Təhsil Nazirliyində 2010-cu ilə dair illik hesabatlar
dinlənildi
Yanvarın 6-da Təhsil
Nazirliyində Strateji təhlil, planlaşdırma və
kadrların idarəolunması şöbəsi və Təhsil Sisteminin
İnformasiyalaşdırılması İdarəsinin 2010-cu
ilə dair illik hesabatları dinlənilib.
Qeyd edək ki, hesabat iclasları Dövlət
qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi
işinin təşkili barədə "Dövlət
qulluğu haqqında" Qanuna uyğun olaraq Təhsil Nazirliyi
mərkəzi aparatının əməkdaşlarının
2010-cu il ərzində xidməti fəaliyyətinin qiymətləndirilməsi
işinin daha səmərəli təşkili ilə əlaqədar
verilən müvafiq əmrə
əsasən keçirilir.
Tədbiri giriş sözü ilə təhsil
naziri Misir Mərdanov açaraq bildirib ki, bu gündən
başlayaraq nazirliyin bütün şöbələrinin
2010-cu il ərzində gördükləri
işlərlə bağlı
hesabatları dinləniləcək.
İclasda Strateji təhlil, planlaşdırma və
kadrların idarəolunması şöbəsinin müdiri Fərzəli
Qədirov çıxış edərək rəhbəri
olduğu şöbənin əsas vəzifə və
funksiyalarından söz açıb. F.Qədirovun verdiyi məlumata
görə, ötən il şöbə
tərəfindən nazirliyin 3 illik Strateji Planı və
2010-cu il üçün illik fəaliyyət planı
hazırlanıb. Şöbə müdiri bildirib ki, "Təhsil
haqqında" Azərbaycan Respublikasının Qanununun tətbiqi
ilə əlaqədar "Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini
bitirmiş və ümumi təhsil müəssisələrində
işə başlamış gənc mütəxəssislər
üçün əlavə güzəştlər və
stimullaşdırıcı tədbirlərin müəyyən
edilməsi haqqında" sənəd hazırlanıb, bununla
əlaqədar Nazirlər Kabineti tərəfindən
müvafiq qərar imzalanıb.
Ölkənin ümumtəhsil məktəblərində
mövcud vakansiyaların ümumiləşdirildiyini və təhlil
olunaraq dövlət sifarişinin
hazırlandığını qeyd edən şöbə
müdiri əlavə edib ki, ötən il
ucqar kənd məktəblərinə həvəsləndirmə
tədbirləri tətbiq olunmaqla 800 nəfər pedaqoji kadr
göndərilib. Bildirilib ki, 2010-2011-ci tədris ili üçün ölkənin ümumtəhsil
məktəblərində 288 vakant müəllim yeri müəyyənləşdirilib
və işə qəbulla bağlı reqlament nazirliyin İnternet saytında yerləşdirilib.
Bir sıra proqram və layihələrin icrası
istiqamətində görülən işlərdən bəhs
edən F.Qədirov, eyni zamanda ixtisasartırma təhsili müəssisələrinin
fəaliyyətinin əlaqələndirilməsinin təmin
edilməsi məqsədilə ötən il şöbənin
nəzdində Əlavə təhsil sektorunun
yaradıldığı, bununla bağlı sənədlərin
hazırlandığı və müvafiq tədbirlərin həyata
keçirildiyi barədə məlumat verib, qarşıda duran vəzifələri nəzərə çatdırıb.
Sonra Təhsil
Sisteminin İnformasiyalaşdırılması İdarəsinin
müdiri Samir Məmmədov illik hesabatında qeyd edib ki, Təhsil
Nazirliyinin nəzdində təsərrüfathesablı fəaliyyət
göstərən bu idarə 3 şöbədən ibarətdir.
S.Məmmədov qeyd edib ki, ölkəmizin 500 təhsil müəssisəsində
kompüter sinifləri, müəllim və direktorların
otaqlarını əhatə edən lokal şəbəkələr
yaradılıb. İdarə müdiri ümumilikdə 1000
təhsil müəssisəsinin İnternet şəbəkəsinə
qoşulduğunu diqqətə çatdırıb. Samir Məmmədov hesabatında ümumtəhsil məktəblərində
çalışan müəllimlərin İKT
bacarıqlarının artırılmasından, müvafiq sahədə
aparılan işlərdən və bu istiqamətdə mövcud olan problemlərdən danışıb.
Konfransda
hər iki hesabatla əlaqədar sual və təkliflər səsləndirilib.
Tədbiri yekunlaşdıran təhsil naziri
Misir Mərdanov Təhsil Sisteminin
İnformasiyalaşdırılması İdarəsinin
nazirliyin ayrı-ayrı şöbələri ilə daha
sıx əlaqəli işləmələrini tövsiyə
edib, qarşıda duran vəzifələri nəzərə
çatdrıb.
Şakir CƏFƏROV
Azərbaycan müəllimi.- 2011.-
7 yanvar.- S.2.