ABŞ-ın Corciya Dövlət Universiteti
ölkəmizin
üç ali məktəbi ilə əməkdaşlıq
edir
Sentyabrın 29-da təhsil naziri Misir Mərdanov
ABŞ-ın Corciya Dövlət Universitetinin prezidenti Mark
Beker, universitetin Robinson Biznes Kollecinin dekanı Fenvik Hass,
universitetin professoru, Keçid İqtisadiyyatında Biznesin
İnkişafı Mərkəzinin direktoru Bijan Fəzlullahi ilə
görüşüb.
Təhsil naziri Misir Mərdanov
qonaqları səmimi salamlayaraq bu görüşdən məmnunluğunu
ifadə edib. Dünyanın ən nüfuzlu universitetlərindən
olan Corciya Dövlət Universiteti rəhbərliyinin Azərbaycana
gəlişini yüksək qiymətləndirən nazir bu səfəri
ölkəmizin təhsil tarixində önəmli hadisə
adlandırıb. Misir Mərdanov qonaqların Azərbaycana səfərinin
dövlət müstəqilliyinin bərpasının 20-ci
ildönümünə təsadüf etdiyini nəzərə
çatdıraraq nümayəndə heyətinə ötən
müddətdə Azərbaycanın əldə etdiyi
uğurlar, respublikamızın Avropa və dünya birliyinə
inteqrasiyası, milli təhsil sisteminin qurulması, onun
maddi-texniki bazasının möhkəmləndirilməsi yönündə
atılmış addımlar və digər nailiyyətlər
barədə məlumat verib. Eyni zamanda nazir ölkəmizdə
ali təhsil sahəsinin inkişafı, ali məktəblərin
müxtəlif beynəlxalq proqramlara qoşulması
haqqında danışıb. 20 il öncə Azərbaycanda
özəl ali təhsil müəssisəsinin mövcud
olmadığını diqqətə çatdıran nazir
bildirib ki, bu gün ölkəmizdə 15 özəl universitet
fəaliyyət göstərir. Təhsil naziri həmçinin
Corciya Dövlət Universiteti rəhbərliyinin Azərbaycan
Universitetinin dəvəti ilə ölkəmizə səfərini
ali təhsil müəssisələrinin
qarşılıqlı əməkdaşlığı
baxımından yüksək dəyərləndirib.
Misir Mərdanov
Corciya Dövlət Universiteti ilə Azərbaycan Dövlət
Neft Akademiyası, Azərbaycan Universiteti və Odlar Yurdu
Universiteti arasında əlaqələrin
yaradıldığını bildirib. Təhsil naziri Azərbaycan
Universiteti ilə Corciya Dövlət Universitetinin daha sıx və
səmərəli əməkdaşlığından bəhs
edib və ikitərəfli əlaqələrin
yaradılmasında Corciya Universitetinin professoru Bijan Fəzlullahinin
böyük xidmətləri olduğunu vurğulayıb.
Daha sonra təhsil naziri Misir Mərdanov
qonaqların ölkəmizə səfərinin və
keçiriləcək görüşlərin Azərbaycanın
ali təhsil müəssisələrinin beynəlxalq əlaqələrinin
genişlənməsinə, onların inkişafına təkan
verəcəyinə inamını ifadə edib. Nazir ümidvar
olduğunu bildirib ki, bundan sonra da Corciya Dövlət
Universiteti ilə əlaqələr daha da genişlənəcək,
ölkəmizin ali məktəbləri bu universitetin təcrübəsindən
bəhrələnəcəklər. Misir Mərdanov qonaqlara səfər
proqramından irəli gələn məsələlərlə
bağlı lazımi dəstək göstərməyə
hazır olduğunu vurğulayıb və bu
görüşün ölkələrarası təhsil əlaqələrinin
inkişafına öz töhfəsini verəcəyini bildirib.
Səmimi qəbul və verilən məlumatlar
üçün təhsil naziri Misir Mərdanova təşəkkürünü
bildirən Corciya Dövlət Universitetinin prezidenti Mark Beker
öncə Azərbaycanın dövlət müstəqilliyinin
bərpasının 20-ci ildönümü ilə
bağlı təbriklərini çatdırıb və 20 il ərzində irəliyə doğru
atılmış addımları, təhsil sahəsində
qazanılmış uğurları müsbət dəyərləndirib.
Corciya Dövlət Universiteti ilə Azərbaycanın
3 ali təhsil müəssisəsi arasındakı əlaqələrin
əhəmiyyətini qeyd edən universitet prezidenti birgə əməkdaşlığın
inkişafına və daha böyük nailiyyətlər əldə
ediləcəyinə ümidvar olduğunu deyib. Qonaq Azərbaycan
Universiteti ilə əməkdaşlıq çərçivəsində
görülən işlərdən bəhs edib.
ABŞ-ın Corciya ştatının
Atlanta şəhərində yerləşən və
aparıcı tədqiqat universitetlərindən olan Corciya
Dövlət Universitetinin dünya universitetləri ilə əlaqələrindən
danışan Mark Beker rəhbərlik etdiyi ali məktəbdə
azərbaycanlı gənclərin ali təhsilin bütün səviyyələrində
təhsil alması arzusunda olduğunu bildirib.
Sonra Corciya Dövlət Universitetinin
professoru Bijan Fəzlullahi universitetlərarası əlaqələrin
uğurla davam etdirildiyini qeyd edib. B.Fəzlullahi Azərbaycan
Universitetində birgə reallaşdırılan təhsil
proqramları üzrə təhsil alan tələbələrin
cari ilin dekabrında məzun olacağını deyib və bu
işi əməkdaşlığın əhəmiyyətli
nəticəsi kimi dəyərləndirib. Eyni zamanda qonaq qeyd
olunan proqramlar üzrə qarşıya çıxan müəyyən
çətinliklərdən danışıb.
Təhsil naziri Misir Mərdanov, öz
növbəsində, Azərbaycan Universitetində birgə həyata
keçirilən proqramlarla bağlı lazımi dəstək
göstəriləcəyini bildirib.
Azərbaycan müəllimi.- 2011.- 30
sentyabr.- S.4.