SSRİ-nin həbsxana və düşərgələr şəhəri

 

Maqadana 10 mindən çox azərbaycanlı sürgün olunub

 

Onun Rusiyanın Maqadan Vilayət Daxili İşlər İdarəsinin Xüsusi Fondlar və İnformasiya Mərkəzində tədqiqatlar apararaq sürgunə məruz qalmış soydaşlarımızın buradakı son aqibəti barədə məlumatlar topladığını eşitmişdik. Bu günlər isə onunla redaksiyamızda görüşüb, tanış olduq.

Öyrəndik ki, həmkarımız olan Əsgərov Binnət Hümbət oğlu 1954-cü ildə Ermənistanın Vedi rayonunun Xalisa kəndində dünyaya göz açıb. Kəndlərindəki orta məktəbi bitirib. Bir müddət "Sovet Ermənistanı" qəzetində linotibçi kimi çalışıb. 1981-ci ildən isə mətbuatda fəaliyyətə başlayıb.

1988-ci il hadisələrindən sonra "Kommunist" nəşriyyatinda (indiki "Azərbaycan") çıxan ermənicə "Kommunist", sonra isə "Azərbaycan" qəzetlərində çalışıb.

Binnət Əsgərov 2008-ci ildən başlayaraq Maqadan vilayətində keçmiş həbs düşərgələrinin yerləşdiyi ünvanlarda olub, düşərgə və barakların bu günə qədər qalan qalıqlarının şəkillərini çəkərək, həmin düşərgələr haqqında zəngin məlumatlar toplayıb. Eyni zamanda Stalinin ölümündən sonra verilmiş amnistiyaya əsasən bəraət alıb (Maqadanı tərk etməmək şərti ilə) burada qalıb, ailə qurub yaşayan bəzi soydaşlarımızın övladları və ya nəvələri ilə görüşüb, əldə etdiyi materiallar əsasında maraqlı yazılar hazırlayıb.

O, həm də İnformasiya Mərkəzindən aldığı cavablara əsasən həmin düşərgələrdə olmuş soydaşlarımızın siyahısını tərtib edib.

Bu nömrəmizdən başlayaraq B.Əsgərovun Maqadan həbs düşərgələri və bu düşərgələrdə sürgün həyatı yaşamış soydaşlarımızın aqibəti barədə yazılarını dərc etməyə başlayırıq.

Vaxtilə SSRİ-nin hər yerindən sürgün edilib bura gətirilən dustaqlar kimi məni də sərt şaxtası, soyuqu ilə qarşıladı məşhur Maqadan şəhəri. Fərqimiz onda idi ki, onları Oxot dənizinin bomboş sahilində yeni yaradılmış Naqayev buxtasında silahlı gözətçilər, məni isə aeroportda qardaşım gözləyirdi. Adamın gözlərinə qarı çırpan külək güclü olduğu qədər də soyuq və şaxtalı idi. Belə küləyə "purqa" deyirlər. İlk baxışda bu yerlərdə insanın məskən salıb yaşaması qeyri-mümkün görünür. Amma hələ 1929-cu ilə qədər bu vilayətə 12 minə qədər çukça, 3 minə yaxın isə eskimos köçürülmüşdür.

Bu vilayətin ərazisi bir çox dövlətlərin ərazisindən böyükdür. Burada havanın hərarəti mənfi 50-60 dərəcəyə qədər olur. Bax, elə Maqadan şəhəri məhz belə bir şəraitdə tikilib. O zaman dustaqların əl mişarı, lom və əl arabası ilə inşa etdikləri üç və beşmərtəbəli evlərdən bu gün də istifadə edilir. İlk taxta barakların tikilməsindən uzun illər keçməsinə baxmayaraq, şaxta bu taxtaları çürüməkdən qoruya bilib. On minlərlə "xalq düşməni"nin son dəfə gördüyü məşhur Naqayev buxtası (indiki Maqadan) sahilində tikilən ilk kiçik baraklar bu gün də azad insanları buranin sərt şaxtasından qoruyur. Bu ərazidə bəzi yerlərin adları kilometrlərlə deyilir: 5-ci kilometr, 6-cı kilometr, 10-cu kilometr və s. Bu kilometrlərin hər birində ayrıca kiçik bir düşərgə olub.

Milyonlarla insanın xatirəsində SSRİ-nin ən böyük həbsxana və düşərgələr şəhəri kimi həkk olunmuş Maqadan Uzaq Şərqdə, Oxot dənizinin sahilində yerləşir.

Buranın torpağı qızıl, gümüş və metallarla zəngin olub

Hələ 1928-ci ildə Yuri Aleksandroviç Bilibinin və Tsareqradskinin rəhbərlik etdiyi geoloqlar dəstəsi Oxot dənizinin sahilinə çıxaraq burada axtarışlar aparmağa başlayıb və kəşfləri barədə mərkəzə məlumatlar veriblər. Ekspedisiya ilk dəfə bu sahilə Maqadandan 50-60 kilometrlik məsafədə yerləşən Ola yaşayış məntəqəsinə ayaq basıb. Onlar uzaqdan diqqəti cəlb edən yan-yana dayanmış şiş uclu iki qayanın yanına çıxıblar. Qayaların aşağısında Bilibinin dəstəsinin nə vaxt buraya çıxması barədə məlumat yazılmış bir lövhə var. Qeyd edək ki, hələ o vaxt onun bu ərazi haqqında mərkəzə verdiyi fantastik məlumatlar həqiqətən də özünü doğrultdu. Buranın torpağı qızıl, gümüş və bir çox əlvan və qara metallarla zəngin olub. Bu təbii sərvətlərin əldə edilməsi məqsədilə 1932-ci ildə Ümumittifaq Kommunist (bolşevik) Partiyası (ÜK(b)P) Əmək və Müdafiə Şurasının qərarı ilə Uzaq Şərqdə fəaliyyət göstərəcək "Dalstroy" tresti yaradıldı.

Mən Maqadandakı A.S.Puşkin adına elmi-kütləvi kitabxanada əldə etdiyim məlumatlardan belə nəticəyə gəldim ki, sərt iqlim şəraitinə görə yaşanması çətin olan bu yerdə kənd, qəsəbə və şəhər salınmasının səbəbi elə Bilibinin və onun müavini Tsareqradskinin kəşfi olan qızıl yataqlarıdır.                                          

1929-cu ildə bir iş icraçısı, bir onbaşı və 35 nəfər fəhlə ilə bu gün Naqayev adlanan Şərqi-Even Kultur Bazasının tikintisinə başlanılıb. Naqayev limanının yerinin seçilməsi isə yerli əhalinin və Şimal dənizçilərinin məsləhəti ilə olub. Onlar burada yaşayış evləri də tikməyə başlayıblar. Amma onların inşa etdikləri liman qurğuları dözməyib dağılıb. Gələn gəmilərin yükünü isə buzun üstünə boşaldaraq dartıb sahilə daşıyıblar. Nəhayət ki, bu çətinliyi aradan qaldırmaq üçün kömək göndərilib. Bu barədə Naqayev qəsəbə sovetinin ilk sədri İ.E.Koçnevin dediklərini tanınmış tarixşünas Aleksandr Biryukov belə qələmə almışdır:

"Kalımın fəth edilməsi üçün xeyli qızıl əsgər gəlmişdi. Yadımdadır, buxtada yeddi gəmi dayanmışdı. Onlara həm ərzaq, həm də lazımi avadanlıqlar gətirmişdi. Gəmilərdən yüklərin boşaldılması çox çətin şəraitdə həyata keçirilirdi. Qəsəbə soveti də onlara kömək edirdi. Əsgərlərin bir hissəsi sahildə ağac və kolları təmizləyib özləri ilə gətirdikləri çadırları qururdular. Bu çadırlar ayrı- ayrı rəngdə olduğuna görə bura böyük, alabəzək bir şəhərciyə bənzəyirdi".

1930-cu ildə Stalin "Kalım yolu"nun təcili və az bir vaxtda çəkilməsi haqda xüsusi əmr verdi. Bütün dövlət idarələri, Xalq Daxili İşlər Komissarlığı, xüsusilə güc strukturları, təbliğat-təşviqat komitələri bu sahəyə cəlb edildilər.                                 

 

Məşhur "Dalstroy" təşkilatı 

 

1932-ci ildə Naqayev buxtasına "Saxalin" adlanan gəmi yan aldı. Bu gəmi buraya "Dalstroy"un ilk direktoru E.P.Berzini və dustaq dəstəsini gətirmişdi. Bu dustaqlar adı indi də ürək ağrısı ilə çəkilən Kalım yolunun və yolboyu mədənlərin ilk inşaatçıları və qurbanları idilər.

Maqadanda tez bir zamanda üçmərtəbəli baraklar və həbs düşərgələri ilə yanaşı, "Dalstroy" və USTVİL (Şimal-Şərq Həbs Düşərgələri İdarəsi) yerləşdirildi. Beləliklə, Maqadan Kolım vilayətinin paytaxtı oldu. O zaman burada bir nömrəli həbsxana da vardı. Betondan tikilmiş bu bina çox da böyük deyildi. Xüsusi gizli şöbənin qərarı ilə dustaqlar bu binada güllələnirdilər. Bu gün həmin binada Vilayət Duması fəaliyyət göstərir.

"Dalstroy" SSRİ Xalq Daxili İşlər Komissarlığının tərkibində tamamilə qapalı bir təşkilat idi. Bu təşkilatın tərkibində Şimal-Şərq Həbs Düşərgələri İdarəsi (USTVİL), Xüsusi gizli şöbə (OSO), Gücləndirilmiş rejimli rota (RUR), Cərimə izolyatoru (ŞİZO), Gizli siyasi şöbə (SPO) və digər şöbələr fəaliyyət göstərirdi.Yeri gəlmişkən , arxiv materiallarından bir neçəsi ilə sizi də tanış etmək istəyirəm: "...Daxili həbsxananın müdiri Kuzmenkova. Xalq Daxili İşlər Komissarlığı Uzaq Şərq Komissarlığı İdarəsi tərəfindən təsdiq edilmiş qərarı yerinə yetirin. Aşağıdakı dustaqları güllələyin. (Protokol N 20 və 21). 3 dekabr 1937-ci il" və ardınca 128 nəfərin adı və soyadı göstərilir. Və yaxud

"...XDİK-nın 3-cü şöbəsinin müdiri dövlət təhlükəsizliyi leytenantı yoldaş Bondarenkoya. XDİK-nın Uzaq Şərq Komissarlığının təsdiq etdiyi qərar yerinə yetirilsin. Sizə təklif olunur ki, aşağıda adları göstərilənlər güllələnsin. 22 oktyabr 1937". Bu qərarda 268 nəfərin adı göstərilib.

1937-ci il 25 oktyabrda Maqadandan mərkəzə verilən məlumat:

"Üçlükdə" işlərinə baxılmaq üçün cəmi 2348 nəfərin işi verilib. Onlardan ölümə məhkum olunanlar 1950 nəfərdir, trotskiçi fəaliyyətinə görə-628, əksinqilabi fəaliyyətinə görə-433, terror-69, üsyançı-48, casusluq-74, banditizim-219, diversiya-10, qaçış-102, sosial təhlükəli elementlər-84, oğurluq, basqınçılıq-138, ziyanvericilik-14, vətənə xəyanət-18, quldurluq-24, sərhədi qanunsuz keçmə-7, ölüm-8, xuliqanlıq-13, pasport rejimini pozma-6, başqa cinayətlər-53. Bəzi əmrlərdə isə ölümə məhkum olunanların siyahısı ümumiyyətlə göstərilmir. Əmrin sonunda sadəcə "siyahıya əsasən" sözləri yazılır.

 

"QULAQ"ın dustaqları siyahısında azərbaycanlıların sayı 10599 nəfər olub

 

Maqadan şəhərindəki Puşkin adına kitabxanada "Za nami pridut korabli" kitabını vərəqlədim. Bu kitabda bəraət qazanmış 28 nəfər həmyerlimizin adını oxudum. Bəs qalanları? Axı mənim də yaxşı yadımdadır, atam danışırdı ki, o zaman hər kənddən ən azı 3-4 nəfər bu "gedər-gəlməzə" göndərilirdi. Deyirdi ki, qara maşın gecələr gəlib adamları evindən səssiz-səmirsiz aparırdı. Bu maşınla aparılanlar bir  daha geri dönmürdülər. Təəssüf doğuran cəhət odur ki, həmin insanların doğmaları və ya qohumları onların reabilitasiyası üçün indiyə qədər heç bir yerə müraciət belə etməyiblər. Mən isə bu sətirləri elə həmin "gedər-gəlməz" deyilən yerlərdən birində-Maqadanda yazıram.

Burada isə yalnız ruslar və azərbaycanlılar deyil, həm də SSRİ-nin qardaş xalqlarının hamısının nümayəndələrindən başqa xarici dövlətlərin xalqlari da var idi. Maqadan vilayətində mənə hədiyyə olunmuş kitablardan birində yazılıb:

"1940-cı il aprelin 1-nə olan məlumata görə, "QULAQ"ın dustaqlarının ümumi sayı 1300000 nəfər olub. Siyahıya xüsusi göndərişlə aparılanlar salınmayıb. Bu dustaqlar Avropa, Asiya və Amerika ölkələri vətəndaşları idilər. Həmin həbs düşərgələri və həbsxanalarda saxlanılan dustaqlardan: 767553-ü rus, 179951-i ukraynalı, 45623-ü belarus, 26175-i tatar,    25040-i özbək, 21301-i qazax, 20820-i yəhudi, 18149-u alman, 15621-i polyak, 11122-i gürcü, 10858-i erməni, 10599-u azərbaycanlı, 9855-i türkmən, 4034-ü çinli, 2808-i qırğız, 2707-si koreyalı, 2601-i eston, 2994-ü fin, 1891-i buryat, 1475-i iranlı, 1009-u litvalı, 389-u rumın, 334-ü əfqan, 128-i monqol və 20 nəfəri yapon idi.

Əlavə olaraq 41706 nəfər isə başqa xalqların nümayəndələri olub. 11457 dustağın isə şəxsi işində hansı millətdən olduğu yazılmayıb.

1940-cı ilin məlumatına görə, SSRİ Xalq Daxili İşlər Komissarlığının Düşərgələr üzrə Dövlət İdarəsi (QULAQ) dustaqlarının 1261029 nəfəri SSRİ vətəndaşı, 4136 nəfəri başqa dövlətlərin vətəndaşları, 4620 nəfərin isə haradan olduğu onların şəxsi işlərində qeydə alınmayıb. (David Rayzman. "Dalstroy"un xarici könülsüzləri", səh. 16. Maqadan "Noosfera", 2009.)

Bu insanların düşərgə və ya həbsxana qanunları ilə yaşamalarına baxmayaraq, həbs düşərgələrində kitabxana və mədəniyyət evləri də olub. Bu mədəniyyət evlərində konsert proqramları və teatr tamaşaları nümayiş olunub.

Mən Maqadan Dövlət Arxivində, soydaşlarımız Maqadan orta məktəbinin direktoru olmuş Seyidova Asiya Keyqubad qızının şəxsi işindən başqa daha bir mədəniyyət işçisi Əzizov Ənvər Əziz oğlunun da şəxsi işinə rast gəldim. O, 1921-ci ildə Aşqabadda  dünyaya gəlib. Aşqabaddakı Azərbaycan Dram Teatrının artisti olub. 1947-ci il martın 25-də Kalıma dustaq kimi gətirilib. Maqadanın Estrada teatrında çıxış edib. 1951-ci il noyabrın 2-də həbsdən azad edilib. M.Qorki adına Maqadan Musiqili Dram Teatrında balet artisti kimi qeydə alınıb. Bir neçə tamaşada müvəffəqiyyətlə çıxış edərək tamaşaçıların və rəhbərliyin rəğbətini qazanıb. 1952-ci ilin yayında isə vətəninə qayıdıb.

Maqadan Musiqili Dram Teatrında isə öyrəndim ki, teatrın 1950-1951-ci il repertuarında Üzeyir Hacıbəyovun "Arşın mal alan" komediyası tamaşaya qoyulub və böyük anşlaqa səbəb olduğundan başqa qəsəbələrdə də oynanılıb. Tamaşanın rejissoru Q.Sinelnikov, rəssamı L.Veqener olub.

 

 

 Azərbaycan müəllimi.- 2011.- 14 yanvar.- S.19.