PISA 2009 beynəlxalq
tədqiqatının nəticələri barədə
2009-cu ildə 65 ölkənin 470 min 15
yaşlı şagirdinin cəlb
olunduğu PISA beynəlxalq qiymətləndirmə
tədqiqatında Azərbaycanın 162 məktəbini təmsil
edən 4716 nəfər şagird
iştirak etmişdir. Beynəlxalq qiymətləndirmə
tədqiqatında iştirak edən ölkələrin
sırasına Amerika Birləşmiş Ştatları, Kanada,
Meksika, Yaponiya, Koreya, Sinqapur, Avstraliya, Yeni Zelandiya, Almaniya,
Avstriya, Belçika, Böyük Britaniya, Fransa, İrlandiya,
İsveçrə, Lüksemburq, Danimarka, Finlandiya,
İslandiya, İsveç, Norveç, İspaniya, İtaliya,
Portuqaliya, Yunanıstan, Çex
Respublikası, Macarıstan, Polşa, Türkiyə, İsrail
və digərləri, eyni zamanda 6 postsovet (Rusiya
Federasiyası, Latviya, Litva, Estoniya, Qazaxıstan,
Qırğızıstan) dövlətləri daxildir.
Devizi
"Yaşamaq üçün öyrənmək" olan
PISA beynəlxalq qiymətləndirmə tədqiqatı 15
yaşlı şagirdlərin oxu, riyaziyyat və təbiət
elmləri üzrə məktəbdə
qazandığı biliklərdən həyatda, məişətdə
qarşılaşdıqları
problemləri həll etmək üçün istifadə etmək
bacarığını
yoxlayır.
PISA
qiymətləndirmə proqramının hər layihəsində
qeyd olunan üç fəndən biri əsas hədəf
kimi götürülür. PISA
beynəlxalq proqramının Azərbaycanın
ilk dəfə qoşulduğu 2006-cı il layihəsində əsas
hədəf təbiət elmləri
idi, 2009-cu il tədqiqatını isə ölkələrin
oxu üzrə nəticələri maraqlandırırdı. Təbiidir
ki, bu sahə üzrə hazırlanan qiymətləndirmə
vasitələri də məzmun və səviyyə tələbləri
baxımından təbiət elmləri və riyaziyyat üzrə
bacarıqları yoxlayan qiymətləndirmə vasitələrindən
fərqlənirdi.
Oxu bəzən təhsil ictimaiyyəti
tərəfindən bədii
qiraət, hərfləri tanımaq, sözləri
düzgün tələffüz etmək, şifahi nitq vərdişlərinə
yiyələnmək kimi qəbul edilir. Əslində isə beynəlxalq təcrübədə oxu bir fənn kimi şagirdin qavrama,
mətnlərdən məlumat əldə edərək əlaqələndirmə,
izahetmə, təhliletmə və dəyərləndirmə
bacarıqlarını inkişaf etdirən sahədir. Beynəlxalq
qiymətləndirmədə iştirak edən ölkələrin çoxunda həm ibtidai təhsil pilləsində, həm
də yuxarı siniflərdə qavramanı inkişaf etdirmək
məqsədilə eyni adlı və məzmunlu fənn tədris
olunur ki, proqramın qiymətləndirmə səviyyələri
də məhz həmin məzmuna uyğun
formalaşdırılır.
PISA
2009 beynəlxalq tədqiqatında oxu üzrə bacarıqlar
sözlü və işarəli mətnlər
bölgüsü altında üç istiqamətdə beş əsas, iki
yarımsəviyyələr üzrə yoxlanılıb:
1. Məlumat
əldə etmə
2. Əlaqələndirmə və izah etmə
3. Təhliletmə
və dəyərləndirmə
1-ci yarımsəviyyə. Şagirdlər qısa mətndə bir məlumatı
tapır, verilmiş illüstrasiyalar və təkrarlar
şagirdə əlavə material kimi
kömək edir. Mətn əsasında verilən
suallarda fikir ziddiyyəti olmur,
şərh etmək üçün bir-birinə yaxın cümlələrdəki məlumatlar əlaqələndirilir.
2-ci yarımsəviyyə. Şagirdlər mətndə bir və ya daha çox məlumatı tapır, əsas
mövzunu və müəllifin məqsədini müəyyənləşdirir, mətndə
olan məlumatlarla ümumi həyati bacarıqları əlaqələndirir.
Suallar mətndə xüsusilə nəzərəçarpan
məlumatlar əsasında tərtib edilir, suallara cavab vermək
üçün mətndəki
yardımçı ifadələrdən istifadə etmək
imkanı olur.
2-ci əsas
səviyyə.
Şagirdlər dərketmə tələb edən bir və ya bir neçə məlumatı tapır, əsas
fikri anlayır, ayrı-ayrı hissələri arasında əlaqəni
müəyyənləşdirir, məlumatları müqayisə edərək,
qarşılaşdıraraq şərh edir. Mətni dərk
etmək üçün təsvir edilmiş hadisələri
şəxsi təcrübə və münasibətlərlə
əlaqələndirir. Axtarılan məlumat aydın verilmir və
mətndə bəzi ziddiyyətli
fikirlər olur.
3-cü əsas səviyyə. Şagirdlər mətnin
müxtəlif hissələri
arasında əlaqə yarada bilir, əsas fikri tutmaq üçün hissələri əlaqələndirir,
şərh edir. Mətnin ayrı-ayrı hissələrini
müqayisə edir, qarşılaşdırır və səciyyələndirir,
tanış olmayan uzun və
mürəkkəb mətnləri müfəssəl şəkildə və dəqiq
anladığını göstərir.
Müəllifin fikirlərini
inkişaf etdirən
mühakimələri və
fərziyyələri müəyyən etmək
üçün şagirdlər
mətndə verilmiş xüsusi məlumatlara əsaslanır.
Mətnin dərk edilməsi üçün şagirddən əlaqələndirmə,
müqayisə etmə və
izah etmə bacarıqları tələb edilir. Bəzi
tapşırıqlar şagirdlərə tanış olan gündəlik həyati biliklərə, bəziləri isə o qədər
də tanış olmayan biliklərə əsaslanır.
4-cü əsas səviyyə. Şagirdlər
açıq və aydın verilməyən məlumatları
taparaq əlaqələndirir. Bəzi
tapşırıqlar şagirddən mətndəki tam məlumatı anlamaq üçün sətiraltı verilmiş
mənanı başa
düşməyi tələb
edir. Digər tapşırıqlar
isə şagirddən tanış olmayan
mövzu üzrə mətni
anlamağı tələb edir. Şagird məzmun və forma baxımından
tanış olmayan uzun və mürəkkəb
mətnləri müfəssəl və dəqiq şəkildə
başa düşdüyünü
göstərir.
5-ci əsas səviyyə. Şagirdlər mətndəki
o qədər də gözə çarpmayan məlumatları tapır və digər
oxşar məlumatlarla əlaqələndirir,
mətnin dərk edilməsi üçün akademik biliklərdən istifadə edilir. Verilən suallar əsasında
məzmun və forma
baxımından tanış olmayan mətndə ziddiyyətli anlayışlar tapılır və
şərh edilir.
6-cı əsas səviyyə. Şagird
bütövlükdə mətni və onun ayrı-ayrı hissələrini
dəqiq, ən xırda təfərrüatına qədər
şərh edə bilir. Şagird
bir neçə mətn arasındakı əlaqəni müfəssəl
şəkildə anladığını nümayiş
etdirir. Öz fikirlərini ifadə
etmək üçün mücərrəd anlayışlardan istifadə edir, məzmun və forma baxımından
tanış olmayan mürəkkəb mətnə
tənqidi qiymət verməyi bacarır, oxuduğu
mətnə müxtəlif
nöqteyi-nəzərdən yanaşaraq fərziyyələr
irəli sürür.
Qeyd
edək ki, PISA beynəlxalq qiymətləndirməsində göstərilən bu səviyyələrin
üç, dörd, beş və altıncısına
uyğun gələn cavablar müsbət qəbul edilir.
PISA
2009-un hesabatından
görünür ki, ilk yerləri tutan ölkə şagirdlərinin 80%-dən
çoxu yalnız üçüncü və dördüncü səviyyəyə
uyğun sualları
düzgün cavablandırıb, orta hesabla 0,8 %-i isə
6-cı səviyyə üzrə suallara düzgün
cavab verə bilib.
Təhlillər
göstərir ki, ayrı-ayrı ölkələrin oxu üzrə nəticələri
2006-cı il ilə müqayisədə fərqli olmuşdur. Belə ki,
Koreya, Finlandiya, Kanada, Polşa, Lixtenşteyn, İsveç,
Böyük Britaniya, Portuqaliya, Sloveniya, İspaniya, Çex
Respublikası, Xorvatiya, Lüksemburq, Avstriya, Litva şagirdlərinin
oxu üzrə nəticələrində geriləmə
olmuşdur, bunun əksinə olaraq, 2000-ci ildən beynəlxalq
qiymətləndirmə tədqiqatına qoşularaq 4 qiymətləndirmə
layihəsində iştirak edən
Yaponiya, Avstraliya, Niderland, Belçika, Norveç,
İsveçrə, İslandiya, Almaniya, Fransa, Danimarka,
Macarıstanın nəticələrində irəliləyiş hiss olunur.
Beynəlxalq
qiymətləndirməyə 2006-cı ildən qoşularaq
layihədə yalnız iki dəfə iştirak edən Azərbaycan məktəbliləri
daha çox birinci, ikinci yarım və əsas səviyyələrə
uyğun sualları cavablandıraraq
müsbət cavablara
görə üç istiqamət üzrə 61-64-cü yerləri tutub. Bu da onu göstərir
ki, şagirdlərimiz
yardımçı vasitələrdən istifadə edərək
informasiyanı real hadisələrlə əlaqələndirə
bilir, yəni açıq məzmunlu mətnlərdə bilikdən
bacarığın bilmə, anlama, dərketmə, müqayisə
və qarşılaşdırma mərhələlərində
istifadə edir, lakin irihəcmli və aydın olmayan mətnlərdə
sətiraltı verilmiş gizli məlumatları müəyyənləşdirmək,
müqayisə etmək, şəxsi təcrübə ilə əlaqələndirməkdə
çətinlik çəkirlər. Azərbaycan şagirdləri
4-cü səviyyə üzrə 0,5%, 3-cü səviyyə
üzrə 5,3%, ikinci səviyyə üzrə 21,5%, ikinci yarımsəviyyə üzrə
36,9%, birinci yarımsəviyyə üzrə 26,1% nəticə
göstəriblər.
Ayrı-ayrı
ölkələrin riyaziyyat və təbiət elmləri sahəsindəki
nəticələrində də eyni vəziyyət
özünü göstərir. Koreya, Niderland,Yeni Zelandiya,
Belçika, Avstraliya, Estoniya, Danimarka, Sloveniya, Avstriya,
İsveç, Çex Respublikası, Böyük Britaniya,
Macarıstan, Lüksemburq, İrlandiya, Latviya, Litva, Xorvatiya,
İndoneziya məktəblilərinin
riyaziyyat üzrə nəticələrində geriləmə,
Lixtenşteyn, İsveçrə,Yaponiya, Almaniya, İslandiya,
Norveç, Fransa, Slovakiya Respublikası, ABŞ, Portuqaliya,
İspaniya, İtaliya, İsrail,Türkiyə məktəblilərinin riyaziyyat üzrə nəticələrində
isə irəliləmə olmuşdur.
Azərbaycan
şagirdləri isə 2006-cı il ilə müqayisədə
riyaziyyatdan qiymətləndirmənin yüksək səviyyələrinə
cavab verməkdə bir neçə
pillə aşağı düşsə də (reytinqdə
45-ci), ümumi nəticələrə görə şagird nailiyyətlərində o
qədər də böyük dəyişiklik müşahidə
edilmir.
Sadə
sualları cavablandırmağı, məsələnin həllində alqoritmlərdən, düstur və üsullardan istifadə etməyi və
birbaşa cavabı çıxarılan misal və məsələləri
həll etməyi, müxtəlif nümunələrdən
istifadə etməyi tələb edən ümumi göstəricilər
üzrə 2006-cı və 2009-cu ilin nəticələri bir o qədər də fərqlənmir.
Riyaziyyat
üzrə Azərbaycan şagirdləri 6-cı səviyyə
üzrə 0,2 %, 5-ci səviyyə üzrə 0,9%, 4-cü səviyyə
üzrə 3,6%, 3-cü səviyyə üzrə 14,80%, ikinci
səviyyə üzrə 35,3%, birinci səviyyə üzrə
33,8% nəticə göstəriblər.
Təbiət
elmləri üzrə nəticələrimizdə də
böyük dəyişiklik olmayıb. Şagirdlərimiz anlayışlardan və elmi
faktlardan istifadə edə bilsələr də, onlara
tanış olmayan situasiyalarda problemin həllini tapmaqda çətinlik
çəkirlər.
Azərbaycan
şagirdləri 4-cü səviyyə üzrə 0,8%, 3-cü
səviyyə üzrə 6,7%, ikinci səviyyə üzrə
22,4%, birinci səviyyə üzrə 38,5%, birincidən aşağı səviyyə
üzrə 19,7% nəticə göstəriblər.
Təranə HACIYEVA
Azərbaycan müəllimi.- 2011.-
7 yanvar.- S.4.