Səyyah gündəliklərindən
başlanan axtarışların bəhrəsi
Qısa tanışlıq. Baxşəliyev Adil Baxşəli
oğlu 1959-cu ildə Ağdam
şəhərində anadan olub. 1976-cı ildə Ağdam
şəhər 3 nömrəli orta məktəbi
"əla" qiymətlərlə bitirib.
1977-ci ildə Xankəndi Pedaqoji İnstitutunun Tarix
fakültəsinə daxil olub,
1981-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. Həmin ildən də Əsgəran rayonunun
Xocalı kəndində ilk pedaqoji fəaliyyətinə başlayıb. 1983-cü ildə
indiki AMEA-nın Tarix İnstitutuna dissertant qəbul olunub. 1990-cı ildə Azərbaycan Pedaqoji İnstitutunun Şuşa filialına müəllim vəzifəsinə təyin
edilib. 1996-cı ildə
"XVII əsrin 40-cı illərində
Azərbaycanın sosial-iqtisadi
vəziyyəti və mədəni
həyatı (E.Çələbinin
"Səyahətnaməsi" əsasında)" mövzusunda
namizədlik dissertasiyası
müdafiə edərək
tarix elmləri namizədi elmi dərəcəsinə layiq
görülüb. 2005-ci ildə isə "Səfəvilər dövründə
Azərbaycanın cənub
şəhərləri (dövrün
səyyah gündəlikləri
əsasında)" mövzusunda
doktorluq dissertasiyası
müdafiə edərək
tarix elmləri doktoru elmi dərəcəsini
alıb. 2006-cı ildən professordur. Bir monoqrafiyanın, üç dərs vəsaitinin, iki tədris-metodik vəsaitin,
50-dən artıq elmi
məqalənin müəllifidir.
2000-ci ildən Sumqayıt Dövlət Universitetində işləyir.
Hazırda Tarix fakültəsinin
dekanı və Azərbaycan tarixinin tədrisi metodikası kafedrasının müdiri
vəzifələrində çalışır. Yeni Azərbaycan Partiyasının
fəal üzvlərindəndir. Ailəlidir. İki övladı
var.
Son illər bütün sahələrdə
olduğu kimi, təhsil sahəsində də sürətli inkişaf və yeniləşmə prosesi gedir. Avropa təhsil
sisteminə inteqrasiya sahəsində ciddi islahatlar həyata keçirilir. Müstəqil respublikamız üçün
dərin elmi biliklərə yiyələnmək,
yüksək intellektə
malik olmaqla yanaşı, Vətəni
dərin məhəbbətlə
sevən, dövlətçiliyə
sədaqətli vətəndaşlar
yetişdirilməsi prosesində
bütün ağırlıq
və məsuliyyət
çoxsaylı müəllimlər
ordusunun üzərinə
düşür.
Belə müəllimlərdən biri
də tarix elmləri doktoru, milli
ideyalara sadiq ziyalı, humanist insan, tələbkar müəllim,
professor Adil Baxşəliyevdir.
Hələ tələbə ikən tarix elminin metodologiyasını
mənimsəmiş, tarixçi
düşüncə tərzinə
yiyələnmiş, fakt
və hadisələri
zaman, məkan daxilində qiymətləndirməyi,
dəyərləndirməyi öyrənmiş, bu prinsipə sadiq qalmışdır. Bununla yanaşı, Azərbaycan
tarixinin təbliğinə
aid monoqrafiya, proqram və dərs vəsaitləri yazaraq gənclərin istifadəsinə
vermişdir.
O, sadəcə tarixi faktları toplayaraq, təsvirçiliklə
kifayətlənməmiş, onları təhlil edərək, ciddi ümumiləşdirmələr aparmış, orijinal əsərlər yaratmışdır.
Adil müəllim tarixi qaynaqlara hər dəfə üz tutduqca xalqın mənəvi yaddaşını,
onun millilik, vətəndaşlıq, vətənpərvərlik,
insansevərlik barədə
görüşlərini, milli
mənəvi dəyərlərini
gənc nəsillərə
çatdırmağa çalışır.
A.Baxşəliyev bunları müasir
təhsil sisteminə tətbiq etməklə gənclərdə Azərbaycan
tarixinə maraq və həvəs oyatmağa səy göstərir. 2009-cu ildə "Səfəvi dövlətinin sosial-iqtisadi
həyatı və beynəlxalq əlaqələri"
adlı dərs vəsaiti nəşr olunub. Fakt zənginliyi, hadisələrin
tarixi-xronoloji, tarixi-müqayisəli
şəkildə izahı
və şərhi, faktların sistemli və ardıcıl verilməsi, o dövrdə
baş verən hadisələri tam dolğunluğu
ilə əks etdirməsi ən sanballı bir əsər olduğundan xəbər verir.
Hər birimizə məlumdur ki, keçmiş sovetlər birliyi dövründə Azərbaycan tarixi arzuolunan səviyyədə
nəinki öyrənilməmiş,
hətta bu tarix birmənalı şəkildə təhrif
edilmişdir. Azərbaycanda dövlət müstəqilliyi
yenidən bərpa olunduqdan sonra tariximizin hərtərəfli
tədqiq edilib öyrənilməsi üçün
geniş imkanlar yarandı. Adil Baxşəliyev tariximizin
olduqca zəngin, maraqlı, şərəfli
bir dövrünə,
Səfəvilər dövrünə
müraciət etdi.
Bu dövrün yerli qaynaqlarında məlumatların azlığı,
pərakəndəliyi, səyyah
gündəliklərindəki subyektiv fikirlər mövzunun ətraflı öyrənilməsi sahəsində
bir çox çətinliklərlə rastlaşsa
da, bir-birindən maraqlı, zəngin faktlar topladı. İqtisadi cəhətdən
çiçəklənən Səfəvi dövlətinin
iqtisadi həyatı, xarici dövlətlərlə
diplomatik münasibətləri
alimin diqqətini daha çox cəlb etdiyi üçün bu sahəyə üstünlük
verdi. Nəticədə tariximizin şərəfli
bir dövrünü əks etdirən maraqlı və zəngin, çox dəyərli dərs vəsaiti hazırlayaraq tələbələrin istifadəsinə
vermişdi. Müəllifin hər əsəri öz yeniliyi və elmi əhatə
dairəsinin genişliyi
ilə əvvəlkindən
seçilir.
2000-ci ildən taleyini Sumqayıt Dövlət Universitetinə
bağlayan A.Baxşəliyev
həyatını vətəninə,
elminə, xalqına, onun gəncliyinin təlim-tərbiyəsinə həsr
edib. Ömrünün
ən çətin günlərində (80-ci illərin
sonu, 90-cı illərin
əvvəllərində Qarabağda
yaşadığı zaman)
belə ruhdan düşməmiş, gələcəyə
inam hissi onu bir an tərk
etməyib.
Ümumiyyətlə, Adil müəllim
təbiətən çox
nikbin, ünsiyyətcil
bir insandır.
O, sözü özündə,
sevinci gözündə,
insanlara məhəbbəti
ürəyində, elmə
həvəsi qəlbində,
maarifə istəyi isə qəlbinin hökmündən gələn
nitqindədir. Ətrafdakılarla, xüsusən
də tələbələri
ilə çox sadə, səmimi ünsiyyət qura bilir. Bəzən onlarla dekan kimi
yox, dost kimi münasibətdə olur. Onlarla səmimi, qayğıkeş,
mehriban olduğu kimi, həm də tələbkardır.
Maraqlı və məzmunlu
mühazirələri ilə
tələbələrini sanki
ovsunlayırdı. Ondakı müəllim
dözümünə, alim
təmkininə heyran qaldım. Əsl pedaqoq məharəti
ilə onlarla rəftar edirdi.
Ömrünü Azərbaycan tarixi elminə həsr edən alim yorulmaq bilmədən
milli tarixi dəyərlərimizi gənc
nəslə təbliğ
edir. Bu yolda şəxsiyyətinə
və istedadına böyük hörmət bəslədiyi alimlərin
əsərlərindən, pedaqoqların
təcrübəsindən bəhrələnir,
istifadə edir. Azərbaycan tarixinin qaranlıq səhifələrindəki dərin
araşdırmaları, müxtəlif
yönümlü tədqiqatları
onun vətəndaşlıq
mövqeyini, xalqının
tarixinə olan dərin məhəbbətini,
mahir tədqiqatçılıq
bacarığını açıq
şəkildə büruzə
verir. Keçmişə, səni yetişdirən
nəsilə, öz müəllimlərinə yüksək,
ülvi və səmimi münasibət göstərməsi, alim, insan şəxsiyyətini
zinətləndirən amillərdən
biridir. Bu baxımdan Adil müəllim vətənə
layiq bir ziyalıdır.
Qərənfil DÜNYAMİN QIZI
Azərbaycan müəllimi.- 2011.- 30 sentyabr.- S.11.