BDU-da qış imtahan sessiyası
başlayıb
BDU-nun
rektoru, akademik Abel Məhərrəmovun imzaladığı əmrə
əsasən, Bakı Dövlət Universitetinin əyani
şöbəsində qış imtahan sessiyası
başlayıb. Yanvarın 31-də başa çatacaq
imtahanlar 3 növbəli olacaq və bütün fakültələr
üzrə elektron və alternativ test, o cümlədən
monitorinq üsulu ilə həyata keçiriləcək.
İmtahan
başlamazdan öncə fakültə dekanları, koordinator və
rəhbər koordinatorların iştirakı ilə rektorun
görüşü keçirilib. Akademik Abel Məhərrəmov
qış imtahan sessiyası haqqında danışıb,
dekanları, koordinator və rəhbər koordinatorları
prosesə ciddi nəzarət etməyə, tələbələrin
biliyini obyektiv qiymətləndirməyə
çağırıb. Rektor bildirib ki, tələbələrə
daha ciddi nəzarət etmək, köçürmə
hallarının qarşısını almaq üçün
bütün auditoriyalarda kameralar quraşdırılıb. Bu
işlərə Elektron Tədris Mərkəzi nəzarət
edəcək. Rektor mərkəz haqqında danışaraq
bildirib ki, qurum BDU-nun 2006-cı ildən etibarən Boloniya
prosesinə qoşulması ilə əlaqədar bu prosesin
prinsiplərinin həyata keçirilməsinə, universitetdə
bakalavriat və magistratura pillələri üzrə tədris
prosesinin gedişinə, eyni zamanda imtahan sessiyasının
mütəşəkkil keçirilməsinə nəzarət
etmək məqsədilə yaradılıb.
Daha sonra
çıxış edən tədris işləri üzrə
prorektor, professor Vüsət Əfəndiyev bugünkü
imtahanların 5 fakültə, 38 auditoriyada
aparılacağını bildirib. Prorektor məlumat verərək
bildirib ki, monitorinq imtahanlarına 3, testlə keçiriləcək
imtahanlara isə 2 saat vaxt veriləcək. Tələbələr
qiymətlərini növbəti gün saat 13.00-da
dekanlıqlardan öyrənə biləcəklər.
İmtahanlara
nəzarət edəcək müəllimlərin
bölgüsü başa çatdıqdan sonra rektor imtahan
keçirilən auditoriyalarda olub. Fizika fakültəsinin
diferensial tənliklər, riyazi-fizika üsulları, praktik
astrofizika, biologiya fakültəsinin isə torpaq eroziyası, entimologiya, fəlsəfə,
onurğalılar zoologiyası və mərkəzi sinir sistemi
fənlərindən imtahan verən
II, III və IV kurs tələbələri ilə
söhbət edib, sualların keçirilmiş mühazirə
mətnlərinə uyğun olub-olmaması ilə maraqlanıb.
Tələbələrə
uğurlar arzulayan rektor onları biliklərinin obyektiv qiymətləndiriləcəyinə
əmin edib.
BDU-nun Mətbuat və informasiya
şöbəsi
Azərbaycan müəllimi.- 2011.- 7
yanvar.- S.2.