Kollecdə
yüksək intellektli kadrlar
hazırlanır
Ölkəmizin bütün sahələrində
olduğu kimi, təhsil sahəsində də aparılan məqsədyönlü
islahatlar bu gün öz bəhrəsini verməkdədir. Gənclərimizin
hərtərəfli inkişafını prioritet istiqamət
kimi qəbul edən orta və ali təhsil ocaqları bu sahədə
ardıcıl və məqsədyönlü iş aparmaqla bir
çox uğurlara imza atıblar. Belə təhsil müəssisələrindən
biri də Bakı Dövlət Sosial İqtisad Kollecidir. Kollecin
direktoru, iqtisad elmləri üzrə fəlsəfə doktoru,
dosent Mübariz Mahmudovla söhbətimiz də bu təhsil
ocağının tarixi, fəaliyyəti və uğurları
ilə bağlıdır.
- Mübariz müəllim, təhsil
ocağının tarixi və bu günü haqqında məlumat
verməyinizi xahiş edirik.
-
Kollecimiz 1966-cı ildə cəmi 150 tələbə və
11 müəllimlə texnikum kimi fəaliyyətə
başlamışdır. Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 26 avqust 2002-ci il tarixli, 140 nömrəli qərarı
ilə Bakı Plan İqtisad Texnikumunun bazasında Bakı
Dövlət Sosial İqtisad Kolleci yaradılmışdır.
Hazırda məktəbimizdə 1412 tələbə təhsil
alır. Onlardan 943 nəfəri əyani, 469 nəfəri isə
qiyabi şöbədə oxuyur. Onların təlim-tərbiyəsi
ilə məşğul olan 128 müəllim işinin öhdəsindən
layiqincə gəlir.
Bildiyimiz
kimi, 2010-cu il yanvarın 13-də Nazirlər Kabineti
"2010-2013-cü illərdə Azərbaycan
Respublikasının orta ixtisas təhsili sistemində islahatlar
üzrə Tədbirlər Proqramı" haqqında qərar
qəbul edib. Qərarda ölkəmizdə orta ixtisas təhsili
sisteminin müasir tələblər səviyyəsində
inkişaf etdirilməsi, ölkə iqtisadiyyatının
inkişafı istiqamətlərinə əsasən əmək
bazarının tələbatına uyğun istehsal və xidmət
sahələrinin yüksək keyfiyyətli orta ixtisas təhsilli
kadrlarla təmin olunması nəzərdə tutulur. Həmin qərar
kollektivin Pedaqoji Şurasında geniş müzakirə
olunmuş və əməli işimizdə konkret fəaliyyət
proqramı kimi qəbul edilmişdir.
Son
illər kollecin maddi-texniki bazasının
yaxşılaşdırılmasında xeyli iş
görülmüş, tədrisdə istifadə olunan
avadanlıqlar müəyyən qədər təzələnmiş,
iki ixtisaslaşmış kompüter kabineti
yaradılmış, kabinetlərdən biri sürətli
İnternetə qoşulmuş, istilik sistemi bərpa
olunmuş, dam örtüyü dəyişdirilmiş, köhnə
pəncərələr yenisi ilə əvəz olunmuşdur.
Kollecin binasının əsaslı təmirinə
başlanmışdır.
- Mübariz müəllim, rəhbərlik
etdiyiniz kollec hansı ali təhsil ocaqları ilə əlaqə
saxlayır?
-
Orta ixtisas təhsili fasiləsiz təhsil sisteminin tərkib
hissəsidir və nəticə etibarilə bir-biri ilə üzvi surətdə
bağlı olan iki əsas məsələni həll edir. Yəni
yeniyetmələr müxtəlif peşələrə yiyələnməklə
yanaşı, eyni zamanda ümumi icbari təhsil də
alırlar.
Bütün
ölkədə olduğu kimi bizim kollecdə də təhsil
məzmununda dəyişikliklər aparılmış, kadr
hazırlığı aparılan ixtisaslar və istiqamətlər
üzrə orta ixtisas təhsilinin standartları və buna
müvafiq yeni tədris planları və proqramları
hazırlanmışdır.
Kollecimizdə
bütün ixtisaslar üzrə 100 ballıq sistemə
keçilmişdir. Xüsusi qeyd etməliyəm ki, bu sistemə
keçid tələbələrin məsuliyyətini xeyli
artırmışdır.
Kollecimiz
bir sıra ali təhsil müəssisələri ilə, o
cümlədən Azərbaycan Dövlət İqtisad
Universiteti və Bakı Dövlət Universiteti ilə sıx əlaqə
saxlayır. Elə bunun nəticəsidir ki, hər il məzunlarımızın
10-15 faizi ali məktəblərə qəbul olunur. Onlardan bəziləri
hətta 550, 580, 600 balla Bakı Dövlət Universitetinə və
Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul
olublar.
Yeri
gəlmişkən, qeyd edim ki, məzunlarımızdan Kamran Əlizadə
bu təhsil ocağını bitirdikdən sonra təhsilini
BDU-da davam etdirib və hazırda Azərbaycan Respublikası
Dövlət Neft Şirkətində məsul vəzifədə
çalışır. Fərid Quliyev də bizim məktəbi
bitirdikdən sonra ADİU-da təhsilini davam etdirib, hazırda
bank işində yüksək vəzifədə işləyir.
2009-cu ildə isə məzunlarımızdan Zümrüd
Hüseynova 625 balla BDU-nun filologiya fakültəsinə qəbul
olub. Fəxrlə deyə bilərəm ki, hazırda
respublikanın müxtəlif elm və istehsalat sahələrində
layiqincə çalışan məzunlarımız
vardır.
- Təhsil ocağında hansı
ixtisaslar üzrə kadrlar hazırlanır?
-
Kollecimizdə iqtisadiyyat təmayüllü ixtisaslar üzrə
mühasibat uçotu və audit (təftişçi), maliyyə
işi, bank işi, menecment və gömrük işi,
hüquq təmayüllü ixtisaslar üzrə isə
hüquq, hüquq-mühafizə fəaliyyəti, Dövlət
Yol Polisinin inzibati hüquq fəaliyyəti və informatika
müəllimi ixtisasları üzrə kadrlar
hazırlanır.
- Torpaqlarımızın bir
qisminin işğal altında olduğu zamanda kollecinizdə tələbələrin
vətənpərvərlik ruhunda tərbiyəsinə necə
diqqət yetirilir?
- Məktəbimizdə
mütəmadi olaraq ümummilli lider Heydər Əliyevin siyasi
kursu, azərbaycançılıq ideyaları təbliğ
olunur. "Vətənin hər qarış torpağı
uğrunda ölməyə hazırıq" devizi altında
bir sıra diskussiyalar aparılır. Müharibə
veteranları, şəhid ailələri, digər
ziyalılarla görüşlər keçirilir, şəhidlər
xiyabanlarına, tarixi yerlərə ekskursiyalar təşkil
edilir. Kollecimizin məzunlarından Qarabağ uğrunda gedən
döyüşlərdə şəhid olmuş Araz Pirimovun,
Mübariz Sahibovun, Zaur Ələkbərovun xatirəsini əbədiləşdirən
guşə yaradılmışdır. Məktəbimizdə həmçinin
bu il böyük şücaət göstərərək Vətən
uğrunda canından keçən Milli Qəhrəman
Mübariz İbrahimovun da xatirəsinə xüsusi guşə
yaradılmış və qəhrəman haqqında tələbələrə
ətraflı məlumat verilmiş, doğulub boya-başa
çatdığı Biləsuvar rayonuna və
Bakıdakı iki nömrəli fəxri və şəhidlər
xiyabanına - məzarı üstünə ziyarət təşkil
edilmişdir.
Kollecimizdə
tələbələrin fiziki tərbiyəsinə də
xüsusi diqqət yetirilir. Təhsil ocağında fəaliyyət
göstərən idman zalı, voleybol və futbol
meydançaları gənclərin ixtiyarına verilib. İdmanı
tədris edən müəllimlər tələbələrin
sağlamlığının təminatçısı
kimi çalışır və bu yolda əllərindən gələni
əsirgəmirlər. Təsadüfi deyil ki, 2008 və 2009-cu
illərdə kolleclər arasında keçirilən basketbol
və voleybol yarışlarında məktəbimizin qızlar
və oğlanlar komandaları I yeri tutmuşlar.
2010-cu
ildə Şən və Hazırcavablar Klubunun təşkil
etdiyi məktəblərarası yarışlarda kollecimizin
komandası I yeri tutub.
Tələbələrimizin
ictimai mühitdə tutduqları mövqe, əldə etdikləri
nailiyyətlər deməyə əsas verir ki, kollecimizdə
yüksək intellektli kadrlar hazırlanır.
- Təhsil müəssisələrinin
nailiyyətləri müəllimlərinin fəaliyyəti ilə
ölçülür. Siz necə, müəllimlərinizin
işindən razısınızmı?
- Bu
gün kollecimizin bütün müəllimləri işini
günün tələbi səviyyəsində qurmağa səy
göstərir və buna nail olurlar. Onların arasında elmlər
doktoru və elmlər namizədləri elmi dərəcələri
olanlar vardır. Kollecimizdə vaxtaşırı keçirilən
müşavirələrdə, Pedaqoji Şuralarda müəllimlərin
əməyi qiymətləndirilir, tədrisin yüksək səviyyədə
aparılmasına dair addımlar atılır, yaranmış
problemlərin aradan qaldırılması üçün təcili
tədbirlər görülür. Müəllimlərimizdən
Fikrət Əhmədovun, Qələndər Muxtarovun, Rəfail
Əhmədovun, Seyidağa Rzayevin, Nigar Umarovanın, Hüseyn
Qələndərovun və başqalarının yaxşı
işindən danışmağa dəyər.
- Sonda həmkarlarınıza və
gənclərə tövsiyəniz.
-
Ümummilli liderimiz Heydər Əliyevin memarı və qurucusu
olduğu müstəqil Azərbaycan Respublikamızı
göz bəbəyimiz kimi qorumağı,
torpaqlarımızın hər qarışı uğrunda
canımızdan keçməyə hazır olmağı
tövsiyə edirəm.
- Müsahibəyə görə
çox sağ olun.
Nizami MİRZƏ
Azərbaycan müəllimi.- 2011.-
7 yanvar.- S.11.