"Bakı"
nəşriyyatı respublikada ilk distant peşə təhsili portalını (avel.edu.az) təqdim
etdi
Dekabrın 27-də Təhsil
Nazirliyində İnternet texnologiyaları əsasında
yaradılmış Elektron Peşə Təhsili Sisteminin təqdimatı
keçirildi. Layihənin
meneceri, "Bakı" nəşriyyatının direktoru,
fizika-riyaziyyat elmləri namizədi Zaur İsayev əməkdaşımıza
bu barədə məlumat verərək demişdir:
- Təqdim etdiyimiz layihə Azərbaycan
Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı
ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında
texniki peşə təhsilinin inkişafı üzrə
Dövlət Proqramı (2007-2012-ci illər)" çərçivəsində
hazırlanmışdır. Bu məqsədlə 2009-cu ildə
Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə
"Bakı" nəşriyyatı arasında 8 adda dərsliyin
nəşri, çapı və eləcə də onların
elektron versiyalarının hazırlanması barədə
müqavilə imzalanmışdır.
Artıq
həmin dərsliklər hazırlanmış və ilk peşə-ixtisas
təhsili müəssisələrinə
paylanılmışdır.
Müqaviləyə
əsasən, biz dərsliklərin
elektron versiyasını İnternetdə yerləşdirməli
idik. Lakin müqavilənin icrası istiqamətində
görüləcək işləri planlaşdırmaq
üçün dünyada analoji resursları təhlil etmək
və peşə təhsilinin inkişaf istiqamətlərini
müəyyənləşdirmək qərarına gəldik. Bununla
bağlı Cənubi Koreya, İngiltərə, Rusiya
Federasiyasında uyğun resurslarla tanış olduq. Təhsil
Nazirliyinin Texniki peşə təhsili
şöbəsinin müdiri Namiq Məmmədovla dəfələrlə
keçirilən müzakirələrdən
sonra qərara gəldik ki, elektron resursların
hazırlanması ilə kifayətlənmək olmaz.
Qarşımıza
daha perspektivli və daha qlobal bir məqsəd qoyduq. Biz sadəcə
elektron resursların hazırlanmasını deyil, bütün
bu resursları özündə cəmləşdirən
Distant Peşə Təhsili Sisteminin konsepsiyasını
hazırlayıb onun texnoloji həllini təklif etdik.
Dünyada
bu istiqamətdə gedən proseslər onu göstərir ki,
müxtəlif ölkələr tez və ya gec distant təhsil
sisteminə keçməlidir. İnternet texnologiyaları
sürətlə inkişaf etdikcə və İnternet şəbəkəsi
genişləndikcə təhsilin bu növünün
imkanları da genişlənir. İnternet vasitəsilə
distant təhsil təhsilin elə növüdür ki, tədris
materiallarının çox böyük hissəsinin
ötürülməsi və müəllimlə ünsiyyət
əsas etibarilə, İnternet texnologiyalarından istifadə
edilməklə həyata keçirilir. Respublikamızda bu sahədə
gedən inkişafı nəzərə alaraq
qarşımıza aşağıdakı məqsədləri
qoyduq:
1. Azərbaycanda
texniki peşə təhsilinin məzmununun yeniləşdirilməsi
istiqamətində şagird, tələbə və müxtəlif
sosial təbəqələrin nümayəndələrinə
İnternet texnologiyaları vasitəsilə
distant (məsafədən) peşə hazırlığı
və ixtisasartırma fəaliyyəti imkanı yaratmaq.
2. Əlavə peşə və
qeyri-formal təhsil almaq üçün texniki bazanı formalaşdırmaq.
3.
İKT-nin tətbiqi ilə peşə
təhsili müəssisəsində kadr
hazırlığı səviyyəsini artırmaq.
4. Ənənəvi
üsullarla yanaşı, onlayn
testləşdirmə vasitəsilə bilik və
bacarıqları qiymətləndirmək.
5.
Valideyn, müəllim və məktəb
rəhbərliyinin elektron
monitorinq sistemi vasitəsilə tədris prosesinin vəziyyəti
haqqında operativ məlumat əldə etməsi. Bazada
saxlanılmış bu nəticələr gələcəkdə
işəgötürənə namizəd haqqında ətraflı
məlumat əldə etmək imkanı da verə bilər.
6.
Distant Peşə Təhsili Sistemi üçün ilkin
bazanı yaratmaq, vətəndaşların fasiləsiz və
ömürboyu "məsafədən
təhsilalma" imkanlarını genişləndirmək -
açıq peşə təhsil
sistemini formalaşdırmaq.
Bütün
bunlar Təhsil Nazirliyinin Texniki peşə təhsili
şöbəsi ilə birgə
hazırladığımız strateji hədəflərdir. Əslində,
bu məqsədlərə nail olmaq tək bir təşkilatın
fəaliyyəti ilə mümkün deyil və bu istiqamətdə
Təhsil Nazirliyinin müvafiq şöbələri müxtəlif
yerli və xarici təşkilatlarla sistemli olaraq əməkdaşlıq
edirlər. Biz isə, sadəcə olaraq, bu məqsədlərə
çatmaq üçün ilk addımları atdıq və
Distant Peşə Təhsili Sisteminin ilkin versiyasını
İnternetdə yerləşdirdik. Bu sistem daim işləməli
və təkmilləşdirilməlidir. Onu da qeyd edim ki, bu
sistem dünyada mövcud olan müxtəlif platformalar əsasında
deyil, öz proqramçılarımız tərəfindən
hazırlanmış və müəlliflik hüququ
"Bakı" nəşriyyatına məxsus olan proqram təminatı
əsasında yaradılmışdır.
Hər
bir platformanın öz üstün cəhətləri var. İşə
başlamazdan qabaq çox platformalar öyrənilərək
təhlil edilib. Bizim sistem həm peşə təhsili
sisteminin iştirakçıları üçün
xüsusi formal təhsil imkanları verir, həm də cəmiyyətin
bütün üzvləri üçün
açıqdır. Sistem peşə təhsilinin xüsusiyyətləri
nəzərə alınmaqla yaradılmışdır.
Bu
sistemdən istifadə imkanlarına görə təhsilalanlar
dörd əsas qrupa ayrılıb:
1.
Texniki peşə məktəblərində təhsil alan şagirdlər;
2. Bu
və ya digər peşə ilə bağlı sistemləşdirilmiş
biliklər əldə etmək istəyən, heç bir
yaş məhdudiyyəti qoyulmayan, işdən ayrılmamaqla
qeyri-formal təhsil və ya əlavə
peşə təhsili almaq istəyən şəxslər;
3.
İxtisasartırmaya ehtiyacı olan şəxslər (mühəndis-pedaqoji
heyət, işçilər və s.);
4.
Gündəlik məişət işlərində sistemin məlumat
bazasından yararlanmaq istəyən istənilən şəxslər.
Sistemin
öz məlumat bazası vardır ki, bu bazada müxtəlif mətnlər,
videomateriallar, trenajorlar, uyğun saytlara keçidlər və
digər informasiyalar yerləşdirilmişdir.
Bazada
müəllimlər, yaxud da
mütəxəssislər tərəfindən müxtəlif
xarakterli məlumatlar yerləşdirilə bilər:
-
respublika üzrə peşə təhsil ixtisasları;
-
peşə təhsili müəssisələri
bazası-onların ünvanları, direktoru, tədris olunan
ixtisaslar, qəbul planları,
müəllimlər, qruplar və s.;
-
müəllimlər bazası;
-
şagirdlər bazası;
-
elektron nəşrlər-kitabxana;
- elektron testlər;
- dərs cədvəlləri;
- elektron jurnallar;
- bildirişlər;
- elanlar;
- elektron məktublar;
- imtahan nəticələri
və
s. Hər bir iştirakçının statusuna görə bu
informasiyalardan istifadə etmək hüququ vardır. Elektron nəşrlərdən isə bütün
istifadəçilər yararlana bilər.
Kitabxanada İnternet texnologiyalarına əsaslanan
multimedia vəsaitləri, həmçinin mühazirələr,
videodərslər, 3 ölçülü və adi trenajor
kompleksləri, interaktiv tapşırıqlar, testlər, tematik
müzakirələr və digər vəsaitlər yerləşdiriləcək.
Müəllimlər
üçün xüsusi test konstruktoru
yaradılmışdır ki, burada testləri yaratmaq
üçün bütün imkanlar vardır. Testlər test
konstruktorunda yaradılır. Bunun
üçün testlərin mətnini, düstur və şəkilləri
daxil etmək üçün xüsusi redaktor hazırlanmışdır.
Testlər sistemə fənlər və
kitabdakı mövzular üzrə, testin növü, çətinlik dərəcəsi,
bir sözlə, müasir testologiya elminin bugünkü tələblərinə
uyğun olaraq müxtəlif parametrlər nəzərə
alınmaqla daxil edilir. Müəllim qiymətləndirmə
növünə uyğun olaraq (diaqnostik, formativ, yaxud summativ)
testləri müəyyənləşdirib onlayn imtahan
keçirmək imkanına malikdir. Şagirdlər və kənar
istifadəçilər isə istənilən fənn və
mövzular üzrə özlərini sınamaq məqsədilə
onlayn sınaq imtahanları verə və dərhal da
onların nəticələri ilə tanış ola bilərlər.
Bunun üçün heç bir texniki vasitə tələb
olunmur. Sadəcə olaraq, İnternet şəbəkəsinə
qoşulmuş kompüterin
olması kifayətdir.
Verilmiş imtahanın nəticələri cədvəl və
diaqramlar şəklində imtahan verənin bazasında
saxlanılır. Müəllim və təhsilin idarə edilməsinə
məsul şəxslər imtahan nəticələri əsasında
onlayn monitorinq keçirə bilirlər. Keçmiş
imtahanların məlumat bazasında saxlanılmış nəticələrinə
görə isə təlim nəticələrinin dəyişmə
dinamikasını əyani olaraq dərhal izləmək
mümkündür. Bu dinamikanı bütün respublika, rayon,
məktəb, qrup və hətta ayrı-ayrı şagirdlər
üzrə də müşahidə etmək olar. Nəticədə daha çox diqqət yetirilməsi
tələb olunan sahələri müəyyənləşdirib
təhsilin ümumi keyfiyyətinin yüksəldilməsinə
istiqamətlənmiş tədbirlər planını
hazırlamaq olar.
Multimedia və digər tədris vəsaitləri təcrid
olunmuş halda deyil, digər tədris texnologiyaları ilə
inteqrativ olaraq istifadə olunmalıdır. Müasir pedaqogikada pedaqoji məqsədlər
taksonomiyası adlanan müxtəlif təhsil texnologiyaları
mövcuddur. Onlardan ən məşhurları Blum, Kratvol,
Maksimova və digər alimlərin modelləridir. Məsələn,
Maksimova tədris materiallarının mənimsənilməsinin
dörd səviyyəsini göstərir: öyrənmə,
yadda saxlama, anlama və tətbiqetmə. Peşə təhsilində
isə anlama və tətbiqetmə mərhələləri
istehsalat təliminin vasitəsilə təkmilləşdirilir.
Bizim təklif etdiyimiz elektron vəsaitlər yadda saxlama və
anlama mərhələlərinin daha mükəmməl olaraq
reallaşmasına xidmət edir. Təbii ki, bu vəsaitlər
virtual olmayan maddi məhsul
istehsalına yönəlmiş
təlimi heç cür əvəz edə bilməz. Bu vəsaitlər nəzəri biliklərin daha dərindən
mənimsənilməsinə və başa
düşülməsinə xidmət edir.
Distant Peşə Təhsili Sistemi, ilk növbədə,
aşağıdakı imkanları
verə bilər:
- elektron nəşrlərdən
istifadə etmək imkanı;
- peşə məktəbi
şagirdləri və digər sosial təbəqələrin
distant peşə təhsili
almaq imkanı;
- İKT-nin tətbiqi ilə peşə təhsili
müəssisəsində kadr hazırlığı
səviyyəsini artırmaq
imkanı;
- cəmiyyətin
bütün üzvlərinin müxtəlif peşələrə
aid məlumat - sorğu bazasından
yararlanmaq imkanı;
- onlayn qiymətləndirmə
və elektron monitorinq sistemi;
- açıq peşə təhsili
sisteminin bazasının formalaşdırılması və nəhayət,
hüquqi baza təmin olunarsa, distant
təhsil vasitəsilə
müvafiq diplom və sertifikatların verilməsi
imkanı.
Biz hesab edirik ki, belə layihələr
cəmiyyətdə peşə təhsilinin nüfuzunun
artırılmasına xidmət edir. Təsadüfi deyil ki,
dünyanın ən inkişaf etmiş ölkələri
peşə təhsilinə çox əhəmiyyət verir.
Bizim ölkəmizdə də son illər mühüm tədbirlər
həyata keçirilir və təqdim olunan layihə bu istiqamətdə
atılmış addımlardandır.
Hicran ƏKBƏROVA
Azərbaycan müəllimi.- 2011.-
7 yanvar.- S.3.