Uğurlara gedən yol arzulardan başlayır  

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodik Şurasının "Avropa dilləri ədəbiyyatı" bölməsinin sədri, Azərbaycan Dillər Universitetinin elmi işlər üzrə prorektoru, filologiya elmləri doktoru, professor Dünyamin Yunusovun bu günlərdə 60 yaşı tamam olur.  İstər alim, istərsə insan kimi elmi ictimaiyyət onu yaxşı tanıyır. Bunu nəzərə alaraq qısa da olsa alimin həyat yaradıcılığına nəzər salmaq maraqlı olardı.

Dünyamin Nurqələm oğlu Yunusov 1951-ci il yanvarın 10-da Şəki rayonunun Böyük Dəhnə kəndində anadan olmuşdur.

Atası Nurqələm kişi kənddə sayılıb-seçilən, zəhmətə, əməyə bağlı bir insan idi. Anası Afəridə xanım da bütün ömrü boyu zəhmətə qatlaşmış, dünyaya gətirdikləri yeddi uşağı həyat yoldaşı ilə birlikdə boya-başa çatdıraraq Vətənimizə layiqli vətəndaş kimi yetişmələrində böyük əmək sərf etmişdir.

Dünyamin hələ kiçik yaşlarından elmə, biliyə, xüsusilə xarici dili öyrənməyə daha çox meyilli idi, həmyaşıdlarından bir sıra xüsusiyyətlərinə görə fərqlənirdi. Onun elmə olan həvəsi tələbəlik illərində artıq yavaş-yavaş reallaşmağa başlamışdı. Belə ki, o, tələbə olarkən (1968-1973) Tələbə Elmi Cəmiyyətinin sədr müavini işləmiş və  1970-ci ildə TEC-in xəttilə Tbilisi şəhərində keçirilmiş konfransda müxtəlif ali məktəblərin tələbələri arasında II yeri tutmuşdur. 1971-ci ildə o, V.İ.Lenin adına Moskva Dövlət Pedaqoji İnstitutunda keçirilmiş konfransda ingilis dilində məruzə etmişdir. Jürinin sədri V.D.Arakin (hamının Yutsi kimi tanıdığı) onun çıxışını yüksək qiymətləndirmiş və gələcəkdə müqayisəli planda həmin mövzunu tədqiqat işi kimi davam etdirməyi ona məsləhət görmüşdür. Həmin konfransda Dünyamin müəllim birinci yerə layiq görülmüş və mükafatı ona V.D.Arakin şəxsən özü təqdim etmişdir.

Dünyamin Yunusov 1973-cü ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun İngilis-Azərbaycan dilləri fakültəsini fərqlənmə diplomu ilə bitirmiş və institut Elmi Şurasının qərarı ilə İngilis dilinin qrammatikası kafedrasında müəllim saxlanılmışdır. O,  1974-cü ildə ordu sıralarında xidmət etmişdir.

1975-ci ildən pedaqoji fəaliyyətini davam etdirən Dünyamin müəllim İngilis dilinin qrammatikası kafedrasında əvvəlcə müəllim, baş müəllim, filologiya elmləri namizədi, dosent, sonra filologiya elmləri doktoru, professor vəzifəsinədək yüksəlmişdir. Elmi-pedaqoji fəaliyyət sahəsində əldə etdiyi uğurlara görə Təhsil Nazirliyinin dəfələrlə təşəkkürnamə və diplomuna layiq görülüb.

İlk məqaləsini 1977-ci ildə çap etdirən Dünyamin müəllim ("Tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlələrin intonasiyaya görə sintaqmatik bölgüsünə dair" - ingilis və Azərbaycan dillərinin materialı əsasında) artıq 200-dən artıq elmi-metodiki məqalənin və 12 kitabın müəllifidir. Onun kitablarından üçü xaricdə (Türkiyə, İran) nəşr olunub.

Eyni zamanda məqalələri ABŞ, Rusiya Federasiyası, Türkiyə, Ukrayna, İran, Belarus, Qazaxıstan, Gürcüstan və başqa ölkələrdə çap olunur.

Alimin dərslik və dərs vəsaitlərindən ölkəmizin ali məktəblərində tələbələr, müəllimlər və ziyalılar geniş istifadə edirlər.

Bu gün dil vahidlərinin variativliyinin öyrənilməsində dilin ikili üzvlənməsinin yararlı olmadığını qeyd edən Dünyamin müəllim öz elmi istiqamətini digər bir nəzəriyyə üzərində qurur. Bu nəzəriyyə L.V.Şerba, sonra isə  E.Koseriu və bu günlərdə F.Veysəlli tərəfindən inkişaf etdirilən dilin üçlü (trixotomik) üzvlənməsidir ki, burada F.de Sössürdən fərqli olaraq, dil-nitq qarşılaşması deyil, dil-norma-danışıq aktı kimi üçlü modelə əsaslanır. Bu model dil və danışıq aktı arasında "norma" səviyyəsinin olmasını nəzərdə tutur ki, bu normanın vahidi də dil vahidlərinin variantlarıdır. Dilin üçlü üzvlənməsi belə bir postulata əsaslanır ki, dil vahidləri ifadə planında sintaqmatik oxda dildaxili və dilxarici amillərin təsirinə məruz qalır və variativləşir. Dil vahidlərinin invariantlığının öyrənilməsi dil vahidlərinin variativliyinin öyrənilməsinə nisbətən o qədər də böyük tarixə malik deyildir. Dil vahidlərinin variativliyi məsələsi dilçilikdə az işlənən bir sahədir və bu sahədə ilkin addımlar atılır.

Azərbaycan dilçiliyi üçün, xüsusilə sintaktik səviyyədə variativlik mövzusu tamamilə yenidir və demək olar ki, heç işlənməyib. Bu baxımdan, Dünyamin müəllimin müxtəlif sistemli dillərdə mürəkkəb sintaktik vahidlərin variativliyi məsələsini eksperimental-fonetik təhlil metodu ilə araşdırmasını Azərbaycan dilçiliyində bu sahədə ilk addım hesab etmək olar. Dünyamin müəllim çoxlu dil materiallarını araşdıraraq mürəkkəb sintaktik vahidlərin ifadə və məna planında dildaxili və dilxarici amillərin təsirindən yaranan variantlarını müəyyənləşdirir. Əldə etdiyi nəticələri kifayət qədər cədvəllərdə, qrafik və şəkillərdə nümayiş etdirir və problemin sonrakı istiqamətinə əsaslı zəmin yaradır.

Beləliklə, Dünyamin Yunusovun bir alim kimi apardığı tədqiqat istiqaməti müasir dilçilik üçün yeni istiqamət olub, az işlənən sahələrdən biridir.

Onun elmi istiqaməti F.de Sössürdən üzübəri hökm sürən dilin ikili (dixotomik) üzvlənməsinə deyil, dilin işlənmə mexanizmində invariant və variant münasibətlərini nizamlayan Şerba-Koseriu elmi nəzəriyyəsinə-dilin üçlü (trixotomik) üzvlənməsinə əsaslanır ki, bu da norma səviyyəsində əldə edilən keyfiyyət və kəmiyyət dəyişmələrini nəzərdə tutur. Bu isə dilin funksional baxımdan fundamental xüsusiyyətini səciyyələndirir.

Elmi istiqaməti mürəkkəb sintaktik vahidlərin konstantlıq (sabit əlamətlər) və variativlik (dəyişən əlamətlər) müstəvisində tipoloji planda araşdırılır.

Mürəkkəb sintaktik vahidlərin variativliyinin eksperimental-fonetik metodla geniş şəkildə öyrənilməsi Azərbaycan dilçiliyində yeni, həm də ilk hadisədir. Bu tədqiqat işi Azərbaycan dilçiliyində paradiqmatik sintaksisin və danışıq aktı nəzəriyyəsinin öyrənilməsi üçün çıxış nöqtəsi ola bilər. Onun tədqiqatında mürəkkəb sintaktik vahidlər sırf struktur planda deyil, struktur-intonativ planda araşdırılır ki, bu da ifadə və məna planlarında mümkün variantların üzə çıxarılmasına imkan yaradır.

Mürəkkəb sintaktik vahidlərdə semantik mənalı fellərin (nitq, hissi qavrayış, əqli fəaliyyət, xahiş və təklif, konkret hərəkət, modal mənalı) birinin digəri ilə əvəzlənməsi məna və intonativ variativliyə və variantlara səbəb olur. Fellərin əvəzlənməsindən alınan məna variantları bu tədqiqat işinin həm də paradiqmatik sintaksisə meyilli olduğuna dəlalət edir.

O, pedaqoji fəaliyyəti ilə usta pedaqoq, elmi işlər üzrə prorektor kimi işgüzar və məsuliyyətli bir şəxsdir.  Dünyamin müəllimi çoxlarından fərqləndirən başqa bir cəhət onun genişürəkli bir insan olmasıdır.

Dünyamin müəllimi 60 yaşı tamam olması münasibətilə təbrik edir, ona ömrün müdriklik dövründə sevinc dolu günlər, zəka itiliyi, sağlamlıq, ailə səadəti və yeni yaradıcılıq uğurları arzulayırıq. 

 

 

Şakir CƏFƏROV

 

Azərbaycan müəllimi.- 2011.- 7 yanvar.- S.10.