Oklənd Universiteti

 

Yerləşir:                                        Yeni Zelandiya, Oklənd şəhəri   

Yaranma tarixi:                           1883-cü il

Tipi:                                                Dövlət

İşçi heyətinin ümumi sayı:          4608 nəfər

Tələbələrin ümumi sayı:             39940 nəfər  

İllik gəlirləri:                                 843120000 Yeni Zelandiya dolları (1 Yeni Zelandiya   

                                                       dolları 0,7793 ABŞ dollarına bərabərdir) 

İllik xərcləri:                                 814583000 Yeni Zelandiya dolları

Rəsmi saytı:                                  www.auckland.ac.nz

 

 

Oklənd Universiteti (Auckland University) Yeni Zelandiyanın Oklənd şəhərində yerləşir və ölkənin ən nüfuzlu ali təhsil ocaqlarından biridir.

Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən Oklənd Universiteti 100 ən yaxşı ali məktəb arasında 61-ci yerdə olub. 2010-cu il üzrə dünyanın ən nüfuzlu universitetləri arasında Oklənd Universiteti "Times Higher Education World University Rankings"in apardığı araşdırmaya əsasən 145-ci, "QS World University Rankings"in açıqlamasına görə isə 68-ci yeri tutub.

 

Tarixi

 

1883-cü il mayın 23-də Oklənd şəhərində Yeni Zelandiya Universitetinin bir hissəsi kimi Oklənd Universitet Kolleci yaradılır. Kollecin idarəolunması Yeni Zelandiya Universitetinin vitse-kansleri Con Çepmen Endryuya həvalə edilir. Oklənd Universitet Kolleci buraxılmış məhkəmə və həbsxana binasında 95 tələbə və 4 müəllim ilə fəaliyyətə başlayır, lakin 1901-ci ildə tələbələrin sayı 156 nəfərə qədər artır. Kollecdə qiyabi təhsil alan tələbələrin əksəriyyəti ruhani və müəllim olmağa hazırlaşan şəxslər idi. Burada 1905-ci ildən başlayaraq ticarət sahəsini öyrənmək istəyən tələbələrin sayı artır.

1930-cu ildən sonra kollecdə tədqiqatlar aparılır. 1934-cü ildə ali məktəbə ingilis dili üzrə mütəxəssis Artur Sevel, riyaziyyatçı HG Forder, tarixçi Ceyms Rutherford, klassik CG Kuper və digər professorlar işə götürülürlər. Yeni istedadların Oklənd Universitet Kollecinə cəlb edilməsi burada akademik müstəqilliyin yaranmasına və kollecin sürətli inkişafına təkan verir.

İkinci Dünya müharibəsindən sonra kollec çətin dövrlərini yaşayır. 1962-ci ildə Yeni Zelandiya Universiteti ləğv edilir və Oklənd Universitet Kolleci müstəqillik əldə edir. Kollec universitet statusu qazanır və Oklənd Universiteti adlandırılır. Universitet sürətli inkişaf yoluna qədəm qoyur: coğrafiya, antropologiya, təsviri incəsənət, incəsənətin tarixi, sosiologiya, siyasi tədqiqatlar və digər yeni fənlər tədris edilir, yeni Tibb Məktəbi açılır, ali məktəbə yeni müəllimlər cəlb edilir, gənc müəllimlər fəal surətdə tədqiqatlar aparırlar, müəllimlərin əməkhaqqı artırılır. Eyni zamanda burada əyani tələbələrin sayının sürətlə çoxalması nəticəsində ilk dəfə olaraq təqaüd verilir, genişmiqyaslı quruculuq proqramı həyata keçirilir, tələbələrin sayının artması ilə əlaqədar universitet teatrı, idman və istirahət mərkəzləri olan kampusların tikintisinə başlanılır. Dövrün texnoloji nailiyyətləri ilə ayaqlaşaraq ali məktəbdə tədqiqatların idarəolunması və kompüter elmləri fənləri öyrədilir. 1986-cı ildə universitetin musiqi məktəbinin binası, 1988-ci ildə Maro kompleksi istifadəyə verilir, 1992-ci ildə Hüquq fakültəsi yeni əraziyə köçür.  2007-ci ildə universitetin Biznes Məktəbinin yeni binası istifadəyə verilir. 

 

Büdcəsi və təhsil haqqı

 

2009-2010-cu tədris ilində  Oklənd Universitetinin illik gəlirləri 843120000 Yeni Zelandiya dolları olub. Universitetin xərcləri isə həmin ildə 814583000 Yeni Zelandiya dolları təşkil edib.

Oklənd Universitetində təhsil haqqı fakültə və proqrama görə dəyişir. Bakalavr pilləsində yerli tələbələrin təhsil haqqı proqramdan asılı olaraq 4784-6983 Yeni Zelandiya dolları arasında dəyişir, tibb və cərrahiyyə üzrə təhsil haqqı isə 12274 Yeni Zelandiya dolları təşkil edir. Magistratura pilləsində yerli tələbələr ildə 5899-14105, MBA və menecment üzrə isə 24227 Yeni Zelandiya dolları ödəyir. Doktorantura pilləsində təhsil haqqının məbləği yerli tələbələr üçün ildə 5560 Yeni Zelandiya dollarıdır. Əcnəbi tələbələrin təhsil haqqı əksər proqramlar üzrə 26040 və 22200, texnika ixtisası üzrə 33600, tibb və cərrahiyyə üzrə 60720 Yeni Zelandiya dolları təşkil edir. Oklənd Universitetində əcnəbi doktorantlar üçün geniş imkanlar yaradılıb. Doktorantların təhsil haqqı ildə 30600, fəlsəfə üzrə 5560 Yeni Zelandiya dollarıdır.

Bu universitetdə təhsil alan tələbəyə təhsil haqqını çıxmaqla, əlavə xərclər üçün ildə 18000-24000 Yeni Zelandiya dolları lazım olur. Əlavə xərclərə yataqxana, qida, nəqliyyat, tibbi sığorta, kitab ləvazimatları, geyim və s. aiddir.

Oklənd Universitetində əcnəbi tələbələrə müxtəlif məbləğli ümumi universitet və konkret ölkələr üzrə təqaüdlər təklif edilir. Ölkələr üzrə verilən təqaüdlər Artinqton Devi, İkiyüzillik Çili, Çin Təqaüd Şurası, Danimarka Xaricdə Təhsil, Alman Akademik Mübadilə, NEC-Pakistan, ABŞ Federal İstiqraz təqaüdləridir. Ümumi universitet təqaüdlərinə bakalavrlar üçün Yeni Zelandiya İnkişaf, magistr və doktorantlar üçün isə Yeni Zelandiya İnkişaf, Birlik, Fulbrayt, Doktorantura, Asiya İnkişaf Bankı təqaüdləri aiddir. Tələbələr təqaüd almaq üçün ərizə ilə universitetə, əcnəbi tələbələr isə ölkələrinin Təhsil nazirliklərinə müraciət etməlidirlər.  Təqaüdlərin məbləği yerli tələbələr üçün orta hesabla 5000-15000 Yeni Zelandiya dolları arasında dəyişir.   

 

Universitet bu gün

 

Oklənd Universiteti Oklənd şəhərində və ölkənin şimalında yerləşən 7 kampusdan ibarətdir. Siti (Şəhər) kampusu Oklənd şəhərinin mərkəzində 160000 m2 ərazini əhatə edir. Kampusun limanın yaxınlığında yerləşməsi, park və yaşıllıqlarla əhatə olunması onu daha da cazibəli edir. Fakültələrin əksəriyyəti bu kampusda yerləşir. Həmçinin şəhərcikdə çoxlu sayda tibb, istirahət, idman mərkəzləri, kitabxana, kafe yerləşir. Kampusun tarixi abidələri universitetin simvolu hesab edilən Saat qülləsi, Qədim  hökumət evi və Universitet binasıdır (və ya Qədim Sinaqoq).

Tamaki kampusu Siti kampusundan 12 km aralıda Qlen İnnes şəhərətrafı qəsəbəsində 320000 m2 ərazini tutur. İdman meydançaları ilə əhatə olunan kampusda biomühafizə, əhalinin sağlamlığı, psixologiya, nitq terapiyası kursları, dövlət xəstəxanaları, kitabxanalar, fakültələrarası elmi-tədqiqat mərkəzləri yerləşir.

Epsom kampusu 74-cü Epsom Avenyuda yerləşir və Siti kampusundan buraya 10 dəqiqəlik piyada yol qət etmək lazım gəlir. Kampus 2004-cü ildə yaradılıb. Kampusda pedaqogika və sosial elmlər üzrə müəssisələr, Yeni Zelandiyada pedaqoji təhsilə aid ən böyük kitabxanalardan olan Silviya Eşton Uorner kitabxanası  yerləşir. Şəhərcikdə geniş avtomobil dayanacaqları mövcuddur.

Qrafton Tibb və Səhiyyə Xidmətləri kampusu Siti kampusunun yaxınlığında Qrafton şəhərətrafı qəsəbəsində, Oklənd şəhər xəstəxanasının qarşısında yerləşir. Kampus 1968-ci ildə Park Roudda Tibb Məktəbi kimi yaradılıb, 1995-ci ildə isə tələbə şəhərciyinə çevrilib. Burada Tibb və Sağlamlıq Elmləri, Əczaçılıq məktəbləri və Optometriya departamenti, Starşip, Nort-Şor, Midlmor və Vaykato xəstəxanaları, Filson kitabxanası, tibbi xidmət mərkəzləri və digər müəssisələr yerləşir. 

Tay Tokero kampusu şəhər mərkəzinin yaxınlığında Vranqarey ərazisindədir. Kampusda təhsil kursları təklif olunur.

Li dəniz laboratoriyası universitetin "Dəniz şəhərciyi" adlanır və Oklənd şəhərindən 100 km şimalda, Yeni Zelandiyanın şimal-şərq sahil boyu ərazisində yerləşir. Li dəniz laboratoriyasına məxsus Rodni Okakari burnu Dəniz qoruğunda diplomdansonra tədqiqatlar aparılır, dəniz həyatının öyrənilməmiş sahələri tədqiq olunur.

Manukau Oklənd Universiteti Cənubi Oklənddə Otara ərazisində yerləşir. Burada yerləşən Manukau Texnologiya İnstitutunda bir çox kurslar təklif olunur. Kampusda tələbələr üçün geniş xidmət sahələri, kitabxana, kafelər və restoranlar mövcuddur.

Oklənd Universitetində aşağıdakı fakültə, məktəb və institutlar fəaliyyət göstərir.

İncəsənət fakültəsi universitetin ən böyük fakültələrindən biridir. Fakültə Siti kampusunda yerləşsə də, onun bölmələri digər şəhərciklərdə də mövcuddur. Fakültə 50-dən çox proqram təklif edir və Antropologiya, Maori (Yeni Zelandiyada xalq) tədqiqatları, İncəsənətin tarixi, Klassik və qədim tarix, İngilis dili, Dil və dilçiliyin tətbiqinin öyrənilməsi, Kino, televiziya və media tədqiqatları, Fəlsəfə, Sosiologiya, Tarix, Siyasi tədqiqatlar departamentlərindən, Asiya Tədqiqatları, Avropa Dilləri və Ədəbiyyatları, İlahiyyat məktəblərindən, İnkişaf Problemlərinin Öyrənilməsi, Sakit okean Tədqiqatları mərkəzlərindən ibarətdir. Fakültə bakalavr, magistr, doktorluq dərəcələri, diplom və sertifikatlar verir.

Təhsil (pedaqogika) fakültəsi universitetin dördüncü ən böyük fakültəsidir və İncəsənət, dillər və savadlılıq, Təhsildə kritik tədqiqatlar, Te Puna Vananqa, Pedaqoji təhsil təcrübəsi, Məsləhətləşmə, sosial xidmət və fəaliyyət, Elm, riyaziyyat və texnologiya, Tədris, təlim və ixtisasartırma departamentlərindən, eləcə də 6 elmi-tədqiqat mərkəzindən ibarətdir.

Mühəndislik fakültəsi Yeni Zelandiyanın mühəndislik üzrə ən keyfiyyətli təhsil verən müəssisəsindən biridir. Fakültə Kimya və konstruksiya materialları, Vətəndaş və ekologiya mühəndisliyi, Elektrotexnika və hesablama texnikası, Mühəndislik elmləri, Maşınqayırma departamentlərindən, Oklənd Biomühəndislik, Yer Elmləri və Texnika institutlarından ibarətdir.  

Hüquq fakültəsində bu sahə üzrə tədqiqatlar aparılır və təcrübəli mütəxəssislər, məhkəmə hakimləri ilə sıx əlaqələr qurulur. Fakültəyə Yeni Zelandiya Ekologiya Hüququ, Biznes Hüququ elmi-tədqiqat mərkəzləri, Hüquq Tədqiqatları Fondu, Yeni Zelandiya Hüquqi və Sosial Fəlsəfə Cəmiyyəti, Hüquq Tələbə Cəmiyyəti, Sakit Okean Adaları Hüquqşünas Tələbələr Təşkilatı, Yeni Zelandiya Üçüncü Təhsil İttifaqı, "Avstraliya və Yeni Zelandiya Hüququ və Tarixi" jurnalı, Te Tai Haruru, Te Rakau Ture maori mərkəzləri aiddir.

Dəqiq elmlər fakültəsi Yeni Zelandiyanın bu sahə üzrə ən böyük fakültələrindən biridir. Fakültəyə Biologiya elmləri, Ətraf Mühitin Mühafizəsi məktəbləri, Kimya, Fizika, Psixologiya, Statistika, Kompüter elmləri, Riyaziyyat, Optometriya və görünmə elmləri, İdman və məşq departamentləri, Li dəniz laboratoriyası, 14 elmi-tədqiqat mərkəzi daxildir.

Tibb və sağlamlıq elmləri fakültəsi Qrafton kampusunda yerləşir. Fakültə daxilində Tibb, Tibb elmləri, Tibb Bacısı, Əczaçılıq, Əhalinin sağlamlığı məktəbləri, Oklənd, Saut Oklənd, Vaykato kliniki məktəbləri, Audiologiya, Anesteziologiya, Radiologiya ilə anatomiya, Kliniki əczaçılıq, Onkologiya, Epidemiologiya və biostatistika, İlkin tibbi yardım, Səhiyyə sistemi, Tibbi idarəetmə proqramları, Molekulyar tibb və patologiya, Qidalanma, Ginekologiya və mamalıq, Oftalmologiya, Sakit okean səhiyyəsi, Pediatriya, Əczaçılıq, Fiziologiya, Psixoloji tibb, Cərrahiyyə, Te Kupenga Hauora Maori departamentləri, Biomühəndislik, Liqqins, Milli Səhiyyə İnnovasiyaları institutları, 13 elmi-tədqiqat mərkəzi fəaliyyət göstərir.

Universitetin ən böyük elmi-tədqiqat müəssisələri kimi Liqqins, Oklənd Biomühəndislik, Milli incəsənət və Sənaye institutlarını qeyd etmək olar. Liqqins İnstitutunda mühüm biotibbi və kliniki tədqiqatlar aparılır. İnstitut döl və uşaq, böyümə və inkişaf, xərçəng, epigenetika və tibbin təkamülü tədqiqatları üzrə dünyada aparıcı yerləri tutur.

Oklənd Universitetinin kitabxana sistemi Yeni Zelandiyanın birinci, Avstraliyanın isə 5 ən yaxşı universitet kitabxanasıdır. Elektron resursların inkişafı üzrə kitabxana ölkədə liderdir. 5 kampus, 12 xüsusi kitabxana, 4 informasiya fondundan (Epsom, Qrafton, Keyt Edcer, Tamaki) ibarət kitabxana kolleksiyasına ümumilikdə 2203888 ədəd çap olunmuş nəşr, 6132686 elektron resurs daxildir. Universitetin Siti kampusunda Ümumi (İncəsənət, Biznes və iqtisadiyyat, Dəqiq elmlər), Memarlıq, Audiovizual, Biznes informasiya mərkəzi, Mühəndislik, Təsviri incəsənət, Devis hüquq, Musiqi kitabxanaları, Epsom kampusunda Silviya Eşton Uorner (Təhsil), Qrafton kampusunda Filson (Tibb və sağlamlıq elmləri), Li dəniz laboratoriyasında Dəqiq elmlər, Tay Tokero kampusunda Silviya Eşton Uorner (Təhsil), Tamaki kampusunda Əhalinin sağlamlığı, Dəqiq elmlər kitabxanaları fəaliyyət göstərir.

Oklənd Universitetinin kansleri formal olaraq Rocer Fransdır. Ali məktəbin əsas rəhbəri vitse-kansler Styuart Makkatçeondur. Universitetdə hazırda 4608 nəfər işçi çalışır. İşçilərin 2104 nəfərini akademik, 2504 nəfərini isə inzibati heyət təşkil edir.

Universitetdə ümumilikdə 39940 nəfər təhsil alır. Onların 29383 nəfərini bakalavr, 10557 nəfərini isə magistr və doktorantlar təşkil edirlər. Universitetdə dünyanın 93 ölkəsindən 4466 nəfər əcnəbi tələbə təhsil alır.

Oklənd Universitetində tələbələr onları qida, sosial və digər xidmətlərlə təmin edən yataqxanalarda qalırlar. Ali məktəbin məşhur yataqxanalarından OTRorke Hol, Qrafton Hol, Royal, Beynəlxalq Ev, Parnell Tələbə kəndi, 14 nömrəli Uitaker Pleys, Park-Roud tələbə mənzilləri, Hayya rezidensiyasını qeyd etmək olar. 2012-ci ildə universitetdə yeni Elam Hol yataqxanasının istifadəyə verilməsi nəzərdə tutulur. Yataqxanaların otaqları mebel və digər avadanlıqlarla təmin olunub, İnternet şəbəkəsinə qoşulub. OTRorke Hol yataqxanasında bir semestr qalmaq xərcləri 6160, 6346, bir il isə 12360, 12740, Beynəlxalq Ev yataqxanasında 5130-6160, 10300-12360, Qrafton Hol yataqxanasında 4995-5920, 9990-11840, Hayya rezidensiyasında 4080, 8190, Parnell Tələbə kəndində 4209, 8600, 14 nömrəli Uitaker Pleys yataqxanasında 4290, 8600, Royal yataqxanasında 6028-7395, 12056-14790, Park-Roud tələbə mənzillərində 4884-5830, 9768-11660 Yeni Zelandiya dolları  təşkil edir.

Universitetin nəqliyyat sistemi çox rahat və əlverişlidir. Kampuslarda hərəkət etmək üçün əsasən, avtobus, qatar, bərə və velosipedlərdən istifadə olunur. Avtobuslarda 1 gedişin qiyməti 1,70 Yeni Zelandiya dollarından başlayır. Tələbələr üçün ictimai nəqliyyatda güzəşt və endirimlər mövcuddur.

Tələbə həyatının maraqlı keçməsi üçün universitetdə müxtəlif konfranslar, festivallar, sərgilər, tamaşalar, yarışlar, oyunlar və s. mədəni tədbirlər təşkil olunur. Universitet ərazisində bu məqsədlər üçün Meydment teatrı, Qus Fişer, Corc Freyzer qalereyaları fəaliyyət göstərir. Universitetdə tələbə təşkilatları fəaliyyət göstərir, tələbə qəzet və jurnalları dərc edilir. Tələbələrə fitnes, aerobika, yoqa, rəqs və digər xidmətlər təklif edilir. Ali məktəb uğurlu idman tarixinə malikdir. Burada idmanın bütün növləri inkişaf etdirilib. Universitetin idmançıları Yeni Zelandiyanı müxtəlif beynəlxalq idman yarışlarında layiqincə təmsil ediblər.

Oklənd Universitetinin missiyası dünya arenasında yüksək nüfuz qazanmaq, fundamental tədqiqatlar həyata keçirmək, keyfiyyətli təhsil vermək, yerli, milli və beynəlxalq cəmiyyət ilə səmərəli əməkdaşlıq qurmaqdan ibarətdir. Bir əsrdən çoxdur ki, universitet cəmiyyətin inkişafına tövsiyə verən şəxslər yetişdirir. Dünyanın bir çox ölkələrini təmsil edən tələbələrin burada oxumaları ilə yanaşı, universitet istedadlı və savadlı müəllimləri də cəlb edərək işlə təmin edir.

Universitetin vitse-kansleri Styuart Makkatçeon rəhbərlik etdiyi ali məktəb haqqında deyir: "Hər gün Oklənd Universitetində yeni kəşflər edilir. Müəllim və tədqiqatçılarımız xərçəngin tədqiqatı, biznes, mədəniyyət və digər sahələr üzrə dünyada aparıcı mövqeyə malikdir. Siz də bu fəaliyyətin bir hissəsi ola bilərsiniz. Hər birinizi bizi daha yaxından tanımaq üçün Oklənd Universitetinə dəvət edirəm".

 

 

Hazırladı: Lamiyə ƏLİYEVA

 

Azərbaycan müəllimi.- 2011.- 14 yanvar.- S.16.