Sürix
Universiteti
Yerləşir:
İsveçrə
Konfederasiyası, Sürix şəhəri
Yaranma tarixi: 1833-cü il
Tipi: Dövlət
İşçi heyətinin ümumi sayı: 5382 nəfər
Tələbələrin ümumi sayı: 26168 nəfər
İllik gəlirləri: 1182700000 İsveçrə frankı
İllik xərcləri: 1166400000 İsveçrə frankı
Rəsmi saytı: www.uzh.ch
Sürix Universiteti (University of Zurich) İsveçrənin Sürix şəhərinin mərkəzində yerləşir və ölkənin ən böyük ali məktəbidir.
Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Sürix Universiteti 100 ən yaxşı ali məktəb arasında Naqoya Universiteti ilə birlikdə 92-ci yerdə sıralanıb. Sürix Universiteti 2010-cu ildə dünyanın ən nüfuzlu universitetləri arasında "Times Higher Education World University Rankings"in açıqlamasına görə 90-cı yerdə, "QS World University Rankings"in reytinq cədvəlində isə 101-ci yerdə qərarlaşıb. Bu ali məktəb "QS World University Rankings"in 2011-2012-ci tədris ili üzrə tərtib etdiyi reytinq cədvəlində 106-cı yeri tutub.
Tarixi
1833-cü il aprelin 29-da Sürix şəhərində fəaliyyət
göstərən İlahiyyat, Hüquq və Tibb kollecləri
yeni yaradılmış Fəlsəfə fakültəsi ilə
birləşdirilir. Bu birləşmə nəticəsində
Sürix Universiteti yaradılır. Yeni açılmış bu
universitet Avropada kral və ya kilsə tərəfindən
deyil, dövlət tərəfindən yaradılmış ilk
ali məktəb olur. Fəaliyyətinin
ilk ilində universitetə 161 tələbə, 55 müəllim
qəbul olunur.
1847-ci
ildən universitetdə qız tələbələrə fəlsəfə
mühazirələrində iştirak etmək icazəsi
verilir, 1866-cı ildə isə ilk qız doktorant qəbul
edilir. 1859-cu ildə fakültələr humanitar və dəqiq
elmlər sahələrinə bölünür. 1901-ci ildə universitetin bu sahə üzrə ən
qədim fakültəsi olan Baytarlıq fakültəsi
yaradılır. 1905-ci ildə universitetin tələbələrinin
sayı sürətlə artaraq 1000 nəfəri keçir.
1909-cu ildən başlayaraq Albert Eynşteyn Sürix
Universitetində iki il nəzəri fizika
öyrənir və PhD səviyyəsi alır.
1912-ci ildə Sürix
Universitetinin adı rəsmi olaraq təsdiqini tapır.
Bir il sonra universitetin professoru Alfred Verner
kimya üzrə Nobel mükafatına layiq görülür. 1914-cü ildə Sürix Universiteti memar Karl Mozer tərəfindən
inşa edilmiş yeni binaya köçürülür.
Həmin bina əsrarəngiz incəsənət
nümunələrindən hesab olunur. 1923-cü
ildə universitetin ilk nəşri - "Sürix tələbəsi"
dərc edilməyə başlanır. 1933-cü ildə
Sürix Universiteti təntənəli surətdə
yaranmasının 100 illiyini qeyd edir.
İkinci
Dünya müharibəsində Sürix Universiteti çətin
vəziyyət yaşasa da, tez bir zamanda öz inkişaf mərhələsinə
qədəm qoyur. Bu inkişafın nəticəsi olaraq 1949-cu ildə
universitetin professoru Valter Rudolf Hess tibb və fiziologiya üzrə
Nobel mükafatına layiq görülür. Universitetin tələbələrinin sayı tədricən
artır, maddi-texniki bazası möhkəmləndirilir, yeni tədris
proqramları qəbul olunur.
1975-ci
ildə universitetin Toksikologiya İnstitutu açılır. 1970-1980-ci illərdə
universitetdə bir neçə dəfə tələbə
nümayişləri keçirilir və gərginlik
yaşanır. 1985-ci ildə universitetdə
İnformatika fakültəsinin tələbələrinin
sürətlə artması müşahidə olunur.
İki il sonra universitetin professoru Aleks
Müller fizika üzrə Nobel mükafatına layiq
görülür. Artıq 1988-ci ildə ali
məktəbin tələbələrinin sayı 20000-i
keçir. Onların əksəriyyətini
Biznes və iqtisadiyyat, Psixologiya və Pedaqogika fakültələrinin
tələbələri təşkil edir. 1992-ci
ildə universitetdə Hüquq, İqtisadi tədqiqatlar və
Politologiya fakültələri fəaliyyət göstərir.
Universitet Şərqi Avropa ali məktəbləri
ilə əməkdaşlığa başlayır.
1996-cı
ildə Sürix Universitetində bir sıra islahatlar həyata
keçirilir, müəllimlərin əməkhaqqı və
tələbələrə təklif olunan kreditlərin məbləği
artırılır. 2 il sonra ali məktəbdə Nevrologiya, Dəqiq
Elmlər və Beynəlxalq Tədqiqatlar mərkəzləri
yaradılır. 2001-ci ildə Sürix
Universiteti və İsveçrə Federal Texnologiya
İnstitutu əməkdaşlıq haqqında rəsmi sənəd
imzalayırlar. Bir il sonra hər iki
ali məktəb "Expo 02" milli sərgisində
iştirak edir və nəhəng "Ada-intellektual məkan"
layihəsini həyata keçirir. 2006-cı ildə
Sürix Universiteti nüfuzlu Avropa Tədqiqat Universitetləri
Liqasına üzv seçilir. 2008-ci ildə
Avropanın ən böyük elmi-tədqiqat mərkəzlərindən
biri olan Sürix Universiteti yaranmasının 175 illiyini qeyd
edir.
Büdcəsi və təhsil haqqı
2010-2011-ci tədris
ilində Sürix Universitetinin gəlirləri ümumilikdə 1182700000 İsveçrə
frankı olub. Həmin vəsaitin 562500000-ni Sürix kantonunun
(İsveçrədə inzibati ərazi bölgüsü)
ayırdığı yardım, 245300000-ni digər federal
kantonların yardımları, 225600000-ni İsveçrə
Milli Elm Fondunun ayırdığı, 103200000-ni universitetin
göstərdiyi xidmətlər, 24700000-ni təhsil haqqı,
qalanları isə digər vasitələr hesabına əldə
olunan gəlirlər təşkil edib.
Ali məktəbin
xərcləri isə ötən tədris ilində 1166400000
İsveçrə frankına bərabər olub. Bu məbləğin
711100000-ni əməkdaşlar üçün, 452100000-ni
müxtəlif kommersiya və təmir-tikinti işləri
üçün ayrılan vəsait, qalanlarını isə
digər məsrəflər təşkil edib.
2011-2012-ci
tədris ilində Sürix Universitetində tələbələrin
təhsil haqqı bakalavr və magistratura səviyyələrində
640-690, doktorantura səviyyəsində isə 140
İsveçrə frankı təşkil edir. Əcnəbi tələbələr
göstərilən təhsil haqqından başqa əlavə
olaraq 100 İsveçrə frankı ödəyirlər.
Eyni zamanda təhsil haqqından əlavə
bütün tələbələr semestr ərzində
universitetə 49 İsveçrə frankı ödəməlidirlər.
Bu məbləğin 6,50 İsveçrə frankını
universitetin Təqaüd Fondu, 15 İsveçrə
frankını kitabxana, 25 İsveçrə frankını
İdman Təşkilatı, 2,50 İsveçrə
frankını isə Tələbə Təşkilatı
üzvlüyü üçün yığılan vəsait
təşkil edir.
Sürix
Universitetində 1 ay təhsil almaq üçün tələbəyə
təxminən 1700-2000 İsveçrə frankı lazım gəlir. Həmin vəsaitə otaq (istilik sistemi
daxil olmaqla 550 İsveçrə frankı), telefon və
İnternet (200 İsveçrə frankı), dərs ləvazimatları
(50-150 İsveçrə frankı), qidalanma (400
İsveçrə frankı), tibbi sığorta (250
İsveçrə frankı), nəqliyyat (80 İsveçrə
frankı), eləcə də şəxsi xərclər
(220-250 İsveçrə frankı) daxildir.
Sürix
Universitetində ailə büdcəsi ildə 86000-300000
İsveçrə frankına bərabər və bu məbləğdən
aşağı olan tələbələr təqaüd almaq
hüququna malikdirlər. Sürix Universitetinin Əcnəbi Tələbələr
üçün Həmrəylik Fondu maliyyə durumu çətin
olan və yüksək təhsil nəticələri göstərən
əcnəbi tələbələrə ayda 650
İsveçrə frankı dəyərində subsidiya
ayırır. İsveçrə dövləti
tərəfindən əcnəbi tələbələrə
İsveçrə Federal təqaüdü təklif olunur.
İsveçrə Federal təqaüdü
magistrant və doktorantlar üçün nəzərdə
tutulur. Bu təqaüdün məbləği
tələbənin semestr ərzində göstərdiyi nəticələrdən
asılı olaraq artırılır.
Universitet bu gün
Sürix
şəhəri İsveçrə Konfederasiyasının ən
böyük şəhəridir və ölkənin şimal-qərbində
Sürix gölünün ətrafında yerləşir. Limmat çayı şəhəri
iki yerə ayırır. Şəhər
okeanik və rütubətli kontinental iqlimə malikdir. 2 milyona yaxın əhalisi olan şəhər
dünyanın ən iri maliyyə mərkəzlərindən
hesab olunur. Burada çoxlu sayda maliyyə
institutları, nəhəng banklar, eləcə də elmi-tədqiqat
mərkəzləri yerləşir. Sürix
dünyanın ən keyfiyyətli həyat tərzinə malik
və ən varlı şəhərlərindəndir.
Şəhərin görməli yerlərindən Sürix
gölünü, Sürix, İsveçrə milli muzeylərini,
Rietberq, Tram, Guild muzeylərini, Qrossmünster, Fraumünster,
Müqəddəs Pyotr kilsələrini, Zoologiya, Botanika,
Çin, Uotilberq bağlarını, eləcə də
çoxlu sayda gözəl memarlıq nümunələrini
qeyd etmək olar. Sürix mədəniyyət,
opera, balet, teatr şəhəridir.
Sürix Universitetinin
binaları bütün Sürix şəhəri üzrə
paylanıb. Tibb
Tarixi İnstitutu və Muzeyi universitetin bir hissəsidir.
Sürix
Universitetində 6 fakültə və 1 məktəb fəaliyyət
göstərir:
İlahiyyat
fakültəsi islahatçı ilahiyyatçılar
hazırlayır. Fakültə ilahiyyat və dinşünaslıq
üzrə tədqiqatlar həyata keçirir. Fakültədə
"Əhdi-ətiq", "Əhdi-cədid" (İncilin
və başqa xristian dini kitablarının adı), Kilsənin
tarixi, Dini etika, Praktiki ilahiyyat, Dinşünaslıq, Yaxın
Şərqin dini tarixi, Qədim xaçpərəstlik, Qədim
yəhudi dini, İncilin öyrənilməsi, Yəhudi dili və
ədəbiyyatı, Hermenevtika, Dini təhsil, Dini fəlsəfə,
Dinşünaslıq, Sistematik və praktiki ilahiyyat, Etika
proqramları öyrədilir.
Hüquq
fakültəsi universitetin nüfuzlu fakültələrindən
biridir. Burada elmi təcrübə və qanun məsələləri
üzrə tədqiqatlar aparılır, hüquq ixtisası
üçün önəmli hesab edilən baza biliklər əldə
olunur. Məktəbdə bakalavr, magistrant,
PhD səviyyələri təklif olunur.
İqtisadiyyat
fakültəsi iqtisadiyyatın öyrənilməsi üzrə
yeni elmi nəzəriyyə və metodların işlənməsi,
onların öyrənilməsi məqsədini
daşıyır. Eyni zamanda məktəb iqtisadiyyat, siyasət və
digər elmi sahələr üzrə idarəetmə
ixtisasları təklif edir. Bakalavr,
magistrant və PhD səviyyələri üzrə məktəbdə
İqtisadiyyat, Menecment, Bank işi və maliyyə,
İnformatika proqramları təklif olunur. Fakültənin
nəzdində İqtisadiyyat, Menecment, Bank işi və maliyyə,
İnformatika institutları fəaliyyət göstərir.
Riyaziyyat və
dəqiq elmlər fakültəsinə Qeyri-üzvi kimya,
Fizika, Təkamül biologiyası və təbiətdən
istifadə, Coğrafiya, Riyaziyyat, Molekulyar biologiya, Bitkilərin
biologiyası, Sistematik botanika, Üzvi kimya, Fiziki kimya, Nəzəri
fizika, Paleontologiya bölmələri, Antropologiya Muzeyi daxildir.
Universitetin Tibb Məktəbi ilə Riyaziyyat və
dəqiq elmlər fakültəsi birgə Biokimya, Molekulyar
Onkologiya, Fiziologiya institutları, Texnologiya İnstitutu ilə
birlikdə Neyro-İnformatika İnstitutuna sahiblik edir.
İncəsənət
fakültəsi 1833-cü ildə yaradılıb. Həmin dövrdə fakültədə
fəlsəfə, klassika (yunan və latın
dilləri və mədəniyyətləri), tarix kimi humanitar
sahələr əhatə olunur. Sonradan
fakültəyə filologiya, sosiologiya, incəsənət,
musiqi və digər elmlər əlavə olunur, filologiya və
tarix fənlərinin diapazonu genişlənir. Hazırda bu fakültə universitetin ən sürətlə
inkişaf edən fakültələrindən biridir.
Fakültənin Ümumi dilçilik, Ümumi və
müqayisəli ədəbiyyatşünaslıq, Slavistika,
Alman, İngilis, Hind-Avropa, Hindologiya, Şərqi Asiya (Yaponiya
və Çin), Fəlsəfə, Psixologiya, Pedaqogika, Tarix,
Klassika, Filologiya, Şərqşünaslıq, Musiqi, Sosial
antropologiya, Film tədqiqatları
departamentləri, Arxeologiya və Arxeoloji Kolleksiyalar,
Kompüter Linqvistikası, Orta və Peşə Təhsili,
Xüsusi Təhsil, Bədii Tarix, Siyasi Elmlər, Kommunikasiya və
KİV, Sosiologiya institutları, Fonetik laboratoriyaları fəaliyyət
göstərir.
Vetsuisse
fakültəsi 3 departament, 11 institut və Sürix
Baytarlıq xəstəxanasından ibarətdir. Bunlar Kiçik heyvanlar (Kiçik
heyvanların tibbi, Kiçik heyvanların cərrahiyyəsi,
Diaqnostik vizualizasiya, Radioloji onkologiya, Klinik zoopark, ev və
çöl heyvanları, Kiçik heyvanların
reproduksiyası, Oftalmologiya bölmələri),
Atçılıq (Atların cərrahiyyəsi, İdman
tibbi, Daxili tibb, Sümük-əzələ tədqiqatları,
Anesteziologiya bölmələri), Heyvandarlıq (Gövşəyən
heyvanlar, Reproduktiv tibb, Təcili yardım və tibbi ehtiyatlar,
Tibbi laboratoriya bölmələri) departamentləri;
Baytarlıq, Baytarlıq Biokimyası və Molekulyar Biologiya,
Baytarlıq Fiziologiyası, Heyvanların Qidalanması,
Baytarlıq Bakteriologiyası, Parazitologiya, Virusologiya,
Baytarlıq Epidemiologiyası, Baytarlıq Patalogiyası,
Farmakologiya və Toksikologiya, Qida Məhsullarının Təhlükəsizliyi
və Gigiyena, Heyvandarlıq Laborator Elmlər
institutlarıdır. Fakültədə təkcə
heyvanların xəstəlikləri deyil, insan
sağlamlığı, ətraf mühitin patogen mikroorqanizmlərdən
mühafizəsi, heyvan və insanların xəstəliklərinin
biotibbi tədqiqatları öyrənilir.
Tibb Məktəbi
bu sahə üzrə İsveçrənin ən böyük
məktəbidir. Məktəbə
Anatomiya, Angiologiya, Oftalmologiya, Biokimya, Dermatologiya,
Endokrinologiya, diabet və kliniki qidalanma, Qastroenterologiya və
hepatologiya, Kliniki mamalıq, Ginekologiya, Gematologiya, Ailə
tibbi, Ürək-damar cərrahiyyəsi, İmmunologiya,
İnfeksion xəstəliklər və epidemiologiya, Kardiologiya,
Çənə-üz cərrahiyyəsi, Kliniki əczaçılıq
və toksikologiya, Neonatologiya, Nefrologiya, Neyrocərrahiyyə,
Nevrologiya, Nüvə tibbi, Qulaq, burun, boğaz və boyun cərrahiyyəsi,
Onkologiya, Farmakologiya və Toksikologiya, Fiziologiya, Plastik cərrahiyyə,
Pulmonologiya, Psixiatriya və psixoterapiya, Radio-onkologiya,
Döş, zədə cərrahiyyəsi, Urologiya,
Transplantasiya, Stomatologiya, Pediatriya departamentləri,
Anesteziologiya, Biotibbi Etika, Biotibbi Mühəndislik, Diaqnostik və
Müdaxilə Radiologiyası, Eksperimental İmmunologiya, Kliniki
Kimya, Kliniki Patalogiya, Tibbi Genetika, Tibbi Mikrobiologiya, Tibbi
Molekulyar Genetika, Virusologiya, Molekulyar Onkologiya, Nevropatalogiya,
Tibbi Məhkəmə, Reproduktiv Endokrinologiya, Revmatologiya və
Fiziki Tibb, İctimai və Profilaktik Tibb institutları,
Sürix Uşaq, Psixiatriya xəstəxanaları
daxildir.
Sürix
Universitetində bakalavr səviyyəsində dərslər əsasən
alman dilində keçilir. Lakin son zamanlar ingilis dilində
tədris olunan proqramların sayı artmaqdadır. Dəqiq elmlər və biznes sahələri üzrə
ingilisdilli proqramlar çoxluq təşkil edir.
Universitetin
kitabxanası Əsas, Mərkəzi və bir neçə
köməkçi kitabxanalara bölünüb. Əsas kitabxanada dəqiq
elmlər, riyaziyyat və tibb sahələrini əhatə edən
kitablar toplanıb. Bu kitabxana İrçel
elmi, İrçel tədqiqat, Careum tibb bölmələrindən
ibarətdir. Mərkəzi kitabxana geniş
kütlə üçün nəzərdə tutulub.
Kitabxanadan təkcə Sürix Universitetinin tələbələri
deyil, şəhər sakinləri və digər ali məktəblərin tələbələri
də istifadə edə bilərlər. Bu
kitabxanada bütün sahələrə aid kitablar vardır.
Ümumilikdə universitetin kitabxanalarında 5
milyon cilddən çox kitab mövcuddur. Sürix
Universitetinin fakültələrinin və Tibb Məktəbinin,
institutlarının da şəxsi kitabxanaları fəaliyyət
göstərir.
Sürix
Universitetinin strateji məsələləri ilə ali məktəbin rektoru, akademik məsələlər,
elmi tədqiqatlar, tədris, fakültə, Tibb Məktəbinə
aid olan işlər və digər məsələlərlə
isə üç vitse-rektor məşğul olur. Universitetin maliyyə, insan resursları və
infrastruktur məsələlərinə inzibati işlər
üzrə direktor nəzarət edir. Sürix
Universitetinin rektoru professor Andreas Fişer, tibb və dəqiq elmlər
üzrə vitse-rektoru Daniel Uayler, hüquq və iqtisadi elmlər
üzrə vitse-rektoru Eqon Frank, humanitar və sosial elmlər
üzrə vitse-rektoru Otfrid Carren, maliyyə, kadr və
infrastruktur məsələləri üzrə direktoru isə
Ştefan Şnayderdir. Universitetin əməkdaşlarının
ümumi sayı 5382 nəfərdir. Əməkdaşların
507 nəfəri professor, 2897 nəfəri elmi-pedaqoji, 1977 nəfəri
isə inzibati-texniki işçilərdir. Sürix
Universitetinin 15-dən çox professoru Nobel mükafatına
layiq görülüb.
Sürix
Universitetində ümumilikdə 26168 nəfər tələbə
təhsil alır. Tələbələrin 14754 nəfərini
qızlar təşkil edirlər. Ən
çox tələbə İncəsənət fakültəsində
qeydə alınıb (12482). Tələbələrinin
sayına görə ikinci yerdə Hüquq (3720),
üçüncü yerdə isə (3228) Riyaziyyat və dəqiq
elmlər fakültəsi durur.
Sürix
Universitetinin yataqxanaları yoxdur. Tələbələrin məskunlaşması
məsələsi ilə digər müxtəlif müəssisələr
məşğul olur. Yaşayış
yerlərinə tələbat çox olduğundan tələbələr
əvvəlcədən axtarışa
başlamalıdırlar. Sürix
Universitetinin tələbələri ilk olaraq İsveçrə
Federal Texnologiya İnstitutunun yataqxanalarından istifadə edə
bilərlər. Tələbələrə
xidmətlər təklif edən müxtəlif agentliklər
yataqxana bülletenləri çap edir. Burada
agentliklərin təklif etdiyi mənzil və evlər,
onların qiymətləri, qoyulan şərtlər haqqında
məlumatlar öz əksini tapır.
Sürix Universiteti bəşəriyyətin
mədəni, sosial, iqtisadi inkişafında ən
mühüm rola malik elmi-tədqiqat mərkəzinə
çevrilmək, Avropa və dünya kontekstində bu sahədə
aparıcı yer tutmaq məqsədini daşıyır.
Universitetin Nobel mükafatına layiq
görülmüş müəllimləri
Emil Teodor
Koxer tibb və fiziologiya üzrə Nobel
mükafatı laureatı
Karl
Landşteyner tibb və fiziologiya üzrə Nobel
mükafatı laureatı
Henrik Kar
Piter Dam tibb və fiziologiya üzrə Nobel
mükafatı laureatı
Corc Uold tibb və
fiziologiya üzrə Nobel mükafatı laureatı
Hamilton
Smit tibb və
fiziologiya üzrə Nobel mükafatı laureatı
Erik
Uieschaus tibb və fiziologiya üzrə Nobel
mükafatı laureatı
Rolf
Zinkernagel tibb və
fiziologiya üzrə Nobel mükafatı laureatı
Maks fon Laue fizika
üzrə Nobel mükafatı laureatı
Ervin
Şredinger fizika üzrə Nobel mükafatı
laureatı
Karl Aleks
Müller f izika üzrə Nobel mükafatı
laureatı
Uolter German
Nernst kimya
üzrə Nobel mükafatı laureatı
Albert
Hofmann kimya
üzrə Nobel mükafatı laureatı
Piter
Debye kimya
üzrə Nobel mükafatı laureatı
Lavoslav
Stepan Rujiçka kimya
üzrə Nobel mükafatı laureatı
Laynus
Polinq kimya
üzrə Nobel mükafatı laureatı
Universitetin Nobel mükafatına layiq
görülmüş məzunları
Albert
Eynşteyn
fizika üzrə Nobel
mükafatı laureatı
Vilhelm Konrad
Rentgen fizika üzrə Nobel mükafatı
laureatı
Alfred
Verner
kimya üzrə Nobel
mükafatı laureatı
Pol
Karrer
kimya üzrə Nobel
mükafatı laureatı
Teodor
Mommzen ədəbiyyat üzrə Nobel
mükafatı laureatı
Valter Rudolf
Hess tibb və fiziologiya üzrə Nobel
mükafatı laureatı
Hazırladı:
Lamiyə ƏLİYEVA
Azərbaycan müəllimi.- 2011.- 30
sentyabr.- S.12-13.