Azərbaycan
dilçilik elminin yaradıcılarından biri
Ana dilinə
sonsuz məhəbbətlə yaşanmış ömür
sahibi
Ötən əsrin
başlanğıcında - 1900-cü ildə Cənubi Azərbaycanda,
Mərəndin Zunuz qəsəbəsində fəhlə ailəsində
dünyaya gəlmiş Muxtar Hüseynzadə 13 yaşında
Şimali Azərbaycana gəlmiş, Allahverdi və Gədəbəy
mis mədənlərində, 17 yaşında isə Tbilisidə
müxtəlif müəssisələrdə fəhlə
işləmişdir. 1920-ci ildə Gəncəyə
köçmüşdür. Gəncədəki
fəhlə fakültəsini bitirdikdən sonra savad
kurslarında və ibtidai məktəbdə dərs demişdir.
Sonra Bakıya gəlmiş, Azərbaycan Dövlət
Universitetinin Şərq fakültəsinə daxil olmuş,
1931-ci ildə oranı bitirmişdir. 1933-1936-cı
illərdə APİ-nin aspiranturasında oxumuş, eyni zamanda
universitetdə və institutlarda Azərbaycan dilindən kurs
aparmışdır. 1935-ci ildə pedaqoji
institutun nəzdində açılmış ikiillik müəllimlər
institutunda dil-ədəbiyyat fakültəsinin dekanı vəzifəsinə
təyin edilmişdir. 1936-cı ildən
1941-ci ilə qədər Azərbaycan Dövlət Qiyabi
Pedaqoji İnstitutunda dil-ədəbiyyat kafedrasının müdiri
vəzifəsində işləmişdir.
M.Hüseynzadə 1951-ci ildən
ADU-nun (indiki BDU) Ümumi dilçilik kafedrasının
müdiri, 1953-1958-ci illərdə eyni zamanda filologiya fakültəsinin
dekanı olmuşdur. 1952-ci ildən 1955-ci ilədək Azərbaycan
SSR EA Nizami adına Dil və Ədəbiyyat
İnstitutunda əvəzçiliklə müasir Azərbaycan
dili şöbəsinin müdiri işləmişdir.
1946-cı ildə "Müasir Azərbaycan
dili" mövzusunda namizədlik dissertasiyasını
müdafiə edən M.Hüseynzadə 5 il
sonra yekdilliklə həmin kafedranın müdiri
seçilmişdir. Azərbaycan dilçiliyinin
yaradıcılarından olan, mənəvi keyfiyyətləri
ilə yalnız "tarixi xidmətlərinə görə
deyil, intellektinə, müəllimliyinə, milliliyinə... (və şəxsiyyətinə!) görə universitet dilçilərinin
önündə gedən Muxtar Hüseynzadə" (N.Cəfərov)
iyirmi iki ildən sonra tələbələrinin təkidi ilə
doktorluq dissertasiyasını müdafiə etmişdir.
Çox maraqlı və orijinal
faktdır; artıq o, professor seçilmişdi, əməkdar
elm xadimi idi. Söz birləşmələrinin tədqiqi
sahəsində
araşdırmaları ilə seçilən alimin
"Müasir Azərbaycan dili" əsəri filoloq tələbələr,
aspirant və magistrantlar, tədqiqatçılar
üçün stolüstü kitabdır, Dövlət
mükafatına layiq görülüb.
Muxtar Hüseynzadənin Məmmədağa
Şirəliyevlə birlikdə yazdıqları orta məktəblərin
yuxarı sinifləri üçün "Azərbaycan
dili" dərsliyi yarım əsrdən çox şagirdlərə
dilimizin qrammatikasını öyrənməkdə əsas
kitab olmuşdur. 40-a qədər əsərin müəllifi
olan M.Hüseynzadənin aşağıdakı kitabları
var: "Müasir Azərbaycan dili", "Müasir Azərbaycan
dilində təyini söz birləşmələri",
"Təktərəfli və mürəkkəb təyini
söz birləşmələri".
85 il ömür
sürmüş görkəmli alim Azərbaycan dilçi
alimlərinin yetişməsində əsl ustad kimi, obyektiv və
prinsipial elmi rəhbər tək böyük əmək sərf
etmişdir. Yetirmələrinin xatirələr
dünyasında hörmət və ehtiramla yad olunan,
yaddaşlarda "mərd, prinsipial insan", "əsl
müəllim" tək özünə əbədi heykəl
ucaltmış Muxtar Hüseyn oğlunun elmi-nəzəri irsi,
pedaqoji ustalığı, bir insan, bir vətəndaş kimi
xüsusiyyətləri aşağıdakı yazılarda -
müsahibələrdə təsvir, təqdim və təsdiq
olunur.
Elmi rəhbərim
haqqında söz
Yusif SEYİDOV, əməkdar
elm xadimi, Bakı Dövlət Universitetinin kafedra müdiri,
professor
Muxtar Hüseynzadə geniş bilik
dairəsinə malik filoloq alim idi.
XX əsr Azərbaycan dilçiliyi tarixinə
ekskurs edən hər kəs 1930-cu illərin sonlarından bu
elmin formalaşması və tədrisində üç alimin
adının ilk planda dayandığını görəcəklər:
Məmmədağa Şirəliyev, Əbdüləzəl Dəmirçizadə
və Muxtar Hüseynzadə. Onlar məşhur filoloq alim, professor Bəkir Çobanzadənin istedadlı
tələbələri olmuşlar.
Bu şəxslər dövrün tələbinə
görə həm orta məktəblər üçün dərsliklər
yazır, həm ali məktəblərdə
dərs deyir, həm də tədqiqat işləri ilə məşğul
olurdular. Elə bu yol onların
üçünü də elmin zirvəsinə apardı,
üçü də elmlər doktoru, əməkdar elm xadimi,
professor və kafedra müdiri oldular, müxtəlif elmi
mövqelərə çatdılar.
Bu dilçi alimlərin hər birinin
konkret tədqiqat obyekti var idi və hər biri öz sahəsi
üzrə onlarca mütəxəssis yetişdirdi. Bugünkü Azərbaycan dilçilərinin, demək
olar ki, hamısı onların yetirmələridir. Onların ənənələri indi də davam edir,
əsərləri oxunur, dərsliklərindən istifadə
olunur.
Professor M.Hüseynzadə müasir Azərbaycan
dili məsələləri ilə, xüsusən, qrammatika məsələləri
ilə məşğul olurdu. Onun
əvvəlcə dərs vəsaiti, sonralar dərslik qrifi ilə
dörd dəfə nəşr edilən "Müasir Azərbaycan
dili. Morfologiya" əsəri Dövlət
mükafatına layiq görülmüşdür. Təyini söz birləşmələri problemi
üzrə apardığı tədqiqatları təkcə
Azərbaycan dilçiliyində deyil, ümumən
türkologiyada bu sahədə yeganə elmi araşdırma
idi. Bu tədqiqatlar elə o zamanlar göstərirdi
ki, dilin semantik çalarlarını bütün dərinliyi
ilə duymaq və bunların qrammatik kateqoriyaların daxilində
təzahürlərini vermək türkologiya üçün
yeni elmi hadisə idi. Elə bu tədqiqatların
nəticələri onu yüksək səviyyəli doktorluq
müdafiəsinə gətirdi. Yeri gəlmişkən
qeyd edim M.Hüseynzadə yeganə alimlərdən idi ki,
doktorluq dissertasiyasının müdafiəsinə qədər,
elmi və pedaqoji nailiyyətlərinə görə professor
elmi adına və əməkdar elm xadimi
kimi yüksək fəxri ada layiq görülmüşdü.
1960-cı illərin ortalarına qədər
Azərbaycan Dövlət Universitetində (indiki BDU-da)
Ümumi dilçilik kafedrası deyilən yeganə bir
dilçilik kafedrası var idi. Hazırda müxtəlif adlarla
fəaliyyət göstərən dilçilik kafedraları həmin
kafedranın bazasında yaranmışdır. M.Hüseynzadə uzun zaman həmin kafedraya rəhbərlik
etmiş və dilçi kadrlarının yetişməsində
əvəzsiz rol oynamışdır. Mən və mənim kimi onlarca
dilçi Muxtar müəllimin yetirmələriyik. Muxtar müəllim böyük alim və
böyük pedaqoq idi - bu məlumdur, bunu ziyalıların
hamısı bilir. Muxtar müəllim həm
də böyük şəxsiyyət idi, böyük Azərbaycanlı
idi. Doktorluq dissertasiyası hazır
olduğu halda, müdafiə etmirdi ki, kafedranın üzvləri
yetişsinlər, müdafiə etsinlər. Kafedra üzvlərinin, xüsusən vaxtilə onun tələbələri
və aspirantları olan müəllimlərin hər bir
uğuru onun sevincinə səbəb olardı. Belə hallarda onun gözlərində sevinc
yaşlarını görmüşəm. Bir faktı qeyd etmək istəyirəm. Mən Muxtar müəllimin tələbəsi
olmuşam. Birinci kursdan dördüncü
kursa qədər mənə həm ümumi, həm də
xüsusi kurslarda dərs deyibdir. Mənim
diplom rəhbərim olubdur. Diplom müdafiəsində
yaranan münaqişədə məni qoruyub. 1952-ci
ilin payızında (biz həmin ilin iyununda universiteti
bitirmişdik) ADU-da dilçilik üzrə bir aspirant yeri elan
olunmuşdu, daxil olmaq istəyənlər var idi. Muxtar
müəllim məni məsləhət bildi və məhz buna görə
heç kəs ora yaxın düşməyə cəsarət
etmədi və mən Muxtar müəllimin aspirantı oldum, onun rəhbərliyi
ilə namizədlik dissertasiyası yazıb müdafiə etdim.
O da qeydə layiqdir ki, mən aspiranturanın ikinci kursunda
olanda Muxtar müəllim altı ay müddətinə elmi
ezamiyyətə getdi və müasir Azərbaycan dili fənnindən
mühazirələrini mənə etibar etdi. Mənim
sonrakı elmi və filoloji irəliləyişim də onun
köməyi ilə davam etdi: müəllim, baş müəllim,
dosent, kafedra müdiri - hamısında Muxtar müəllimin əli
olubdur. Nəhayət, Muxtar müəllim doktorluq dissertasiyası üzrə
mənim elmi məsləhətçim olubdur. Beləliklə,
uzaq kənddən gələn bir gəncin tələbəlikdən
başlayan və professorluğa qədər davam edən
uğur yolu bu böyük şəxsin - professor M.Hüseynzadənin
fəaliyyəti ilə bağlı olubdur.
O da maraqlı və bəlkə də təəccüblüdür
ki, bu böyük ürəkli şəxs doktorluq
dissertasiyası müdafiəsində öz tələbəsini,
öz yetirməsini, yəni məni özünə rəsmi
opponent kimi qəbul etdi. Mənə məlum
olduğuna görə, bu, Azərbaycan elmində, ümumən
türkologiya aləmində yeganə hadisə idi.
Geniş bilik dairəsinə malik olan
professor M.Hüseynzadə klassik ədəbiyyatı, xüsusən
Füzulini yaxşı bilirdi. Füzuli
dilinə aid tədqiqləri var idi. Hərdən
şeir də yazırdı.
Professor M.Hüseynzadə, birinci növbədə,
müəllim idi. 1938-ci ildən başlamış əlli il orta məktəb dərsliklərinin müəllifi
olmuşdu, ali məktəblərdə mühazirələr
oxumuşdu. Azərbaycan dili uğrunda uzun zaman
mübarizə aparmışdı, xeyli tənqidə də məruz
qalmışdı. Əməkdar elm xadimi
M.Hüseynzadənin işıqlı obrazı Azərbaycan
filoloqları, Azərbaycan pedaqoji ictimaiyyəti aləmində
hörmətlə yad edilir.
Müəllimlərimin
müəllimi
Nizami CƏFƏROV,
millət vəkili, əməkdar elm xadimi, AMEA-nın
müxbir üzvü, professor
Mən xoşbəxtəm ki, həm orta məktəbdə,
həm də xüsusilə universitetdə çox
böyük dilçi müəllimlərdən dərs
almışam; onların yalnız məşhur (və mənim
üçün doğma!) adlarını çəkmək
kifayətdir ki, şair demiş, "qəziyyə məlum"
olsun: Muxtar Hüseynzadə, Əlövsət Abdullayev,
Ağamusa Axundov, Yusif Seyidov, Fərhad Zeynalov, Tofiq Hacıyev,
Nəsir Məmmədov, Abdulla Vəliyev, Musa Adilov, Samət Əlizadə,
Zinyət Əlizadə, Kamil Vəliyev, Firudin Cəlilov...
Və bir də ona görə xoşbəxtəm ki, bu böyük dilçi müəllimlər
nə yazdılarsa, demək
olar, hamısını oxudum; nə
dedilərsə, hamısını anlamağa çalışdım. Həm
universitetdə təhsil aldığım illərdə, həm
də sonralar onların hər birindən qayğı, kömək, hörmət (və
müdafiə!) gördüm...
Onlar müxtəlif nəsilləri təmsil
etdiklərinə görə, elmi-nəzəri səviyyələri,
əsaslandıqları tədqiqat metodları bir- birindən fərqlənirdi,
ancaq hamısını, istisnasız olaraq, bir qayə birləşdirirdi
ki, bu da Ana dilinə sonsuz məhəbbətdən ibarət
idi.
Muxtar Hüseynzadə bizim, demək
olar, bütün dilçi müəllimlərimizin müəllimi
olmuşdu. "Müasir Azərbaycan dili" deyəndə
onun adı elə qətiyyət (və ehtiramla!) çəkilirdi
ki, sanki o, ana dilimizin qrammatikasını yazmaqla kifayətlənməmiş,
onu (müasir Azərbaycan dilini) yaratmışdı. Hətta
şairlərdən birinin Muxtar müəllimə həsr
etdiyi şeirində təxminən belə bir ifadə
vardı: Mənim Azərbaycan dilim - Muxtar dilim!
Şair ana dilimizin (və
xalqımızın!) öz müstəqilliyi uğrunda
mübarizə əzmini (həm Şimalda, həm də Cənubda!)
əks etdirmək üçün böyük dilçinin
xidmətləri ilə yanaşı, adının mənasından
da (muxtar!) obraz kimi faydalanmışdı. Həmin
şeirin (və obrazın!) müəllifi sonralar Azərbaycanın
azadlıq mücahidlərindən biri kimi şöhrətlənən
Xəlil Rza Ulutürk idi. Və
o da yadımdadır ki, Muxtar müəllim Xəlil Rzanı Azərbaycan
dilinin qanun-qaydalarını ən
yaxşı bilən şairlərdən sayırdı.
Professor Muxtar Hüseynzadə bizə dərs
deyəndə səksəni haqlamışdı... Azərbaycan,
xüsusilə universitet dilçilərinin müəllimi olan bu mötəbər
şəxs, başqalarını bilmirəm, mənim
dilçilik həvəsimə nə isə mistik bir enerji gətirdi.
Azərbaycan dilçiliyinin banilərindən olan böyük
alimin əsərləri
ilə hələ orta məktəbdən
Muxtar müəllimi dinləmək, nitq
hissələri barədə bildiklərimin (əslində,
bunu da orta məktəbdə məhz onun dərsliyindən
öyrənmişdim) nə qədər
zənginləşdiyini hiss etmək mənə zövq
verirdi. Akademik Məmmədağa Şirəliyev, EA-nın
müxbir üzvü Əbdüləzəl Dəmirçizadə
ilə birlikdə öz böyük müəllimləri
professor Bəkir Çobanzadədən sonra Azərbaycan dilçiliyini
formalaşdırmış professor Muxtar Hüseynzadə
canlı tarix idi. Mərd,
prinsipial, yalnız dostları ilə deyil, ideya düşmənləri,
opponentləri ilə də zarafat etməkdən çəkinməyən
bu qürurlu insan Azərbaycan dilinin (və dilçiliyinin)
mücəssəməsinə çevrilmişdi. Mənə
elə gəlirdi ki, onun bir söz belə demədən
yalnız auditoriyaya girib çıxması kifayətdi ki, ana
dilimin incəliklərini öyrənmək həvəsim birə
beş artsın.
Muxtar müəllim fitri istedadı, zəhməti
ilə mənsub olduğu xalqın ən böyük
ziyalılarından birinə çevrilmişdi.
Ağır keçmiş həyatını özünəməxsus şəkildə
anladırdı; deyirdi, o qədər həsrətində
olmuşam ki, övladlarıma oyuncaq alanda əvvəlcə özüm oynadıb sonra
onlara verirəm. İranda baş verən
inqilabın gedişini diqqətlə izləyirdi.
Sevinirdi ki, Cənubi Azərbaycanda da gənclər ana dilinin
qrammatikasını məhz onun dərsliyindən öyrənəcəklər.
Və bu barədə danışanda kövrəldiyini biz tələbələri
dəfələrlə görmüşdük...
Sovet ideologiyasının təsiri ilə
formalaşan rus türkologiyasını qəbul etmir, yeri düşəndə
rus türkoloqlarının düşünülmüş
"səhv"lərini tənqid edirdi. Mühazirə qeydlərini
ərəb əlifbası ilə yazması böyük
alimin... milli mövqeyinin mücadiləçi təbiətindən
irəli gəlirdi. Bakıda keçirilən
ümumtürkoloji yığıncaqlarda rusca çıxışlarının mətnini də ərəb əlifbası
ilə yazarmış. Həmin məclislərin birində Azərbaycan
dilçilərinin milli mövqeyinə etinasız
yanaşan Moskva türkoloquna
"Spakoyna prixadi, spakoyna uxadi, ha!" demişdi.
Bir dəfə Muxtar müəllimin dərsində
ikən dekan Firidun Hüseynov auditoriyaya daxil olub, Muxtar müəllimlə
çox səmimi görüşdükdən və üzr
istədikdən sonra
əlindəki siyahını oxudu. Adı çəkilənlər
bir-bir ayağa
durdular. Bu, bir neçə gün əvvəl
hansısa dərsdən qaçanların
siyahısı idi. Onların arasında, təəssüf ki, mən də vardım.
Firidun müəllim bütün pedaqoji məharətini işə
salıb bizi danlamağa başladı. Başımızı
aşağı dikmişdik. Tənbeh acı idi, ancaq
çox adama aid olduğundan dözmək o qədər də
çətin deyildi... Birdən Muxtar müəllim guya
auditoriyanın eşitməməsi üçün dekana
yaxınlaşıb yavaşca dedi ki, qoy Nizami əyləşsin,
o, yaxşı tələbədir... Firidun müəllim
gülümsünüb: "Hamınız əyləşin,
bir də belə iş görməyin",-
dedi.
Misalı özümdən gətirməyim,
bəlkə də, təvazökarlıqdan uzaqdır, ancaq məqsədim
o deyil. Demək istəyirəm ki, Muxtar müəllim
kiçicik bir istedadını hiss etdiyi hər bir tələbəsini
özünəməxsus bir cəsarətlə (və deyim ki, hətta qısqanclıqla!)
qoruyurdu. O zaman artıq məşhur dilçi olan və bizə
birinci kursda fonetikadan mühazirə oxumuş professor
Ağamusa Axundovu xüsusilə tərifləyir, deyirdi ki,
çox gənc
yaşlarında öz müəllimlərindən
qabağa getdi. Bunu deyəndə tələbəsi ilə nə
qədər fəxr
etdiyini görməmək, sadəcə olaraq, mümkün
deyildi.
Muxtar müəllimin
"qısqanclığ"ı, təbiri caizsə,
milli-ideoloji məzmun daşıyırdı. Tələbələrindən
birinin - Fərhad Zeynalovun ilk kitablarını (həmin əsərlər
türk dillərinin müqayisəli qrammatikasına həsr olunmuşdu)
oxuduqdan sonra demişdi ki, Fərhadı da Moskvaya göndərdik,
getdi təsir altına düşdü. Rus
türkologiyasının türk dillərinə tətbiq etmək
istədiyi ümumi (nəzəri) dilçilik
anlayışlarını, prinsiplərini qəbul etməyən
Muxtar müəllim istedadlı tələbəsini əldən
verməməyə çalışırdı.
Nə qədər müasir olsa da, bu
böyük alim- müəllimin daxilində Şərq
müdrikliyi mühafizəkarlığa qədər gedib
çıxırdı. Onun öz məktəbi vardı. Ya bu məktəbin tələbəsi
olmalıydın, ya da onu tərk eləməliydin. Sovet
ideologiyasının hər cür milli məktəbi
dağıtdığı bir şəraitdə Muxtar
Hüseynzadənin "patriarxal normativliyi" yalnız ona
görə yaşayırdı ki, təmənnasız, səmimi
və milli idi. Hamı görürdü ki,
Muxtar müəllim doktorluq dissertasiyasını müdafiə
etməyi bir tərəfə qoyub tələbələrinin
namizəd, doktor olmaları, elmdə mövqe tutmaları
üçün çalışır.
Muxtar müəllimin
"xarici düşmənləri"ndən başqa
"daxili düşmənləri" də vardı, ancaq sonuncu tələbələri
olan bizlər elə vaxta
düşmüşdük ki, nə onun özü, nə də
"düşmən"ləri o halda deyildilər ki, tarixi
münaqişələrini davam etdirə bilsinlər. Odur ki, tarixdən nə
isə zorla hiss edə biləcəyimiz təəssüratlar
qalmışdı...
Akademik Məmmədağa Şirəliyev
Azərbaycan ədəbi dilinin əsasında gah Bakı, gah
da Şamaxı dialektinin durduğunu deyirdi.
M.Hüseynzadə dostu barəsində mötəbər bir
toplantıda "Atası Bakıdan, anası
Şamaxıdandır, ona görə də heç birini incitmək istəmir"
deyərək məsələni çox sadə həll etmişdi.
Mən bir dəfə sual verdim ki, Muxtar müəllim, nə
üçün Sizin orta məktəb dərsliyinizdən
"Sintaktik əlaqələr" bəhsini çıxarmaq istəyirlər?
Cavab verdi ki, bir qrup savadsız orta məktəb müəllimi
nazirliyə məktub
yazıb, həmin bəhsə etiraz edir. Deyirlər
ki, çətindir, şagirdlərə izah edə bilmirik... Sintaktik əlaqələri bilmədən cümlə
üzvlərini dəqiq təyin etmək olmaz.
APİ-də dilçi-türkoloq kimi elmi-pedaqoji fəaliyyətə
başlayanda 30-cu illərin
repressiyaları tüğyan edirdi - bir balaca millətə
xidmət etmək istəyən ziyalıları "millətçi"
adı ilə damğalayıb gedər-gəlməzə
göndərirdilər. Muxtar müəllim ciddi
cəzalandırılmaq üçün ən real "namizəd"lərdən
biri idi. Ya özlərini
sığortalamaq, ya da gənc mütəxəssisi xilas etmək
üçün onu APİ-dən kənarlaşdırırlar.
Muxtar müəllim sonralar
xatırlayırdı ki, DTK-da dindirilib gecə yarısı
bayıra atılanda doğma institutunu belə
tanımayıb. Halbuki APİ DTK ilə üzbəüz
idi. (Bax: Adil Babayev. Dilçiliyimizin məbədi.
Bakı, 2002, səh. 154). Onun iradəsini
sındırmaq mümkün deyildi, DTK-nın əlinə fakt
da vermirdi... Çox sonralar biz tələbələrinə də
dediyi "Vəzifəm yox, bir şeyim yox, müəlliməm
də; mənə nə eləyəcəklər?!" fikrinə o, yəqin
ki, 30-cu illərdən gəlmişdi.
M.Hüseynzadə doktorluq
dissertasiyası müdafiə edəndə onun tələbələri
A.Axundov, Y.Seyidov, T.Hacıyev... çoxdan elmlər
doktorları idilər. Otuz il universitetin
ən nüfuzlu dilçilik kafedrasına - Ümumi
dilçilik kafedrasına rəhbərlik edən Muxtar müəllim
həmişə, birinci növbədə, müəllim
olmuşdu. Elmlər namizədi kimi də, elmlər doktoru kimi
də...
M.Hüseynzadənin şah əsəri,
ümumən Azərbaycan dilçiliyinin bir neçə ən
böyük yaradıcılıq işlərindən biri olan
"Müasir Azərbaycan dili" də məhz dərslik
kimi yazılmış, ilk dəfə 1954-cü ildə nəşr edilmişdi. Sonralar bir neçə dəfə nəşr olunan
bu əsər əlli ildən çoxdur ki, həmin sahədə
birincidir. Və səksən beş
il bu dünyada ömür sürən, həyatının son
illərinə qədər universitet auditoriyasından
ayrılmayan professor Muxtar Hüseynzadə də Azərbaycan
dilçiliyindəki əlli il bundan əvvəlki birinciliyini
- müəllimliyini davam etdirir...
Qələmə
aldı: Şamxəlil MƏMMƏDOV
Azərbaycan
müəllimi.- 2011.- 20 yanvar.- S.6-7.