Kiyev
şəhərinin üç məktəbində
soydaşlarımıza Azərbaycan dili
öyrədilir
Bu ilin əvvəllərində
Ukraynanın paytaxtı Kiyev şəhərinin
Təhsil və Elm İdarəsi ilə
Bakı Şəhəri üzrə Təhsil İdarəsi
arasında əməkdaşlıq haqqında müqavilə
imzalanıb. Hər iki şəhərin təhsil
sahəsində əməkdaşlıq əlaqələrini daha da inkişaf
etdirmək məqsədi daşıyan müqavilədə nəzərdə
tutulan tədbirlər hazırda uğurla həyata keçirilir.
Heydər Əliyev adına Ukrayna-Azərbaycan Təhsil,
Elm-mədəniyyət, İdman Mərkəzindən
verilən məlumata görə, müqavilə çərçivəsində
yeni tədris ilindən Kiyevin
üç ümumtəhsil müəssisəsində
- 37, 188 və 247 nömrəli məktəblərində 50-dən
çox məktəbyaşlı
soydaşımıza Azərbaycan dili
öyrədilir. Həmin şagirdlər Azərbaycan
Respublikası Təhsil Nazirliyinin dəstəyi
ilə zəruri tədris ləvazimatları ilə təmin olunublar. Sözügedən mərkəzin və
"Beynəlxalq Azərbaycançılıq İnstitutu"
ictimai təşkilatının birgə təşkil
etdikləri Azərbaycan dilindən fakültativ
kurs üzrə məşğələləri
təcrübəli müəllim Səfayə Naibova
aparır. Həmin müəllimin müvafiq təlim kursundan
keçməsinə kömək göstərilməsi üçün bu
günlərdə "Beynəlxalq Azərbaycançılıq
İnstitutu" ictimai
təşkilatının və Heydər Əliyev adına
Ukrayna-Azərbaycan Təhsil, Elm-mədəniyyət, İdman Mərkəzinin rəhbərlikləri
tərəfindən məktubla Təhsil Nazirliyinə
müraciət edilib.
İctimai təşkilatın prezidenti
O.Krapivin və Mərkəzin direktoru, professor A.Quliyevin
imzaladıqları məktubda eyni zamanda sözügedən
kursun yaradılmasında və şagirdlərin müvafiq tədris
materialları ilə təminatında göstərdikləri kömək
və qayğı üçün Təhsil Nazirliyinə və
Bakı Şəhəri üzrə Təhsil İdarəsinə
minnətdarlıq bildirilir.
Yusif ƏLİYEV
Azərbaycan
müəllimi.- 2011.- 23 sentyabr.- S.1.