili tədrisi"
(müəlliflər kollektivi), "Ana dili dərslərində
şagirdlərin nitqinin inkişaf
etdirilməsi", "Azərbaycan dili təliminin
qanunları, prinsipləri və metodları", "Azərbaycan
dilinin qısa etimoloji
lüğəti", "Qısa etimoloji
lüğət"... Bu kitab
və dərsliklərdə, yaxud
çoxsaylı qəzet və jurnal məqalələrində
müəllifin elmi-pedaqoji və nəzəri
şərhini verdiyi məsələlərin
əhatə dairəsi və tematikası ilə oxucuları bir daha tanış etmək
yerinə düşərdi. Azərbaycan dili
təlimi prosesində səslə hərfin, tələffüzlə
yazının müqayisəli öyrədilməsinin zəruriliyi
ilk dəfə Bəşir Əhmədov
tərəfindən elmə gətirilmişdir.
Çoxsaylı qələm məhsullarında
əksini tapmış fikir və
ideyaları, tezisləri nəzərdən keçirək:
fikirlə ədəbi dil
normalarının vəhdətdə öyrədilməsi zəruriliyi;
söz birləşməsi, frazeoloji vahid və mürəkkəb
sözlərin spesifik xüsusiyyətləri;
"ifadəli oxu"
anlayışının mahiyyətinin açıqlanması;
tələbələrin pedaqoji təcrübəsinə
yeni baxış; Azərbaycan dili təliminin spesifik obyektiv qanunlarının əsaslandırılması;
diferensiasiya və inteqrasiya
qanunu; öyrənməyi öyrətməyin
zəruriliyi haqqında; pedaqoji prosesin obyektiv
qanunlarının müəyyənləşdirilməsi;
bütövlükdə pedaqoji prosesin ikitərəfli proses
olmasının əsaslandırılması; "pedaqoji sövq" və pedaqogikada "hüceyrə"
anlayışının şərhi; tərbiyənin tərkib
hissələrinin beş deyil,
yeddi olmasının əsaslandırılması;
pedaqogika
ilə erqonomikanın əlaqəsi; ədəbiyyatın yeni qaydada tədrisi barədə
orijinal ideyanın ortaya
atılması... Ümumi sayı 60-a
yaxın olan belə fikir,
ideya və məsələnin qələmə
alınması, geniş oxucu
auditoriyasına çatdırılması bir
insan ömründən keçib.
Və bu işlərlə yanaşı, bir elmi rəhbər kimi Bəşir Abbas oğlu neçə-neçə soydaşın
pərvazlanmasında, sözün həqiqi
mənasında, bir vətəndaş, bir mərd alim, bir soydaş kimi əmək çəkib. Onun
rəhbərliyi altında 20-dən çox
tədqiqatçı namizədlik və doktorluq
dissertasiyası müdafiə edib, 70 nəfərdən
çox şəxsin müdafiəsində
rəsmi opponent olub.
Professor
B.Əhmədov 60-cı illərdən başlayaraq
keçmiş SSRİ, indiki
MDB məkanında - Moskva, Tbilisi,
Aşqabad, Soçi, Yaroslavl, Orconikidze şəhərlərində keçirilmiş elmi konfranslarda məruzələrlə
çıxış etmiş, müəyyən
problemlərin həllinə diqqəti yönəltməyə
çalışmışdır. 1998-ci ildə professor Bəşir Əhmədov
Beynəlxalq Pedaqoji Akademiyanın həqiqi
üzvü seçilmişdi.
Adam var özünə qəsd edər, yüzü yaşasın deyə...
Doğrudan
da, qəlbi xalq üçün döyünən, mənalı
həyatını elmin inkişafına, gənc
nəslin təlim-tərbiyəsinə həsr edən Bəşir
müəllimin fəaliyyətinə nəzər saldıqca adamda elə bir fikir yaranır ki, hörmətli
şairimizin yuxarıdakı misraları məhz Bəşir
müəllim kimi alim-vətəndaşa
həsr olunmuşdur.
B.Əhmədovun
ictimai fəaliyyəti də geniş və çoxsahəli idi. O, Azərbaycan Ali Attestasiya
Komissiyasında ekspert şurasının,
pedaqoji elmlər üzrə
ixtisaslaşdırılmış müdafiə
şurasının, Təhsil Nazirliyinin elmi-metodik şurasının, Milli
Elmlər Akademiyasında Terminologiya Komitəsinin,
Bakı Slavyan Universitetində universitet və fakültə elmi
şurasının, Azərbaycanda pedaqoji-psixoloji
elmləri əlaqələndirmə komissiyası rəyasət
heyətinin üzvü olmuşdu.
Keçmiş SSRİ dövründə Moskvada pedaqogikanın metodoloji
problemləri üzrə elmi
şuranın üzvü olmuş
və bütövlükdə Zaqafqaziyanı təmsil etmişdi. Milli Məclisdə
təhsil qanununun yeni
redaksiyasını hazırlayan işçi
qrupunun üzvü idi.
Professor B.Əhmədovun
Azərbaycan dilçiliyinin
inkişafında böyük fəaliyyəti
olmuşdur. Azərbaycan dilçiliyində
mübahisəli məsələlər olduqca
çoxdur. Ən mübahisəli məsələlərdən
biri də "fonem"
anlayışı ilə bağlıdır. Bəşir
müəllim bir çox
dilçilərdən fərqli olaraq, fonem anlayışını yüksək
abstraksiyanın məhsulu hesab etmiş, konkretlikdən məhrum olduğunu söyləmişdir. "Meyvə"
adında meyvə olmadığı kimi, fonem adında da fonem yoxdur. Meyvə alma, armud, şaftalı,
gavalı, heyva, nar və
s. mühüm əlamətlərin
ümumiləşməsindən ibarət olduğu
kimi, fonem də a, b, v,
q, ğ, s, d-nin mühüm
əlamətlərinin abstraksiya səviyyəsində
ümumiləşdirilməsindən ibarətdir. Deməli, mənanı
fərqləndirən səs tərifinin verilməsi
inandırıcı deyil, "A" səsinin
beş deyiliş
variantı ola bilər, bu
variantların hamısında sabit qalan (invariant) əlamətlərin
ümumiləşdirilməsi məhz fonem
deməkdir.
Professor B.Əhmədovun
ən maraqlı fikirlərindən biri feli sifət, feli bağlama
və məsdərin fel olmasına etirazı ilə
bağlıdır. O, bunları müstəqil (hibrid) nitq hissələri
hesab edir və belə bir fəlsəfi müddəaya söykənirdi:
elementin ayrılıqda olan əlaməti ilə sistem daxilində
olan əlaməti eyniyyət təşkil etmir. Natrium
ayrılıqda zəhərləyicidir, xlor da belədir. Amma
xörək duzunun tərkibində onlar başqa xassə kəsb
edir. Sifətin və felin ayrılıqda olan bir sıra əlamətləri
feli sifətdə təzahür edə bilmir (məsələn,
təsriflənməmək feldə yoxdur, inkarda işlənə
bilmək sifətdə yoxdur, amma bunlar feli sifətdə var).
Var, yox
tipli sözləri dilçilər heç bir nitq hissələrinə
daxil edə bilmirlər. Bəşir müəllim bunları xəbəri
əvəzlik adlandırıb (mərhum professor Ə.Z.Abdullayev
Bəşir müəllimdən xeyli sonra bunları predikativ
sözlər hesab edib).
Ötən əsrin 90-cı illərində
professor B.Əhmədov ən çox sözün mənşəyi
problemi ilə məşğul olurdu və 200-dən artıq kəlmənin ilkin mənasını ortaya
çıxarmışdı. Onun fikrincə,
ağzı göyçək, kəkliyi azmaq
və s. birləşmələr əslində
ağzı gövşək, gəyriyi azmaq kimi olub, sonra
dəyişikliyə uğrayaraq müasir formasını kəsb edir. O yazır ki,
aşıq sözünün eşk sözü ilə əlaqəsi
yoxdur. Aşıq - hərəkət (oynamaq, oynaqlıq, gəzmək, bir eldən digərinə gedən...)
anlayışı ilə bağlıdır... uşaqların
oynadığı aşıq (sümük)
ilə eyni mənaya malik
olub.
Bəşir
müəllim həmin sözləri bir kitab halında 1999-cu ildə "Mütərcim"
nəşriyyatında (376 səh.) 1000 nüsxə tirajla çap etdirmişdi. O, öz
yazılarında elmə aşağıdakı yenilikləri
gətirmişdir.
*Azərbaycan
dili təlimi prosesində səslə hərfin,
tələffüzlə yazının müqayisəli öyrədilməsinin
zəruriliyi.
*Nitqin məzmunu ilə formasının, fikirlə
ədəbi dil normalarının vəhdətlə
öyrədilməsi zəruriliyi.
*Təlimdə
müəllimə həqiqi müstəqilliyin verilməsi, onun yaradıcı fəaliyyətinin təqdir
olunması zəruriliyi.
*Şeirin şifahi nitq formaları zəminində yazılması
zəruriliyi.
*Söz birləşməsi, frazeoloji
vahid və mürəkkəb sözlərin
spesifik xüsusiyyətləri.
*"Pedaqoji gerçəklik", "Pedaqoji proses"
anlayışının vacibliyi.
*Müəyyən
şəxsli təktərkibli cümlənin mahiyyətinin
açılması.
*Təyin
nəyi təyin edir?
*Mürəkkəb
söz və kəmiyyət kateqoriyası
məsələsi.
*Məktəb
direktorlarına tam səlahiyyətlər
verilməsinin züruriliyi.
Dərsin
diskussiya şəklində təşkilinin
zəruriliyi.
*Təhsillə
bağlı inkişafın rəqabətlə bağlı
olmasının əsaslandırılması.
*Söz birləşmələrinin tərəfləri
arasında sintaktik əlaqə məsələsi.
*Felin "Mürəkkəb zaman"
anlayışının elmi əsasa malik olmaması.
*Təlim-tərbiyədə
islam dininin öyrədilməsi
zəruriliyi.
*Durğu işarələrinin dəqiqləşdirilməsi.
Üçcildlik etimoloji lüğət və daha
neçə-neçə məqalə və kitablar
bu gün dilçilik, dilin
metodikası və pedaqogika sahəsində
çalışanlar üçün dəyərli
mənbələrdəndir. Onun əməllərini
iki övladı - pedaqoji
elmlər üzrə fəlsəfə doktorları - Xoşqədəm
Bəşirqızı və İlham Əhmədov
davam etdirirlər.
***
Bəşir
müəllim özünə xas təsvir,
təhlil və şərh üslubu olan alim idi.
Fikirlərini çox
anlaşıqlı və məntiqli cəhətdən düzgün ifadə onun bütün əsərlərində özünü göstərir. 1995-ci ildə
"Xalq qəzeti"ndə dərc olunmuş "Müzakirə edəkmi?" məqaləsindən
bir parçanı yazıya daxil edirəm:
Dissertasiya
üzərində işləyən gənclər tədqiqatın
metodoloji əsaslarını müəyyənləşdirməkdə
ciddi çətinliklərlə qarşılaşırlar.
Əlbəttə,
marksizm-leninizm fəlsəfəsində öz əksini
tapmış həqiqətlər az deyil və bizim onları
tamam inkar etməyə haqqımız yoxdur. Məsələn,
dialektika (bunun əsas müəllifi Hegeldir və marksistlər
ona istinad ediblər), onun qanunları bizə bu gün də
lazımdır, sabah da lazım olacaq. İnkişaf, onun mahiyyəti,
həyata keçirilmə yolları, bu işdə dialektik
ziddiyyətlərin rolu, meydana çıxarılmış
obyektiv qanunlar sisteminin metodoloji əhəmiyyət kəsb etməsi
kimi, fəlsəfi məsələlər indi də əhəmiyyətlidir.
Bununla belə, bizim metodologiya sovet dövründəkinin təkrarı
ola bilməz. İndi milliliklə bəşəriliyin vəhdəti,
hadisələrə sinfi baxımdan yox, ümummilli və
ümumbəşəri tərzdə yanaşmaq zəruriliyi
ön plana keçməlidir.
Azərbaycan
pedaqogikasının metodoloji və ideoloji əsaslarını təkcə, xüsusi və ümumi
anlayışlarının dialektikası zəminində
müəyyənləşdirməliyik. Dünyanın
bütün xalqlarına xas
olan əlamətlər (demokratiya,
plüralizm, humanizm...)
ümumi, müəyyən qrup xalqlara mənsub olan cəhətlər (məsələn,
müsbət mənada işlədilən millətçilik)
təkcə anlayışına daxildir.
Bunların vəhdəti Azərbaycanın milli
ideologiyası şəklində təzahür edir
ki, bu da öz əksini
türkçülük,
islamçılıq və müasirliyin
vəhdəti prinsipində tapmışdır. Bu prinsip milli
mənafeyimizi əks etdirdiyindən biz onu milli ideologiya
kimi qəbul etməliyik...
Son söz əvəzi,
yaxud Xeyirxahlıq nümunəsi
Oxuculardan
özümlə bağlı bu sətirlər
üçün, müəyyən mənada
qeyri-təvazökarlığa görə, üzr
diləyirəm. "Xeyirxahım" qələbə
çalmışdı: filologiya elmləri
doktoru, professor M.H.Təhmasib
"Orta əsrlər dastanlarımızda
"Dədə Qorqud" kitabı motivləri"
mövzusunda dissertasiyaya
iki ildən sonra elmi rəhbər olmaqdan imtina etdi. Mərhum Yaşar Qarayevi elmi rəhbər olmağa
razı salan professor
(qəbri nurla dolsun) Kamran Məmmədovla qohumum
professor Yusif
Talıbov ədəbiyyatımızda təmsil janrı mövzusunu tövsiyə etdilər. Bir az keçmiş,
sənədlərim və işin
planı yoxa çıxdı?! Həyatda
möhkəm küskünləşmişdim. Mərhum Əziz
Əfəndizadə ilə Ağadadaş
Babayev folklor
metodikası ilə bağlı dissertasiya
mövzusunu şöbədə bəyənib
təsdiq etdilər. İnstitutun elmi şurasına təqdim olundu
(mövzu təsdiq olunanda
da, sonralar da badalaq atanlar
az olmadı).
***
25
məqaləm, 2 fakültativ proqramım,
3-4 metodik tövsiyəm çap
olunmuşdu. Dissertasiya
müdafiəyə buraxılmışdı. Azərbaycan Pedaqoji İnstitutunda (indiki ADPU) müdafiə şurası sədrinin:
- Kurator kim olsun - sualına cavab gec verildi.
-
Mən olacağam! - Bəşir Əhmədovun
səsi idi.
10 gündən sonra onun çalışdığı
instituta getdim. Bəşir müəllim məni
rahatlandıran fikirlərini
elmi şurada səmimi, aydın və obyektiv söylədi.
- Opponent kim olsun?
Nə Pedaqogika İnstitutundan, nə də Azərbaycan Dövlət Pedaqoji İnstitutundan opponent ola bilməzdi. Onda mən düzdə qalırdım, başqa respublikadan kimsə dəvət olunmalı idi. Yenə də professor Bəşir
Əhmədovun mərdanə
səsi gəldi: - Mən olacağam.
Etiraz edənə Bəşir müəllimin
cavabı tutarlı oldu: - Ədəbiyyatın
tədrisi metodikası
ilə bağlı 5 elmi məqaləm, 8 çap vərəqi həcmində metodik vəsaitimiz çap olunub. AAK-ın tələblərinə müvafiq
qaydada opponent ola bilərəm, - dedi.
Professor
Bəşir Əhmədov
birinci opponent təsdiq
olundu. Bir həftə sonra
müdafiə şurasının
elmi katibi, dosent İ.İsayev zəng edib nəzərdə tutulmuş
alimin birinci opponent olmağa yazılı razılıq verdiyini bildirdi. Avtoreferatı dəyişməli oldum. Bəşir müəllimin cəsarətli
çıxışı, xeyirxah addımı nəticəsiz qalmadı.
Bu, professor Bəşir Abbas oğlu Əhmədovun kim bilir
neçənci insana növbəti xeyirxahlığı
idi...
Şamxəlil MƏMMƏDOV
Azərbaycan
müəllimi.- 2011.- 23 sentyabr.- S.12.