Azərbaycanın Milli Qəhrəmanları

 

Nəsirov Yalçın Canhəsən oğlu              

 

1976-cı il yanvarın 23-də Astara rayonunun Sərək kəndində anadan olub. 1992-ci ildə orta təhsilini başa çatdıraraq rayonda sürücü peşəsinə yiyələnib. 1994-cü ildə Astara Rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına çağırılıb. O, 2 ay daxili qoşunların tərkibində təlim keçdikdən sonra hərbi xidmətini Şamaxı və Tərtər rayonlarında davam etdirib.

1995-ci il martın 13-dən 17-ə kimi dövlət çevrilişinə cəhdin qarşısının alınmasında iştirak edib. Bu ərəfədə bir dəstə hakimiyyət hərisi dövlət çevrilişinə can atırdı. Bunun qarşısı vaxtında alınmasaydı, ölkə ağır fəlakətlərə düşə bilərdi. Həmin vaxt çağırışa tabe olmayan bu dəstə öz çirkin əməllərini həyata keçirmək üçün silaha əl atıb. Yalçının xidmət etdiyi alayın əsgərləri bu qarşıdurmanı yatırmaq üçün hadisə yerinə göndərilib.

Y.Nəsirov martın 17-dən 18-ə keçən gecə ağır yaralanır. Onu Sabunçu rayon xəstəxanasına çatdırsalar da, çoxlu qan itirdiyindən həyatını xilas etmək mümkün olmur. Martın 24-də dünyasını dəyişir.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 nömrəli Fərmanı ilə Nəsirov Yalçın Canhəsən oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Anadan olduğu Sərək kəndində dəfn olunub. Sərək kənd orta məktəbi onun adını daşıyır. Astara rayonundakı "Qəhrəmanlar bağı"nda büstü qoyulub.

 

Nəsrəddinov Rafiq Hüseyn oğlu

 

1961-ci il martın 18-də Bakı şəhərində dənizçi ailəsində anadan olub. 1978-ci ildə Nərimanov rayonundakı 39 nömrəli orta məktəbi bitirib, 1979-cu ildə hərbi xidmətə çağırılıb. 1981-ci ildə tank qoşunlarında hərbi xidmətini başa çatdırdıqdan sonra Azərbaycan Dövlət Universitetinə daxil olub. 1987-ci ildə universiteti "əla" qiymətlərlə bitirdikdən sonra Su Təsərrüfatı İnstitutunda mühəndis vəzifəsinə təyin edilib.1992-ci ildə Milli Ordu sıralarına çağırılıb və cəbhəyə yollanıb. O, Ağdərə rayonunun erməni işğalçılarından təmizlənməsində yaxından iştirak edib. Baş leytenant rütbəsinə yüksələn Rafiq aparılan  bütün döyüş əməliyyatlarında xüsusi fədakarlıq göstərib.

R.Nəsrəddinov 1992-ci il sentyabrın 6-da Ağdərə rayonunun Qızılqaya kəndində gedən qeyri-bərabər döyüşdə son nəfəsinədək vuruşub və qəhrəmancasına həlak olub.

Ailəli idi. İki övladı var.

Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 nömrəli Fərmanı ilə baş leytenant Nəsrəddinov Rafiq Hüseyn oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Bakı şəhərində Şəhidlər xiyabanında dəfn olunub. Təhsil aldığı 39 nömrəli orta məktəb onun adını daşıyır. Məktəbdə büstü qoyulub. Yaşadığı binanın önünə  xatirə  lövhəsi  vurulub.

 

Nəcəfov Yunis İsa oğlu

 

1967-ci il avqustun 31-də Kəlbəcər rayonunda anadan olub.1985-ci ildə Goranboy rayonunun Qarqucaq kənd orta məktəbini bitirib. Bakı Hərbi Komandirlər Məktəbinə daxil olub. İkinci kursdan sonra təhsilini Çelyabinsk Tank Məktəbində davam etdirib. 1989-cu ildə leytenant rütbəsi aldıqdan sonra oradakı hərbi hissələrdən birində qulluq etməyə başlayıb. 1990-cı ildə Bakıya gələrək Biləcəri Dəmiryol İdarəsində çalışıb. Yunis 1991-ci ildə könüllü olaraq cəbhəyə yollanıb. 701 nömrəli hərbi hissədə bölük komandiri kimi xidmətə başlayıb. Kərkicahan, Malıbəyli kəndlərinin, Şuşa şəhərinin erməni işğalçılarından müdafiəsində iştirak edib. O, bir leytenant kimi bütün döyüşlərdə üzərinə  düşən  vəzifələri məsuliyyətlə yerinə  yetirib.

Y.Nəcəfovun son döyüşü Kəlbəcərin kəndlərinin müdafiəsi zamanı olub. 1992-ci il avqustun 24-də həmin kəndlərdə erməni işğalçılarına qarşı gedən gərgin döyüşlərdə qəhrəmancasına həlak olub.

Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 nömrəli Fərmanı ilə baş leytenant Nəcəfov Yunis İsa oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Goranboy rayonunun Qarqucaq kəndində dəfn olunub. Goranboy rayonunda və Biləcəri qəsəbəsində büstü qoyulub.

 

Nəcəfov Fəxrəddin Vəliyəddin oğlu

 

1967-ci il martın 31-də Bakı şəhərində anadan olub. 1984-cü ildə paytaxtın Nəsimi rayonundakı 19 nömrəli orta məktəbi bitirib Bakı Çini Qablar Zavodunda əmək fəaliyyətinə başlayıb. Bir il sonra hərbi xidmətə çağırılıb. Arxangelsk vilayətində xidmətini yerinə yetirdikdən sonra Vətənə qayıdıb. DİN-in Yanğından Mühafizə İdarəsində işə qəbul olunaraq, 1988-ci ildə nazirliyin təqdimatı ilə Xarkov Yanğından Mühafizə Ali Hərbi Məktəbinə göndərilib. Fəxrəddin təhsilini başa çatdırdıqdan sonra 1990-cı ildə 14 nömrəli Yanğından Mühafizə İdarəsində qarovul rəisi vəzifəsinə təyin olunub. 1991-ci ildə Vətənin müdafiəsi üçün könüllü olaraq Qarabağ cəbhəsinə yollanıb. İlk döyüşə Goranboy rayonundan başlayan Fəxrəddin 1992-ci ildə Ağdam cəbhəsində hərbi hissələrdən birinə bölük komandiri təyin edilib. Ağdamın Canyataq Gülyataq kəndlərində gedən döyüşlərin birində öz dəstəsi ilə mühasirəyə düşsə , yüksək taktika nəticəsində mühasirədən çıxıb.

F.Nəcəfov 1992-ci il sentyabrın 4-də Ağdərənın Çıldıran kəndi istiqamətində gedən döyüsdə qəhrəmancasına həlak olub.

Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 nömrəli Fərmanı ilə Nəcəfov Fəxrəddin Vəliyəddin oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Bakı şəhərində Şəhidlər xiyabanında dəfn olunub. Nəsimi rayonundakı 266 nömrəli orta məktəb onun adını daşıyır. Məktəbin həyətində büstü qoyulub.

 

Niftəliyev Cəmil Səmədxan oğlu

 

1968-ci il oktyabrın 5-də Yardımlı rayonunun Şəfəqli kəndində anadan olub. Orta təhsilini paytaxtın Qaradağ rayonundakı 233 nömrəli məktəbində başa çatdıraraq, 1986-cı ildə hərbi xidmətə çağırılıb. Dörd ay Özbəkistanda snayperlik kursu keçdikdən sonra Əfqanıstana göndərilərək, atıcı batalyonunda xidmət edib. Döyüşlərdə göstərdiyi şücaətə görə medal fəxri fərmanlarla təltif edilib. 1989-cu ildə ordudan tərxis olunub Vətənə döndükdən sonra DİN-in Səbail Rayon Yanğından Muhafizə İdarəsində çalışmağa başlayıb. Ermənilər torpaqlarımıza basqın etdikləri zaman  C.Niftəliyev silaha sarılaraq Vətənin müdafiəsinə qalxıb. 1992-ci il martın 10-da Ağdam bölgəsində gedən döyüşlərdə erməni işğalçılarına qarşı rəşadətlə vuruşub.

C.Niftəliyev 1992-ci il martın 29-da Ağdamın Şelli kəndində gedən ağır döyüşlərdə qəhrəmancasına həlak olub.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 nömrəli Fərmanı ilə Niftəliyev Cəmil Səmədxan oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Bakı şəhərində Şəhidlər xiyabanında dəfn olunub. Vaxtilə təhsil aldığı 233 nömrəli orta məktəb və Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən gəmisi Milli Qəhrəmanın adını daşıyır.

 

 

Milli Qəhrəmanlar Beynəlxalq İnformasiya Mərkəzinin materialları əsasında hazırladı:

 

Ədalət DAŞDƏMİRLİ

 

Azərbaycan müəllimi.- 2011.- 20 yanvar.- S.24.