Ali təhsil ocağında milli musiqi  gününün təntənəsi

 

Dahi bəstəkar, Azərbaycan klassik musiqisinin banisi, musiqişünas  alim,  ictimai  xadim Üzeyir  Hacıbəyovun anadan olmasının 126-cı ildönümü və Milli musiqi  günü münasibətilə Naxçıvan Dövlət Universitetində yubiley tədbiri keçirilib.

Mərasimdə  giriş sözü ilə çıxış edən ali məktəbin rektoru, akademik İsa Həbibbəyli  Üzeyir  Hacıbəyovun Azərbaycan klassik musiqisinin inkişafındakı əvəzsiz xidmətlərindən danışaraq, onun pedaqoq, bəstəkar, musiqişünas    publisist kimi yaradıcılığına qısa nəzər salıb. Qeyd olunub ki, bu gün sadəcə musiqisevərlərin yox, həm də xalqımızın bayramıdır. Böyük bəstəkarın ad günü bayram  kimi  hər il ölkəmizdə  geniş  qeyd olunur. 1995-ci ildə ümummilli lider Heydər Əliyevin fərmanı ilə 18 sentyabrın Milli  musiqi  günü kimi qeyd  olunması qərara alınıb. Rektor həmçinin tələbə və müəllimləri  yeni tədris ilinin başlanması münasibətilə təbrik edərək müvəffəqiyyətlər diləyib.

NDU-nun Fortepiano kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Natəvan Qədimova "Üzeyir Hacıbəyov və Azərbaycan musiqi mədəniyyəti" adlı məruzəsində Azərbaycan peşəkar musiqisinin banisi Üzeyir Hacıbəyovun həyat və yaradıcılığından, milli musiqimizin inkişafında göstərdiyi əvəzsiz xidmətlərindən söhbət açıb.  Məruzədə vurğulanıb ki, milli musiqi xəzinəsini yeni janr və formalarla zənginləşdirən dahi korifey elmi musiqişünaslığın, musiqi  təhsilinin  əsasını qoyub və ömrünün sonunadək musiqi mədəniyyətimizin inkişafına xidmət edib. Onun yaratdığı musiqi inciləri dünya şöhrəti qazanıb və dünya musiqi mədəniyyətinin qızıl fonduna daxil olub.

Tədbirdə dahi  bəstəkar  haqqında  videokadrlar da nümayiş olunub. 

Yubiley tədbiri  dahi bəstəkarın əsərləri əsasında hazırlanan, ali məktəbin İncəsənət fakültəsinin müəllim və tələbələrinin ifasında maraqlı  konsert proqramı  ilə  davam etdirilib.   Bədii hissədə universitetin kamera orkestrinin  müşayiəti  ilə "Leyli və Məcnun" operasından müqəddimə, "Arşın mal alan" operettasından "Əsgərin ariyası", "Koroğlu" operasından "Nigarın ariyası" və digər  əsərlər ifa olunub. 

 

 

Nərmin CƏFƏROVA

 

Azərbaycan müəllimi.- 2011.- 23 sentyabr.- S.15.