Bakı Şəhəri
üzrə Təhsil İdarəsi hesabat verdi
Yanvarın 18-də Təhsil
Nazirliyində Bakı Şəhəri üzrə Təhsil
İdarəsinin illik hesabatı
dinlənildi.
Hesabatı
təqdim edən Bakı Şəhəri üzrə Təhsil
İdarəsinin müdiri, əməkdar müəllim Nailə
Rzaquliyeva öncə rəhbərlik etdiyi idarənin
yaranması tarixi və strukturu haqqında məlumat verdi. Qeyd
etdi ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
31 mart 2006-cı il tarixli sərəncamına müvafiq olaraq
Nazirlər Kabinetinin 28 iyul 2006-cı il tarixli, 189 nömrəli
qərarı ilə
yaradılmışdır. Təhsil İdarəsi hazırda
13 sektor, Metodik mərkəz və onun beş bölgə
üzrə metodik bölmələri, həmçinin Mərkəzləşmiş
mühasibat sektorunun 5 xidmət bölməsi ilə fəaliyyət
göstərir.
İdarənin
fəaliyyətə başlamasından ötən dörd ildən
çox vaxt ərzində qarşıya qoyulan vəzifələrin
yerinə yetirilməsi sahəsində müəyyən nəticələrə
nail olunub. Nəticədə cəmiyyət tərəfindən
birmənalı şəkildə qəbul edilən qurumun
formalaşması və özünütəsdiq mərhələsi
başa çatıb, yeni fəaliyyət istiqamətləri və
strategiya müəyyən olunub.
Bakı
Şəhəri üzrə Təhsil İdarəsinin
hazırda öz fəaliyyətini dəyərləndirmək
və təhlil etmək yolu ilə strateji məqsədlərini
müəyyən etdiyini deyən N.Rzaquliyeva həmin məqsədlərin,
ilk növbədə, yüksək keyfiyyətli təhsilə
və milli dəyərlərə əsaslanan tərbiyə
sisteminə yönəldiyini söylədi. Diqqətə
çatdırdı ki, Təhsil İdarəsinin fəaliyyətində
prioritet elan edilən sahələrdə demokratik idarəetmənin
dərinləşdirilməsi prosesi diqqət mərkəzində
saxlanılıb, bu sahədə əldə olunan təcrübə
ümumiləşdirilməklə, yeni mexanizmlər tətbiq
edilib.
Şəhərin
təlim-tərbiyə müəssisələrində
çalışan pedaqoji heyətin keyfiyyət tərkibi
müəyyənləşdirilməklə məktəblərdə
işə qəbulun vahid
normativ tələblər əsasında aparılmasına nail
olunub.
Aparılmış
təhlil və görülmüş tədbirlər nəticəsində
yol verilən nöqsanlar aradan qaldırılıb, əsassız
və subyektiv mülahizələr əsasında yeni
kadrların işə götürülməsinə son
qoyulub. Nəticədə Bakı şəhərinin ümumtəhsil
müəssisələrində şagird-müəllim nisbətinin
sabit saxlanılması təmin edilib.
N.Rzaquliyeva
bildirdi ki, həmin tədbirlər nəticəsində son
dörd ildə Bakı şəhərində 22 məktəbin
istifadəyə verilməsinə baxmayaraq, müəllimlərin
sayında ciddi azalma baş verib. Həmin azalmanı göstərən
cədvəlin nümayişindən aydın oldu ki, məktəblərin
və müəllimlərin sayı 2006-2007-ci tədris ilində
müvafiq olaraq 298 və 33491, 2007-2008-ci tədris ilində 315
və 33689, 2008-2009-cu tədris ilində 315 və 33603
olduğu halda 2009-2010-cu tədris ilində məktəblərin
sayı 314, müəllimlərin sayı isə azalaraq 32968
olub. Cari dərs ilində isə məktəblərin sayı
3 vahid azaldığı halda (311) müəllimlərin
sayı 700 nəfərə qədər azalaraq 32270 nəfər
təşkil edib.
Bakı
şəhərində pedaqoji kadrların işə qəbulunun
vahid mexanizminin tətbiq edilməsi
və bu mexanizmin daim təkmilləşdirilməsinin məktəblərin
keyfiyyətli kadr təminatında mühüm rol
oynadığını deyən N.Rzaquliyeva təhsil müəssisələrini rəhbər
pedaqoji kadrlarla təmin etmək məqsədilə "Təhsil işçiləri
bankı" yaradıldığını, gənc müəllimlərlə
işin daha səmərəli təşkili, onlara metodik
köməkliklərin göstərilməsi üçün
qabaqcıl müəllimlərin köməyindən istifadə
olunması işini fasiləsiz və səmərəli şəkildə
təşkil etmək məqsədi ilə "Gənc müəllimlərlə
iş üzrə koordinasiya şurası"nın fəaliyyətə
başladığını bildirdi.
Qeyd
etdi ki, Bakı şəhəri üzrə vahid idarəetmə
mexanizminin təkmilləşdirilməsi məqsədilə rəhbər
pedaqoji kadrlar üçün müntəzəm olaraq bölgələr
üzrə "İdarəetmə funksiyalarının yeni məzmun
və formaları", "Məktəbdaxili rəhbərlik
və nəzarətin səmərəli təşkili",
"Məktəb pedaqoji şurasının funksiyaları və
onun işinin təşkili", "Məktəb şəbəkəsinin
tərtibi" və "Məktəb sənədlərinin
aparılması" mövzularında seminarlar, məktəbəqədər
və məktəbdənkənar təhsil müəssisələrinin
rəhbərləri üçün
"Əmək qanunvericiliyinin yerinə yetirilməsi sahəsində
təhsil müəssisəsi rəhbərlərinin vəzifələri"
mövzusunda treninqlər keçirilib.
Təqdimatda
qeyd olundu ki, ötən illərdə məktəbəqədər
təhsil müəssisələrində də pedaqoji
kadrların işə qəbulu sahəsində əsaslı
dönüş yaradılmış, özünü
doğrultmayan, işdə ciddi nöqsanlara yol vermiş müəssisə
rəhbərləri dəyişdirilmiş və əsasən
ali pedaqoji ixtisas təhsilli mütəxəssislərlə əvəz
edilmişlər.
N.Rzaquliyeva
daha sonra paytaxtın məktəbəqədər təhsil
müəssisələri haqqında bəzi statistik göstəricilərə
diqqəti yönəldərək bildirdi ki, hazırda Bakı
Şəhəri üzrə Təhsil İdarəsinin
tabeliyində olan 307 məktəbəqədər təhsil
müəssisəsindən 7 müəssisə istisna
olmaqla 300 məktəbəqədər
təhsil müəssisəsi
1387 qrupla fəaliyyət göstərir. Bu qrupların
1204-də təlim-tərbiyə
Azərbaycan dilində, 183-ündə isə rus dilində
aparılır.
300
müəssisədən 186-sı birtipli layihə əsasında
tikilib, 114 müəssisə
uyğunlaşdırılmış
binalarda fəaliyyət göstərir.
Təhsilin
ilkin pilləsi və bünövrəsini təşkil edən
məktəbəqədər təhsilin inkişafına daha
çox diqqət yetirildiyini vurğulayan N.Rzaquliyeva sahənin
inkişafı üçün proqram sənəd olan "Azərbaycan
Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi
üzrə Dövlət Proqramı (2007-2010-cu illər)"nın
icrası istiqamətində görülmüş işlərdən
də söz açdı. Bildirdi
ki, həmin proqrama uyğun olaraq Bakı şəhərində
məktəbəqədər təhsil müəssisələrinin
yenidən qurulması, təmir edilməsi və şəbəkənin
optimallaşdırılması sahəsində kifayət qədər
işlər görülüb. 29 bağçada əsaslı,
55 müəssisədə isə cari təmir işləri
aparılıb, bir sıra müəssisələrin istilik
sistemləri, dam örtükləri, hasarı, mətbəxləri,
sanitar qovşaqları təmir edilib, məktəbəqədər
müəssisələrin bərk və yumşaq inventara olan
ehtiyacı qismən ödənilib. "Bakı şəhəri
kənd və qəsəbələrinin sosial-iqtisadi
İnkişaf Proqramı"na müvafiq tikilmiş 11 müəssisə artıq fəaliyyət
göstərir.
Məktəbəqədər
təhsilin əhatə dairəsinin genişləndirilməsi
istiqamətində Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən
2008-ci ildə eksperiment olaraq Xətai rayonunda 8 məktəbəqədər
müəssisədə (8, 170, 181, 207, 217, 250, 237, 241)
qısamüddətli və çevik vaxt cədvəli ilə
işləyən qruplar yaradılıb. Çevik qruplarda
işləyən tərbiyəçilərlə
müntəzəm treninqlər və seminarlar keçirilməsi həmin qruplarda işin müsbət
nəticə verməsinə səbəb olub.
Təqdimatda
qeyd olundu ki, hesabat ilində "Təhsil haqqında" Azərbaycan
Respublikasının Qanununa müvafiq olaraq 5 yaşlı
uşaqların məktəbəqədər təhsilə cəlb
olunması işi də yaxşılaşıb. Belə ki,
2006-2007-ci tədris ilində 4380, 2007-2008-ci tədris ilində
4480, 2008-2009-cu tədris ilində 5600, 2009-2010-cu tədris ilində
6700, 2010-2011-ci tədris ilində isə 9646 uşaq cəlb
olunub.
Təqdimatda
ötən il paytaxtın ümumitəhsil sistemində
görülən işlər də təhlil olundu. Bildirildi
ki, təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədi
əsas götürülərək, ilk növbədə, təhsil
müəssisələrində əlverişli təlim şəraitinin
yaradılması, təhsilalan və təhsilverən
arasında səmimi və şəffaf münasibətin
qurulması, maddi-texniki bazanın möhkəmləndirilməsi
sahəsində kifayət qədər iş
görülüb.
N.Rzaquliyeva
bu baxımdan 2006-2008-ci illərdə Bakı şəhərində
22 yeni məktəbin, 28 tədris korpusunun istifadəyə
verilməsini dövlətin təhsilə, onun
inkişafına qayğısının bariz nümunəsi
kimi dəyərləndirdi. O, Məktəblərin
informasiya-kommunikasiya texnologiyaları ilə təminatına
dair Dövlət Proqramının icrası yönündə
görülən işlərdən də söz açaraq həmin
proqram əsasında Bakı şəhərinin ümumtəhsil
məktəblərinə 9550 ədəd kompüter verildiyini,
V-XI siniflərdə 22 şagirdə bir kompüter nisbətinin
təmin edildiyini vurğuladı.
Qeyd
olundu ki, Dövlət Proqramı çərçivəsində
məktəblərin genişzolaqlı İnternet şəbəkəsinə
qoşulması sahəsində də səmərəli iş
aparılıb.Təhsil İdarəsinin tabeliyində olan məktəblərin
264-ü bu şəbəkəyə,
bütün məktəblər isə lokal şəbəkəyə
qoşulub. 23 nömrəli məktəbdə uğurla
sınaqdan çıxan "Elektron məktəb" layihəsində
indi 20 və 220 nömrəli məktəb-liseylər, 7, 8, 60,
160, 245 nömrəli məktəblər də iştirak edir.
Təqdimatda
ötən dərs ilində Bakı şəhəri məktəblərinin
IX və XI siniflərində aparılan buraxılış
imtahanlarının nəticələrindən də bəhs
olundu. Bildirildi ki, imtahanlara buraxılan 22 min 353 nəfərdən
142-si imtahanlarda iştirak etməyib, 1534 nəfər isə
"qeyri-kafi" qiymət alıb. İmtahanların
yekunlarına əsasən 20 min 677 nəfər həmin ilin məzununa
və əvvəlki illərdə attestat ala bilməyən 709
nəfərə orta təhsil
haqqında sənəd verilib.
Ötən
illərlə müqayisədə 2010-2011-ci dərs ili
üçün ali məktəblərə tələbə
qəbulunda Bakı məktəblərinin xüsusi çəkisi
artıb, abituriyentlərin 44,83 faizi tələbə
adını qazanıb.Son bir ildə abituriyentlərin orta
balı 241-dən 264-ə qalxıb, başqa sözlə, 9
faiz artıb.
Təhsilin
keyfiyyət göstəricisi kimi 500 və 600-dən çox
bal toplayanların sayını göstərən rəqəmlər
də ürəkaçandır. Belə ki, 2010-cu ildə
2009-cu ilə nisbətən 500
baldan yuxarı nəticə göstərənlərin
sayının 1727-dən 2062-yə yüksəlməsi
(artım 20 faiz), 600-dən
yuxarı bal toplayanların sayının 159 nəfər, yaxud
40 faiz artması sevindirici haldır.
2010-cu
ildə ali məktəblərə
qəbul olunanlardan 2 nəfəri maksimum - 700 bal
toplamışdır; hər 15 nəfərdən biri 600-dən
yuxarı, hər 4 nəfərdən biri isə 500-dən
yuxarı balla tələbə adını qazanıb.
Respublika
fənn olimpiadalarında paytaxt məktəblərinin
uğurlarını əks etdirən rəqəmləri də
diqqətə çatdıran N.Rzaquliyeva bildirdi ki, bu bilik
yarışında qalib şagirdlərin sayı 2006-cı ildə
48, 2007-ci ildə 69, 2008-ci ildə 92, 2009-cu ildə 105, 2010-cu
ildə isə 106 nəfər olub.
Təqdimatda
qeyd olundu ki, Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin sərəncamı ilə ölkəmizdə
artıq üçüncü ildir ki, "Ən yaxşı ümumtəhsil
məktəbi" və "Ən yaxşı müəllim"
müsabiqələri keçirilir.
"Ən
yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin
nəticələrinə görə, 2008-ci ildə Bakı
şəhərinin 14, 2009-cu ildə 24, 2010-cu ildə isə
28 məktəbi qalib olub. 2008-ci ildə 42, 2009-cu ildə 41,
2010-cu ildə isə 50 müəllim "Ən yaxşı
müəllim" adına layiq görülüb.
Hesabat
ilində müxtəlif bilik yarışları, konkret
mövzularda olimpiadalar, inşa yazı, rəsm, plakat
müsabiqələri, baxış-sərgilər, idman
yarışları keçirilib. Təhsil İşçiləri
Azad Həmkarlar İttifaqı Respublika Komitəsi ilə əməkdaşlıq
bu tədbirlərin yüksək səviyyədə
keçirilməsinə imkan verib.
N.Rzaquliyeva
bildirdi ki, 2009-2010-cu tədris ilinin onlar üçün ən
əlamətdar hadisələrdən biri Bakı təhsilinin
tarixində ilk dəfə təşkil edilən, Bakı
Şəhəri üzrə Təhsil İdarəsinin 4 illik
fəaliyyətini əks etdirən "Təhsil, zaman və
biz" adlı baxış-sərginin keçirilməsi olub.
Təqdimatda
qeyd olundu ki, hesabat ili ərzində məktəblilərin hərbi-vətənpərvərlik
tərbiyəsi sahəsində də uğurlar
qazanılıb. Hər il olduğu kimi, ötən il də
Bakı məktəbliləri "Şahin" hərbi-idman
oyunlarında və "Cəsurlar" turizm
yarışında qalib olub. Sevindirici haldır ki,
"Şahin" hərbi-idman oyunlarının respublika
turunda 3 qalib yerin hamısını Bakı məktəbliləri
qazanıb. Onlar 138, 23 və 285 nömrəli məktəblərin
komandalarıdır. 257 nömrəli məktəbin gənc
turizm həvəskarları isə "Cəsurlar" turizm
yarışının qalibi olub.
Təqdimat
zamanı hesabat ilində Bakı Şəhəri üzrə
Təhsil İdarəsinin və tabeliyindəki təhsil müəssisələrinin
təşkilatçısı olduğu, dəstək verdiyi və
bilavasitə iştirak etdiyi layihələr haqqında da məlumat
verildi. Nümayiş etdirilən slaydlardan məlum oldu ki,
BŞTİ və paytaxt məktəbləri İnsan
Hüquqları üzrə müvəkkilin təşəbbüsü ilə
18 may - 18 iyun 2010-cu il tarixlərində keçirilən
insan hüquqları aylığında, Amerika
Hüquqşünaslar Assosiasiyası Mərkəzi Avropa və
Avrasiyada Hüquq Təşəbbüsü
Təşkilatının Təhsil Nazirliyi ilə birgə həyata keçirdiyi "Canlı
hüquq" layihəsi çərçivəsində
20 oktyabr - 20 noyabr 2010-cu il tarixlərində təşkil
olunmuş "Uşaq
hüquqları aylığı"nda, "Futbol həyatdır" pilot layihəsində,
kimsəsiz, valideyn himayəsindən məhrum olan uşaqlar
üçün SOS-Uşaq kəndləri
Assosiasiyasının həyata
keçirdiyi "Şən avtobus" layihəsində,
"Azərpoçt" Dövlət müəssisəsinin
Ümumdünya Poçt
İttifaqı xətti ilə məktəblilər
arasında təşkil etdiyi ənənəvi inşa
müsabiqəsində, Təhsil Nazirliyi ilə "Ümidli
gələcək" Gənclər Təşkilatının
birgə əməkdaşlığı çərçivəsində
həyata keçirilən "Sosial və maliyyə təhsili" proqramında,
"Yerli İdarəetməyə Yardım Təşkilatı" ilə
YUNİSEF-in birgə müqaviləsi çərçivəsində
həyata keçirilən "Məktəb uşağın
dostudur" layihəsində,
Ombudsman aparatı ilə birgə həyata keçirilən "Uşaq hüquqları üzrə pilləli
tədris" layihəsində
fəal iştirak ediblər.
N.Rzaquliyeva
təqdimatında daha sonra qeyd etdi ki, pedaqoji kadrların
ixtisaslarının artırılması istiqamətində
Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma
İnstitutu və Azərbaycan
Müəllimlər İnstitutu ilə əməkdaşlıq
davam etdirilib, dərs ili ərzində 5867 müəllim
ixtisasartırma kurslarını, 2014 müəllim müxtəlif
tematik kursları, I-III siniflərdə dərs deyəcək
1681 müəllim isə kurikulum kurslarını bitirib.
Təhsil
Nazirliyinin "Rus dilinin intensiv tədrisi üzrə layihənin
tətbiqi barədə" 20 noyabr 2009-cu il tarixli, 1295
nömrəli əmrinin icrası ilə əlaqədar I və
V siniflərdə rus dili intensiv tədris edilən 35 ümumtəhsil
məktəbinin metodbirləşmə sədri və təcrübəli
müəllimləri ilə seminar-müşavirə, I-III
siniflərdə dərs deyən müəllimlərlə
"Ümumtəhsil məktəblərində məktəbdaxili
qiymətləndirmənin aparılması
Qaydaları"nın I-III siniflərdə tətbiqi
mexanizmi", məktəbəqədər müəssisə
tərbiyəçiləri üçün
"Beşyaşlıların məktəb təliminə
hazırlığının səmərəli
yolları" mövzularında seminarlar keçirilib.
İl
ərzində 232 təhsil müəssisəsində, o
cümlədən 182 məktəbdə metodiki işlərin
təşkili, fənlərin tədrisi, elektron dərsliklərdən
istifadə və illik proqram materialları, yoxlama yazı, laborator
və praktik iş normalarının yerinə yetirilməsi vəziyyəti
öyrənilib, müzakirə edilərək nəticələrə
əsasən müvafiq metodik köməklik göstərilib.
Məktəblərin
dərsliklərlə təminatı sahəsində də Təhsil
İdarəsi öz üzərinə düşən vəzifələri
yerinə yetirib. Belə ki,
2007-2008-ci tədris ilində 155 adda 1 milyon 254 min 127 ədəd,
2008-2009-cu tədris ilində 84 adda 923 min 166 ədəd,
2009-2010-cu tədris ilində 60 adda 986572 ədəd,
2010-2011-ci tədris ilində 91 adda 1 milyon 109 min 522 ədəd
dərsliyin məktəblərə çatdırılmasına,
şagirdlərə paylanmasına və saxlanılmasına nəzarət
təmin olunub.
Təqdim
olunan hesabatda il ərzində məktəbdənkənar təhsil
müəssisələrinin fəaliyyətinə də diqqət
və qayğı göstərildiyi qeyd olundu. Bildirildi ki, məktəbdənkənar
təhsil müəssisələrinin tərbiyə sahəsində
mühüm rolunu nəzərə alan Təhsil İdarəsi
bu sahənin inkişafına yönəlmiş tədbirlər
həyata keçirib. Həmin müəssisələrin
maddi-texniki bazasının möhkəmləndirilməsi, idman
avadanlıqları və inventarla təchizatı
yaxşılaşdırılıb.
Hazırda
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
tabeliyində 47 məktəbdənkənar təhsil müəssisəsi
fəaliyyət göstərir ki, həmin müəssisələrdəki
3508 dərnək və bölmədə 43 min 132 uşaq məşğul
olur.
Məktəbli
idmançılar ötən il idmanın 23 növü
üzrə keçirilən respublika və beynəlxalq
miqyaslı yarış və turnirlərdə, Avropa və
dünya çempionatlarında ümumilikdə 648 medal (189
qızıl, 187 gümüş və 272 bürünc)
qazanıblar. Gənc şahmatçıların nəticələri
daha yüksək olub. Onlar Avropa və dünya
çempionatlarında üç I, bir II və iki III yeri
tutaraq yaxşı nəticələr göstəriblər.
Lakin
məktəbdənkənar təhsil müəssisələrinin
də həllini gözləyən problemlərinin olduğunu
deyən N.Rzaquliyeva diqqəti onların bəzisinə yönəltdi,
həmin problemlərin həllinə
çalışacaqlarını bildirdi.
Bakı
Şəhəri üzrə Təhsil İdarəsinin
müdiri təqdimatının sonunda il ərzində idarəyə
daxil olmuş ərizə və şikayətlər, müraciətlər,
onların araşdırılması və tədbir
görülməsi ilə bağlı fəaliyyətlər
barədə də məlumat verdi, hesabatda qeyd olunan bəzi
problemlərin həlli üçün təkliflərini
bildirdi, idarənin gələcək fəaliyyəti ilə əlaqədar
qarşıda duran vəzifələrdən söz
açdı.
H.ƏKBƏROVA,
Y.ƏLİYEV
Azərbaycan müəllimi.- 2011.-
20 yanvar.- S.4-5.