Təhsil Nazirliyi şöbələrinin
illik hesabatları dinlənildi
Yanvarın
7-də Təhsil Nazirliyində De-İnstitutlaşma
və Uşaqların Müdafiəsi İdarəsi, Dərslik
və nəşriyyat şöbəsinin 2010-cu ilin
yekunlarına dair hesabatları dinlənildi.
De-İnstitutlaşma
və Uşaqların Müdafiəsi İdarəsinin rəisi
Məlahət Hacıyeva öncə rəhbərlik etdiyi
qurumun yaranma zərurəti, məqsədi, strukturu və əsas
vəzifələrindən söz açdı. O qeyd etdi ki,
"Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən
uşaqların ailələrə verilməsi (de-institusionalizasiya) və alternativ qayğı Dövlət
Proqramı (2006-2015-ci illər)"nın həyata
keçirilməsi məqsədilə Təhsil Nazirliyinin nəzdində
bu idarənin yaradılması ölkəmizdə
uşaqların müdafiəsi sahəsində atılan
uğurlu addım kimi dəyərləndirilməlidir.
M.Hacıyeva
artıq müvafiq Dövlət Proqramı çərçivəsində
uşaqların ailədə yaşamaq hüququnun təmin
edilməsi və uşaqların müdafiəsi ilə
bağlı irihəcmli layihələrin icrasına
başlandığını bildirdi və bununla bağlı
məlumatı iclas iştirakçılarının diqqətinə
çatdırdı. Natiq çıxışının
sonunda Proqramın icrası ilə əlaqədar
qarşıda duran ciddi vəzifələrdən söz
açdı.
Dərslik
və nəşriyyat şöbəsinin müdiri Faiq
Şahbazlının hesabatında əməkdaşların vəzifə
bölgüsü, şöbənin ötən il
üçün təsdiq olunmuş iş planına uyğun
olaraq 3 istiqamət üzrə fəaliyyəti haqqında məlumat
verildi.
F.Şahbazlı
bildirdi ki, 2010-2011-ci tədris ilinə I, III, VI və VIII-XI
siniflər üçün nəşri nəzərdə
tutulan dərslik və dərslik komplektləri "Ümumi təhsil
sistemində dərslik siyasəti", "Azərbaycan
Respublikasında ümumi təhsilin konsepsiyası (Milli
Kurikulumu)" və "Dərsliklərin nəşri,
çapı və paylanması qaydaları"na uyğun
olaraq respublikanın mövcud şagird kontingenti, eləcə
də Gürcüstan və Dağıstanın təlim Azərbaycan
dilində olan məktəblərinin, xarici ölkələrdəki
"Bazar günü" məktəblərinin tələbatı
nəzərə alınmaqla müzakirə edilmiş,
onların siyahısı və tirajı müəyyənləşdirilmişdir.
2010-2011-ci tədris ili üçün 127 adda 4637720 ədəd
dərslik və müəllim üçün metodik vəsait
çap edilmiş, bölgü əsasında yerlərə
çatdırılmışdır.
Yanvarın
8-də Ali və orta ixtisas təhsili
və Beynəlxalq əlaqələr şöbələrinin
hesabatları dinlənildi. Öncə Ali və orta ixtisas təhsili
şöbəsinin müdiri İlham Mustafayev
çıxış edərək 2010-cu ildə Ali və orta
ixtisas təhsili şöbəsinin fəaliyyətinin əsas
istiqamətlərindən söz açdı. İ.Mustafayev
"Təhsil haqqında" Azərbaycan Respublikası
Qanununun ali və orta ixtisas təhsili müəssisələrində
tətbiqi, "2009-2013-cü illərdə Azərbaycan
Respublikasının ali təhsil sistemində islahatlar üzrə
Dövlət Proqramı"nın icrası,
"2010-2013-cü illərdə Azərbaycan
Respublikasının orta ixtisas təhsili sistemində islahatlar
üzrə Tədbirlər Proqramı"nın icrası barədə
danışdı. İ.Mustafayev öz hesabatında rəhbərlik
etdiyi şöbədə çalışan əməkdaşlar,
onların vəzifə bölgüsü, iş planları barədə
danışdı.
Şöbə
müdiri orta ixtisas təhsili müəssisələrində
tələbələrin biliyinin qiymətləndirilməsində
çoxballı sistemin (100 ballıq) tətbiqi ilə
bağlı 2009-2010-cu tədris ilində başlanan
eksperimentin 2010-2011-ci tədris ilindən bütün kollecləri
əhatə etməsi haqqında məlumat verdi.
Beynəlxalq
əlaqələr şöbəsinin müdiri Qulu Novruzov
hesabatında şöbədə çalışan əməkdaşlar,
onların vəzifə bölgüsü, iş planına
uyğun olaraq görülən işlər barədə ətraflı
məlumat verdi. Şöbənin fəaliyyət istiqamətlərindən
danışan Q.Novruzov bildirdi ki, 2010-cu ildə Təhsil
Nazirliyinin beynəlxalq əməkdaşlığı əsas
istiqamətlər üzrə həyata keçirilmişdir.
Şöbə
müdiri 2010-2011-ci tədris ilində xaricdə dövlət
xətti ilə təhsil alan tələbələrimizin 7
ölkədə sayının 789 nəfər olduğunu və
2010-2011-ci ildə Azərbaycanda təhsil alan əcnəbi tələbələrin
sayının isə 6173 nəfər olduğu və
onların dövlət xətti ilə 159, qeyri-dövlət xətti
ilə 6014 nəfər olması barədə məlumat verdi.
Ötən
il ərzində müxtəlif ölkələrdə və
Azərbaycanda çoxsaylı tədbirlərin keçirilməsindən,
eyni zamanda şöbəyə daxil olan ərizə və məktublar haqqında məlumat verən
Q.Novruzov 2011-ci ildə şöbənin qarşısında
duran vəzifələri sadaladı və verilən
sualları cavablandırdı.
Yanvarın
10-da Təhsilin idarəolunmasının
məlumat sistemləri və Elm şöbələrinin
hesabatları dinlənildi.
2010-cu
ildə görülən işləri iclas
iştirakçılarının diqqətinə
çatdıran İsmayıl Sadıqov
çıxışında rəhbərlik etdiyi TİMS
şöbəsinin yaranma tarixi, strukturu, işçi heyəti
və s. barədə məlumat verdi. Qeyd olundu ki, təhsilin
idarəolunmasının məlumat sisteminin
yaradılmasında və fəaliyyətində başlıca
məqsəd təhsili səmərəli idarə etmək və
son nəticədə təhsilin keyfiyyətini yüksəltmək,
informasiya texnologiyaları əsasında təhsilin səmərəli
idarəolunması sistemini formalaşdırmaq, təhsil
sisteminin qısamüddətli və uzunmüddətli
perspektiv üçün inkişafını
proqnozlaşdırmaqdır.
Hesabatda
daha sonra Təhsil Nazirliyinin digər şöbələri ilə
əməkdaşlıq əlaqələrindən və
"Xalq kompüteri" layihəsindən bəhs olundu və
sonda 2011-ci ildə görüləcək işlər diqqətə
çatdırıldı.
Elm
şöbəsinin müdiri Gültəkin Hüseynova
hesabatında öncə şöbənin vəzifələrindən
danışaraq bildirdi ki, bunlara ali məktəblərdə
elmi tədqiqatlar, tələbə elmi tədqiqat işi ilə
əlaqədar tədbirlərin həyata keçirilməsi,
elmi konfransların, müsabiqələrin
planlaşdırılması və təşkili, elmi-pedaqoji
kadrların hazırlanması, Elmi-Metodik Şuranın və
Respublika Elmi Pedaqoji Kitabxanasının fəaliyyətinin tənzimlənməsi,
"Təhsil xəbərləri" məlumat-informasiya məcmuəsinin
nəşrə hazırlanması daxildir. Şöbə
müdiri çıxışında bu istiqamətlərin hər
biri üzrə ötən il ərzində
görülmüş işlərdən ətraflı söz
açdı.
Hesabatdan
aydın oldu ki, 2010-cu ildə Nazirlər Kabineti ilə
razılaşdırılmış siyahıya əsasən
müxtəlif ali məktəblərdə 90 elmi və
elmi-praktik konfrans, o cümlədən 23 beynəlxalq konfrans
keçirilmişdir.
Sonra
ötən il Elm şöbəsinə daxil olan ərizə və
məktublar haqqında məlumat verildi.
Yanvarın
11-də Monitorinq və qiymətləndirmə,
İqtisadiyyat şöbələrinin hesabatları dinlənildi.
Monitorinq
və qiymətləndirmə şöbəsinin müdiri Təranə
Hacıyevanın təqdimatında şöbənin məqsədi,
vəzifələri, strukturu, fəaliyyətində rəhbər
tutulan normativ-hüquqi sənədlərdən bəhs olundu.
2010-cu
ildə görülmüş işlərdən
danışan T.Hacıyeva beynəlxalq qiymətləndirmə,
bu qiymətləndirmənin nəticələrindən istifadə
olunması, milli və məktəbdaxili qiymətləndirmə,
yoxlama və buraxılış imtahanlarının test
bankları haqqında məlumat verdi. Hesabatda daha sonra IX və
XI siniflər üzrə yekun qiymətləndirmənin və
IX siniflərdə payız imtahanının nəticələri,
imtahanlarda valideynlərin iştirakı, istifadə olunan qiymətləndirmə
vasitələrinin, şagird nailiyyətlərinin təhlili və
keyfiyyət göstəricilərindən söz
açıldı.
İqtisadiyyat
şöbəsinin müdiri Şahrza Əliyev hesabatında
görülən işlərin hüquqi bazası, əməkdaşların
vəzifə bölgüsü, şöbənin strukturu, əsas
fəaliyyət istiqamətlərini diqqətə
çatdırdı.
Ötən
il ərzində görülmüş işlərdən
danışan şöbə müdiri qeyd etdi ki, ümumilikdə 255 müəssisə,
idarə və təşkilatın hər ay üzrə
birbaşa maliyyələşdirilməsi təmin
edilmişdir. 2010-cu ildə maliyyələşdirmə işləri
ilə əlaqədar şöbədə 3919 məxaric cədvəli,
2660 xərclər smetası, kredit
açılışına dair 63 sifariş, bu məqsədlə
Maliyyə Nazirliyinə 80 məktub
hazırlanmışdır.
Ş.Əliyevin
çıxışında hesabat ilində təhsilə və
Təhsil Nazirliyinə ayrılan xərclər, tabelikdə
olan təşkilatların təhsilin ayrı-ayrı pillələri
və sahələri üzrə büdcədənkənar gəlirləri,
dövlət proqramları və xüsusi tədbirlər
üçün ayrılan vəsait barədə məlumat
verildi və növbəti illər üçün bir
sıra məsələlər üzrə görülən
işlərdən danışıldı.
Yanvarın
12-də Tərbiyə və məktəbdənkənar
müəssisələr, Akkreditasiya şöbələrinin
hesabatları dinlənildi.
Tərbiyə
və məktəbdənkənar müəssisələr
şöbəsinin müdiri Ağababa İbrahimov bildirdi ki, rəhbərlik
etdiyi şöbə məktəbdənkənar müəssisələrin
işinə və təhsil sistemində tərbiyə
prosesinin həyata keçirilməsinə rəhbərlik edir
və bu iş üçün bilavasitə məsuliyyət
daşıyır. Təhsil müəssisələrində
bütün kütləvi idman, mədəni, yaradıcı tədbirlərin
və respublika əhəmiyyətli günlərin
keçirilməsini təşkil edir.
Şöbə
müdiri təqdimatında ekologiya sahəsində təhsil və
maarifləndirmə işlərinin təşkilindən,
uşaq və yeniyetmələrin bədii, texniki
yaradıcılığının aşkar edilməsi, idman və
şahmatın inkişafı istiqamətində atılan addımlardan,
yarışlarda qazanılan uğurlardan söz açdı.
Verilən
məlumatdan aydın oldu ki, 2010-cu ildə Təhsil Nazirliyi tərəfindən
təsdiq edilmiş təqvim planına uyğun olaraq idman
növləri üzrə 24 respublika birinciliyi, 8 çempionat,
4 turnir və 66 təlim-məşq toplantısı,
ümumilikdə 102 yarış keçirilmişdir.
Akkreditasiya
şöbəsinin müdiri Həbib Zərbəliyev məlumat
verdi ki, rəhbərlik etdiyi şöbə təhsil nazirinin
müvafiq əmri ilə "Təhsil sistemində idarəetmənin
təkmilləşdirilməsi" alt-komponenti çərçivəsində
aparılan islahatlara və "Təhsil haqqında" Azərbaycan
Respublikası Qanununun 16-cı maddəsinə uyğun olaraq
yaradılmışdır. Şöbə ilk olaraq onun Əsasnaməsi,
"Təhsil müəssisəsinin akkreditasiyası
qaydaları"nın layihəsini və təhsil müəssisələrinin
statusunu (tipini və
növünü) müəyyənləşdirən
meyarları hazırlamış və təsdiqə təqdim
etmişdir.
H.Zərbəliyevin
hesabatında iş planının 5 istiqamət üzrə
müəyyənləşdirildiyi bildirildi.
Şöbə
müdiri 2010-cu ildə akkreditasiyası keçirilmiş 15 təhsil
müəssisəsindən 8-nin ali, 5-nin orta ixtisas, 2-nin isə
ilk peşə-ixtisas təhsili müəssisəsi olduğunu
qeyd etdi.
Hesabatda
2011-ci ildə lisenziya müddəti uzadılacaq və
akkreditasiyası keçiriləcək təhsil müəssisələri
haqqında məlumat verildi.
Yanvarın
13-də Kənd rayonları
üzrə ümumi təhsil və Texniki peşə təhsili
şöbələrinin hesabatları dinlənildi.
Aydın
Əhmədov rəhbərlik etdiyi şöbədə ötən
il əsas fəaliyyətin normativ-hüquqi sənədlərin
hazırlanması, araşdırma və tədqiqatlar,
istedadlı uşaq və gənclərlə iş, kurikulum
islahatı, ərizə və müraciətlərə
baxılması istiqamətlərində qurulduğunu bildirdi.
Sonra bu istiqamətlərdə həyata keçirilən tədbirlər
diqqətə çatdırıldı.
2011-ci
ildə görüləcək işlərdən söz
açan şöbə müdiri istedadlı uşaqlarla
iş üzrə müvafiq Dövlət Proqramının yerinə
yetirilməsi vəziyyətinin kollegiyada müzakirəsi, rayon
və şəhərlərdə kurikulum islahatları üzrə
"Maarifləndirmə Mərkəzi"nin yaradılması
istiqamətində əməli işlərin həyata
keçirilməsi, ibtidai siniflərdə fənn
kurikulumlarının tətbiqi vəziyyətinin öyrənilməsi,
müzakirəsi və s. tədbirlərin nəzərdə
tutulduğunu bildirdi.
Texniki
peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədovun
hesabatında öncə əməkdaşlar və onların
vəzifə bölgüsü haqqında məlumat verildi. Sonra
ayrı-ayrı istiqamətlər üzrə şöbənin
il ərzində fəaliyyətindən bəhs olundu. Verilən
məlumatdan aydın oldu ki, Dövlət Proqramı çərçivəsində
4 və 11 nömrəli Bakı peşə liseylərində əsaslı
təmir işləri başa çatdırılmış,
13, 16 və 18 nömrəli Bakı peşə liseylərinin əsaslı
təmirinə başlanmışdır. Son 20 ildə müxtəlif
peşələr üzrə ilk dəfə olaraq 9 adda dərslik
hazırlanmış, bir sıra əhəmiyyətli layihələr
həyata keçirilmiş, beynəlxalq təcrübənin
öyrənilməsi məqsədilə xarici ölkələrə
səfərlər edilmişdir.
Təqdimatın
sonunda N.Məmmədov şöbəyə daxil olan ərizə
və şikayətlərdən söz açdı və
2011-ci ildə icra ediləcək əsas tədbirləri iclas
iştirakçılarının diqqətinə
çatdırdı.
Hicran ƏKBƏROVA,
Ədalət DAŞDƏMİRLİ
Azərbaycan müəllimi.- 2011.-
14 yanvar.- S.3.