Kiçikyaşlı məktəblilərin
milli ruhda tərbiyəsi
Məlumdur
ki, təlimin milli zəmində təşkili prosesində müxtəlif vasitələrdən
istifadə etmək olar. Bunlardan biri də xalqımızın
mənəvi sərvəti olan şifahi xalq ədəbiyyatından
istifadədir. Yetişən nəslin tərbiyəsinin əsas
məhvəri sayılan xalq qaynaqlarımız,
nağıllarımız, dastanlarımız,
bayatılarımız, atalar sözlərimiz,
tapmacalarımız, laylalarımız xalqımızın
tarixən qoruyub saxladığı ən gözəl, ən
qiymətli mənəvi sərvəti olan adət-ənənələrimizin
mənbəyidir. Bəli, adət-ənənələr, milli
özünəməxsus spesifik xüsusiyyətlər öz
dolğun ifadəsini məhz şifahi xalq ədəbiyyatında
tapmışdır.
Mən öz pedaqoji fəaliyyətimdə
şagirdlərimin milli adət-ənənələr ruhunda tərbiyəsi
məsələlərini həmişə diqqət mərkəzində
saxlayıram. Bu məqsədlə həm təlim prosesində,
həm də sinifdənxaric tədbirlərdə bir sıra
vasitələrdən istifadə edirəm.
İlk növbədə, "Nənələrin
söz boxçası", "Nənələrin
nağılları", "Şirinim şəkərimsən",
"Nənələrin dünyası" adlı tədbirlər
keçirirəm. Bu
tədbirlərə ağbirçək nənələr dəvət
olunur, debatlar təşkil edilir. Bundan əlavə, "Dədə
Qorqud", "Məlikməmməd" kimi cizgi filmlərinə
baxış təşkil edirəm. Xalqımızın əziz
bayramı olan Novruza hazırlıq günlərində isə
bu sahədə daha geniş iş aparmaq imkanı olur. Məlumdur
ki, xalqımızın bir sıra qədim adət-ənənələri
məhz bu milli bayramla bağlıdır. Bu məqsədlə
bayrama xüsusi hazırlıq
aparılır. Bayram ssenarisinə milli geyimdə xalq rəqsləri,
mahnıları, uşaqların ifasında "Kosa-kosa",
"Tənbəl qardaş" xalq dramları, "Bahar
qız"ın ifasında bayatı və tapmacalar
salınır. Uşaqlar "Cik-cik xanım",
"Tıq-tıq xanım" nağılları üzrə
səhnəciklər ifa edirlər. Bütün bunlar isə Azərbaycan
xalqının məişəti, geyimi, adət-ənənələri,
həyat tərzi, xarakterik xüsusiyyətləri haqqında
uşaqların bilik və təsəvvürlərinin
genişlənməsinə böyük təsir göstərir.
Göründüyü kimi, təlim
prosesində şifahi xalq ədəbiyyatı nümunələrindən
istifadə edərək, xalqımızın milli xüsusiyyətləri,
adət-ənənələri və s. haqqında
uşaqların bilik və təsəvvürlərinin
genişləndirilməsi sayəsində milli hisslərin
formalaşdırılmasına əlverişli şərait
yaratmaq olar. Bu proses hisslərlə
yanaşı, milli təfəkkürün
inkişafına da müsbət təsir göstərərək,
mənəviyyatca təmiz və zəngin, milli ruhlu, hərtərəfli
inkişaf etmiş şəxsiyyətin formalaşdırılmasına
zəmin yaradır.
Şifahi xalq ədəbiyyatı
nümunələrindən başqa, digər vasitələrdən
də istifadə edirəm. Vətənə
məhəbbət hissinin formalaşması uşaq ətraf aləmi
görməyə, dərk etməyə, qiymətləndirməyə
başladığı vaxtdan başlayır. Doğma
respublikaya virtual səyahətlər bu işi sürətləndirir.
Bu məqsədlə kompüter
disklərindən istifadə edərək uşaqları
işğal olunmuş torpaqlarla tanış edirəm, onlara
erməni quldurlarının vəhşilikləri və bu
torpaq uğrunda həlak olmuş igidlərin qəhrəmanlıqlarından
söz açıram. Şagirdlərdə dostluq, humanizm,
bir-birinə arxa olmaq hissləri də tərbiyə
olunmalıdır. Bu hisslər həqiqi hərbi vətənpərvərliyin
məzmununu təşkil edir. Bu məqsədlə
uşaqları vaxtaşırı Şəhidlər
xiyabanına, ulu öndər Heydər Əliyevin abidəsi
önünə aparır, tökülən günahsız
qanlar haqqında, Heydər babanın dövlətimiz,
xalqımız üçün gördüyü misilsiz
işlər haqqında onlara məlumat verirəm. Keçirilən
hər bir tədbirdən sonra onlara esse yazmaq, rəsm çəkmək
və bu kimi digər tapşırıqlar verirəm. Bu zaman əsas
məqsədim tədbirin şagirdlərin tərbiyəsinə,
mənəviyyatına təsirini öyrənməkdən ibarətdir.
Məlumdur ki, uşaqlar gördüklərini, eşitdiklərini
öz əl işlərində həvəslə ifadə
edirlər. Uşaqlar təlim prosesində rollu oyunlarda da
bunları əks etdirirlər.
Yuxarıda qeyd edilən təlim-tərbiyə
işləri kiçikyaşlı məktəblilərdə
milli hisslərin - öz millətinə, mədəniyyətinə,
adət-ənənələrinə dərin hörmət,
milli ləyaqət, milli qürur və iftixar hisslərinin
formalaşmasına müsbət təsir edir. Şifahi xalq ədəbiyyatı
nümunələrindən istifadə müəllimə uşaqların
qəlbinə, mənəviyyatına nüfuz etmək, onlarda
milli hissləri oyatmaq, beləliklə də onları milli
ruhda tərbiyə etmək imkanı verir.
Rəna
İSMAYILOVA
Azərbaycan
müəllimi.- 2011.- 23 sentyabr.-
S.13.