Azərbaycan ədəbiyyatını
əks etdirən mədəniyyət və elm
ocağı
Ötən
əsrdə, 1940-cı ilin 14 mayında Bakıda, qədim
Qız qalasına yaxın bir məkanda mütəfəkkir
şair Nizami Gəncəvinin anadan olmasının 800 illik
yubileyi münasibətilə ədəbiyyat təmayüllü
muzey açıldı.
İllər
ötdükcə muzeyin ekspozisiya zallarının sahəsi
genişləndirildi. Bir neçə minillik tarixi olan ədəbiyyatımızla
bağlı eksponatların sayı artdı. Söz sənətkarlarımızın
həyatı, məişəti və
yaradıcılığı ilə bağlı məlumatlar,
əşyalar, rəsm əsərləri, sənət
nümunələrinin ekran, teatr həyatı ilə
bağlı fotokadrlar yeni ekspozisiyalar üçün dəyərli
materiallara çevrildi.
Müxtəlif
zamanlarda ayrı-ayrı yazıçı, şair və
dramaturqun yubileyləri ilə bağlı sərgilər təşkil
olunmuş muzeydə son illər dünya səviyyəsində
təmir və yenidənqurma işləri
aparılmışdır; rəsm əsərləri və
heykəltəraşlıq nümunələri tamamilə
yenidən, zövqlə bərpa edilmiş, çoxlu yeni
avadanlıqlar alınmışdır.
Muzeyin
ekspozisiya zallarının sayı 19-dan 40-a qədər
artırılmışdır.
İndi burada 30 minə yaxın eksponat vardır. İncəsənətin
müxtəlif sahələri ilə bağlı materiallar zəngin
Azərbaycan folkloru və yazılı ədəbiyyatı
haqqında muzeyə gələnlərdə dərin təəssürat
yaradır, geniş informasiya çatdırır.
Ən qədim zamanlardan müasir dövrə qədər
Azərbaycan ədəbiyyatını əks etdirən mədəniyyət
və elm ocağının - Nizami Gəncəvi adına Milli
Azərbaycan Ədəbiyyatı Muzeyinin 2010-cu ildə 70 illik yubileyi keçirildi.
Ölkə Prezidenti İlham Əliyevin sərəncamları
ilə muzeyin əməkdaşlarına yüksək fəxri
adlar verildi, bir qrup işçi "Tərəqqi" medalı ilə təltif olundu.
Yubiley tədbirləri
çərçivəsində keçirilən elmi konfransda
dinlənilmiş 100-dən çox məruzəni əhatə
edən kitab nəşr olundu.
Yaddaqalan tədbirlərdən biri muzeyə xarici
ölkələrdən eksponatlar təqdim edilməsi oldu. Belə ki,
Almaniyada yaşayan tədqiqatçı Məhəmmədəli
Hüseyni mədəni-maarif ocağına Saib Təbrizinin
portretini hədiyyə etdi. Həmçinin
S.Təbrizinin 400 illiyi münasibətilə Tofiq Quliyevin
şairin sözlərinə bəstələdiyi romansın
klaviri də muzeyə
təqdim olundu.
70 illik zəngin salnaməsi olan muzeydə bu ilin
yazında "Xalq oyunları mədəniyyəti: klassik irs və müasirlik" mövzusunda 3 gün
davam edəcək konfrans keçirilməsi nəzərdə
tutulub.
Ş.MƏMMƏDOV
Azərbaycan müəllimi.- 2011.-
7 yanvar.- S.15.