Məktəblilərin intellekt yarışına yekun vuruldu

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmrinə əsasən ötən ilin noyabrında start verilən "100 sual - 100 cavab" intellekt yarışı sona çatdı. Şəhərin ümumtəhsil məktəblərində və məktəbdənkənar təhsil müəssisələrində təhsil alan IX - XI sinif şagirdləri və dərnək üzvləri arasında keçirilən intellekt yarışında 22 komandanı 66 məktəbli təmsil etmişdir. Yarışın final mərhələsi Azərbaycan Dövlət Pedaqoji Universitetində keçirilmişdir. Yarışı giriş sözü ilə açan universitetin  elmi işlər üzrə prorektoru, professor Vilayət Əliyev bütün iştirakçıları rektorluq adından salamlamış, final mərhələsinə çıxdıqlarına görə onları təbrik etmiş, uğurlar arzulamışdır.

 

Vilayət Əliyev qeyd etmişdir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin bizim universitetə müraciət etməsi və tədbirin məhz burada keçirilməsi bizi çox sevindirir. Ona görə də mən idarənin müdiri Nailə Rzaquliyevaya və təşkilatçılara universitetin rektoru, AMEA-nın muxbir üzvü, professor Yusif Məmmədovun, həmçinin bütün professor-müəllim heyətinin minnətdarlığını çatdırıram.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Məktəbdənkənar təhsil sektorunun müdiri Qənirə Sultanova da idarənin rəhbərliyi adından yarış iştirakçılarını salamladı.  Yüksək intellektli yeniyetmələrin bugünkü hazırlığından, onların dünyagörüşündən, bilik və bacarıqlarından söhbət açdı, onlara uğurlar arzuladı. Sonra intellekt yarışının final mərhələsinə start verildi. Bütün iştirakçılara fizika, astronomiya, kimya, biologiya və coğrafiya fənləri üzrə məktəb proqramı çərçivəsində qabaqcadan hazırlanmış və bağlı zərflərdə saxlanılan testlər paylandı.

Komanda üzvləri 1 saat 30 dəqiqə vaxt ərzində testləri cavablandırdılar. Əlbəttə, yarışın ən maraqlı səhnəsi test cavablarını qiymətləndirmək oldu. Qiymətləndirmədə universitetin fizika fakültəsinin dekanı, professor Mirzəli Murquzov, dosentlər Xəlil Padarov və Cahangir Hüseynov iştirak etdilər.

Nəhayət, komandalar arasında yerlər müəyyənləşdirildi. Bakı şəhəri 35 nömrəli Texniki Yaradıcılıq Mərkəzinin komandası və şəxsi birincilikdə komanda üzvləri Faiq Quliyev, Elşad Abdullayev, Kamran Əkbərov I dərəcəli, Bakı şəhəri 21 nömrəli  Uşaq Yaradıcılıq Mərkəzinin komandası və şəxsi birincilikdə komanda üzvləri Məhəmməd Əliyev, Zümrüd Nəbiyeva, Tofiq Bayramov II dərəcəli, Bakı şəhəri Yeniyetmələrin 23 nömrəli Yaradıcılıq Mərkəzinin komandası və şəxsi birincilikdə komanda üzvləri Şahbaz Məmmədov, Türkan Əliyeva, Nəcibə Əhmədova III dərəcəli diplomlarla, liderlərdən cəmi bircə balla geri qalan Bakı şəhəri 39 nömrəli  Texniki Yaradıcılıq Mərkəzinin komandası və şəxsi birincilikdə komanda üzvləri Paşa Çıraqov, Ümid Kərimov və Hikmət Adışirinli fərqlənmə diplomu və qiymətli hədiyyələrlə mükafatlandırıldılar. 

 

 

Rövşən TALIBOĞLU

 

Azərbaycan müəllimi.- 2011.- 7 yanvar.- S.9.