Futbolçu qızlar Yeni ili uğurla
qarşıladılar
"Azərbaycan Respublikasında
Futbolun inkişafına dair Dövlət Proqramı (2005-2015-ci
illər)"-nın tələblərinə uyğun olaraq
digər təhsil müəssisələrində olduğu
kimi, Bakı şəhərinin idman məktəblərində
də çox mühüm işlər həyata keçirilir. Bu
münasibətlə daxili imkanlar hesabına yeni futbol idman
qrupları açılmış, bu sahədə kadr
potensialı gücləndirilmiş, Bakı Şəhəri
üzrə Təhsil İdarəsi tərəfindən idman məktəblərinə
yeni idman qurğuları, lazımi avadanlıq verilmişdir.
Göstərilən diqqət və
qayğının, məqsədyönlü tədbirlərin
nəticəsində idman məktəblərində
futbolun sürətli inkişafına, gənc
futbolçuların peşəkarlığının
artırılmasına nail olunmuşdur.
Çox maraqlıdır ki,
belə məktəblərdə
futbol nəinki oğlanlar
arasında, hətta qızlar arasında da
geniş yayılmışdır. Bunu ötən ilin son həftəsində
1994-1995-ci il təvəllüdlü
qızlardan ibarət futbol
komandaları arasında
keçirilən Azərbaycan kuboku uğrunda futbol
yarışı bir daha
təsdiqlədi. Futbolçu qızlar yüksək texnika nümayiş etdirdilər.
Zonalar üzrə finala vəsiqə almış Zaqatala
və Bakı şəhəri
9 nömrəli uşaq-gənclər idman
məktəblərinin qızlardan
ibarət futbol komandaları
Şağan Olimpiya İdman Kompleksində
keçirilən yarışda birinci və ikinci yerləri
bölüşdülər. Daha çox hazırlıqlı
Bakı şəhəri 9 nömrəli Uşaq-Gənclər
İdman Məktəbinin
qızlardan ibarət futbol
komandası rəqibini
9:0 hesabı ilə məğlub edərək ölkə kubokuna
sahib oldu.
Sevincimizi
qaliblərlə bölüşdük. Söhbət əsnasında
idman məktəbinin direktoru Zabil Orucov qələbənin
qazanılmasında məşqçi-müəllimlər
Zamin Əsədullayevin və Xalidə Nəsibovanın əməyini
xüsusi vurğuladı. O, qeyd etdi:
"1994-1995-ci il təvəllüdlü qızlardan ibarət
futbol komandaları arasında dünya birinciliyi 2012-ci ildə
Bakıda keçiriləcək. Birincilikdə qızlardan ibarət
respublika yığması da iştirak edəcək. Məktəbimizin
6 nəfər yetirməsi bu komandada çıxış edir.
Əminik ki, dünya birinciliyində də qələbə
bizim olacaq".
Sizə
yeni-yeni uğurlar arzulayırıq, futbolçu qızlar.
R.TALIBOĞLU
Azərbaycan müəllimi.- 2011.-
7 yanvar.- S.16.