Təhsil Nazirliyində 2010-cu ilə
dair illik hesabatlar dinlənildi
Yanvarın 6-da Təhsil Nazirliyində
Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması
şöbəsi və
Təhsil Sisteminin
İnformasiyalaşdırılması İdarəsinin 2010-cu
ilə dair illik hesabatları dinlənilib.
Qeyd edək ki, hesabat iclasları Dövlət
qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi
işinin təşkili barədə "Dövlət
qulluğu haqqında" Qanuna uyğun olaraq Təhsil Nazirliyi
mərkəzi aparatının əməkdaşlarının
2010-cu il ərzində xidməti fəaliyyətinin qiymətləndirilməsi
işinin daha səmərəli təşkili ilə əlaqədar
verilən müvafiq əmrə
əsasən keçirilir.
Tədbiri giriş sözü ilə təhsil
naziri Misir Mərdanov açaraq bildirib ki, bu gündən
başlayaraq nazirliyin bütün şöbələrinin
2010-cu il ərzində gördükləri
işlərlə bağlı
hesabatları dinləniləcək.
İclasda Strateji təhlil, planlaşdırma və
kadrların idarəolunması şöbəsinin müdiri Fərzəli
Qədirov çıxış edərək rəhbəri
olduğu şöbənin əsas vəzifə və
funksiyalarından söz açıb. F.Qədirovun verdiyi məlumata görə,
ötən il şöbə tərəfindən
nazirliyin 3 illik Strateji Planı və 2010-cu il üçün
illik fəaliyyət planı hazırlanıb. Şöbə
müdiri bildirib ki, "Təhsil haqqında" Azərbaycan
Respublikasının Qanununun tətbiqi ilə əlaqədar
"Pedaqoji profilli ixtisaslar üzrə ali və
orta ixtisas təhsili müəssisələrini bitirmiş və
ümumi təhsil müəssisələrində işə
başlamış gənc mütəxəssislər
üçün əlavə güzəştlər və
stimullaşdırıcı tədbirlərin müəyyən
edilməsi haqqında" sənəd hazırlanıb, bununla
əlaqədar Nazirlər Kabineti tərəfindən
müvafiq qərar imzalanıb.
Ölkənin ümumtəhsil məktəblərində
mövcud vakansiyaların ümumiləşdirildiyini və təhlil
olunaraq dövlət sifarişinin
hazırlandığını qeyd edən şöbə
müdiri əlavə edib ki, ötən il
ucqar kənd məktəblərinə həvəsləndirmə
tədbirləri tətbiq olunmaqla 800 nəfər pedaqoji kadr
göndərilib. Bildirilib ki, 2010-2011-ci tədris ili üçün ölkənin ümumtəhsil
məktəblərində 288 vakant müəllim yeri müəyyənləşdirilib
və işə qəbulla bağlı reqlament nazirliyin İnternet saytında yerləşdirilib.
Bir sıra proqram və layihələrin icrası
istiqamətində görülən işlərdən bəhs
edən F.Qədirov, eyni zamanda ixtisasartırma təhsili müəssisələrinin
fəaliyyətinin əlaqələndirilməsinin təmin
edilməsi məqsədilə ötən il şöbənin
nəzdində Əlavə təhsil sektorunun
yaradıldığı, bununla bağlı sənədlərin
hazırlandığı və müvafiq tədbirlərin həyata
keçirildiyi barədə məlumat verib, qarşıda duran vəzifələri nəzərə çatdırıb.
Sonra Təhsil
Sisteminin İnformasiyalaşdırılması İdarəsinin
müdiri Samir Məmmədov illik hesabatında qeyd edib ki, Təhsil
Nazirliyinin nəzdində təsərrüfathesablı fəaliyyət
göstərən bu idarə 3 şöbədən ibarətdir.
S.Məmmədov qeyd edib ki,
ölkəmizin 500 təhsil
müəssisəsində kompüter
sinifləri, müəllim
və direktorların otaqlarını əhatə
edən lokal şəbəkələr yaradılıb. İdarə müdiri
ümumilikdə 1000 təhsil
müəssisəsinin İnternet
şəbəkəsinə qoşulduğunu diqqətə
çatdırıb. Samir Məmmədov
hesabatında ümumtəhsil
məktəblərində çalışan
müəllimlərin İKT bacarıqlarının artırılmasından,
müvafiq sahədə
aparılan işlərdən
və bu istiqamətdə mövcud
olan problemlərdən
danışıb.
Konfransda
hər iki hesabatla əlaqədar sual
və təkliflər
səsləndirilib.
Tədbiri yekunlaşdıran təhsil
naziri Misir Mərdanov Təhsil Sisteminin İnformasiyalaşdırılması
İdarəsinin nazirliyin
ayrı-ayrı şöbələri
ilə daha sıx əlaqəli işləmələrini tövsiyə
edib, qarşıda duran vəzifələri nəzərə
çatdrıb.
Şakir CƏFƏROV
Azərbaycan müəllimi.- 2011.-
20 yanvar.- S.4.