Təhsilin və elmin inkişafına böyük
töhfə
Azərbaycanda
elmin, təhsilin tərəqqisi istiqamətində
aparılan uğurlu dövlət siyasəti
bu gün öz bəhrələrini verməkdədir. Məqsədyönlü
təhsil strategiyasının nəticəsidir ki,
Naxçıvanda möhkəm milli əsaslara malik,
güclü maddi-texniki
bazası olan müasir
tipli universitet
formalaşmışdır. 45-ci tədris ilinə qədəm
qoymuş, 32 mindən çox
məzunu olan, 11 fakültədə 47 ixtisas üzrə ali təhsilli
mütəxəssislər hazırlayan Naxçıvan
Dövlət Universitetinin 108 hektarlıq ərazini
əhatə edən, yeni tipli
universitet
şəhərciyi bir-birinin
ardınca istifadəyə verilən yeni tədris
binaları ilə günbəgün daha da gözəlləşir. Təkcə 2011-ci
ildə istifadəyə verilmiş,
mükəmməl şəraitə, füsunkar
görünüşə malik tələbə
evi, qonaq evi, Tələbə Sosial
Xidmət Mərkəzi buna parlaq sübutdur.
Naxçıvan Dövlət Universitetinin
magistratura üzrə
dekanlığının tədris binası da
əsaslı şəkildə yenidən qurularaq
istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikasının
Ali Məclisinin sədri Vasif
Talıbov açılış mərasimində iştirak etmişdir.
Universitetin rektoru,
akademik İsa Həbibbəyli
tədbirdə çıxış edərək ölkəmizdə,
o cümlədən muxtar
respublikada elmin, təhsilin
inkişafına göstərilən diqqət və
qayğıdan, universitetdə təhsilin və tədrisin səviyyəsinin
yüksəldilməsi, elmin
inkişafı istiqamətində qazanılan müvəffəqiyyətlərdən
danışmışdır. Rektor bildirmişdir ki,
hazırda Azərbaycan MEA-nın 2 həqiqi, 5 müxbir
üzvünün
çalışdığı bu ali təhsil ocağında 40-a yaxın elmlər
doktoru, 192 fəlsəfə doktoru fəaliyyət göstərir. Beynəlxalq
əlaqələr sahəsində də böyük
uğurlar əldə olunmuşdur.
Dünyanın 4 qitəsində yerləşən,
50-dən çox
universitet ilə tərəfdaşlıq
edən bu təhsil ocağı Avropa Rektorlar Klubu, Asiya Universitetlər
Assosiasiyası, İpək yolu və Qafqaz Universitetləri Cəmiyyətləri, Qara Dəniz Ölkələri Birliyində milli ali təhsilimizi
layiqincə təmsil edir. Burada dünyanın 10 ölkəsindən 200-ə
yaxın tələbə təhsil alır. Bu
ali təhsil müəssisəsi Şərq
mənəviyyatlı, Avropa təfəkkür
tərzinə malik, yüksək intellektli, vətənpərvər gəncliyin
yetişməsinə əzmlə xidmət göstərir.
Rektor universitetin
magistratura pilləsinin təhsilin bakalavr pilləsinin tamamlanmasında və
doktoranturanın inkişafındakı rolundan
danışmışdır. Qeyd olunmuşdur ki, 1997-ci ildə
9 ixtisas üzrə 24 tələbə ilə
fəaliyyətə başlayan magistraturada 21 istiqamət, 40 ixtisas
üzrə kadr hazırlığı
aparılır. Tədris prosesində 200-dən
artıq professor-müəllim heyətinin iştirak
etdiyi magistraturanı indiyədək 812 nəfər
bitirmişdir ki, onlardan 67-si xarici ölkə
vətəndaşıdır. 2011-ci ildə bu
təhsil pilləsi üzrə 38 ixtisas
üzrə 119 tələbə məzun olmuşdur
ki, bunlardan 35 nəfəri
xarici ölkə nümayəndəsidir.
Hazırda universitetdə 241 magistrant təhsil
alır. Magistr məzunların işlə təmin olunmasına muxtar respublika rəhbərliyinin
xususi diqqət və qayğısından
söz açan rektor xatırlatmışdır ki, onların 112
nəfəri bu gün
məhz universitetdə, öz müəllimləri
ilə çiyin-çiyinə fəaliyyət göstərir.
Millət
vəkili, akademik
İsa Həbibbəyli
çıxışının sonunda əsaslı
şəkildə yenidən qurulan, ən müasir texnologiya və tədris
avadanlıqları ilə təmin olunan yeni binanın istifadəyə verilməsini Azərbaycanın
dövlət müstəqilliyinin 20 illiyinə sanballı
töhfə kimi dəyərləndirmiş,
Ali Məclisin
sədrinə universitet kollektivinin dərin minnətdarlığını
çatdırmışdır.
Ərəb
dili ixtisası üzrə II kurs magistr Leyla
İsmayılova tələbə həmkarları adından
çıxış edərək yaradılan yüksək
şəraiti, göstərilən hərtərəfli
qayğı və etimadı elmdə və təhsildə
qazanacaqları nailiyyətlərlə
doğruldacaqlarını bildirmişdir.
Naxçıvan
Muxtar Respublikasının Ali
Məclisinin sədri Vasif Talıbov
çıxış edərək ümummilli
lider Heydər Əliyevin təhsil siyasətindən,
milli elmin, təhsilin inkişaf strategiyasının bu
gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
tərəfindən uğurla davam etdirilməsindən danışmışdır. Qeyd olunmuşdur ki, Naxçıvan Dövlət Universiteti Azərbaycan ali
təhsil sistemində özünəməxsus yer
tutaraq, milli təhsil
tariximizə yaddaqalan uğurlarla
imza atmaqdadır.
Ali Məclisin sədri universitetdə
magistratura pilləsinin regionda elmi-pedaqoji potensiala olan tələbatın ödənilməsi, müvafiq elmi qurumların
məqsədyönlü fəaliyyətlərinin təmin
olunması məqsədilə yaradıldığını
vurğulamışdır. Ali Məclisin sədri universitetin elmi-pedaqoji kadrların hazırlanmasında,
yüksək ixtisaslı mütəxəssislərin yetişməsində,
elmi-pedaqoji, elmi-tədqiqat sahəsində
peşəkar səviyyəli gənclərin
formalaşmasındakı rolundan bəhs etmiş, magistr tələbələrə
dəyərli tövsiyə və tapşırıqlar vermişdir.
Açılışı
bildirən lent kəsildikdən sonra binaya baxış olmuşdur. 1908-ci ildə tikilmiş
bina klassik memarlıq üslubunu saxlamaqla ən müasir, dünya
standartlarına cavab verəcək şəkildə
yenidən qurulmuş, yeni
tədris avadanlıqları, son nəsil texnologiyalarla təchiz olunmuşdur.
Binanın foyesində İncəsənət
fakültəsinin müəllim və tələbələrinin
əl işlərindən ibarət rəsm sərgisi ilə
tanışlıq olmuş, beşillik tarixə malik,
ayrıca kanalda yayımlanan, tədris yönlü Universitet
televiziyasının, yenicə yaradılmış
"Nuhçıxan" universitet radiosunun proqramları izlənilmişdir.
Ali Məclisin sədri
magistraturanın nəzdində yaradılmış "Azərbaycanşünaslıq
mərkəzi" və "Tələbə Turizm
Assosiasiyası"nın fəaliyyəti ilə tanış olmuşdur. Məlumat verilmişdir ki, "Azərbaycanşünaslıq"
seçmə fənninin tədrisində əhəmiyyətli
rol oynayacaq mərkəz
Azərbaycançılıq ideologiyasının təbliğinə,
Azərbaycanın kompleks şəkildə
öyrənilməsinə, Azərbaycan diasporu
ilə əlaqələr qurulmasına, dünya
universitetlərinə Azərbaycan həqiqətlərinin
operativ çatdırılmasına xidmət edəcək. Bu
mərkəzdə azərbaycanşünaslığın ən
aktual problemləri - milli
tarixin, ədəbiyyatın, mədəniyyətin
təşəkkül tarixi ilə
bağlı elmi-tədqiqat işləri aparılacaq.
"Tələbə
Turizm Assosiasiyası"nın
yaradılmasında məqsəd otelçilik
və turizm işini inkişaf etdirmək, Azərbaycanın təbiətini,
coğrafiyasını, turizm əhəmiyyətli
ərazilərini, tarixi və təbiət
abidələrini öyrənmək,
tələbələrin bu sahədəki
elmi-tədqiqat fəaliyyətlərini genişləndirmək
və dünyagörüşlərini artırmaqdır. "Tələbə Turizm
Assosiasiyası"nın üzvləri bu
məqsədlə Naxçıvan-Bakı-Naxçıvan
istiqamətində ilk tur
layihəsini həyata keçirmiş,
Bakı şəhərinə, Qəbələ və
İsmayıllı rayonlarına
səfər etmiş, Türkiyə
Cümhuriyyətinin Doğu Bəyazid və
Qars bölgələrində də olmuşlar.
Ən müasir informasiya-kommunikasiya
texnologiyaları ilə təmin olunmuş,
sürətli və simsiz İnternet
şəbəkəsinə malik kompüter sinfinə, 600-dən artıq kitab fonduna malik
kitabxanaya, müasir dizayna və yeni avadanlıqlara malik auditoriyalara və digər otaqlara
da baxış keçirilmişdir.
Magistr dissertasiyalarının müdafiəsi,
elmi konfrans və
simpoziumların, "dəyirmi masa"ların keçirilməsi
üçün nəzərdə tutulmuş, müasir dizayna malik akt
zalında magistraturanın tarixindən, tədris və elmi-tədqiqat
sahəsindəki uğurlarından bəhs edən sənədli
filmə baxılmış, universitetin
"Yallı" qrupu musiqi
ərməğanı təqdim etmişdir.
Naxçıvan
Muxtar Respublikasının Ali
Məclisinin sədri Vasif Talıbov
universitetdə aparılan tikinti-quruculuq
işləri ilə də tanış olmuş,
yeni tədris obyektlərinin tikintisi ilə bağlı
tapşırıqlar vermişdir.
Mehriban SULTAN
Azərbaycan müəllimi.- 2011.- 30 sentyabr.- S.5.