Təhsil Nazirliyində görüş
Yanvarın
12-də təhsil naziri Misir Mərdanov Koreya
Respublikasının Azərbaycandakı fövqəladə və
səlahiyyətli səfiri Li Ji-ha, səfirliyin müşaviri
Kim Yonq Soq və Koreya İnsan Resursları İnkişafı
Xidmətinin layihə meneceri Jeong Jai Munun
başçılıq etdiyi nümayəndə heyəti ilə
görüşüb
Təhsil
naziri Misir Mərdanov qonaqları səmimi salamlayaraq son illər
Koreya ilə Azərbaycan arasında yaradılmış əlaqələrdən
və bu əlaqələrin hər iki dövlət
başçılarının səmimi münasibətləri
zəminində daha da inkişaf etdirilməsindən söz
açıb. Təhsil sahəsində də səmərəli
əməkdaşlığın mövcudluğunu nəzərə
çatdıran nazir onu da vurğulayıb ki, hazırda
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı" çərçivəsində Koreya
Respublikasının universitetlərində 25-dən çox
azərbaycanlı gənc təhsil alır. Eyni zamanda Misir Mərdanov
Koreya dilinin ölkəmizdə öyrənilməsi istiqamətində
iş aparıldığını da diqqətə
çatdırıb.
Sonra
Misir Mərdanov Azərbaycanda Peşə Tədris Mərkəzinin
yaradılması ilə əlaqədar görüləcək
işlərdən danışıb və bu məsələnin
müsbət həll olunacağına ümidvar olduğunu
vurğulayıb.
Səmimi
qəbul üçün təhsil naziri Misir Mərdanova təşəkkür
edən Koreya Respublikasının Azərbaycandakı fövqəladə
və səlahiyyətli səfiri Li Ji-ha öncə ölkələrarası
əlaqələrin inkişafından, təhsil sahəsindəki
səmərəli əməkdaşlıqdan, Koreyada Azərbaycana
olan maraqdan bəhs edib və yeni Peşə Tədris Mərkəzinin
yaradılmasının bu əlaqələrə müsbət
təsir göstərəcəyini vurğulayıb. Səfir həmçinin
Azərbaycanda Peşə Tədris Mərkəzinin
yaradılması ilə bağlı ölkəmizdə səfərdə
olan nümayəndə heyətinin bu ayın sonunadək
müvafiq istiqamətdə araşdırmalar
aparacağını, yekun olaraq Təhsil Nazirliyində təqdimatla
çıxış edilməsinin nəzərdə
tutulduğunu açıqlayıb və aidiyyəti dövlət
qurumları nümayəndələrinin həmin təqdimatda
iştirak etməsinin əhəmiyyətini bildirib. Eyni zamanda
Li Ji-ha Azərbaycanda Peşə Tədris Mərkəzinin
yaradılması işinə cari ilin iyununda başlamaq niyyətində
olduqlarını nəzərə çatdırıb.
Misir
Mərdanov Peşə Tədris Mərkəzinin
yaradılması ilə bağlı nümayəndə heyətinin
fəaliyyətinə uğurlar arzulayıb və bu işdə
nazirliyin müvafiq şöbəsinin onlara lazımi köməklik
göstərəcəyini qeyd edib.
Koreya
İnsan Resursları İnkişafı Xidmətinin layihə
meneceri Jeong Jai Mun nəzərdə tutulan layihə və
planlaşdırılan işlər barədə məlumat
verib.
Görüşdə
qeyd olunan mərkəzin fəaliyyətə başlaması
üçün müvafiq işlərin həyata
keçirilməsi ilə bağlı digər məsələlər
ətrafında söhbət
aparılıb.
Azərbaycan müəllimi.- 2011.-
14 yanvar.- S.4.