Fənn olimpiadalarının ikinci
turu keçirilib
Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, yanvarın 9-da respublika fənn olimpiadalarının rayon
(şəhər) mərhələsinin
ikinci turu keçirilib. Bakı Şəhəri üzrə
Təhsil İdarəsindən aldığımız məlumata
görə, bu turda paytaxtın ümumtəhsil məktəblərinin
1000-ə yaxın şagirdi iştirak edib. Onlar şəhər mərhələsinin I turunda
fərqlənənlərdir.
Qeyd
edək ki, olimpiadanın noyabrın 13-də keçirilmiş
ilk mərhələsində 120 min, dekabrın 5-də
keçirilmiş II mərhələsinin I turunda isə 10 minə
yaxın şagird iştirak etmişdir.
IX-XI
siniflərin şagirdləri şəhər mərhələsinin
II turunda 7 fənn - Azərbaycan dili və ədəbiyyat, Azərbaycan
tarixi, riyaziyyat, fizika, kimya, biologiya, informatika üzrə biliklərini
sınayıblar. İkinci turda məktəblilər kimya və
biologiya üzrə 8, Azərbaycan dili və ədəbiyyat,
Azərbaycan tarixi fənləri üzrə 23 nömrəli məktəblərdə,
riyaziyyat, fizika və informatikadan isə 160 nömrəli
klassik gimnaziyada yarışıblar.
Qeyd
edək ki, nəticələr yanvarın 25-nə kimi müəyyənləşdirilib
Təhsil Nazirliyinə təqdim ediləcək. Məktəblilərin
fənn olimpiadasının respublika turunun isə mart ayında
keçirilməsi nəzərdə tutulub. Onu da nəzərə
çatdıraq ki, bilik yarışının respublika turunda
qalib gələcək XI sinif şagirdləri Təhsil Nazirliyinin
qərarı ilə mərkəzləşdirilmiş test
imtahanından azad ediləcəklər.
Y.ƏLİYEV
Azərbaycan müəllimi.- 2011.-
14 yanvar.- S.1.