BSU-da
jurnalistika fakültəsi yaradılıb
Son illərdə
BSU-nun ixtisasları sırasına yeni ixtisaslar - jurnalistika və Azərbaycan filologiyası da əlavə
olundu və filologiya fakültəsinin nəzdində
jurnalistika, Azərbaycan filologiyası şöbələri
yaradıldı. Həmin dövrdən peşəkar kadr
potensialı, elmi-metodik və texniki baza formalaşdı, səmərəli
beynəlxalq əməkdaşlıq həyata keçirildi,
praktik jurnalistika ilə məşğul olan mütəxəssislər
və xarici ekspertlər bu işə cəlb olundu.
Müasirliyə uyğun proqramlar, vəsaitlər
hazırlandı, ən yeni avadanlıqlar tələbələrin
istifadəsinə verildi. Artıq şöbənin məzunları
- bakalavr və magistrantlar
respublika mediasında uğurla fəaliyyət göstərir.
Eyni zamanda BSU-da Azərbaycan filologiyası üzrə də on
ilə yaxındır ki, kadr hazırlanır. Bu ənənəvi ixtisas üzrə
də BSU öz yenilikləri ilə seçilir. Uzun illərdir
respublikamızda unudulmuş folklor və dialektoloji təcrübə
bərpa olunub, yaradıcı ədiblər tədrisə cəlb
edilib, tələbələr xarici, o cümlədən slavyan
dillərini öyrənir, regionlarımızda, eləcə də
qaçqın məktəblərində pedaqoji təcrübə
keçirlər...
Bu zəngin
potensialın təşkilati cəhətdən sistemləşməsi
artıq zərurətə çevrildiyindən BSU kollektivi
öz potensialına arxalanaraq uzun müddətdir ki, jurnalistika
və Azərbaycan
filologiyası ixtisaslarının müstəqil fakültə
tərkibində fəaliyyət göstərməsini arzu
etmiş və nəhayət ki, bu istək yeni tədris ilinin əvvəlində
gerçəklənmişdir. Universitetin jurnalistika və Azərbaycan
filologiyası fakültələrinin açılması barədə
Təhsil Nazirliyinə etdiyi müraciət nazirlik tərəfindən
müsbət cavablandırıldı və BSU-da jurnalistika
fakültəsi yaradıldı. Bu yenilik BSU-nun kollektivi tərəfindən
böyük sevinclə qarşılandı və BSU-nun
rektoru, AMEA-nın müxbir üzvü, professor Kamal Abdullayev
bu hadisəni belə qiymətləndirdi: "Bu bizim son illərdə
jurnalist kadrları yetişdirmək istiqamətində
gördüyümüz işlərin məntiqi
davamıdır. Məqsədimiz model rolunu oynaya biləcək,
müasir jurnalistikanın
çağırışlarına cavab verən fakültə
yaratmaq və peşəkar jurnalistlər yetişdirməkdir".
Yeni
fakültədə müasir texnologiyaların və
innovasiyaların tədris prosesinə tətbiqində BSU-nun
"Heydər Əliyev məktəbi" tələbə
teleradio-studiyasının, "Tədrisdə Yeni Texnologiyalar
və İnnovasiyalar" və "Fotojurnalistika",
"Türk-slavyan əlaqələri", "Azərbaycanşünaslıq",
"Folklor araşdırmaları" laboratoriyalarının
rolu böyük olacaq. Fakültədə yaradılmış
"Yeni media və kommunikasiya texnologiyaları",
"Jurnalistika nəzəriyyəsi və təcrübəsi",
"Türkologiya", "Azərbaycan ədəbiyyatı",
"Müasir Azərbaycan dili"
kafedraları da tədris prosesinin təkmilləşməsini,
tələbə gənclərin jurnalistika və filologiya sahəsində
mükəmməl bilik və bacarıqlara yiyələnməsini
təmin edəcəkdir. Qeyd edək ki, universitetin bu sahələr
üzrə beynəlxalq əlaqələri də genişdir.
Bu yaxınlarda Bakı Slavyan
Universitetində Avropa Şurasının "Azərbaycanda
jurnalistika tədrisinin inkişafına dəstək" layihəsi
icra olunub. Boloniya prosesinin tələblərinə uyğun
olaraq yeni kurikulum hazırlanıb, 10 fəndən 20-yə
yaxın modul yazılıb və hazırda tədrisin bu
kurikulum üzərində tədricən yenidən
qurulması prosesi gedir.
Fakültədə
çalışanların əksəriyyəti istedadlı gənclərdən
ibarətdir. Siyasi elmlər üzrə fəlsəfə
doktoru, gənc jurnalist Aynur Bəşirli fakültənin
dekanı təyin olunmuşdur.
Onu da
qeyd etmək lazımdır ki, Bakı Slavyan Universiteti
jurnalistika fakültəsi olan ikinci dövlət universitetidir.
Şakir CƏFƏROV
Azərbaycan
müəllimi.- 2011.- 30 sentyabr.- S.14.