"Kənd təsərrüfatı sahəsində ilkin peşə təhsilinin inkişafı layihəsi" yüksək qiymətləndirilib

 

Sentyabrın 23-də təhsil naziri Misir Mərdanov Almaniyanın Vaynştefan-Trisdorf Tətbiqi Elmlər Universitetinin professoru, "Kənd təsərrüfatı sahəsində ilkin peşə təhsilinin inkişafı layihəsi"nin Almaniya tərəfdən meneceri Herbert Strobelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Təhsil naziri Misir Mərdanov qonaqları səmimi salamlayıb və Azərbaycanda peşə təhsilinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən layihələrin əhəmiyyətindən söz açıb. Bu işin uğurla davam etdirildiyini nəzərə çatdıran Misir Mərdanov "Kənd təsərrüfatı sahəsində ilkin peşə təhsilinin inkişafı layihəsi"ni yüksək dəyərləndirərək, bununla bağlı Təhsil Nazirliyi tərəfindən müvafiq dəstək göstəriləcəyini bildirib.

Avropa İttifaqı və Azərbaycan hökuməti tərəfindən maliyyələşdiriləcək layihənin uğurla reallaşdırılacağına ümidvar olduğunu söyləyən təhsil naziri birgə işin ölkəmizdə kənd təsərrüfatı sahəsində kadr hazırlığı məsələsinin təkmilləşdirilməsinə layiqli töhfələr verəcəyinə əminliyini ifadə edib. Misir Mərdanov bildirib ki, layihənin həyata keçirilməsi üçün müvafiq müəssisə seçilməli, həmin müəssisədə nəzərdə tutulan işlərin reallaşdırılması məqsədilə lazımi şərait yaradılmalıdır.

Təhsil naziri Misir Mərdanova səmimi qəbul üçün təşəkkür edən "Kənd təsərrüfatı sahəsində ilkin peşə təhsilinin inkişafı layihəsi"nin Almaniya tərəfdən meneceri Herbert Strobel layihə üzrə birgə görüləcək işləri nəzərə çatdırıb. Qonaq bildirib ki, kənd təsərrüfatı sahəsi üzrə kadr hazırlığı sisteminin təkmilləşdirilməsi, müəllim hazırlığının təmin edilməsi və əmək bazarının tələbatının öyrənilməsi bu layihədə nəzərdə tutulan əsas müddəalardandır. Herbert Strobel layihənin həyata keçirilməsi üçün müvafiq müəssisə seçimi, həmin müəssisədə nəzərdə tutulan işlərin reallaşdırılması məqsədilə görüləcək işlər haqqında söhbət açıb, layihə çərçivəsində çalışacaq ekspertlər üçün səmərəli iş şəraitinin yaradılması və digər məsələlərlə bağlı fikirlərini bildirib.

Görüşdə peşə təhsilinin vəziyyəti ilə yaxından tanışlıq məqsədilə Almaniyaya təlim səfərlərinin təşkili və layihənin uğurla həyata keçirilməsi üçün nəzərdə tutulmuş bir sıra digər məsələlər ətrafında da müzakirələr aparılıb.

  

 

 Azərbaycan müəllimi.- 2011.- 30 sentyabr.- S.4.