Birləşmiş Ərəb
Əmirliklərinin təhsil sistemi
Birləşmiş
Ərəb Əmirlikləri
Ərazisi:
83600 kv.km.
Əhalisi:
8,25 milyon nəfər
Paytaxtı: Abu-Dabi şəhəri
Dövlət
dili:
ərəb dili
Pul
vahidi: dirhəm
Təhsil sistemi
Ərəbistan yarımadasının
şərq hissəsində,
Fars və Oman körfəzləri
sahilində yerləşən
Birləşmiş Ərəb
Əmirliklərində (BƏƏ) neft yataqlarının işlənilməsinə başlandıqdan
sonra təhsilin inkişafına daha böyük diqqət yetirilib, təhsil ən prioritet sahələrdən biri kimi önə çəkilib. İxtisaslı mütəxəssislərin yetişdirilməsi üçün
investisiya qoyuluşunun
ölkənin gələcəyi
baxımından əhəmiyyətini
qəbul edən BƏƏ
federal hökumətin ümumi
xərclərinin 25 faizini
təhsilə sərf
edir.
Ölkə üzrə savadlılığın ümumi
səviyyəsi 91 faiz
təşkil edir.
Birləşmiş Ərəb
Əmirliklərində əhalinin
savadlılıq səviyyəsinin
yüksəlməsinə nail olmaq üçün bir sıra davamlı
tədbirlər həyata
keçirilir. BƏƏ hökuməti
2009-cu ildə təhsilin
və müəllim hazırlığının keyfiyyətinin
yüksəldilməsi üçün
7,4 milyard dirhəm (2 milyard ABŞ dolları) vəsait ayırıb.
BƏƏ-də dövlət təhsili məktəbəqədər təhsil
pilləsindən ali təhsil pilləsinə qədər
ölkənin bütün
vətəndaşları üçün
pulsuzdur. Buraya məktəbli formaları,
kitablar, zəruri avadanlıqlar, əlavə
vəsait və nəqliyyat vasitəsi ilə təminat da daxildir. Təhsil IX sinfə, yəni 6 yaşdan 15 yaşa qədər icbaridir.
2006-2007-ci tədris ilindən etibarən əcnəbi şagirdlərə
də təhsil haqqı ödəməklə
dövlət məktəblərində
oxumağa icazə verilir. Birləşmiş Ərəb
Əmirliklərində müəllim tələbə nisbəti
15:1-ə bərabərdir.
BƏƏ-nin
müasir təhsil sistemi
əsasən ötən əsrin ikinci
yarısından sonra formalaşıb.
1952-ci ildə ölkədə çox az sayda formal
məktəblər fəaliyyət göstərirdi. 1960-1970-ci
illərdə məktəblərin yaradılması
proqramının tətbiqi təhsil sisteminin
nisbətən genişlənməsinə səbəb oldu.
Ölkədə
təhsilə dövlət büdcəsindən ayrılan vəsait
davamlı olaraq artırılsa da, tədris metodları və kurikulum
yeni tələblərə cavab vermirdi. Ümumilikdə
təhsil sistemi zəif idi.
2006-cı ilin fevral
ayında hökumət tərəfindən təhsilin keyfiyyətinin
yüksəldilməsi,
o cümlədən daimi
sinif otaqlarının, kompüter
laboratoriyalarının müasir
avadanlıqlarla təmin olunması istiqamətində konkret addımlar atılmağa
başlandı.
BƏƏ-nin
Təhsil Nazirliyi təhsildə
texnologiyaları tətbiq etmək, yeni
bacarıqları təkmilləşdirmək üçün
hazırlanmış və şagirdlərin təhsil
imkanlarının artırılmasına yönəlmiş
"Təhsil-2020" adlı beşillik
silsilə proqramlar qəbul edib. Bu proqramın bir hissəsi kimi,
2003-2004-cü tədris ilindən başlayaraq
bütün dövlət məktəblərinin
I siniflərində yeni riyaziyyat
və inteqrativ təbiət elmləri kurikulumu tətbiq edilir. Yeni kurikulumlarda ingilis dilinin tədrisi digər
fənlərin, o cümlədən riyaziyyat və təbiət elmlərinin tədrisinə
inteqrasiya edilir.
Birləşmiş
Ərəb Əmirlikləri qadınların təhsilə cəlb
olunması və onların təhsil imkanlarının
artırılması istiqamətində mühüm
irəliləyiş əldə edərək BMT-nin
Minilliyin Məqsədlərinə çatmaq üçün
müəyyən etdiyi tələbləri
yerinə yetirib.
Ölkədə
təhsilin bütün pillələrində
yeni təşəbbüslər dəstəklənir
və müvafiq islahatlar
həyata keçirilir. Bunlardan
biri də K-12 proqramlarının tətbiq
edilməsidir. Bu proqramın əsas məqsədi
orta məktəb məzunlarının dünya universitetlərində oxumasına tam hazırlıqlı olmasını və qlobal əmək bazarında rəqabət apara bilməsini təmin etməkdir.
Təhsil
sahəsində həyata keçirilən mütərəqqi islahatlarla yanaşı, BƏƏ hökuməti
2020-ci ilə qədər təhsili milliləşdirməklə
təhsil sektorunda çalışan vətəndaşlarının
sayının 90 faizə çatdırılmasını əsas
hədəf kimi müəyyənləşdirib.
Orta təhsil pilləsində
reallaşdırılan bütün bu islahatlar ölkənin Təhsil
Nazirliyi, Abu-Dabi Təhsil
Şurası və Dubay Təhsil
Şurası tərəfindən həyata keçirilir.
BƏƏ-də
ali təhsil sisteminin
idarə olunması ilə Ali Təhsil və
Elmi Tədqiqat Nazirliyi
məşğul olur. Bu
qurum həm də ali
təhsil müəssisələrinə qəbul aparılmasını
və tələbələrin seçdikləri ixtisaslar üzrə yerləşdirilməsini
həyata keçirir.
Məktəbəqədər
təhsil
Birləşmiş
Ərəb Əmirliklərində uşaqlar
4-5 yaşlarında məktəbəqədər təhsilə
cəlb olunurlar. 2005-ci ilin
statistikasına görə, ibtidai məktəblərin
I sinfinə qəbul edilən uşaqların 80 faizini məktəbəqədər təhsil
müəssisələrindən gələn uşaqlar
təşkil edir.
Ölkədə
həm dövlət, həm də müstəqil məktəbəqədər
təhsil müəssisələri fəaliyyət göstərir.
Müstəqil bağçalarda tətbiq
olunan kurikulum dövlət
bağçalarında tətbiq olunan kurikulum ilə eynidir. Həmçinin
müstəqil bağçalar üçün inzibati, texniki və tədris heyətinə olan ehtiyacı Təhsil Nazirliyi
müəyyənləşdirir.
Məktəbəqədər
təhsil pilləsində son illər
aparılmış islahatlar nəticəsində
Bağçaların İnkişaf Mərkəzləri
yaradılıb. Bu mərkəzlər
Körfəz regionunda tədris və inzibati
heyətin hazırlanması, eləcə də onların
ixtisasının artırılması üçün
daimi elmi-tədris bazası hesab edilir.
İbtidai
təhsil
Ölkədə
ibtidai təhsil 6 yaşdan
başlanır və 6 il davam
edir. Dövlət ibtidai
təhsil müəssisələrində oğlanlar
ayrı, qızlar ayrı məktəblərdə oxuyurlar. 2006-cı ilin
statistikasına görə, oğlanların 85, qızların
isə 82 faizi ibtidai təhsil
pilləsinə cəlb olunur.
İngilis dilinin
tədrisi səviyyəsini yüksəltmək üçün Abu-Dabi Təhsil
Şurası Zayed Universiteti
ilə birgə ibtidai təhsil üzrə
pilot proqram
hazırlayır. Ölkədə ingilis
dilində səlis danışmağı bacarmayanların
işlə təmin olunması xeyli
çətindir. Bu proqramın genişləndirilərək
ölkənin bütün məktəblərində
tətbiq olunması planlaşdırılır.
BƏƏ-də
ibtidai təhsildən sonra
şagirdlər 3 illik hazırlıq (əsas)
təhsili pilləsində oxuyurlar. İbtidai təhsil pilləsini başa
vurduqdan sonra
şagirdlər öz təhsillərini texniki profilli orta məktəblərdə də davam etdirə bilərlər. Həmin məktəblərdə
təhsil 6 il davam edir və məzunlara orta texniki təhsil haqqında diplom
verilir.
Orta
təhsil
3
illik hazırlıq təhsilini başa vurduqdan sonra şagirdlər növbəti 3 il müddətində orta
təhsil pilləsində oxuyurlar. Əhalinin
orta təhsil pilləsinə cəlb
olunmasının səviyyəsi ibtidai təhsil
pilləsi ilə müqayisədə nisbətən
aşağıdır.
Belə ki, bu təhsil
pilləsinə kişilərin 62, qadınların isə 66 faizi cəlb olunur.
Ölkədə
orta təhsilin idarə olunmasına Təhsil
Nazirliyi cavabdehlik
daşıyır. Dövlət məktəbləri hökumətin
ayırdığı vəsait hesabına maliyyələşir
və belə məktəblərdə kurikulum
BƏƏ-nin inkişaf məqsədlərinə
və dəyərlərinə uyğun olaraq tərtib olunur.
Dövlət məktəblərində tədris ərəb
dilində həyata keçirilir. İngilis dili isə ikinci dil kimi
tədris olunur. Həmçinin beynəlxalq
səviyyədə akkreditasiyadan keçmiş çoxlu sayda özəl məktəblər də fəaliyyət
göstərir.
2006-2007-ci
tədris ilinin statistik
məlumatlarına görə, ölkənin 1256 dövlət
və özəl orta məktəbində
650000 nəfər şagird təhsil
alıb. Bu şagirdlərin 60 faizi dövlət məktəblərində oxuyub.
Son illər özəl təhsil
sektorunda ciddi inkişaf meyilləri müşahidə olunur. Bu isə özəl
məktəblərdə təhsil almaq istəyənlərin
sayının kəskin artmasına səbəb olub. Dubay Əmirliyində
şagirdlərin 50 faizi, Abu-Dabi
Əmirliyində isə 40 faizi özəl
məktəblərdə təhsil alır.
Ölkədə
xüsusi təhsilin keyfiyyətinin
yüksəldilməsi istiqamətində də islahatlar həyata keçirilməkdədir.
2006-cı ildə fiziki və əqli qüsuru olanlar üçün təhsil imkanlarının
yaxşılaşdırılması məqsədilə xüsusi akt qəbul edilib. Bu sənədə
görə xüsusi qayğıya
ehtiyacı olan uşaqlar
dövlət və özəl məktəblərdə digər
şagirdlərlə bərabərhüquqlu təhsil almaq imkanı qazanıblar. Bununla
yanaşı, bütün ölkədə
müvafiq peşə və reabilitasiya mərkəzləri də fəaliyyət
göstərir.
Ali
təhsil
Birləşmiş
Ərəb Əmirliklərində fəaliyyət göstərən
çoxsaylı ali təhsil müəssisələrinə
Ali Təhsil və Elmi
Tədqiqat Nazirliyinin tabeliyində olan Akademik Akkreditasiya
Komissiyası lisenziya verir.
Ali məktəblərin tədris
proqramlarının akkreditasiyasını da
bu qurum həyata keçirir.
Qeyd etdiyimiz
kimi, ölkə vətəndaşları
dövlət ali təhsil müəssisələrində
pulsuz oxuya bilərlər.
Orta təhsil pilləsinin sonuncu
sinfini bitirən qızların 95,
oğlanların isə 80 faizi ali təhsil müəssisələrinə qəbul
olunurlar.
Ölkənin
dövlət universitetlərinin sırasına Birləşmiş
Ərəb Əmirlikləri Universiteti, Zayed Universiteti və Ali Texnologiya Kolleci daxildir.
1976-cı
ildə Abu-Dabi Əmirliyinin Əl-Əyn
şəhərində təsis olunmuş
Birləşmiş Ərəb Əmirlikləri Universiteti 9 kollecdən ibarətdir. Bu ali təhsil müəssisəsi
ölkənin ən aparıcı tədris və tədqiqat
müəssisəsi hesab olunur.
Universitetdə 70 proqram üzrə bakalavr təhsili verilir. Təhsil
müəssisəsinin pedaqoji heyətinin
tərkibinə 700 nəfərdən çox
işçi daxildir.
1988-ci
ildə təsis olunmuş Zayed
Universiteti yalnız qızlar üçün nəzərdə tutulsa da, sonradan
burada oğlanların da
təhsil almasına icazə verilib. Bu ali təhsil müəssisəsi
humanitar və təbiət elmləri, biznes elmləri, kommunikasiya
və media, təhsil və informasiya sistemləri adlı 5 kollecdən ibarətdir.
Universitetdə tədris əsasən ingilis
dilində aparılır.
1988-ci
ildə təsis olunmuş Ali
Texnologiya Kolleci
hazırda ölkənin bütün əmirliklərini
əhatə edən 16 tədris binasında 80 proqram
üzrə bakalavr və magistratura
təhsili verir. 16000 nəfərin təhsil
aldığı bu kollec
ölkənin ən böyük ali təhsil müəssisəsi hesab edilir.
Tələbə
kontingentinin 10000 nəfərdən çoxu qızlardan ibarət olan
Ali Texnologiya Kollecinin nəzdində fəaliyyət göstərən
Tətbiqi Tədqiqat və Təlim üzrə Təcrübə
Mərkəzində texniki peşə təhsili
və tətbiqi texnologiya üzrə təlim
kursları həyata keçirilir. Mərkəz
çoxsaylı beynəlxalq şirkətlərlə əməkdaşlıq
edir. Tətbiqi Tədqiqat və Təlim
üzrə Təcrübə Mərkəzi texniki
peşə təhsili və tətbiqi texnologiya
üzrə Orta Şərqin ən böyük özəl təhsil müəssisəsi
hesab olunur.
Özəl
ali təhsil müəssisələri
arasında Şarcah və Dubay
Amerikan universitetləri, Şarcah
Universiteti, Acman Elm və Texnologiya Universiteti, Abu-Dabi Universiteti, Əl-Hosn Universiteti
daha məşhur və nüfuzludurlar.
1995-ci
ildə təsis olunmuş Dubay
Amerikan Universiteti həm
BƏƏ, həm də ABŞ-da akkreditasiyadan keçib.
BƏƏ-də
ilk tibb məktəbi
1998-ci ildə təsis olunmuş və Acman Əmirliyində yerləşən
Körfəz Tibb Universitetidir.
Bu ali təhsil müəssisəsində müxtəlif
ölkələrin vətəndaşları cinsi
ayrı-seçkilik olmadan təhsil ala bilərlər. 2008-ci ildə təhsil
müəssisəsi tədrisin səviyyəsini xeyi yüksəldib və əhatə dairəsini
genişləndirərək Avstraliya Həkimlik
üzrə Kral Kolleci
ilə birgə stomatologiya, əczaçılıq
və digər ixtisasların tədrisinə başlayıb.
Ölkədə
fəaliyyət göstərən beynəlxalq özəl ali məktəblərin əksər hissəsi
nüfuzlu beynəlxalq qurumlar
tərəfindən akkreditasiya olunur. BƏƏ-də hazırda bakalavriatura proqramı üzrə tədris aparan 17 beynəlxalq təhsil müəssisəsi
var. Bu məktəblərin
çoxu öz tədris
proqramlarını Cenevrədəki Beynəlxalq Bakalavriatura Təşkilatı tərəfindən
təsdiq etdirirlər.
Elmi
tədqiqatlar
Birləşmiş
Ərəb Əmirliklərində təhsil və elmi-tədqiqatların
keyfiyyətinin yüksəldilməsinə xüsusi
diqqət göstərilir. Təcili Kompüter
Yardımı üzrə Tədqiqat Mərkəzinin, Məsdər
Elm və Texnologiya İnstitutunun səmərəli fəaliyyətinin
təşkili bunun bariz
nümunəsidir.
Məsdər
Elm və Texnologiya İnstitutu Orta Şərqin
ilk elmi-tədqiqat yönümlü
universiteti hesab edilir. 2009-cu ilin
payızında universitetdə ilk dəfə
magistratura proqramları həyata
keçirilməyə başlanıb. Bu universitetin yaradılmasının əsas məqsədi
dünyada təbii yanacaqdan
asılılığın azaldılması problemi
ilə məşğul olan gənc kadrlar və tədqiqatçılar
hazırlamaqdır.
Tədqiqat
və təlim müəssisəsi olan Dubay İdarəçilik Məktəbi də
elmi-tədqiqatlara geniş yer
verir, müvafiq sahədə
yüksək səviyyəli mütəxəssislər yetişdirir. Bu təhsil
müəssisəsində 2009-cu ildən idarəetmə və
dövlət siyasəti üzrə magistratura
proqramları tədris olunur.
Beynəlxalq əməkdaşlıq
Birləşmiş
Ərəb Əmirliklərində xarici
ölkələrin beynəlxalq səviyyədə
tanınmış universitetlərinin filialları da fəaliyyət göstərir. Onların bəziləri
xüsusi təhsil zonalarında,
2003-cü ildə yaradılmış Dubay
Bilik Kəndində və Akademik
Şəhərcikdə yerləşir.
Xüsusi təhsil zonası olan Dubay Bilik
Kəndində beynəlxalq səviyyədə
tanınmış universitetlər, təlim mərkəzləri,
elektron təlim və tədqiqat şirkətləri
bir arada cəmləşib.
Hazırda bu məkanda 25 beynəlxalq səviyyəli
ali təhsil müəssisəsi fəaliyyət
göstərir. Buraya Sankt-Peterburq
Dövlət Universiteti, Mühəndislik
və İqtisadiyyat Universiteti,
Uollonqonq Universiteti, Mahatma Qandi Universiteti,
Mançester Biznes Məktəbi
və digərləri daxildir.
Bundan başqa,
Ras-Əl-Xayma Əmirliyində Tafts Universitetinin və Corc Meyson Universitetinin, Dubay Əmirliyində Miçiqan
Dövlət Universitetinin və Roşester Texnologiya İnstitutunun, eləcə də Vaşinqton Universitetinin, Boston Universitetinin
filialları fəaliyyət göstərir.
700 illik şərəfli inkişaf
yolu keçmiş Sorbonna Universitetinin xaricdə
ilk filialı məhz 2006-cı ildə
Birləşmiş Ərəb Əmirliklərində
açılıb. Burada Sorbonna
Universiteti tərəfindən müəyyən
olunmuş qaydalara və
təhsil standartlarına uyğun tədris
aparılır.
Avropa Biznesin İdarəolunması
İnstitutu Abu-Dabi Əmirliyində 2007-ci ildən fəaliyyət
göstərməyə başlayıb. Bu təhsil müəssisəsində
hazırda 7 icraedici tədris proqramı üzrə mütəxəssislər
hazırlanır.
2008-ci ildə Abu-Dabi Əmirliyində
Nyu-York Film Akademiyasının filialı təsis olunub. 2010-cu
ildən filialda bakalavr dərəcə proqramlarının tədrisinə
başlanılıb.
2010-cu ilin payızında Əbu Dabi Əmirliyində
Nyu-York Universitetinin müvəqqəti filialı
açılıb. Yaxın gələcəkdə bu təhsil
müəssisəsi üçün Saadiyat adasında əsas
tədris binasının istifadəyə verilməsi nəzərdə
tutulur. Təhsil müəssisəsində Orta Şərqdən,
Cənubi Asiyadan, Mərkəzi Asiyadan, Avropadan gələn
2000 tələbənin bakalavr və magistratura təhsili
alması üçün hər cür şərat
yaradılacaq.
Con Hopkins Universitetinin Blumberq Tibb Məktəbi
isə BƏƏ-də tibb üzrə doktorantura
proqramının həyata keçirilməsinə yardım
edir.
Ölkənin beynəlxalq səviyyədə
tanınmış universitetlərində xaricdə oxumaq
imkanı olmayan yerli tələbələr də biznes, təbiət
elmləri, mühəndislik və kompüter proqramları
ixtisası üzrə təhsil alırlar.
Əlavə təhsil
Birləşmiş Ərəb
Əmirliklərində daimi inkişafa nail
olmağın vacibliyini nəzərə alaraq yeni strategiyalar,
proqramlar icra edilir və yeni təşəbbüslər
dəstəklənir, yüksək keyfiyyətli təhsil
standartlarının həyata keçirilməsinə səy
göstərilir. Bütün Orta Şərqdə təhsilin
inkişafına maneə yaradan əsas faktorlar ingilis dilinin tədrisinə münasib
diqqətin verilməməsi, müasir tədris
vasitələri, texnologiyaları və metodları ilə qeyri-adekvat təmin olunmaq hesab edilir. Müasir
kurikulumun vacibliyini qəbul
edən BƏƏ bu sahənin inkişaf etdirilməsi üçün
böyük təhsil kampaniyasına
başlayıb. Əlbəttə ki, bu kampaniyanın əsasını təhsilin
maliyyələşməsi təşkil edir.
Odur ki, BƏƏ-də
2009-cu ildə təhsilin və müəllim
hazırlığının keyfiyyətinin yüksəldilməsi
üçün 7,4 milyard
dirhəm (2 milyard ABŞ dolları) vəsait
ayrılıb. Bu vəsaitin bir hissəsi növbəti 5 il
ərzində dövlət məktəblərində
çalışan 10000 müəllimin ixtisasının
artırılmasına yönəldiləcək.
2008-ci ildən Təhsil Nazirliyi Mentorluq
Proqramının tətbiqinə başlayıb. Proqrama əsasən
735 dövlət məktəbinin 50-nə Qərb ölkələrində
təhsil almış savadlı və ixtisaslı məktəb
direktorları təyin edildi. Bu, tədris strategiyasının
müasirləşdirilməsi və Qərb ölkələrində
tətbiq olunan təlim üsullarının,
şagirdyönümlü fəal təlim metodlarının
ölkə məktəblərində tətbiqi istiqamətində
mühüm bir addım oldu.
Aparılmış son tədqiqatlar deməyə
əsas verir ki, ölkədə savadsızlığın
hazırkı səviyyəsi 7 faizdən də
aşağıdır. Sevindirici haldır ki, hökumətin həyata
keçirdiyi stimullaşdırıcı təhsil layihələri
sayəsində bu göstərici getdikcə daha da
aşağı düşür. Əhalinin yaşlı təbəqələri
arasında savadsızlığın ləğvi üzrə
müvafiq proqramlar həyata keçirilir və onların
müsbət nəticələri cəmiyyətin ümumi
inkişafına əlavə təkan verir. Hazırda minlərlə
ölkə vətəndaşı bütün regionlarda təsis
olunmuş yaşlıların təhsili üzrə 86 mərkəzdə
formal təhsil almaqdadır.
Ötən əsrin ikinci
yarısından əldə etdiyi sosial-iqtisadi uğurlarla
bütün dünyanı təəccübləndirən Birləşmiş
Ərəb Əmirlikləri təhsil sektorunda da kifayət qədər
nailiyyətlər qazanıb. Təsadüfi deyil ki, ölkə
əhalisinin ümumi artım dinamikasında miqrasiya
hesabına artım üstünlük təşkil edir. Digər
səbəblərlə yanaşı, təhsil almaq
üçün ölkəyə gələn əcnəbilərin
əksər hissəsinin Birləşmiş Ərəb Əmirliklərində
daimi qalmağa üstünlük verməsi də bu məsələdə
mühüm rol oynayır.
Bəşarət
MƏMMƏDOV,
Ramil
HÜSEYNOV
Yazının hazırlanmasında Birləşmiş
Ərəb Əmirliklərinin Təhsil Nazirliyinin, həmçinin
Ali Təhsil və Elmi Tədqiqat Nazirliyinin rəsmi
materiallarından istifadə olunub.
Azərbaycan
müəllimi.- 2011.- 30 sentyabr.- S.8-9.