Naxçıvan memarlığı Ukraynada
təbliğ olunur
NDU-nun Elmi Kitabxanasında
universitetin Memarlıq kafedrasının müdiri, memarlıq
namizədi Qadir Əliyevin "Memar Əcəmi
Naxçıvani yaradıcılığında ahəngdarlıq"
kitabının təqdimatı keçirildi. Xatırladaq ki, 2007-ci ildə Azərbaycan
dilində nəşr olunan, Ukraynada yenicə işıq
üzü görmüş kitab rusdilli elmi ictimaiyyət tərəfindən
də böyük maraqla qarşılanmışdır. Sevastopol
Milli Universitetinin professoru, tarix elmləri doktoru D.Q.Sidorukun rəyi
ilə çap olunan nəşr Ukraynada da tədris vəsaiti
kimi geniş yayılmışdır.
Təqdimat mərasimini giriş
sözü ilə akademik, rektor İsa Həbibbəyli açaraq
universitet kitabxanasında
yeni elmi, kütləvi
və bədii nəşrlərin təbliği istiqamətində
görülən təqdirəlayiq işlərdən
danışdı. Qadir Əliyevin
elmi-pedaqoji fəaliyyətindən söz açan natiq yeni nəşri Azərbaycan
memarşünaslıq elminin ən yüksək nailiyyətlərindən
biri kimi dəyərləndirdi.
Millət vəkili qeyd etdi ki, əsər Azərbaycan-Ukrayna
elmi əlaqələrinin
inkişafı, Azərbaycanın ayrılmaz parçası olan Naxçıvanın qədim tarixinin, şəhərsalma mədəniyyətinin, milli mənəviyyatımızın
dünyada təsdiqi baxımından da qiymətlidir.
Memarlıq
kafedrasının baş müəllimi, memarlıq elmləri
üzrə fəlsəfə doktoru Gülnarə Qənbərova
kitabın Naxçıvanın nadir memarlıq abidələrinin
harmoniya və mütənasiblik problemlərinin təhlili, həndəsi
mütənasiblik prinsiplərinin izahı, memarlıq
formalarının, həndəsi fiqurların qrafiki analizlərinin
verilməsi baxımından qiymətli elmi mənbə
olduğunu bidirdi.
AMEA
Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və
Arxeologiya İnstitutunun direktor müavini, AMEA-nın müxbir
üzvü Hacı Qadir Qədirzadə əsərdə ilk dəfə
olaraq Azərbaycan orta əsr memarlıq nümunələrinin
səlcuq-türk-İslam mədəniyyətinin sintezi kimi tədqiqata
cəlb olunduğunu, yaradılışın fəlsəfəsinin,
Əcəmi düşüncə tərzinin
açıldığını vurğuladı.
Azərbaycan-Qobustan
radiosunun yaradıcısı Həbib Əliyev Azərbaycan-Ukrayna
elmi-ədəbi əlaqələrinin inkişafından, mənfur
ermənilərin əsassız Naxçıvan
iddialarını rədd etmək üçün bu cür
elmi nəşrlərin dünyada yayılmasının əhəmiyyətindən
danışdı.
Xarici
tələbələrlə iş üzrə dekan, filologiya
elmləri üzrə fəlsəfə doktoru, dosent Xanəli
Kərimli müəllifi həmkarları adından təbrik
edərək kitabda həndəsi harmoniya ilə orta əsr fəlsəfəsi
və poeziyasının üzvi bağlılığı
haqqında da maraqlı nüanslara rast gəlindiyini
xatırlatdı.
Sonda
müəllif tədbirin təşkilatçılarına
minnətdarlıq etdi. Ümummilli lider Heydər Əliyevin Azərbaycan
incəsənətinin inkişafındakı xidmətlərindən
danışan Qadir Əliyev gənclərə tövsiyələrini
çatdırdı. Müəllif kitabın araya-ərsəyə
gəlməsində akademik İsa Həbibbəylinin,
AMEA-nın müxbir üzvü Cəfər Qiyasinin, mərhum
memarşünas alimlər - Əbülfəz Hüseyninin və
Tağı Qasımoğlunun müstəsna rolunu qeyd etdi.
Tədbirdə
memarşünas alimin həyat və fəaliyyətindən bəhs
edən sərgi və slayd da nümayiş etdirildi.
Mehriban SULTAN
Azərbaycan müəllimi.-
2011.- 7 yanvar.- S.10.