Ədəbiyyat fənn kurikulumu haqqında mülahizələr
Azərbaycan
Respublikasının ümumtəhsil məktəbləri üçün ədəbiyyat fənn kurikulumu konseptual sənəd
olmaqla ədəbiyyat təliminin məqsəd
və vəzifələrini, təlim pillələri üzrə
məzmun xətlərini və standartlarını müəyyənləşdirir. Sənədin
layihə şəklində çap edilməsi
biz ədəbiyyat müəllimlərinin
onunla daha yaxından
tanış olmağımıza, sənədlə
bağlı fikirlərimizi bir-birimizlə bölüşməyə
imkan yaratdı. Sənədin "Fənnin
əhəmiyyəti, məqsəd və vəzifələri"
bölməsində bugünkü sagirdlərin
gələcəkdə vətən təəssübünü
çəkən qeyrətli vətəndaş olmasında, müasir, humanist, demokratik dünyagörüşlü gənclərin yetişməsində bədii söz
sənətimizin rolu əhatəli olaraq əks etdirilmişdir.
Sənədlə ilkin
tanışlıqda yeniyetməlik və gənclik illərim
gözlərim önündə canlandı. Belə ki, hazırda tədris etdiyim
fənnin hələ məktəb illərindən həyata
baxışımın, insanlara, ətrafımda
baş verən hadisələrə
münasibətimin düzgün
formalaşmasındakı istiqamətini; söz ehtiyatına, rəvan nitqə, müstəqil
düşüncəyə sahiblənməyimdə əvəzsiz
köməyini və bununla da həyatımda əhəmiyyətli rol oynayaraq bu
gün sevə-sevə tədris etdiyim fənn üzrə müəllim
olmağımı qazandırmasını xatırladım.
Sənədin "Ədəbiyyat fənn
kurikulumu və onun xarakterik cəhətləri" bölməsində
hər bir şagirdin ümumi inkişafını, maraq və
meyillərini nəzərə almaqla onun təhsili, tərbiyəsi
və inkişafı üçün optimal şərait
yaradılmasını, şagird bacarıqlarının
inkişaf istiqamətlərini dəqiqləşdirməyi nəzərdə
tutması fənn kurikulumlarının özəlliyidir. Bu, mənim
təhsil aldığım illərdən (1980-1990) tamamilə
fərqlənən struktur cəhətlərdir. Təqdir ediləsi
haldır ki, Vətənimizin inkişafı üçün
mühüm olan kamil, mükəmməl şəxsiyyətin
formalaşdırılması sənəddə təhsilin əldə
edəcəyi ən ali məqsəd kimi izlənilir.
Şagirdlərin fərdi xüsusiyyətlərinə əsaslanaraq
şəxsiyyətyönümlü təlim şəraitinin
yaradılması, onlarda düşünmə, emosional və hərəki
bacarıqların formalaşdırılması sənədin əsas
qayəsini təşkil edir.
Bu, danılmaz faktdır ki,
soy-kökünə bağlı, xalqının
keçmişinə bələd olmayan insan yaxşı vətəndaş
ola bilməz. R.Rzanın "Çinar" şeirində
deyildiyi kimi:
Belə məğrur dayanmaqda
haqlıyam,
Mən kökümlə bu torpağa
bağlıyam.
Bu misraları oxuyan, ədəbiyyat dərsliklərində
ədəbi nümunələrlə tanış olan
şagird əxlaqi-mənəvi keyfiyyətlərə
zaman-zaman yiyələnir. Ədəbiyyat fənn kurikulumu ədəbiyyat
fənninin tədrisindən irəli gələn bu cəhətləri
sadalayaraq rəsmi sənəd olmaqla yanaşı, fənni tədris
edən müəllimlərə yol göstərən, məsləhət
verən bir topludur. Buradakı məzmun xətləri ilə
bağlı əsas və alt- standartlar təhsil pillələrini
özündə əks etdirən ayna təsiri
bağışlayır. Belə ki, müəllim bu sənədlə
tanışlığında janrların, bədii təsvir və
ifadə vasitələrinin şagirdlərin yaş səviyyəsinə,
mənimsəmə potensialına uyğun olaraq sinifdən-sinfə
necə dəyişdiyini, hansılara hər il bir daha
qayıtmağın zərurətini əlavə vəsaitə
ehtiyac olmadan görür. Məsələn, "Ədəbiyyat
və həyat həqiqətləri" məzmun xəttinin ədəbi
janrları, bədii təsvir və ifadə vasitələri
ilə bağlı alt-standartların siniflər üzrə dəyişməsinə
diqqət yetirək:
V sinif -
1.1.1. Müxtəlif vəznli şeirlərdə və
sadə süjetli ədəbi nümunələrdə
(nağıl, təmsil, hekayə) tanış olmayan sözlərin
mənalarını lüğətdən istifadə etməklə
izah edir.
1.1.5. Müxtəlif vəznli şeirlərdə
və sadə süjetli ədəbi nümunələrdə
(nağıl, təmsil, hekayə) bədii təsvir vasitələrini
(epitet, təşbeh) müəyyənləşdirir.
VI sinif -
1.1.1. Müxtəlif vəznli şeirlərdə və
süjetli ədəbi nümunələrdə (nağıl,
təmsil, hekayə, əfsanə, rəvayət, dastan)
tanış olmayan sözlərin mənalarını
lüğətdən, sorğu kitablarından istifadə etməklə
izah edir.
1.1.5. Müxtəlif vəznli şeirlərdə
və süjetli ədəbi nümunələrdə
(nağıl, təmsil, hekayə, əfsanə, rəvayət,
dastan) bədii təsvir və ifadə vasitələrini
(epitet, təşbeh, mübaliğə, bədii sual) müəyyənləşdirir.
Sənədin alt-standartlarında
müşahidə olunan təqdirəlayiq cəhətlərdən
biri də şagirdlərin bədii nümunələrdə
tanış olmayan sözlərin müxtəlif axtarış
mənbələrindən: lüğətdən, sorğu
kitablarından, elektron lüğətlərdən,
ensiklopediyalardan, İnternet məlumatlarından yararlanaraq
tapılmasını tövsiyə etməsidir. Bu da sənədin
ənənəvi metodları (lüğət, sorğu
kitabı, ensiklopediya) inkar etmədən müasir təhsil
texnologiyasını (İnternet, elektron lüğət,
virtual ensiklopediya) vəhdətdə tutaraq öyrənməyə
istiqamətləndirdiyinə gözəl bir nümunədir.
Bütün müsbət keyfiyyətləri
ilə yanaşı sənəddə, mənim fikrimcə,
müəllim üçün qaranlıq qalan, genişliyi ilə
izah olunmayan bəzi məqamlar da var.
Ola bilər ki, sənəddə mənim
üçün anlaşılmayan bəzi məqamlar digər
müəllim yoldaşlarım üçün tam
anlaşıqlıdır. İstərdim ki, ictimaiyyətin
diqqət mərkəzində olan kurikulumların müzakirəsinə
geniş yer verməklə bizlərə kömək etsinlər.
Sonda isə fikirlərimi bu sözlərlə
bitirmək istəyirəm. Bir neçə il ərzində ərsəyə
gələn ədəbiyyat fənn kurikulumunda yaradıcı əməyin,
məsuliyyətli yanaşmanın izləri tam
aydınlığı ilə görünür. Buna görə
sənədin hazırlanmasına əmək sərf edən
bütün şəxslərə minnətdaram. Bu sənəd
müəllimlərə istiqamət verməklə
yanaşı, tədris etdiyimiz fənnin Azərbaycan
övladları üçün nə qədər zəruri
olduğunu vurğulayaraq bizdən işimizə məsuliyyətlə
yanaşmağı, durmadan, usanmadan öyrənməyi tələb
edir.
Könül MUSTAFAYEVA
Azərbaycan müəllimi.- 2011.- 23 sentyabr.-
S.13.